Bazar günü, 2024-05-05, 8:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 5:54 AM
 Nə üçün Peyğəmbər (s) Əhli-beytini qəbul edənlər "şiə”, başqaları isə "sünni” adlandırılır?

Cavab: "Şiə” sözü ərəbcədən tərcümədə "ardıcıl” deməkdir. Şiələr inanırlar ki, həzrət Peyğəmbər (s) öz imam və canişinini təyin etmişdir. Peyğəmbər (s) besətin, yəni peyğəmbərliyə çatmasının üçüncü ilinədək insanları İslam dininə gizli şəkildə dəvət etmişdir. "Ən yaxın qohumlarını qorxut”("Şuəra”, 214) ayəsi nazil olduqdan sonra o Həzrət (s) qırx nəfərədək yaxın adamlarını dəvət edib buyurmuşdur: "Allah taala mənə əmr etmişdir ki, sizi İslama dəvət edim. Sizlərdən kim bu işdə mənə yardımçı olar ki, mənim qardaşım və canişinim olsun?” Oradakılar hamısı boyun qaçırdısa da, hamıdan kiçik olan Əli ayağa qalxıb ərz etdi ki, mən bu yolda sənə köməkçiyəm. Həzrət Peyğəmbər (s) əlini onun boynuna salıb buyurdu: "Bu, mənim qardaşım və sizin aranızda canişinimdir. Onun sözünü eşidin, əmrinə itaət edin.” Bu hədisi əksər sünni alimləri, o cümlədən, İbn Cərir, İbn Əbuhatəm, İbn Mərdəveyh, Əbu-Nəim, Sələbi nəql etmişlər. "Ən yaxın qohumlarını qorxut” ayəsinin təfsirində "Məcməül-bəyan”, "Əl-mizan”, "Burhan”, "Nurus-səqəleyn” kitablarında eyni məzmunlu hədis nəql olunmuşdur. Həzrət Peyğəmbər (s) münasib fürsətlərdə müxtəlif bəyanlarla Həzrət Əli (ə) və onun on bir övladının imamlığını xəbər vermişdir.
Hicrətin onuncu ili həcc mərasiminin sonunda Qədir-Xum adlanan yerdə yüz iyirmi min nəfərin qarşısında həzrət Peyğəmbər (s) Allaha həmd-sənadan sonra buyurmuşdur: "Mən tezliklə sizi tərk edəcəyəm. Sizə iki əmanət qoyuram: Allahın kitabı və ailəm.” Bu vaxt camaat gördü ki, Həzrət Peyğəmbər (s) Əlinin əlindən tutub qaldırdı və uca səslə buyurdu: "Müsəlmanlara münasibətdə onlardan daha layiqlisi kimdir?” Cavab verildi ki, Allah və Onun rəsulu. Həzrət (s) buyurdu: "Hər kəsin mövla və rəhbəri mənəmsə, Əli də onun mövlası və rəhbəridir. Pərvərdigara, onun dostlarını dost, düşmənlərini düşmən tut.” Xütbə başa çatdıqdan sonra bu ayə nazil oldu:” Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün İslamı din olaraq bəyəndim.”("Maidə”, 3) Bu hədis bir çox sünni alimləri tərəfindən nəql olunmuşdur. "Mənzilət” və sair hədislərdə də imamların (ə) xalqa rəhbərliyi bəyan olunur. «Səqəleyn» və başqa bu kimi hədislərdə xalqa Quran və Əhli-beytə (ə) üz tutmaq tapşırılır. Bütün deyilənləri əsas götürərək, şiələr Həzrət Əli (ə) və onun on bir övladının imamlığını və rəhbərliyini qəbul etmişlər. İmamlara "ardıcıl” olduqları üçün onlar "şiə” adlandırılmışlar.
Şiələr öz etiqad, əxlaq və əməl məsələlərini Qurani-kərim, Əhli-beyt yolu ilə nəql olunmuş Peyğəmbər (s) sünnəsindən götürmüşlər. Şiələr həmin böyük şəxsiyyətlərə müraciət edir, onlara tabe olurlar. "Səqəleyn” hədisinə əsasən, dini hökmləri yalnız Əhli-beyt (ə) yetərincə bilir. Şiələr Əli (ə) və onun on bir məsum övladının ardıcıllarıdırlar.
Həzrət Peyğəmbər (s) hələ öz sağlığında Əli (ə) ardıcıllarını "şiə” adlandırmışdır. O, Əliyə (ə) işarə ilə buyurur: "And olsun canım əlində olana, həqiqətən, bu və bunun şiələri qiyamət günü feyzə çatanlardır.”("Əl-mizan”, c. 20, səh. 341)
Amma sünnə əhli Peyğəmbər (s) Əhli-beytinə itaət etmir, düşünürlər ki, yalnız Peyğəmbər (s) sünnəsinə əməl etmək lazımdır. Ona görə də bu təbəqə "sünni” adlandırılmışdır.
Bəli, beləcə, sünnilər mötəbər mənbələrindəki tapşırıqlara baxmayaraq, Peyğəmbərin (s) öz Əhli-beyti haqqındakı göstərişlərinə etinasızlıq göstərərək, yalnız sünnəni əsas götürürlər. Hansı ki, "Səqəleyn” hədisi kimi bir tapşırıq sünnənin əsas göstərişlərindəndir. Mərhum Ayətullah Üzma Bürucerdi buuyrmuşdur: "Səqəleyn” hədisini otuz dörd Peyğəmbər (s) səhabəsi nəql etmişdir. On iki imamçı şiə alim və mühəddislərindən savayı, yüz səksəndən çox sünni alimi və mühəddisi bu hədisi öz kitablarında qeyd etmişdir.”("Camiu-əhadisiş-şiə”, c. 1 səh. 29)
Sünnə əhlinin özünün də mötəbər hesab etmədiyi bəzi kitablarda "Əhli-beyt" kəlməsi "sünnə” kəlməsi ilə əvəz olunmuşdur.”("Müstədrəki-hakim Nişaburi”, c. 1, səh. 93) Bu dəyişikliklər əməvi hakimlərinin təsiri altında baş vermişdir. Amma onlar da mübahisə zamanı heç cür inkar edə bilmirlər ki, mötəbər mənbələrdə məhz "Əhli-beyt" kəlməsi işlədilmişdir.

BİR MÜBAHİSƏ
Bir vəhhabi mənə etiraz edərək dedi: "Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar toplaşıb, yekdil olaraq Əbu Bəkri xəlifə seçdilər. Siz şiələr isə müsəlmanlarla razılaşmır, Əbu-Bəkrin xəlifəliyini qəbul etmirsiniz.” Dedim: "Öməri xəlifəliyə kim təyin etdi?” Dedi: ”Öməri xəlifəliyə Əbu-Bəkr təyin etdi və ixtilafın qarşısını aldı.” Dedim: "Maraqlıdır, demək, Əbu-Bəkr həzrət Peyğəmbərdən (s) daha düşüncəli imiş? Siz iddia edirsiniz ki, Peyğəmbər (s) özünə xəlifə təyin etmədi. Belə çıxır ki, Əbu-Bəkr daha ağıllı oldu və özünə canişin seçdi! "Tarixul-qəvim”də nəql olunur ki, Peyğəmbərin (s) cənazəsi üç gün yerdə qaldı və müsəlmanlar xəlifə təyinatı ilə məşğul oldular. Xəlifə təyin olunmasının çox mühüm bir iş olmasına etiraz etmirəm. Mən sizin məntiqinizə təəccüb edirəm. Necə olur ki, Əbu-Bəkr və Ömər kimi adamlar bu məsələni mühüm hesab edir, amma Allah və Onun Rəsulu (s) xalqı başlı-başına buraxıb, ixtilafa şərait yaradır?! Sizin bu iddianız Əbu Bəkri Peyğəmbərdən (s) ağıllı hesab etmək deyilmi?” Vəhhabi dedi: "Mən sizin dediklərinizdən xəbərsizəm. Amma onu bilirəm ki, şiələr Peyğəmbərin (s) xəlifəsini qəbul etmirlər.” Dedim: "Peyğəmbərdən (s) sonra kimin hakim olması məsələni həll etmir. Birinci qəbir gecəsi müsəlmandan soruşdular ki, Peyğəmbərdən (s) sonra sənin hakimin kim oldu? Bəlkə bu barədə danışaq? Aydınlaşdıraq ki, həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlar kimə itaət etməli idilər? İnsanlar öz dini hökmlərini kimdən öyrənməli idilər? Bu gün dini vəzifəmizi kimdən öyrənməliyik? İnsanlar Peyğəmbərdən (s) sonra onun Əhli-beytinə, yoxsa biganələrə üz tutmalı idi? Dedi: "Peyğəmbərin (s) səhabələrindən seçilməli idi. Əbu-Bəkr və Ömər də əshabdan idi.”
Dedim: "Axı sizin mötəbər mənbələrdə bildirilir ki, Peyğəmbər (s) özündən sonra müsəlmanların Quran və Əhli-beytə üz tutmasını tapşırdı. Demədi ki, "Əli elmin qapısı” ola-ola Əbu-Bəkr və Ömərə müraciət edilsin. Əbu-Bəkr və Ömər çətin şəri məsələlərlə qarşılaşdıqda Əlinin (ə) qapısını döymürdülərmi?”
Müsahibim dinləyicilərin artdığını görüb dedi: "Biz hamımız müsəlman qardaşlarıq, belə məsələlərə görə çəkişməməliyik.” Beləcə, xudahafizləşib uzaqlaşdı.

 Müəllif: Əli Ətai İsfəhani   
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 444 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]