Bazar günü, 2024-05-05, 2:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 5:53 AM
Nə üçün şiələr Əhli-beytin düçar olduğu müsibətlərə, həzrət Zəhranın yaşantılarına ağladığı halda sünnə əhli bu hadisələrə biganə yanaşır?

Cavab: Əvvəlki söhbətlərimizdən məlum oldu ki, şiələr Əhli-beyt ardıcıllarıdır. Belə ki, onların Əhli-beyt ağrılarına şərik olub ağlamaları təbii sayılmalıdır.
Amma sünnə əhlinin biganəliyi, vəhhabilərin hətta öz yaxın adamlarına ağlamaqdan çəkinməsi onların əsas götürdüyü bəzi rəvayətlərlə bağlıdır. "Səhih Buxari”də nəql olunur ki, Ömər ibn Xəttab əsa ilə vurmaqla, daşlamaqla ölüyə ağlayanlara mane olurmuş.("Səhih Buxari”, kitabul-cənaiz, səh. 209, hədis 1304.) Başqa bir rəvayətdə deyilir: "Ömər meyitə ağlamağın qarşısını alaraq, Peyğəmbərdən (s) belə bir dəlil gətirdi: "Qəbirdəki meyit dirilərin növhəsi hesabına əzab çəkir.”("Səhih Müslüm", kitabul-cənaiz, səh. 359, hədis 927-928.)
Vəhhabilər bu iki-üç rəvayəti əsas götürərək, ağlamağı haram hesab edir və ölənlərin arasında fərq qoymurlar. Fitri hisslərin bu şəkildə qarşısının alınması təəccüb doğurur. Bəzən Bəqi qəbiristanlığında övladını itirmiş vəhhabinin göz yaşlarını necə əzabla saxlamasına şahid olmuşam. Amma belə bir inam bir neçə səbəbə görə məzəmmət olunmalıdır:
1.Göz yaşları mərhəmət, sevgi, mehribanlıq nişanəsidir. İnsanın ağlaya bilməməsi onun daşürəkliliyinə dəlalət edir. Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey bədbəxtlik əlamətidir: gözün quruluğu, daşürəklilik, dünyaya hərislik, günahda israr.”("Səfinətül-bihar”, maddə buka) Ey Əbuzər ağlaya bilən ağlamalı, ağlaya bilməyən qəmlənməlidir. Həqiqətən, daş qəlb Allahdan uzaqdır, amma siz anlamırsınız.”("Biharül-ənvar”, c. 77, h, 79)
Yaşlı gözü tərif, quru gözü məzəmmət edən rəvayətlər çoxdur. "Səfinətül-bihar” kitabına müraciət edə bilərsiniz.
2.Ağlamağın fəziləti haqqında, Əhli-beytin ağrılarına şərik olmağın savabı barədə rəvayətlər çoxdur. İmam Hüseynə (ə) ağlamaq isə ən fəzilətli hüznlərdəndir.
3.Həzrət Yəqubun oğlu Yusifdən ayrılığa görə kor olanadək ağlaması Quranda xəbər verilir.("Yusif”, 74) Vəhhabilərin mötəbər kitablarından olan ibn Kəsirin təfsirində Yəqubun ağlamaqdan kor olduğu bildirilir.
4."Səhih Buxari” və "Səhih Müslim"də həzrət Peyğəmbərin (s) ağladığı vaxtlar sadalanır:
–Oğlu İbrahim vəfat edəndə;("Səhih Buxari”, kitabul-cənaiz, səh. 208, hədis 1303.)
–Səd ibn Übadəni yoxlayan vaxt;(Həmin mənbə)
–Anasının qəbrini ziyarət edərkən.("Səhih Müslüm", kitabul-cənaiz, səh. 413, hədis 976)
5."Səhih Müslim"də nəql olunur: "Ömər öldükdən sonra Ayişə dedi: And olsun Allaha, Ömər səhv edib dedi ki, Peyğəmbər (s) "Allah ölüyə göz yaşına görə əzab verər” demişdir. Əslində Peyğəmbər (s) belə buyurmuşdur: "Allah ailəsinə göz yaşlarına görə kafirə əzab verər.”("Səhih Müslüm", kitabul-cənaiz, səh. 397, hədis 929.)
Elə həmin mənbədə İbn Abbas Ömərin sözlərini rədd edir. Aişə və İbn Abbas tərəfindən bir çox rəvayətlərdə bildirilir ki, Ömər Peyğəmbərin (s) sözlərini anlamamışdır.(Həmin mənbə)
6."Səhih Buxari”də nəql olunur: "Cəfər Təyyar və Zeydin ölüm xəbəri çatmamış Peyğəmbər (s) bu işdən xəbərdar olub ağladı”.; "Aişə deyir: "Rəsulullah (s) ölüm yatağında olarkən Fatiməni çağırdı, onunla astadan söhbət etdi. Fatimə ağladı. Sonra Fatiməyə nə dedisə, Fatimə gülümsündü.”
"Həzrət Peyğəmbər (s) oğlu İbrahim vəfat edərkən ağladı. Ətrafdakıların təəccüb etdiyini görüb buyurdu: "Bu mərhəmət ağlayışıdır...”("Səhih Buxari”, kitabul-cənaiz, səh. 208, hədis 1303)
"Səhih Buxari”də nəql olunur: Həzrət Peyğəmbərin (s) ölüm xəbəri çatdıqda Əbu-Bəkr onun hücrəsinə daxil olub, özünü cənazənin üstünə atdı və həzrəti öpüb ağladı.(Həmin mənbə, kitabul-məğazi, səh-757, hədis 4452)
"İbn Abbas deyirdi: "O qədər ağladı ki, gözünün yaşından yer islandı.”(Həmin mənbə, kitabul-cuziyyə, səh-527)
Digər bir sünni kitabında nəql olunur: "Ölüyə ağlamaq, qəmlənmək caizdir. Bir şərtlə ki, Allahın qəzəbinə səbəb olacaq sözlər danışılmasın, ölü haqqında yersiz və yalan təriflər deyilməsin.”("Səlatül-mumin”, əl-Qəhtani, səh. 1307)
7.Onlara məxsus tarix kitablarında bildirilir ki, Mədinə əhli həzrət Peyğəmbərin (s) ölümünə şiddətlə ağladı: " Peyğəmbər (s) dünyasını dəyişəndə xalq heyrətə gəldi və çox ağladı. Fatimə (s) ağladı... Ömər ağladı... Aişə deyir: "Peyğəmbərin (s) ruhu çıxanda onun başı dizlərim üstəydi. Sonra onun başını yastığa qoydum. Qadınlarla birgə sinəmə və üzümə döydüm.”("Tarixül-qəvim”, c. 1, səh. 168-203) Elə həmin mənbədə Əbu Bəkr və Ömərin ağladığı bildirilir.
Rəvayətlərdən birində nəql olunur!
Həzrət Peyğəmbərin (s) azançısı Bilal Peyğəmbərin (s) vəfatından sonra azan vermədi. Əbu Bəkr nə qədər təkid etdisə də, Bilal qəbul etməyib, Şama yola düşdü. Bir gecə yuxuda həzrət Peyğəmbər (s) ona buyurdu: "Ey Bilal, bizə cəfa qıldın və bizim dairədən çıxdın. Bizim ziyarətimizə gəl.” Bilal yuxudan oyanıb, Mədinəyə üz tutdu. Həmin vaxt həzrət Fatimə (s) dünyasını dəyişmişdi. Bu xəbəri eşidən Bilal nalə çəkib dedi: "Peyğəmbər (s) təninin parası nə tez ona qovuşdu.” Sonra Bilaldan azan verməsini istədilər. Bilal etiraz etsə də, ondan əl çəkmədilər. Nəhayət, Bilal azan verdi. O, "əllahu əkbər” deyəndə bütün xalq fəryad çəkib ağladı. Bilalın "əşhədu əlla ilahə illəllah” səsi ucalanda xalq hönkürtü vurdu. Bilal "əşhədu ənnə muhəmmədən rəsulullah”deyəndə Mədinədə ağlamayan qalmamışdı... Bilal azanını qurtaranadək camaat Peyğəmbər (s) vəfat etdiyi gün ağladığı kimi ağladı. Sonra Bilal dedi: " Sizə bir müydə verim: "Peyğəmbərə (s) ağlayan gözü atəş yandırmaz...” Bilal yenidən Şama getdi. İldə bir dəfə Mədinəyə gəlib azan verərdi.("Tarixül-qəvim”, səh. 202)
Quran ayələrində və sünnilərin öz mötəbər kitablarından nəql edilən rəvayətlərdən məlum oldu ki, yaxın adamın itkisinə qəmlənib ağlamaq nəinki pis deyil, bəzən Bilalın dediyi kimi müstəhəbdir. Aydın olur ki, Ömər və oğlu Abdullahın qadağalarının heç bir şəri əsası olmayıb. Xüsusi ilə şiələrin Bəqidə ağlamasına qarşı vəhhabilərin etirazı Quran və Peyğəmbər (s) sünnəsindən xəbərsizlik əlamətidir.

MÜBAHİSƏ
Bəqi qəbiristanlığında bir vəhhabinin ağlayan şiələrə məsxərə etdiyini gördüm. Məni görüb səsini bir az da qaldırdı. Yanında dayanıb bu ayəni oxudum: "Ey iman gətirənlər! Bir qövm digərinə məsxərə etməməlidir. Olsun ki, məsxərə edilənlər məsxərə edənlərdən daha üstündür.” (Hucurat”, 11) Üzünü mənə tutub dedi: "Bu göz yaşları, ah-nalə İslamdan deyil. Əsil dini burada öyrənməlisiniz.” Dedim: "Şiələr Quran, Peyğəmbər (s) və onun Əhli-beytindən öyrəndikləri dinə əməl edirlər. Əslində biz iranlılar həqiqi dini Mədinədən öyrənirik, siz vəhhabilər isə bütpərəstliyi İran atəşpərəstliyindən. Bilirsənmi ki, sizin ən mötəbər iki kitabınızın müəllifləri əslən iranlıdır? Məhəmməd ibn İsmail Buxari Özbəkistanda, Müslüm ibn Həccac isə Nişapurda anadan olmuş farslardır. Bəli, siz əqidənizi iranlılardan, biz isə "Səqəleyn” hədisindən götürmüşük.
Dedi: "Buxari və Müslüm də Peyğəmbərin (s) sünnəsini yazmışlar. Biz Quran və sünnəyə əməl edirik.” Dedim: "Sizin qəbul etdiyiniz bu kitablarda nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: "Allahın kitabı və Əhli-beyti sizin üçün əmanət qoyuram.” Həzrət (s) bir yerdə də olsun belə buyurmayıb ki, Quran və sünnəni əmanət qoyuram. Əgər şübhə edirsənsə, həmin mənbələri araşdıra bilərik. Elə həmin mənbələrdə bildirilir ki, Peyğəmbər (s) öz anasının qəbiri üstündə ağladı, Peyğəmbər (s) vəfat edəndə Mədinə əhli, hətta Əbu Bəkr və Ömər göz yaşı axıtdı. Əgər şiə rəvayətlərinə inanmırsınızsa, heç olmaya, öz mənbələrinizdəki rəvayətlərə inanın. Heç olmaya, Qurana tabe olub, məsxərə etməyin.” Dedi: "Siz burada kimin üçün ağlayırsınız?” Dedim: "Peyğəmbərin (s) qızı Fatimənin, Bəqidə dəfn olunmuş dörd imamın və bu gün onların təhqirlərlə qarşılaşan ziyarətçilərinin məzlumiyyətinə ağlayırıq. "Səhih Buxari”də Ayişədən belə nəql olunur: Fatimə (s. ə.) atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrdən (özünə düşən) irs istədi. Əbu Bəkr onun istəyini rədd etdi və Fatiməni qəzəbləndirdi; Fatimə (s) atasından sonra 6 ay yaşadı. Dünyadan köçdüyü günədək Əbu Bəkrlə danışmadı...
Məgər Fatimənin istəyini rədd etmək, onu qəzəbləndirmək, onu hər şeydən məhrum etmək zülm deyilmi?!”
Dedi: "Siz şiələr Əbu Bəkrə qarşı ədavət göstərir, onu Əlidən aşağı tutursunuz. Hansı ki, Əbu Bəkr və Ömər Əlidən daha fəzilətlidir.” Dedim: Peyğəmbər (s) təninin parası olan Fatiməni incidənləri, Fatimənin küsdüyü şəxsi dostmu sayırsınız? Şiələr nəinki Əlini, bütün Peyğəmbər (s) ailəsini hamıdan fəzilətli sayırlar. Əslində siz də belə düşünürsünüz. Əgər belə olmasaydı, namazın təşəhhüdündə Peyğəmbər (s) ailəsinə yox, Əbu Bəkr və Ömərə salam göndərərdiniz. Məgər cümə namazlarında əvvəlcə Əhli-beytə, sonra isə səhabələrə salam göndərmirsinizmi? Əli (ə) Əhli-beytdən, Əbu Bəkr və Ömər isə səhabələrdəndir. Demək, siz də Əlini (ə) onlardan fəzilətli bilirsiniz. Əslində Quranı qəbul edən hər bir şəxs Əlinin (ə) fəzilətini təsdiq etməlidir. Çünki mötəbər kitabınız olan "Səhih Müslim"də belə bir rəvayət var: "De ki, biz də övladlarımızı, siz də övladlarınızı... çağıraq” ("Ali-İmran”, 61)ayəsi nazil olanda həzrət Peyğəmbər (s) Əlini, Fatiməni, Həsən və Hüseyni çağırıb dedi: "Pərvərdigara bunlar mənim Əhli-beytimdir.”("Səhih Müslüm", fəzailu-Əliyyibni Əbi Talib, səh. 1041, hədis 2404.) Bu mübarək ayədə Allah-taala Əlini (ə) Peyğəmbərdən (s) sayır. Peyğəmbər (s) hamıdan fəzilətlidirsə, ondan olan da hamıdan fəzilətlidir. Qəbul etməlisiniz ki, Peyğəmbərdən (s) sonra Əli (ə) hamıdan üstün olmuşdur.”
Söhbətin bu yerində iki məmurun yaxınlaşdığını görən həm söhbətim vəziyyəti öz xeyrinə görüb, sərt şəkildə dedi: "Aşkar de görüm Əbu Bəkr fəzilətlidir yoxsa Əli?” Dedim: "İlk qəbir gecəsində bu barədə yox, tövhid barədə soruşulacaq.” Məmurlar mübahisəni davam etməyə qoymadılar.

Müəllif: Əli Ətai İsfəhani   
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 484 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]