Bazar günü, 2024-05-05, 3:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:39 PM
Mədinədə Bəqi qəbiristanlığında tablolar asılıb. Bu tablolarda nə yazılıb və onları asmaqda məqsəd nədir?

Cavab: Bəqidəki tabloların mətni:
"Rəsulullahın (s) göstərişlərindən:
1.Qəbir ziyarətlərinin məqsədi ibrət götürülməsidir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Qəbirləri ziyarət edin. Həqiqətən, onlar sizə ölümü xatırladır.”
2.Rəsullullah (s) qəbirə tərəf namaz qılınmasını və qəbirlərin başında əyləşməyi qadağan etmişdir. O, buyurmuşdur: "Qəbirin başında oturmayın və qəbirlərə tərəf namaz qılmayın.”
3.Rəsulullah (s) ölüləri çağırmağı, onlardan xeyir, eləcə də zərərin dəfini istəməyi qadağan etmişdir. Allah-taala buyurur ki, Onun əvəzinə çağırılanlar nə özlərinə, nə də sizə kömək edə bilməz. Həzrət Peyğəmbər (s) buyurur: "İstəyəndə Allahdan istə, kömək axtaranda Allahda axtar.”
Əvvəla, qeyd etməliyik ki, bu tablolar sünnə əhlinin yox, vəhhabilərin bidətidir.
İkincisi, onların hədəfi təkcə şiələr yox, bütün qeyri-vəhhabi müsəlmanlardır.
Üçüncüsü, belə tablolar Ühüd və sair qəbiristanlarda da asılmışdı.
Dördüncüsü, onların məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş, Bəqidə imamlara, Ühüddə şəhidlərə və sair övliyalara məhəbbətli müsəlmanlara eyib tutmaqdır. Vəhhabilərin nəzərincə, ziyarət yalnız onların tabloya yazdığı bir neçə cümlədən ibarətdir. Onların fikrincə, ziyarətnamə oxumaq, ağlamaq, qəbir kənarında əyləşmək Peyğəmbər (s) sünnəsinə ziddir və bidət sayılır. Onlar demək istəyirlər ki, Bəqi imamlarını, Ühüd şəhidlərini, ilahi övliyaları çağırmaq, "ya Əli”, "ya Hüseyn” demək ölünü çağırmaqdır və həzrət Peyğəmbər (s) məhz bu çağırışları qadağan etmişdir. Onların nəzərincə, insanın Allahla öz arasında övliyaları vasitə seçməsi, onlara ağız açması şirkdir.
Vəhhabilərin rəhbəri İbn Baz deyir:
"Həzrət Peyğəmbərə (s), başqa peyğəmbərlərə, salehlərə təvəssül etmək, onları vasitə seçmək bidət və şirk səbəbidir. Çünki Peyğəmbər (s) səhabələri belə işlər görməmişlər.”("Töhfətul-ixvan”, səh. 20)
Ölüdən nəsə istəmək dindən çıxma səbəbidir. Peyğəmbəri (s) təvəssül etmək İslamdan çıxmağa səbəb olmasa da, bidətdir.”("Məcmuətül-fətavi”, Ben Baz, c. 13, səh.285)
Qəbir kənarında duanı müstəhəb saymaq, bu duanı məsciddəki duadan fəzilətli bilmək bidətdir.”(Həmin mənbə)
Əvvəlki söhbətlərimizdə bu iddiaların cavabı verildi. Kimsə meyitdən nəsə istəmir. Övliyalara təvəssül edib, onları vasitə seçmək isə bidət və haram deyil. Əksinə bu işin caizliyi barədə xeyli dəlil var. Şiə fiqhinə görə övliyaları vasitə seçmək caiz sayılır. Sünni mənbələrində də bu münasibəti təsdiq edən rəvayətlər kifayət qədərdir. Məsələn:
Quraqlıq illərində Ömər ibn Xəttab yağış istəyi ilə Peyğəmbərin (s) əmisi Abbasa təvəssül etdi və dedi: "Xudaya, biz sənə və Peyğəmbərimizə (s) təvəssül edirdik, bizə su göndərirdin. İndi sənə və Peyğəmbərin (s) əmisinə təvəssül edir və su istəyirik.” Bu duadan sonra Abbasa təvəssül bəhrəsini verdi və Allah yağış nazil etdi. ("Səhih Buxari”, fəzaile əshab, səh. 626, hədis 3710) Bu hədis "Səhih Buxari”də iki yerdə nəql olunmuşdur. İddia edən olsa ki, Ömər diriyə təvəssül etmişdir, şiələr isə ölüyə təvəssül edir, belə cavab verməli olarıq: Allahın övliyaları hər zaman diridirlər və eşidirlər. Hətta vəhhabilər də qəbul edirlər ki, qəbir əhli ziyarətçinin salamını eşidir və onun cavab verə bilməsi üçün Allah ona ruhunu qaytarır. "Ölülər ziyarətçinin salamını eşidir və Allah onların ruhunu qaytarır ki, salamın cavabını versinlər.”("Səlatul-mumin”, əl-Qəhtani, səh. 1392)
Soruşmaq lazımdır ki, Ömər özü Allaha üz tuta biləcəyi halda, nə üçün Abbası vasitə seçdi? Məgər Ömərin bu hərəkəti vəhhabilərin tablodakı qeydlərinə zidd deyil?
Əlbəttə ki, vəhhabilərin iddiaları kökündən yanlışdır. İnsan ictimai varlıq olduğundan daim başqalarının köməyinə ehtiyac duyur. Çörəkçi dərziyə, dərzi həkimə, həkim tacirə ehtiyaclıdır. Əgər vəhhabilərin qeydlərini zahiri mənasına görə qəbul etməli olsaq nə həkimə, nə dərziyə, nə də çörəkçiyə müraciət etməməliyik. Hansı ki, insanlar bir-birlərinə kömək üçün ağız açırsa, onları müşrik hesab etmək axmaqlıq olar. Tabloda yazılanlar, şəksiz ki, bütə ibadət edən müşriklərə şamil olunmalıdır.
İbn Kəsir öz təfsirində deyir:
"Sizin Allahdan başqa üz tutduqlarınız nə özlərinə, nə də sizə kömək edə bilərlər” ("Əraf”, 197 ) ayəsi bütlərə ibadət edən müşriklərə aiddir. Müşriklər bütlərə ibadət edir və onlardan kömək istəyirdilər...
Sünnilər və vəhhabilər arasında mötəbər sayılan bu təfsirdən aydın olur ki, ayədə "çağırmaq” yox, "ibadət etmək” nəzərdə tutulur. Aydın məsələdir ki, heç bir müsəlman ölülərə və Allahın övliyalarına ibadət etmir. Vəhhabilərin həmin ayəni müsəlmanlara aid etməsi və onları övliyalara ibadətdə suçlaması misilsiz bir bidətdir.
Şirk odur ki, insan Allaha yox, bir başqasına görə ibadət etsin, namaz qılsın, oruc tutsun, həccə getsin, nəzir boyun alsın. Dünyada vahid Allaha sitayişi ilə seçilən müsəlmanlara qarşı bu sayaq ittihamlar çirkin böhtandan savayı bir şey deyil.
Əgər bir müsəlman "ya peyğəmbər”, "ya Əli”, "ya Həsən”, "ya Hüseyn” deyə çağırırsa, bu çağırış ibadət yox, təvəssüldür. Quran ayələrindən də məlum olur ki, belə bir iş caizdir: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər (s) də onlar üçün əfv istəsəydi, şübhəsiz ki, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”("Nisa”, 64)

ONLAR ZİYARƏT SƏFƏRİNİ BİDƏT SAYIRLAR
Xatırlatmalıyıq ki, vəhhabilər müsəlmanların həzrət Peyğəmbər (s), Bəqi imamları (ə), Ühüd şəhidləri və sair övliyaları ziyarət məqsədi ilə səfərə çıxmasını caiz bilmir və Peyğəmbərdən (s) o belə bir rəvayət nəql edirlər: "Məscidül-Həram, Məscidün-nəbi və Məscidül-əqsadan savayı bir yerə səfərə çıxma.”("Səlatul-mumin”, əl-Qəhtani, səh. 1392)
Bu hədisi doğru hesab etsək, deməliyik ki, ziyarət, səyahət, yaxınları yoxlamaq, elm öyrənmək, cihad məqsədi ilə səfərə çıxmaq olmaz. Hansı ki, müxtəlif ayə və rəvayətlərdə bu işlər caiz sayılır, bəzən müstəhəb, bəzən isə vacib hesab olunur. Demək, həmin rəvayət doğru deyil və həzrət Peyğəmbər (s) belə bir göstəriş verməmişdir.
Ya da uyğun göstərişi zahiri mənasına görə yox, xüsusi bir izahatla qəbul etməliyik. Rəvayətdə məqsəd bu ola bilər ki, həmin üç məscidə səfər başqalarından daha fəzilətlidir. Amma bu o demək deyil ki, başqa səfərlər caiz deyil. Əgər bu izahat qəbul edilməsə, həmin rəvayəti qəbul etməmək məcburiyyətində qalırıq. "Ey iman gətirənlər, Allaha, Peyğəmbərə (s) və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barədə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə (s) həvalə edin. Bu daha xeyirli və daha yaxşı olar.”("Nisa”, 59)
Şiə mənbələrində həzrət Əlidən (ə) oxşar məzmunda bir hədis nəql olunmuşdur.("Vəsailüş-şiə”, kitabus-səlat, b, 44 h. 16; b. 46, h. 1) Amma həmin hədisdə "Məscidül-əqsa” əvəzinə "Məscidi-Kufə” ifadəsi işlədilmişdir. Həmin rəvayətdən belə bir nəticə əldə olunur ki, həmin üç məscidə səfər şərən fəzilətlidir. Amma bu rəvayət başqa səfərlərin caiz olması üçün dəlil ola bilməz!

Vəhhabi suallarına cavablarımız   

Müəllif: Əli Ətai İsfəhani  

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 407 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]