Bazar günü, 2024-05-05, 7:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:34 PM
(Xüms haqqında.) 

Mədinə şəhərində bəziləri etiraz və irad olaraq deyirdilər: "Siz "ruhanilər” camaatın malına və gəlirinə xüms düşdüyünü deyir və onlardan xüms alırsınız.” Onlar bu məsələni bir eyb kimi, bizim zəif cəhətlərimizi göstərmək məqsədi ilə üzə vururdular. Mən aşağıdakı şəkildə, hər bir fərdin özünə uyğun olaraq cavab verirdim:
"Camaata xüms vermələrini biz yox, Allah-taala, Quranda bütün möminlərə müraciət edərək, təkidlə buyurur:
"Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!" (Ənfal surəsi, ayə 41.)
Əgər siz – "əhli-sünnə” – camaatın xüms verməsini istəmirsinizsə bu ayəni Qurandan götürün.
Xüms, sizin – "əhli-sünnənin" – ən mötəbər kitablarında vaciblər sırasında qeyd olunmuş, xüms vermək isə din və dindarlığın bir hissəsi kimi dəyərləndirilmişdir. Belə ki, Səhih-Buxaridə "Kitabu fərzil-xüms” (Xümsun vacib olması) adlı bir fəsil mövcuddur. Bu fəsildə iyirmi hissədən ibarət xüms, xüms verməyin vacibliyi, xümsün xərclənilməsi və s. mövzularda çox sayda rəvayətlər qeyd olunmuşdur. Bu fəslin ikinci hissəsi belə başlanır:
2-ci hissə. Xüms vermək dinin bir hissəsidir.
Bu hissənin başlanğıcında İbn Abbasdan belə bir rəvayət nəql edilir:
Əbdül-Qeys qəbiləsi tərəfindən gələn nümayəndə heyəti Peyğəmbərin (s) huzuruna gəlib dedi: Ey Allahın rəsulu! Bizimlə sənin aranda "Muzərə" kafirləri var. Biz sizin yanınıza, yalnız (hamının təhlükəsizliyi təmin olunduğu) haram aylarda gəlirik. Bizə təlimat ver. Həm özümüz əməl edək, həm də bizimlə gəlməyən, (amma bizdən söz eşidən ) tərəfdarlarımıza öyrədək.
Həzrət Peyğəmbər (s) buyurdu: "Sizə dörd şeyi həyata keçirmənizi, dörd şeydən isə uzaq durmanızı əmr edirəm. İlk öncə, "Allahdan başqa Tanrı yoxdur!” deyərək Allaha iman gətirmənizi, namaz qılmağınızı, zəkat vermənizi, oruc tutmanızı və əldə etdiyiniz hər bir gəlirin xümsünü vermənizi əmr edirəm”(Səhih-Buxari, "Kitabu fərzil-xüms” (Xümsun vacib olması kitabı) bab. 2, səh.513.)
Sanki, xüms alıb onu lazımı (şəriətdə müəyyən olunmuş çərçivədə) yerə xərcləmək dinə zidmiş kimi, "nə üçün xüms alırsınız?” deməyinizə gəlincə, bilməlisiniz ki, şəriət təlimləri sizin dediklərinizin tam əksidir. Xüms, dinimizdə olduqca faydalı və təqdirəlayiq əməllərdəndir. Belə ki, Allah-taala şəxsən Peyğəmbərin (s) özünə əmr edərək buyurur:
"(Ya Peyğəmbər!) Onların mallarından sədəqə al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlar üçün dua et, çünki sənin duan onlar üçün bir aramlıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir".(Tövbə surəsi, ayə 103.)
Bütün bunlar belə deməyə əsas verir ki, camaatdan xüms (vergi) alaraq, ondan şəriətdə təyin olunmuş şəkildə istifadə etmək heç də eyb deyil.
Beləcə onlara başa saldım ki, xümsün vacib olması İslamın sübuta yetirilmiş (öz həllini tapmış) zəruri məsələlərindəndir. Belə ki, onu inkar etmək Quranı, Peyğəmbərin (s) hamı tərəfindən qəbul olunaraq təsdiqlənən sünnəsini inkar etmək, küfrə doğru yönəlmək deməkdir. Heç bir kimsə cüzi məsələlərində fikir ayrılığı olmasına baxmayaraq, xümsün vacibliyinə şübhə ilə yanaşa bilməz.
Onların bəziləri deyirdilər: "Sözügedən ayə hər bir qənimət və gəlirə aid edilə bilməz. Burada, məqsəd yalnız müharibədə əldə olunan qənimətlərdir".
Mən isə belə cavab verirdim: "Bu sözü hansı dəlilə əsaslanıb deyirsiniz? Fərz edək ki, məlum ayənin nəyə aid olduğuna şübhə ilə yanaşırsınız. Amma Səhih-Buxaridə qeyd olunan rəvayətə şübhə ilə yanaşa bilməzsiniz. Çünki, bu rəvayətin müharibə ilə və mühaibədə əldə olunan qənimətlərlə heç bir əlaqəsi yoxdur və Peyğəmbər (s) heç bir müqəddimə olmadan hər bir gəlirin, qazancın xümsünü ödəməyi tapşırır və bunu Allaha iman, namaz, oruc və zəkat cərgəsinə daxil edir".
Bəzilərinə isə dedim: "Məlum ayədən başqa, bizim kitablarımızda Peyğəmbər (s) Əhli-beytinin çox sayda rəvayətləri qeyd olunaraq xümsün ödənilməsinin vacibliyi, onun müsbət təsir və faydaları haqqında ətraflı məlumat verilmişdir. Belə ki, rəvayətlərin bəzisində deyilir: "Bir dirhəm, yaxud ondan az miqdarda xümsün ödənilməsindən boyun qaçıran kimsə, Peyğəmbərə (s) və onun övladlarına zülm edənlər sırasındadır”(Vəsailüş-şiə, Ənfal babları, bab 3).
Digər rəvayətdə isə deyilir: İmam Riza (ə) fars tacirlərindən birinin məktubuna cavab olaraq buyurur: "Həqiqətən, biz xüms vasitəsi ilə dinimizi möhkəmlətmək, himayəmizdə olanların və şiələrimizin ehtiyaclarını təmin etmək, öz abrımızı düşmənlər qarşısında qorumaq imkanına malikik. Xümsü bizdən əsirgəyib özünüzü bizim duamızdan məhrum etməyin. Məlumatınız olsun ki, xümsünüzü ödəmək ruzinizi çoxaldar, günahlarınızın bağışlanmasına səbəb olar və axirətdə dadınıza çatar. Müsəlman, dildə deyərək ürəkdə inanmayan yox, Allahla bağladığı əhdə-peymana vəfa qılan kimsədir”.(Vəsailüş-şiə, Xüms kitabı, bab 1, Nəyin xümsü vacibdir babı, 5-ci hədis.)
Bəli, hər bir müsəlman bilməlidir ki, qazandığına aid olan xüms onun malikiyyətindən çıxmışdır. Gəlirinin bu hissəsi, artıq onun ixtiyarı xaricindədir.
Xümsünü ödəmədən öncə, bu maldan hər növ istifadə haramdır. Əgər həmin maldan istifadə edərək namaz qılınarsa, namaz batildir. Bu kimi mallar qəsb olunmuş mallar sırasındadır.

Vəhhabi suallarına cavablarımız  

Müəllif: Əli Ətai İsfəhani     
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 314 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]