Bazar günü, 2024-05-05, 10:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:29 PM
Əhli-sünnə camaatı deyirlər ki, vacib olan beş vaxt (sübh, zöhr, əsr, məğrib, işa) namazlarını ayrı-ayrı qılmaq lazımdır, onları birləşdirib qılmaq
 

Bismillahir-Rəhmanir-Rəhim
 
SUAL
Əhli-sünnə camaatı deyirlər ki, vacib olan beş vaxt (sübh, zöhr, əsr, məğrib, işa) namazlarını ayrı-ayrı qılmaq lazımdır, onları birləşdirib qılmaq olmaz, kim onları birləşdirsə, məsələn: zöhr azanı vaxtında zöhr ilə əsr namazlarını ardıcıl qılsa, eləcə də məğrib azanı olan kimi məğrib ilə işa namazını ardıcıl qılsa namazları batildir. Onların bu sözü düzdürmü?
CAVAB
Əhli-sünnə camaatının bu sözü batil və puç sözdür. Onların bu hökmləri isə etibarsızdır. Çünki həm Qurani-Kərim, həm həzrət Muhəmməd səllallahu əleyhi və alihdən rəvayət olunan səhih hədislər, həm də əqli dəlillər onların iddialarının batil və saxta olduğunu təsdiq edir.
Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllallahu əleyhi və alih vacib olan beş namazı həm ayrı-ayrılıqda həm də birləşdirərək qılmışdır. Buna əsasən Müctehidlər fətva vermişlər ki, vacibi namazların xüsusi vaxtından əlavə müştərək vaxtları da var. Hər namazı xüsusi vaxtında qılmaq müstəhəbdir, eləcə də onları birləşdirib qılmaq icazəlidir.
A Bütün İslam məzhəbləri deyirlər ki, (Məkkədə) Ərəfatda zöhr namazı ilə əsr namazını birləşdirmək olar.
Həmçinin (Məkkənin) Müzdələfə məntəqəsində məğrib namazı ilə işa namazını birləşdirmək olar.
B Hənəfi məzhəbi deyir: Namazları yalnız Ərəfatda və Müzdələfədə birləşdirib qılmaq olar.
C Hənbəli, Maliki və Şafii məzhəbləri deyirlər: Namazları Ərəfatda, Müzdələfədə, həmçinin Səfərdə olanda birləşdirib qılmaq olar. Bu məzhəbləri bəziləri bundan əlavə Zəruriyyat halında, Yağış yağanda, eləcə də qorxu halında namazları birləşdirib qılmağa icazə verirlər.
Ç Əhli-beyt məktəbinə (şiəliyə) əsasən zöhr, əsr, məğrib və işa namazlarının hər birinin xüsusi vaxtından əlavə müştərək vaxtları da var.
Zöhr namazının xüsusi vaxt günortadır, elmi dildə bu vaxta zenit də deyilir. Bu andan etibarən günəşin gölgəsi qərbdən şərqə keçir. Kim zöhr namazının xüsusi vaxtında əsr namazını qılarsa namazı batildir. Əsr namazının xüsusi vaxtı isə Məğribə 4rəkətlik namaz qılma fürsəti qədər vaxt qalandan başlayır. Kim əsr namazının xüsusi vaxtında zöhr namazını qılarsa namazı batildir. Qalan vaxt, yəni zöhrdən günəşin batmasınadək olan vaxt müştərək vaxt adlanır. Günorta olan kimi Zöhr namazını qılıb fasiləsiz olaraq ardınca əsr namazını qılmaq olar.
Əgər yerə bir düz çubaq basdırsaq, günortadan sonra bu çubuğun kölgəsi özü boyda olanda Əsr namazının fəzilətli vaxtdır. Əsr namazını bu vaxta qılmaq müstəhəbdir.
Məğrib namazının xüsusi vaxtı Günəşin çıxdığı istiqamətdə, yəni şərqdə qırmızılığın itməsidir. İşa namazının xüsusi vaxtı isə gecə yarısına 4 rəkətlik namaz qılma fürsəti qədər vaxt qalandan başlayır. Qalan vaxt isə müştərək vaxt sayılır. Hər bir müsəlman Məğrib namazını bitirəndən sonra İşa namazını da onun ardınca fasilə vermədən qıla bilər.
Əhli-sünnə canaatının bu mövzuda (bir çox başqa mövzular kimi) yekdil və vahid nəzərləri yoxdur. Hər məzhəb bir cür hökm vermiş, bu azmış kimi hər məzhəbin öz alimləri arasında da çoxlu ixtilaflar mövcuddur.
 
1- Qurani-Kərim ayələri
 
A) "İsra” surəsi 78-ci ayə :
أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُوداً
"Namazı (gündəlik vacib namazlarından Zöhr-Əsr və Məğrib-İşa namazlarını) günəşin (günortanın tam yarsından) batmağa doğru meyl etməsinin əvvəlindən, gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin Sübh namazını (da qıl).Həqiqətən Sübh namazı (Gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün ) müşahidə olunur.”
Bu ayədə Allah Taala beş namazın qılınması üçün üç vaxt bəyan edib:
" دلوك الشمس" - (Günəşin batmağa doğru meyl etməsi) Zöhr və Əsr namazlarına işarədir.
" غسق الليل " - (Gecənin qaranlığı) Məğrib və İşa namazlarına işarədir.
"وَقُرْآنَ الْفَجْرِ " - sübh namazına işarədir.
 
2) "Hud” surəsi 114-cü ayə
وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفاً مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
" Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qil ki, həqiqətən yaxşılıqlar günahları aradan aparır. Bu yada salıb xatırlayanlar üçün öyüddür.”
" طرفى النها ر " - (Günün iki tərəfi) Birinci tərəfi sübh namazına, ikinci tərəfi isə Zöhr və Əsr namazlarına işarədir.
" ز لفا من الليل " - ( Gecənin gündüzə yaxın əvvəli ) Məğrib və İşa namazlarına işarədir.
Gördüyünüz kimi bu ayədə də Allah taala beş namaz üçün üç vaxt bəyan etmişdir.
 
2- Həzrət Muhəmməd səllallahu əleyhi və alihdən rəvayət olunan səhih hədislər
Onu qeyd edək ki, burada gətirəcəyimiz səhih hədislərin hamısa Əhli-sünnə camaatının ən səhih və ən mötəbər kitablarından olacaq.
 
1-ci hədis
Hənbəli məzhəbini yaradan Əhməd ibn Hənbəl "Musnədu əhməd ibn hənbəl” əsərində Cabir ibn Zeyddən belə rəvayət edir.
"Cabir ibn Zeyd deyir: Eşitdim ki, İbn Abbas belə deyir:- Peyğəmbərlə (səllallahu əleyhi və alih) birlikdə idim, namazları 8 rəkət (zöhr ilə əsri birləşdirərək) və 7 rəkət (məğrib ilə işanı birləşdirərək) şəklində birləşdirib qıldıq.
Cabir deyir: Əbu Şəsaya dedim: Mən belə düşünürəm ki, ola bilsin Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr namazına o qədər gecikib ki, əsr namazının vaxtı çatıb ikisini də birləşdirib qılıb, eləcə də məğrib namazına o qədər gecikib ki, işa namazının vaxtı çatıb məğrib ilə işanı birləşdirib qılıb.”
"Musnədu Əhməd ibn Hənbəl”, 1-ci cild, 221-ci səhifə "Abdullah ibn Abbasın musnədi” fəsli.
Bu hədisi yanlış yerə yozmaq cəhdi aşkardır. Sizcə elə ola bilərmi ki, Zöhr namazını azanı verilə, Peyğəmbər (səlallahu əleyhi və alih) namaza etinasızlıq edə və o qədər namazı gecikdirə ki, Əsr namazının vaxtı çata!!! Məgər belə düşüncə tərzi Peyğəmbərə (səllallahu əleyhi və alih) böhtan atmaq deyilmi?! Yəni, məgər Peyğəmbər (səllallahu əleyhi və alih) də namaza etınazıs olarmı, namaza yüngül yanaşarmı?
Məgər Qurani-Kərim "Maun” surəsində "Vay olsun namaza yüngül yanaşanlara!” demirmi?!
Bu hədisdən başa düşülən məna budur ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr ilə əsri, həmçinin məğrib ilə işanı birləşdirib qılmışdır.
 
2-ci hədis
Hənbəli məzhəbini yaradan Əhməd ibn Hənbəl "Musnədu əhməd ibn hənbəl” əsərində Abdullah ibn Şəqiqdən belə rəvayət edir.
"İbn Abbas əsr namazından sonra bizim üçün nitq söylədi, onun söhbəti o qədər uzandı ki, günəş batdı və ulduzlar aşkar oldu, camaat səsləndilər ki, bəs namaz? Bəni-təmim qəbiləsindən olan bir nəfər də "namaz” deyə qışqırdı. İbn Abbas qəzəbləndi və dedi: Peyğəmbərin (səllallahu əleyhi və alih) sünnəsini mənə öyrədəcəksən?! Mən öz gözlərimlə görmüşəm ki, Peyğəmbər (səllaAllahu əleyhi və alih) zöhr ilə əsri, məğrib ilə işanı birləşdirb qilib.
Abdullah deyir: Mən bu mövzuya şəkk etdim və inana bilmədim, bunu Əbu-hüreyrə ilə görüşəndə ondan soruşdum. O, İbn Abbasın sözünü təsdiq etdi.”
Söylədiyimiz hədisdə 2 səhabə bu həqiqətə şəhadət veirilər ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr ilə əsri, məğrib ilə işanı birləşdirib qılıb. Buna görə də İbn Abbas da Peyğəmbərin (s) rəftarına tabe olub.
"Musnədu Əhməd ibn Hənbəl”, 1-ci cild, 251-ci səhifə.
 
3-cü hədis
Maliki məzhəbini yaradan Malik ibn Ənəs özünün "Müvəttə” kitabında yazır:
صلی رسول الله (صلی الله عليه و سلم) الظهر و العصر جميعا، و المغرب و العشاء جميعا فی غير خوف و لا سفر
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr ilə əsr namazlarını birləşdirib qıldı, eləcə də məğrib ilə işa namazlarını birləşdirob qıldı. Halbuki Peyğəmbər (səllallahu əleyhi və alih) düşmən qorxusu ilə üzləşməmişdi və səfərdə də deyildi.”
 
4-cü hədis
Malik ibn Ənəs özünün "Müvəttə” kitabında Məaz ibn Cəbəldən belə rəvayət edir:
 فکان رسول الله (صلی الله عليه و آله) يجمع بين الظهر والعصر، والمغرب والعشاء
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr namazı ilə əsr namazını, məğrib namazı ilə işa namazını birləşdirib qılardı.”
Bu hədisdə namazları birləşdirib qılmaq Peyğəmbərin (s) sünnəsi kimi göstərilmişdir.
 
5-ci hədis
Malik ibn Ənəs özünün "Müvəttə” kitabında Nafedən, o isə Abdullah ibn Ömərdən belə rəvayət edir:
کان رسول الله (صلی الله عليه و آله) اذا عجل به الشير يجمع بين المغرب و العشاء
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) səfərə çıxmaq üçün tələsəndə məğrib namazı ilə işa namazını birləşdirib qılardı.”
Malik ibn Ənəs "əl-Müvəttə” kitabus-səlat 125-ci səhifə 177-ci hədis
Bu hədis açıq şəkildə bunu göstərir ki, Peyğəmbər (səllallahu əleyhi və alih) tələsəndə məğribin vaxtında məğribi və işanı birləşdirib qılarmış.
 
6-cı hədis
Malik ibn Ənəs özünün "Müvəttə” kitabında Əbu Hüreyrədən belə rəvayət edir:
ان رسول الله (صلی الله عليه و آله) کان يجمع بين الظهر والعصر فی سفره الی تبوک
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) Təbuka səfərə gedəndə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı.”
Malik ibn Ənəs "əl-Müvəttə” kitabus-səlat, 124-cü səhifə, 175-ci hədis.
Göründüyü kimi bu hədisdə də məlum olur ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr namazı ilə əsr namazını birləşdirib qılıb. Tarix kitablarına əsasən Peyğəmbər (s) Təbuk döyüşünə zöhr namazını qılıb gedib. Deməli Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr azanı verilən kimi zöhr namazı ilə əsr namazını birləşdirib qılıb, sonra səfərə çıxıb.
 
7-ci hədis
Malik ibn Ənəs özünün "Müvəttə” kitabında Nafedən belə rəvayət edir:
ان عبدالله بن عمر کان اذا جمع الامراء بين المغرب و العشاء فی المطر جمع معهم
"Əmirlər (bəni-üməyyə xəlifələri) yağış yağan vaxt məğrib namazı ilə işa namazını birləşdirib qılanda Abdullah ibn Ömər də onlarla bilikdə namazları birləşdirib qılardı.”
Malik ibn Ənəs "əl-Müvəttə” kitabus-səlat, 125-ci səhifə, 179-cu hədis.
Bu hədisdən başa düşülən məna budur ki, əmirlər yağış yağdığını görəndə məğribin vaxtında məğribin ardınca işanı da qılarlarmış.
 
8-ci hədis
Malik ibn Ənəs özünün "Müvəttə” kitabında Əli ibn Hüseyndən belə rəvayət edir:
کان رسول الله (صلی الله عليه و آله) اذا اراد ان يسير بومه جمع بين الظهر و العصر و اذا اراد ان يسير ليله جمع بين المغرب والعشاء
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) gündüz vaxtı səfərə çıxmaq istəyəndə zöhr namazı ilə əsr namazını birləşdirib qılardı. Gecə səfərə çıxmaq istəyəndə isə məğrib namazı ilə işa namazını birləşdirib qılardı.”
Malik ibn Ənəs "əl-Müvəttə”, kitabus-səlat, 125-ci səhifə, 181-ci hədis.
Bu hədis də açıq-aşkar göstərir ki, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr namazı vaxtı zöhr ilə əsr namazını birləşdirib qılmış, Məğrib namazı vaxtı isə məğrib namazı ilə işa namazını birləşdirib qılmışdır.
 
9-cu hədis
Məhəmməd Zərqanı "Şərhu Muvəttə” kitabında Əbi Şəsadan belə nəql edir:
ان بن عباس صلی بالبصره الظهر والعصر ليس بينهما شیء والمغرب و العشاء ليس بينهما شیء
"İbn Abbas Bəsrədə zöhr və əsr namazlarını aralarında fasilə vermədən qıldı, eləcə də məğrib ilə işa namazlarını aralarında fasilə vermədən qıldı.”
Malikin "Müvəttə” kitabın Zərqaninin şərhi. 1-ci hissə, "evində və səfərdə namazları birləşdirib qılmaq” fəsli. 294-cü səhifə.
 

10-cu hədis
Zərqanı bu xəbəri Təbəranidən, o isə İbn Məsuddan belə nəql edir:
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr namazı ilə əsr namazını birləşdirib qıldı, sonra da məğrib namazı ilə işa namazını birləşdirib qıldı. Bunun səbəbini Peyğəmbərdən soruşdular. Allahın Rəsulu (səllallahu əleyhi və alih) buyurdu: Ümmətimin çətinlik və əziyyətə düşməsini istəmədiyim üşün belə edirəm.”
Malikin "Müvəttə” kitabın Zərqaninin şərhi. 1-ci hissə, "evində və səfərdə namazları birləşdirib qılmaq” fəsli. 294-cü səhifə 

11-ci hədis
Müslim ibn Həccac özünün Səhihi Muslim kitabında Əbu Zubeyr və Səid ibn Cubeyrin vasitəsilə İbn Abbasdan belə nəql edir:
 صلی رسول الله (صلی الله عليه و آله) الظهر والعصر جميعا بالمدينه فی غير خوف و لا سفر
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) Mədinədə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı, halbuki Qorxu yox idi, səfərdə də deyildi.”Sonralar İbn Abbasan bu işin səbəbi və Peyğəmbərin (səllallahu əleyhi və alih) məqsədi barədə soruşduq, o dedi: Ona görə ki, Peyğəmbər (səllallahu əleyhi və alih) Öz ümmətindən heç kimin əziyyətə düşməsini istəmirdi."Səhihi Muslim”, 2-ci cild, "əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 151-ci səhifə. 

12-ci hədis
Müslim ibn Həccac özünün Səhih kitabında Səid ibn Cubeyrin vasitəsilə İbn Abbasdan belə nəql edir:
 جمع رسول الله (صلی الله عليه و آله) بين الظهر و العصر، المغرب و العشاء فی المدينه، من غير خوف و لا مطر
"Allahın Rəsulu (səllallahu əleyhi və alih) Mədinədə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı, məğrib namazı ilə işa namazını birləşdirib qıldı, halbuki düşməndən qorxu yox idi, səfərdə deyildi, yağış da yağmırdı.”Səid ibn Cubeyr deyir: mən bunun səbəbini İbn Abbasdan soruşdum. İbn Abbas dedi: Peyğəmbər (səllallahu əleyhi və alih) öz ümmətinin əziyyətə düşməsini istəmirdi."Səhihi Muslim”, 2-ci cild "əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 152-ci səhifə. 

13-cü hədis
Əbu Abdullah Buxari özünün Səhihində belə nəql edir:"Allahın Rəsulu (səllallahu əleyhi və alih) Mədinədə namazları 7 rəkət (məğrib və işanı birgə) və 8 rəkət (zöhr ilə əsri birğə) qıldı.”
"Səhihi Buxari”, 1-ci hissə, 110-cu səhifə "Kitabus səlat” "bab təxiruzuhr iləl asr.” 

14-cü hədis
Əbu Abdullah Buxari özünün Səhihində belə nəql edir:Abdullah ibn Ömər, Əbu Əyyub Ənsari və Abdullah ibn Abbas dedilər:"Allahın Rəsulu (səllallahu əleyhi və alih) məğrib namazı ilə işa namazını birləşdirib qıldı.”
"Səhihi Buxari”, 1-ci hissə, 113-cü səhifə, "Kitabus səlat” "bab zikrul işa.” 

15-ci hədis
Müslim ibn Həccac öz Səhihində belə nəql edir:"Bir kişi ibn Abbasa dedi: Namazdır! İbn Abbas dinmədi. O kişi yenidən dedi: Namazdır! İbn Abbas susdu. O yenidən dedi: Namazdır! İbn Abbas cavab vermədi. O kişi dördüncü dəfə dedi: Namazdır! İbn Abbas dedi: Səni anasız qalasan! Sən bizə namazı öyrədirsən?! Halbuki biz Peyğəmbərlə(səllallahu əleyhi və alih) birlikdə olanda da namazları birləşdirib qılırdıq.”
"Səhihi Muslim”, 2-ci cild, "əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 153-cü səhifə. 

16-cı hədis
Müslim ibn Həccac öz Səhihində belə nəql edir:"Allahın Rəsulu (səllallahu əleyhi və alih) Təbuk döyüşünə səfərə gedəndə namazları birləşdirib qıldı. Zöhr ilə əsri, məğrib ilə işanı birləşdirdi. Səid ibn Cubeyr deyir: Onun səbəbini İbn Abbasdan soruşdum. Dedi: Peyğəmbər(səllaAllahu əleyhi və alih) öz ümmətindən heç kimin əziyyətə düşməsini istəmirdi.”
"Səhihi Muslim”, 2-ci cild, "əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 151-ci səhifə. 

17-ci hədis
Müslim ibn Həccac öz Səhihində Məazın dilindən belə nəql edir:"Allahın Rəsulu (səllallahu əleyhi və alih) ilə Təbuk döyüşünə çıxdıq, Peyğəmbər (səllallahu əleyhi və alih) zöhr ilə əsr namazlarını birləşdirib qıldı, məğrib ilə işa namazlarını birləşdirib qıldı.”
"Səhihi Muslim”, 2-ci cild, "əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 152-ci səhifə. 

18-ci hədis
Malik ibn Ənəs özünün "Müvəttə” kitabında yazır:"İbn Şəhab, Salim ibn Abdullahdan soruşdu: Səfərdə olarkən zöhr namazı ilə əsr namazını birləşdirib qılmaq olarmı? Cavab verdi ki: Bəli, eyibi yoxdur, Məgər insanların Ərəfə günündəki namazlarını görmürsənmi?”
Malik ibn Ənəs "əl-Müvəttə”, kitabus-səlat, 125-ci səhifə, 180-ci hədis.
Bunu xatırladaq ki, bütün müsəlman məzhəbləri Ərəfə günündə Ərəfatda zöhr ilə əsri birləşdirib qılmağa icazə veriblər. Hər iki namazı zöhrün vaxtında qılırlar. Burada Salim ibn Abdullah deyir ki: Ərəfə günündə namazları birləşdirib qılmaq mümkün olduğu kimi, başqa vaxtlarda da birləşdirb qılmaq mümkündür. 

19-cu hədis
Müttəqi Hindi özünün "Kənzul ummal” kitabında yazır:"Abdullah ibn Ömər deyir: Allahın Rəsulu (səllallahu əleyhi və alih) evində olarkən, səfərdə olmadığı halda zöhr namazı ilə əsri, məğrib namazı ilə işanı birləşdirib qıldı. Bir kişi İbn Ömərdən soruşdu: Nə üçün Peyğəmbər (səllallahu əleyhi və alih) belə edirdi? Cavab verdi: Ona görə ki, ümmətini çətinlik və əziyyətə salmasın. Kim istəsə namazlarını birləşdirib qıla bilər.”
"Kənzul ummal”, "Kitabus salat”, ” Babur rabi”, "bab cəm”, 8-ci cild, 246-cı səhifə. 

20-ci hədis
Müttəqi Hindi özünün "Kənzul ummal” kitabında yazır:"Cabir ibn Abdullah deyir: Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr namazı ilə əsr namazını bir azan və iki iqamə ilə birləşdirib qıldı.”
"Kənzul ummal” "Kitabus salat”, "Babur rabi”, "bab cəm”, 8-ci cild, 247-ci səhifə. 

21-ci hədis
Müttəqi Hindi özünün "Kənzul ummal” kitabında yazır:"Cabir ibn Abdullah deyir: Allahın Rəsulu (səllallahu əleyhi və alih) ilə Məkkədə idik. Günəş batdı, və Peyğəmbər (səllallahu əleyhi və alih) "sərf” məntəqəsinə çatan kimi məğrib və işa namazlarını birləşdirb qıldı.”
"Kənzul ummal”, "Kitabus salat”, "Babur rabi”, "bab cəm”, 8-ci cild, 247-ci səhifə. 

22-ci hədis
Müttəqi Hindi özünün "Kənzul ummal” kitabında İbn Abbasdan belə nəql edir:"Allahın Rəsulu (səllallahu əleyhi və alih) Mədinədə zöhr namazı ilə əsr namazını, məğrib namazı ilə işa namazını birləşdirib qıldı, halbuki səfərdə deyildi, yağış da yağmırdı. Ravi deyir: İbn Abbasdan soruşdum: Peyğəmbər(səllallahu əleyhi və alih) nə üçün namazları birləşdirib qılırdı? İbn Abbas belə cavab verdi: Çünki Peyğəmbər (səllallahu əleyhi və alih) istəyirdi ki, ümmətinin rəftarında genişlik və yüngüllük yaratsın.”
"Kənzul ummal”, "Kitabus salat”, "Babur rabi”, "bab cəm”, 8-ci cild, 247-ci səhifə. 

Hədislərdən çıxan nəticə.

 1- Bir vaxtda iki namazı birləşdirib qılmaq, işlərin asanlaşdırılması və əziyyətə düşməmək üçündür.
Qurani-Kərim "Bəqərə” surəsinin 185-ci ayəsində buyurur:
"Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.”
Həmçinin Qurani-Kərim "Həcc” surəsinin 78-ci ayəsində buyurur:
"O, sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb.”
Səhl ibn Hənif deyir: həzrət Muhəmməd səllallahu əleyhi və alih buyurdu:
"Özünüzü çətinə salmayın, çünki sizdən əvvəlki insanlar özlərini çətinliyə saldıqlarına görə həlak oldular.
”Suyuti "əd-Durrul mənsur” təfsiri 1-ci cild, 192-ci səhifə.
Hədislərin çoxu bu həqiqəti təsdiq edir ki, əgər zöhr namazı ilə əsr, məğrib namazı ilə işa birləşdirilməsə müsəlmanlar öz işlərində çətinlik və əziyyətə düşəcəklər. Buna görə də Peyğəmbər (səllallahu əleyhi və alih) müsəlmanların işlərində asanlıq və genişlik yaranması üçün namazları birləşdirib qılmağa icazə vermişdir. 10-cu, 16-cı, 19-cu və 22-ci hədislərə baxın.
Aydındır ki, əgər bu hədislərdən məqsəd zöhr namazını gecikdirərək əsr namazının vaxtında qılmaq olsaydı, və ya məğrib namazını gecikdirərək işa namazının vaxtında qılmaq olsaydı bu əməl nəinki müsəlmanların işində asanlıq yaratmaq olmazdı, əksinə Peyğəmbərin (səllallahu əleyhi və alih) bu hərəkəti ilə müsəlmanlar daha da əziyyətə və çətinliyə düşmüş olardılar. Halbuki Peyğəmbərin (səllallahu əleyhi və alih) hədəfi və məqsədi müsəlmanların işində genişlik və asanlıq yaratmaq olmuşdur.
Deməli, namazları müştərək vaxtlarda birləşdirib qılmaq olar, istər müştərək zamanın əvvəl vaxtında istər axır vaxtında.
 2- Məkkədə Ərəfə günündə Ərəfat çölündə namazları birləşdirib qılmaq, namazları birləşdirib qılmağın keyfiyyətini göstərir.
Bütün müsəlman məzhəblari Ərəfə günündə zöhr namazı ilə əsr namazını birləşdirib qılmağa icazə veriblər. (bax: "əl-Fiqh aləl məzahibil ərbəə”, "kitabus səlat”, "əlcəm beynəs səlatəyn təqdimən və təxirən”).
Başqa tərəfdən yuxarıda qeyd edilmiş hədislər bunu təsdiq edir ki, namazları bu cür birləşdirib qılmaq başqa yerlərdə də Ərəfatdakı şəkildə mümkündür. Bu baxımdan Ərəfat çölü ilə başqa çöllərin fərqi yoxdur. 18-ci hədis bunu tam sübut edir. 
3- Səfərdə namazları birləşdirmək üslubu da həqiqətdə namazları birləşdirib qılmağın keyfiyyətini göstərir.
Başqa tərəfdən Hənbəli, Maliki və Şafii məzhəbləri səfərdə olarkən namazları birləşdirib qılmağı düzgün bilirlər. Bununla belə hədislər aşkar şəkildə bunu göstərir ki, bu baxımdan səfərdə olmaq ilə evində, vətənində olmağın fərqi yoxdur. Peyğəmbər (səllallahu əleyhi və alih) həm səfərdə həm də evində namazları birləşdirib qılıb.
Bu barədə 3-cü, 11-ci, 13-cü, 19-cu və 22-ci hədislərə baxa bilərsiniz. Deməli (şiəlik dediyi kimi) zöhr namazı ilə əsri, məğrib namazı ilə işanı səfərdə birləşdirib qılmaq olarsa, evdə(vətəndə) də qılmaq olar. 
4- Zərurət halında namazları birləşdirib qılmaq üslubu, adi halda namazları birləşdirməyin keyfiyyətini göstərir.
Allahın Rəsulundan (səllallahu əleyhi və alih) nəql edilmiş hədislərin əksəriyyətində bu həqiqət təsdiq edilir ki, Peyğəmbər (səllallahu əleyhi və alih) özü eləcə də o həzrətin səhabələri zərurət hallarında, məsələn, yağış yağanda, düşməndən qorxu olanda, xəstəlik halında iki namazı (şiəlik dediyi kimi) bir vaxtda birləşdirib qılmışlar. Buna əsasən müxtəlif məzhəblərin əlimlərinin əksəriyyəti zərurət halında namazları birləşdirib qılınmasının düzgünlüyü barəsində fətva və hökmlər vermişlər.
Halbuki hədislər açıq aşkar bunu sübuta yetirir ki, bu baxımdan zərurət  və adi halın qətiyyən fərqi yoxdur. Allahın Rəsulu (səllallahu əleyhi və alih) yağın yağmayanda da, düşməndən qorxu olmayanda da zöhr namazı ilə əsr namazını həmçinin məğrib namazı ilə işa namazını birləşdirib qılmışdır. Bu barədə 3-cü, 11-ci və 22-ci hədislərə baxa bilərsiniz. 
5- Həzrət Muhəmməd səllallahu əleyhi və alihin səhabələrinin rəftarı, namazları birləşdirib qılmağın keyfiyyətini göstərir.
Qeyd edilmiş hədislərin içində belə bir dəqiqliyə rast gəlirik ki, Peyğəmbərin (səllallahu əleyhi və alih) bir çox səhabələri 2 namazı birləşdirib qılmışlar. 
Bu barədə 2-ci, 7-ci. 9-cu və 15-ci hədislərə müraciət edin.Bu hədislər onu göstərir ki, İbn Abbas, (şiəlik dediyi kimi) 2 namazı bir vaxtda birləşdirib qılmışdır. 
6- Həzrət Muhəmməd səllallahu əleyhi və alihin həyat tərzi 2 namazı birləşdirmək üslubunu insanlara bəyan edir və açıqlayır.
21-ci hədisdən aydın olur ki, Peyğəmbər (səllallahu əleyhi və alih) gün batan vaxt Məkkədə idi, yola düşdülər, Məkkədən 9 mil fasilədə yerləşən Sərf məntəqəsinə çatanda məğrib namazı ilə işa namazını birləşdirib qıldı. 
Hamısı Əhli-sünnənin ən mötəbər hədis və səhih kitablarından nəql edilən bu hədislərin hamısından, siəlik məktəbinin zöhr namazı ilə əsr namazını həmçinin məğrib namazı ilə işa namazını biləşdirib qılmağa icazə verməkdə haqqlı olduğunu sübut edir. Eləcə də bu hədislər təsdiq edir ki, zöhr namazı ilə əsr namazını həmçinin məğrib namazı ilə işa namazını birləşdirib qılmağın xüsusi şərtləri yoxdur, istənilən yerdə, istənilən şəraitdə və istənilən gündə namazları birləşdirib qılmaq olar. 

SON QEYD

Onu da qeyd edək ki, son zamanlar bir çox Əhli-sünnə alimləri zöhrün vaxtında zöhr namazı ilə əsr namazını, eləcə də məğribin vaxtında məğrib namazı ilə işa namazını birləşdirib qılmağa icazə vermişlər. 
Rəbiə ibn Munzir son zamanların məşhur Əhli-sünnə alimlərindəndir ki, namazların birləşdirilib qılınmasını lazım bilir və deyir:
"Namazları ayrı-ayrı qılmaq insanların özlərini əziyyət və çətinliyə salmalarına səbəb olur.
”Əhli-sünnənin başqa bir məşhur alimi Şeyx Əhməd Şakir də ibn Sirinin sözlərini nəql etdikdən sonra deyir:"Namazları birləşdirib qılmağın icazəli olması rəyi (hökmü) ən düzgün rəydir və səhih hədislərə əsaslanır.”
"Haşiyətu Sünənu Tirmizi”, 1-ci cild, 358 və 359-cu səhifələr.
Əhli-sünnənin başqa bir məşhur alimi Şeyx Xəfif deyir:"Namazların birləşdirilib qılınması icazəlidir.”"Kitabu əsbabu ixtilaful fuqəha”, 78-ci səhifə.Sonda şiə mənbələrində olan çoxlu sayda hədislərin bir neçəsini nəql edək.

1-      Əbid ibn Zurarə deyir: İmam Cəfər Sadiq əleyhissalamdan zöhr və əsr namazlarının vaxtı barədə soruşdum. İmam buyurdu: "Günəş düz ortada olanda zöhr namazının da, əsr namazının da vaxtı daxil olur. Bu fərq ilə ki, əvvəlcə zöhr namazını sonra ilə əsr namazını qılmaq lazımdır. Günəş batana qədər hər ikisinin vaxtı davam edir.”
"Vəsailuş-şiə”, 3-cü cild, 92-ci səhifə, "əbvabul məvaqit”.

 2-      İmam Cəfər Sadiq əleyhissalam (atalarından rəvayət edərək) buyurdu: " Allahın Rəsulu (səllallahu əleyhi və alih) camaatla birlikdə günorta vaxtı zöhr namazı ilə əsr namazını heç bir səbəb olmadan birləşdirb qıldı. Eləcə də məğrib ilə işa namazını üfüqdə şəfəq hələ itmədən birıəşdirib qıldı. Allahın Rəsulu (səllAllahu əleyhi və alih) yalnız ona görə belə etdi ki, ümməti üçün vaxt geniş olsun.”
"Əl-Kafi” 3-cü cild, 286-cı səhifə, "babul cəm bəynəs səlatəyn”.

 3-      İmam Cəfər Sadiq əleyhissalam buyurdu: "Günəş batandan sonra iftar açılır və namaz vacib olur, məğrib namazını qılıb qurtaran kimi işa namazının vaxtı daxil olaraq gecə yarısına qədər davam edir."
"Vəsailuş-şiə” 3-cü cild, 134-cü səhifə, "bab ənnə əvvəlu vəqtil məğribi vəl işa əlğurub”.
 
4-      İbn Abbas deyir: "Allahın Rəsulu (səllallahu əleyhi və alih) zöhr ilə əsr namazını həmçinin məğrib ilə işa namazının səfərdə də, evində də birləşdirib qılardı.”
"Vəsailuş-şiə” 3-cü cild, 161-ci səhifə, "bab əlcəm bəynə səlatəyni liğəyri uzr”. 

5-      İmam Əli əleyhissalam buyurur: "Namazları birləşdirib qılmaq ruzini çoxaldır.”
"Müstədrəkul vəsail” 3-cü cild, 143-cü səhifə. 

6-     Əbdül Məlik əl-Qummi deyir: İmam Cəfər Sadiq əleyhissalama dedim: Mən namazları birləşdirib qılıram. İmam əleyhissalam buyurdu: "Allahın Rəsulu (səllAllahu əleyhi və alih) da belə edirdi, bununla da istəyirdi ki, ümmətin işini asanlaşdırsın”.
"Biharul ənvar” 79-cu cild, 334-cü səhifə.  
 
İslammaarifində Elmi tədqiqat mərkəzi
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 337 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]