Bazar günü, 2024-05-05, 3:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-20, 11:17 PM
 Nə üçün biz şiələr miqatlarda, xüsusilə də Şəcərə məscidində ehram bağladıqdan sonra "təlbiyəni" uca səslə, bəzən də kollektiv şəkildə oxuyuruq?

Təvaf zamanı duaları ucadan, bəzən də qadın və kişi birgə oxuyuruq. Bəziləri "səy" zamanı da bu işi görürlər. Belə ki, bu əməlləri ilə digərlərini narahat edir və hüquqlarını tapdayırlar. Halbuki, əhli-sünnənin əksəriyyəti ehramı sakit və olduqca aram şəkildə bağlayır, təvaf və "səy" edirlər. Bizim bu əməlimizə görə narahat olur və öz etirazlarını bildirirlər. Bizim bu əməlimizin (hər hansısa bir) şəri əsası varmı? Dua və təlbiyələri miqatda, yaxud digər məqamlarda ucadan oxumaq müstəhəbdirmi? Qadınların ehram bağlayarkən təlbiyəni naməhrəm kişilərin eşidəcəyi şəkildə ucadan deməyi düzgündürmü?
Cavab: Mən dəfələrlə bu məsələyə toxunmuş və demişəm ki, miqatlarda təvaf və səy zamanı təlbiyə və duaları səssiz deyin. Amma təəssüflər olsun ki, bəzən diqqətsizlik, bəzən də bu şəkildə ehram bağlamağın, duaları miqat və digər məqamlarda ucadan oxumağın bir çoxlarının işinin bir hissəsi kimi qiymətləndirildiyindən dua və təlbiyə oxumağın qayda-qanunlarına lazımınca riayət olunmur. Hər-halda bu suala, xüsusilə də qadınların təlbiyə deməsi məsələsinə diqqət yetirməli və haqqında tədqiqatlar aparılmalıdır.
Burada sözügedən sualın müxtəlif cəhətlərini araşdırır və əziz oxucuların diqqətini aşağıdakı məqamlara cəlb edirəm;
a) Əfzəl və yaxud əhvət, miqatda təlbiyənin yavaş deyilməsidir.
Mərhum Seyyid "Ürvətül-vüsqa" kitabında(Həcc kitabı, ehramın keyfiyyəti, məsələ 20.) təlbiyə demək haqqında müxtəlif fikirləri qeyd etdikdən sonra təlbiyənin miqatdan sonra deyilməsi ilə bağlı rəvayətlər arasındakı ortaq nöqtəyə toxunaraq yazır: "Əfzəl odur ki, Mədinə miqatında təlbiyə niyyət və iki ehram libası geyildikdə astadan deyilsin. Təlbiyəni ucadan demək isə "Beyda"ya çatana qədər təxirə salınsın. Beydaya (hansı ki, Hüleyfədən Məkkəyə tərəf bir mil – təqribən 2 km-lik fasilədə yerləşir) çatdıqda təlbiyə deyərək səslər ucalsın".
Mərhum İmam Xomeyni (r) "Ürvətül-vüsqa" kitabının çıxarışında "əfzəl" sözünün yerinə "bəl əhvət" – yəni əksinə, çox ehtiyat – sözündən istifadə edir. Mərhum Gülpayqani (r) yazır: "Onun daha fəzilətli olması aydın deyil, amma əhvət ola bilər. Təxirə salmağın daha fəzilətli olması isə ehtimal olunandır". (Əlbəttə, burada sözügedən ehtiyat, ehtiyat müstəhəbdir.) O, fars dilində qələmə aldığı "Mənasik" əsərinin 185-ci məsələsində yazır: "Mədinə yolu ilə həccə getmək istəyən zəvvarların təlbiyəni Beydaya – hansı ki, Zül-Hüleyfədən bir millik fasilədə yerləşir – çatana qədər təxirə salması daha yaxşıdır. Digər yollarla gedənlər isə təlbiyəni bir az yol getdikdən sonra deməlidirlər.
Məkkədən həccə gedənlər isə "Rəqta"ya – hansı ki, adı "Məda" və "Rədm"dən qabaqdır – çatana qədər təxirə salsınlar. Lakin ehtiyat odur ki, ehram bağladığı yerdən başlayaraq təlbiyə yavaş deyilsin və yuxarıda qeyd olunduğu yerlərə çatdıqdan sonra ucadan deyilsin"(Təfsiluş-şəriət, c. 3, səh. 200.).
Bir çox "Mənasiklər" (həcc əməlləri haqqında qələmə alınan əsərlər) ehramın keyfiyyətini və təlbiyə ilə bağlı məsələləri qeyd etməklə yanaşı İmam Xomeyninin (r) "Mənasik" əsərinə oxşar ibarələrlə yazılmışdır.
b) Qadın təlbiyəni naməhrəm eşitdiyi halda ucadan deyə bilərmi?
Qadınların təlbiyə deməsi və naməhrəmlərin eşitməsi ilə bağlı Ayətullah Gülpayqaniyə (r): "Qadının ehram bağladığı zaman yad bir kişinin (naməhrəmin) eşitdiyi halda ucadan deməsi icazəlidirmi? – deyə sual verilir. Ayətullah Gülpayqani (r) suala cavab verərək buyurur: "Əgər qadın, yad (kişinin) eşitdiyi halda ucadan təlbiyə desə, əhvət budur ki, əməlini təzələsin".(Adab və əhkame-həcc, səh. 146, 342-ci sual-cavab.)
Bəzi mərcəi-təqlidlər deyirlər: "Heç bir yerdə və heç bir şəraitdə qadının təlbiyə deyərkən səsini ucaltması istənilməmişdir".
Bəziləri isə deyirlər: Əgər səsləri təhrikedicidirsə ehtiyat budur ki, yavaş desinlər".
v) Ən yaxşı dua "xuşu" ilə və gizlində olunan duadır.
Allah-taala Quranda uca səslə dua oxumaq haqqında buyurur:
"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (Əraf surəsi, ayə 55.)
Həmçinin həzrət Peyğəmbərə (s) xitabən buyurur:
"Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et!" (Əraf surəsi, ayə 205.)
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
"Ən yaxşı dua və zikr gizlində edilən dua, ən yaxşı ruzi isə ehtiyacları ödəyəcək miqdarda olan ruzidir"(Nurus-səqəleyn, c. 3, səh. 321).
Həzrət imam Riza (ə) buyurmuşdur:
"Bəndənin bir gizli duası yetmiş aşkar duasına bərabərdir". Yaxud "bir gizli dua Allah yanında yetmiş aşkar duadan əfzəldir"(Kafi, c. 2, İxfaud-dua babı, səh. 476.).
Bir hədisdə deyilir: Camaat uca səslə dua edir və zikr deyirdilər. Bunu müşahidə edən Peyğəmbər (s) buyurdu: "Ey insanlar! Özünüzə gəlin. (Fikirləşin.) Siz, eşitməyən, qeybətdə olan birini çağırmırsınız. Çağırdığınız kimsə eşidən, yaxın və sizinlə birlikdədir"(Səhih-Müslim, Zikr, dua və tövbə kitabı, 13-cü bab, Zikr zamanı səssizliyin müstəhəb olması, 3703- cü hədis. Misbahul-munir, səh. 481.).
q) İnsanların hüququnu qorumaq Allahın hüququndan öndə durur.
Yuxarıda qeyd olunan rəvayətlərdən göründüyü kimi yavaş və astadan dua oxumaq, uca səslə dua oxumaqdan fəzilətlidir. Bundan başqa, insanların hüququnu qorumaq uca səslə dua oxumaqdan mühümdür. Rəvayətlərdən istifadə edilir ki, insanların hüququ Allahın hüququndan öndə durur. Allah-taala uca səslə dua oxuyaraq digərlərini narahat edib əsəblərini gərginləşdirməyə razı deyil. Allahın razılığı olmayan dua ilə onun rizayərtini necə cəlb edib dərgahına yol tapmaq olar.
NƏTİCƏ
Yuxarıda qeyd olunanlardan məlum olur ki, ehtiyat, yaxud əfzəl, miqatlarda təlbiyəni astadan deməkdir. Qadınlar təlbiyəni naməhrəm kişinin eşitdiyi halda ucadan desələr, (bir çox mərcəi-təqlidlərin fikrincə) düzgün deyil. Unutmaq olmaz ki, heç bir yerdə qadınların uca səslə təlbiyə deməsi istənilməmişdir. Bundan başqa bilməlisiniz ki, Allahın razılığı olan dua aram və gizli şəkildə, "xüzu" və "xüşu" ilə hər növ riyadan uzaq olan, digərlərinin hüququnun tapdalanması bahasına başa gəlməyən duadır. Buna görə də möhtərəm zəvvarlar hər növ səs-küydən, xüsusilə də kollektiv şəkildə dua oxumaqdan çəkinmələri, mahiyyətcə bir növ ibadət olan duanı özünü göstərmək, gözə soxmaq üçün bir vasitəyə çevirməmələri, yersiz həyəcan və çılğınlıqdan uzaq durmaları, miqatda təvaf və "səy" zamanı öz əməlləri ilə məşğul olmaları, vüqarla, hüzuri-qəlblə hərəkət edib dua oxumaları lazımdır. Əziz zəvvarlar müsəlmanların, əhli-sünnənin etirazına səbəb olan hər növ davranışdan, kollektiv və şüar tipli, xüsusilə də qadınlarla birgə dua oxumaqdan qəti şəkildə çəkinməlidirlər. Mən dəfələrlə (bu kimi hərəkətlərin) "Şəcərə" məscidində və təvaf zamanı başqalarının etirazına səbəb olmasının şahidi olmuş və imkan qədərincə xəbərdarlıq etmişəm. İndi də xəbərdarlıq edir və sözümün yerə düşməyəcəyinə ümid bəsləyirəm.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 318 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]