Bazar günü, 2024-04-28, 5:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:41 AM
Sual: Səhabə kimə deyilir və Peyğəmbər (s)-in səhabələri arasında münafiq olubmu, yoxsa onların hamısı mömin və adil idilər? Hər halda səhabələrin əməli


Bismillahir-rəhmanir-rəhim



Sual: Səhabə kimə deyilir və Peyğəmbər (s)-in səhabələri arasında münafiq olubmu, yoxsa onların hamısı mömin və adil idilər? Hər halda səhabələrin əməlinə diqqət edib nalayiq əməllərinə görə onları məzəmmət etmək caizdirmi?

Cavab: İbn Həcər səhabənin tərifində belə deyir:

"Səhabə o şəxsə deyilirki, Peyğəmbər (s)-i görsün, ona iman gətirsin və dünyadan müsəlman olaraq köçsün. İstər Peyğəmbər (s)-in yanında çox qalsın, istərsə də az qalsın. İstər həzrətdən (hədis) nəql etsin, istər etməsin. İstər onunla müharibədə iştirak etsin ,istər iştirak etməsin.”(Əl-isabə fi təmyizis- səhabə.)

Qurani-kərimə müraciə etdikdə görürük ki, Peyğəmbər (s)-in səhabələrini iki dəsdəyə bölüb. Onların arasında həm mömin ədalətlilər olub və həm də münafiqlər.

"Fəth” surəsinin 18-ci ayəsində mömin səhabələr barədə buyurur:

"Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (imanı, sədaqəti) bilirdi. Odur ki, onların ürəklərinə arxayınlıq nazil etdi və mükafat olaraq onlara yaxın zəfər, qələbə nəsib etdi.”

Ayədə Allah taala Öz razılığını beyətdə iştirak edən Əbdullah ibn Ubeyə və Ovs ibn Qəyza kimi münafiqlərə deyil yalnız ağac altında beyət edən möminlərə bildirib. Yeri gəlmişkən bunuda qeyd etmək lazımdlr ki, ayədə Allahın razılığı onların müəyyən əməlləri müqabilində olub. Yəni o gün Peyğəmbər (s) ilə beyət etmələrinə görə Allah taala onlardan razı qalıb və onlrın bu əməllərini dəsdəkləyib. Nəyinki onlardan həmişəlik, ömürlərinin axırnadək həyatlarının bütün mərhələlərində və etdikləri bütün əməllərdən razı qalıb.

Həmçinin Peyğəmbər (s)-in səhabəsi arasında münafiqlərin olduğunu açıq-aydın bəyan edərək onları məzəmmət etmişdir. ”Tövbə” surəsinin 101-ci ayəsində belə buyurmuşdur:

”Sizin ətrafınızda olan ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhllindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanayırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik, sonra isə daha böyük əzaba tərəf göndəriləcəklər.”

Peyğəmbər (s)-in səhabəsi arasında elə şəxslərdə olub ki, Peyğəmbər (s)-in zövcəsi, möminlərin anası xanım Ayişəyə töhmət vurub, ona nalayiq əməli nisbət verməyə çalışıblar. Bu əhvalatı Allah taala "Nur” surəsinin 11-17-ci ayələrində bəyan edib.Səhabələrin arasında elələləri də olub ki, Allah taala "Cümə” surəsinin 11-ci ayəsində onlardan xəbər verərək buyurur:

”Onlar eləki, ticarət və ya əyləncə, oyun-oyuncaq gördülər, səni ayaq üstə qoyub dağılıb ona tərəf gedərlər.”

Cabir ibn Əbdullah Ənsari deyir ki, biz Peyğəmbər (s) ilə namaz qılırdıq (cümə namazı). Şamdan ticarət karvanı Mədinəyə daxil oldu, on iki nəfərdən başqa bütün namaz qılanlar Peyğəmbər (s)-i tək qoyub karvanın dalınca getdilər. Bu vaxt onların məzəmməti haqda bu ayə nazil oldu.

Peyğəmbər (s)-in səhabələrindən, onların Həzrətə yaxın olmalarından və bu yaxınlıq sayəsində əldə etdikləri imtiyazdan söhbət etdikdə həzrətin zövcələrini unutmaq mümkün deyil. Çünki xanımlar bu imtiyaza nigah nəticəsində ən yüksək dərəcədə nail olmuşdular. Amma onların bu böyük imtiyazı əldə etmələrinə baxmayaraq Allah taala onlara xitabən "Əhzab” surəsinin 30-32-ci ayələlrində belə buyurur:

"Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah ücün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir). Və sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq. Siz, ey Peyğəmbərin zövcələri! Siz başqa adi qadınlar kimi deyilsiniz...”

Və həmçinin Peyğəmbər (s)-in iki zövcəsi barədə "Təhrim” surəsinin 4-cü ayəsində buyurur:

"Əgər siz ikiniz (Həfsə və Ayişə öz işinizdən) tövbə etsəniz (sizin öz xeyrinizədir, çünki) sizin ürəkləriniz (haqdan) dönmüşdür. Əgər onun (Peyğəmbərin) əleyhinə əlbir olsanız belə (bilinki ona bir şey edə bilməyəcəksiniz çünki,) Allah Özü, Cəbrail və saleh möminlər önun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.”

Bir neçə ayədən sonra buyurur:

"Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkir. Onlar bizim bəndələrmizdən olan əməli-saleh iki bəndənin (kəbini) altında idilər.

(Bu qadınla) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: Daxil olanlarla birlikdə siz də cəhənnəmə daxil olun! Allah möminlər üçün Fironun zövcəsini məsəl çəkib; o zaman o demişdi: ”Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə - bir ev tik! Mənə Firondan və onun əmlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!” Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkir)...”

"Təhrim” surəsi, 10, 11 və 12-ci ayələr.

Bu ayələr Peyğəmbər (s)-in səhabələri barədə aydınlıq gətirən Qurani-kərimin bir çox ayələrinin nümunəsidir. Bu ayələrə müraciə etdikdə məlum olur ki, Peyğəmbər (s)-in bütün səhabələri mömin və ədalətli olmayıblar. Əksinə onların arasında munafiqlər də olub. Və yalnız dildə iman gətirərək özlərinə həqiqi möminlər arasında yer açıblar.

Əgər bütün bu ayələrdən, sübutlardan göz yumub yenə də bütün səhabələrin ədalətli olmasına israr etsək yenə də heç bir dəlil yoxdur ki, onlar Peyğəmbər (s)-in zamanında ədalətli olduqları kimi Peyğəmbər (s)-dən sonra da ədalətli olub və ömürlərinin sonunadək bu ədalət sifətini özlərində qoruyub saxlayıblar. Allah taala həzrət Musa peyğəmbərinin səhabəsi Bələm ibn Baura barədə "Əraf” surəsinin 175-176-cı ayələrində buyurur:

"Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayətdə yolunu azanlardan olan şəxsin hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onun (məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin onu (azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və yə yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini cıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.”

Peyğəmbər (s) qiyamət günündə olacaq bəzi səhabələrinin əhvalatını belə açıqlayır:

”Mənim ümmətimdən bir dəstə kişini gətirib sol tərəfə apararlar. Mən onda deyəcəyəm ki, ey Rəbbim bunlar mənim səhabələrimdir! Deyilər ki, sən bilmirsən bunlar səndən sonra nə hadisələr törətdilər!

"Səhihi Buxari”

Müslüm öz səhihində nəq edir ki, Peyğəmbər (s) buyurub:

"Şübhəsiz ki, (Kövsər) hövzunun yanında səhabələrimin bir dəstəsini mənim yanıma gətirərlər. Mən onları görəcəyəm. Onlar mənim yanıma gəlmək istədikdə onlara mane olacaqlar. Deyəcəyəm ki, ey Rəbbim bunlar mənim səhabələrimdir! Mənə cavab verib deyəcəklər ki, sən bilmirsən bunlar səndən sonra nə hadisələr törətdilər!”

Bu məzmunlu ayələri, hədisləri nəzərə aldıqda məlum olur ki, səhabələrin Peyğəmbər (s)-in zamanındakı həyatlarını və Peyğəmbər (s)-dən sonrakı həyatlarını araşdırmaq nədərəcədə vacibdir. Səhabələrin həyatına diqqət etməmək, araşdırmamaq Qurani-kərimin göstərişlərinə zid olan bir fikirdir. Qurni-kərim müxtəlif ayələrdə müsəlmanları keçmiş ümmətlərin əhvalatında və onların aqibəti barədə fikirləşməyə, düşünməyə dəvət etdiyi halda necə ola bilərki ilsamın ilk dövründə yaşamış şəxslərin əhvalatlarına diqqət etməyə, araşdırmağa qadağa qoysun?! Xüsusilə də belə bir şəraitdə ki, ümmətin gələcək şəxsləri öz dinlərini ümmətin keçmiş şəxslərindən almalıdır. Odur ki, onlara vacibdir öz dinlərini aldığı şəxsləri tanasınlar və bilsinlər ki, kimdən dini qəbul edirlər. Şəriətin -əmr be məruf və nəy əz münkər - və həmçinin- təvəlli və təbərri – hökmlərinə əsasən ömrünün axırnadək ədalət və imanla yaşamış hər bir səhabəyə məhəbbət və hörmət bəsləmək bütün müsəlmanlara vacib və onun yolunu davam etdirmək vəzifədir. Hər hansı bir səhabə ömrünün axırnadək imanla yaşamayıbsa yolunu onun yolundan ayırıb ondan uzaqlaşmalıdır. Bu ilahi hökümlərdə şəriət heç bir şəxsi istisna etməyib. Peyğəmbər (s) islamın, Allahın ən əziz bəndəsi olsa da belə Allah taala ona xitab edərək "Zümər” surəsinin 65-ci ayəsində buyurur:

"Əgər müşrük olsan bütün əməllərin puç olar və özün də ziyana uğrayanlardan olarsan.”

Yaxud "Əl-haqqəh” surəsinin 44-46-cı ayələrində buyurur:

"Əgər o peyğəmbər (s) Bizə yalan bir söz nisbət versəydi, Biz onu qüdrətlə tutardıq, sonra da ürəyinin damarını (şah damarını) kəsərdik.”

Peyğəmbər (s) münafiqləri möminlərdən ayırd etmək üçün müəyyən bir ölçü qoyaraq buyurmuşdur:

"Əli (s)-ı yalnız mömin sevər və ona qarşı yalnız münafiq kin bəsləyər.”

Bu məsələ Peyğəmbər (s)-in zamanında çox aydın və məşhur olub. Camaat münafiqi həzrət Əli (ə)-a qarşı düşmənçiliklərdən tanıyardılar. Əbu Səid Xidri deyir:

"Biz ənsar münafiqləri Əli (ə)-a qarşı ədavətlərindən tanıyardıq.”

Həmçinin İbn Abbas deyir:

"Peyğəmbər (s)-in zamanında münafiqləri Əli (ə)-a qarşı olan ədavətləri ilə tanıyırdıq.”

Cabir ibn Abdulla Ənsari deyir:

"Biz münafiqləri yalnız Əli (ə)-a qarşı olunan ədavətlərlə tanıyırdıq.”

Peyğəmbər (s) Qədir-Xumda həzrət Əli (ə)-ın haqqında dua edərək buyurmuşdur:

"İlahi! Əlini sevəni sev və onunla düşmənçilik edənlərlə düşmən ol!”

Bu hədislər yuxarıda qeyd olunan əhli-sünnə qardaşların səhih saydıqları kitablarındandır. O cümlədən "Əl-istiab”, "Ər-riyazun-nəzrə”, "Tarixi Təbəri”.



İslammaatifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 306 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]