Bazar günü, 2024-05-05, 2:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:23 AM
Şübhəsiz ki, Peyğəmbər (s)-in bütün səhabələri ədalətli, mömin olmayıb və...

Bismillahri-rəhmanir rəhim

Sual: Şübhəsiz ki, Peyğəmbər (s)-in bütün səhabələri ədalətli, mömin olmayıb və onların arasında münafiqlər də olub. Amma Peyğəmbər (s) "Əşərətun-mübəşşirə” (müjdələnmiş on nəfər) adlanmış hədisində on nəfər səhabəsinin adını çəkərək onlara Cənnət vəd edərək müjdələmişdir. Odur ki, bu on səhabə barədə heç kimin mənfi söz deməyə haqqı yoxdurmu?!

Cavab: Əhli-sünnənin Əhməd ibn Hənbəl və Əbu Davud kimi alimlərinin kitablarında nəql olunmuş "Əşərətun-mübəşşirə” adlı hədis belədir

. "Əbdurrəhman atası Həmiddən, o da atası Əbdurrəhman ibn Ovfdan nəql edir ki, Peyğəmbər (s) buyurub: Əbubəkr Cənnətdədir, Ömər Cənnətdədir, Əli Cənnətdədir, Osman Cənnətdədir, Təlhə Cənnətdədir, Zübeyr Cənnətdədir, Əbdurrəhman ibn Ovf Cənnətdədir, Səd ibn Əbi Vəqqas Cənnətdədir, Səib ibn Zeyd Cənnətdədir və Əbu Ubeydə Cənnətdədir.”

"Müsnədi Əhməd”, 1-ci cild ,səh: 187 və 3-cü cild, səh: 193; "Sünəni Əbi Davud”, 5-ci cild, hədis: 605; "Siyəru Əlamun-nübəla”, 1-cild, səh: 103.



Bu hədis bir neçə cəhətdən zəif və qeyri sabitdir:



Sənəd baxımından

1-Həmid hicri tarixi ilə 32-ci ildə dünyaya gəlmişdir, atası Əbdurrəhman isə həmin tarixin 33-cu ilində vəfat etmişdir. Bu hesabla atası vəfat edərkən Həmidin bir yaşı olub. Bir yaşlı uşaq da atasından hədis nəql edə bilməz. İbn Həcər deyir:

"Həmidin Ömərdən və Osmandan nəql etdiyi rəvayət mürsəldir. Çünki Osman 35-ci ildə qətlə yetirilib. Həmidin isə o zaman üç yaşı olub. Odur ki, Həmid əgər Osmandan hədis nəqil edə bilmirsə atası Əbdurrəhmandan da edə bilməz. Çünki, atası Osmandan əvvə vəfat etmişdir.”

"Təhzibut-təhzib”, 3-cü cild, səh: 40.

2-Bu rəvayəti Peyğəmbər (s)-dən Əbdürrəhman nəql edir ki, özüdə bu on nəfərdən biridir! İslam şəriətində özünü paka çıxartmaqla başqasını paka çıxatmaq istəyənin sözü və həmçinin öz xeyri olduğu yerdə başqasının leyhinə şəhadət verənin şəhadəti qəbul olunmaz.

3-Əgər bu hədis həqiqətən Peyğəmbərdəndirsə onda niyə Peyğəmbər (s)-dən sonra gələn xəlifələr haqq olduqlarını sübuta yetirmək üçün bu hədisə istinad etməyiblər? Osmanın evini mühasirə etdikdə xəlifə Osman niyə bu hədisi onların yadına salmadı?! Təlhə ilə Zubeyr "Cəməl” döyüşündə öz haqlı olduqlarını sübut etmək üçün niyə bu hədisdən istifadə etmədilər?! Halbuki bunların hamısının bu cür hədislərə çox ehtiyacları var idi. Əgər onlar belə bir hədisi Peyğəmbər (s)-dən eşitmiş olsaydılar şübhəsiz ki, bu hədisdən istifadə edib öz tutduqları yolun haqq olmasını sübüt edərdilər.

4-Bu hədis Əhli-Sünnənin iki böyük kitabı "Səhihi-Buxari” və "Səhihi-Müslim”- də nəql olunmayıb. Bu da sözü gedən hədisin sənədinin zəif, qeyri səhih olmasına başqa bir subutdur.

Bu hədisin sənədindən əlavə onun mətninə də diqqət etdikdə və hədisdə adları çəkilən səhabələrin tərcümeyi-halına nəzər saldıqda məlum olur ki, bu hədis həqətdən daha çox uydurmaya oxşayır.



Əbdurrəhman ibn Ovf:

Bu şəxs şura günü həzrəti Əli (ə)-in üstünə qılınc çəkərək "ya beyət et, yada ki, öldürüləcəksən” demişdir. Amma Əbuzər Rəbəzə də vəfat etdikdə həzrəti Əli (ə)-a xitabən demişdi: "Gəl ikimiz də qılıncımızı götürək Osmanın əleyhinə qiyam edək. Çünki Osman mənə verdiyi sözə əməl etmədi.”

"Əl-ğədir”, 9-du cild, səh:86.

Əbdurrəhman indi ki, Osmanla beyət etməyindən tövbə edərək Allaha sığındı ”mən öləndə mənim namazımı Osman qılmasın” - deyə vəsiyyət etmişdi. Əbdurrəhman Osmanla küsükü olduğu halda dünyasını dəyişdi və namazını da Zubeyr qıldı. Ömrünün axırınadək Osmanla danışmadı.

"Əl-ğədr” 10-cu cild, səh: 123-124.



Təlhə ibn Ubeydullah:

Təlhə o şəxisdir ki, hicab ayəsi nazil olduqda deyirdi:

"Peyğəmbər (s) bizi öz zövcələri ilə evlənməkdən çəkindirir, amma özü isə əmimiz qızları ilə evlənir. Allaha and olsun, əgər Peyğəmbər (s) vəfat etsə Aişə ilə evlənəcəyəm!”

Bu söz Peyğəmbər (s)-in qulağına çatdıqda Təlhənin əlindən çox narahat oldu. Peyğəmbər (s)-in narahatlığı nəticəsində bu ayə nazil oldu:

"Sizin haqqınız yoxdur nə Peyğəmbərə əziyyət edəsiniz və nə də ondan sonra onun zövcələri ilə əqd bağlayasınız. Bu Allahın yanında böyük bir işdir.”

"Əhzab”, 53-cü ayə.

(Əlavə mətumat əldə etmək istəyənlər "Əl-ğədr” kitabının 9-cu cildinə, səh: 86-90-cı səhifələrinə və həmçinin 10-cu cildinə, 123-124-cü səhifələrinə müraciə edə biərlər.)

Ömər ibn Xəttab şura günü Təlhəyə xitabən deyir:

"Hicab ayəsi nazil olan günü dediyin sözə görə Peyğəmbər (s) səndən narazı dünyasını dəyişdi.”

"Şərhi-Nəhcül-Bəlağə”, müəllif: İbn-Əbilhədid, 1-ci cild, səh: 185.

Təlhə Osmanın qətlində şərik idi. Ona suyun çatmasının qarşısını alan o idi, onu müsəlmanların məqbərəsində dəfn etməyə maneə törədən idi.

-Bəli, bunların ikisidə bu on nəfər müjdələnmiş şəxslərdəndir! Təlhə zəmanəsinin imami həzrət Əli (ə)-in əleyhinə üsyan etmişdir. Həzrət Əli (ə) ondan vilayət hədisi barədə soruşduqda özünü huşsuzluğa vuraraq hədisi unutduğunu demişdi. Amma bununla belə öz zülmündən, üsyanından əl çəkməmişdir. Nəhayət, cəməl döyüşündə Mərvanın atdığı ox zərbəsi nəticəsində dünyasını dəyişdi. Mümkündürmü imamının əleyhinə üsyan edən cənnət ehli olsun?!



Zübeyr ibn Əvam:

Peyğəmbər (s) Zübeyrin barəsində buyurdu:

"Sən Əli ilə müharibə edəcəksən, bir halda ki, sən zülümkar olacaqsan.”

Zalım olduğu halda həzrət Əli (ə) ilə müharibə edən şəxs cənnətə daxil ola bilərmi?! Peyğəmbər (s) həzrət Əli (ə)-ın barəsində buyurub:

"Mən onunla (Əli ilə) müharibə edənlə müharibə edirəm və onunla dostluq edənlə dostluq edirəm.”

Ömər şura günü ona üz tutaraq deyir:

"Zübeyr! Sən bir gün insan, bir gün isə şeytansan. Ey kaş biləydim şeytan olduğun gün camaatın dadına kim çatacaq!”

Həmçinin Ömər ibn Xəttab Zübeyrə xitabən deyir:

"Bir dəfə belə sənin ürəyin yumşaq olmayıb, həmişə qaba, kobud olmusan.”

Əli (ə) bu iki nəfərin Osmanın qətlində olan rollarını bu cür bəyan edir:

"Onlar özləri tərk etdikləri haqqı indi tələb edirlər. Özləri tökdüyü qanın intiqamını almaq istəyirlər.”

Həmçinin həzrət Əli (ə) bunlardan Allaha şikayətlənərək buyurur:

"İlahi! Təlhə beyətini sındırdı. Camaatı Osmanın əleyhinə qaldırıb onu öldürdü. İndi isə məni onun ölümündə müttəhəm edir. İlahi, ona möhlət vermə! İlahi, mənimlə qohumluq əlaqələrini pozdu, beyətini sındırdı, mənə qarşı düşmən şıxdı. Bu gün istədiyin kimi məni ondan qoru.”

"Nəhcül-Bəlağənin şərhi”, müəllif: İbn Əbil Hədid, 1-ci cild, səh: 306.

Məgər bu iki nəfər deyildimi Osmanın qətlindən sonra həzrət Əli (ə)-ın əleyhinə "Cəməl” döyüşünə rəhbərlik edən?! Zəmanənin imamının əleyhinə üsyan edib minlərlə müsəlmanın, möminin qanının tökülməsinə səbəb olan cənnətə daxil ola bilərmi?! Zəmanənin imamı ilə müharibə etmək Allah və Onun Rəsulu ilə müharibə etmək deyilmi?

"Allah və Onun Peyğəmbəri ilə müharibə edənin və yer üzündə fəsab törədənlərin cəzası budur ki, edam olunsunlar. Ya çarmıxa çəkilsinlər və ya (sağ) əlinin (dörd barmağı) ilə (sol) ayağı kəsilsin və yaxud sürgün olunsunlar. Bu onların dünyadakı rüsvayçlığıdır. Axirətdə isə onları böyük əzab gözləyir.”

"Maidə”surəsi, ayə 33.



Əbubəkr və Ömər:

Xanım Fatimə (s) bu iki nəfər barəsində buyurub:

"Allahı və Onun Mələklərini şahid tuturam ki, siz məni qəzəbləndirdiniz və məni razı salmadınız. Peyğəmbərlə görüşdükdə sizdən ona şikayət edəcəyəm.”

Həmçinin Əbubəkrin barəsində buyurmuşdur:

"Qıldığım hər bir namazda sənə nifrin edirəm.”

Xanım vəfat edərkən vəsiyyət etdi ki, bunlar onun cənazəsinə namaz qılmasınlar və xanımı gecə ikən dətn etsinlər. Xanımın evinə hücüm fərmanını bunlar verdilər və bunun nəticəsində Möhsünü şəhid oldu.

Ömər Hüzeyfə Yəmanidən münafiqlərin adını israrla soruşurdu ki, bilsin o münafiqlərdəndir ya yox? Müğəyrə ibn Söbəyə deyir:

"Peyğəmbər (s) şübhəsiz ki, bağışlanmışlardandır, amma biz isə bilmirik taleyimiz necə olacaq .”

O, güclə həzrət Əli (ə)-ı Əbubəkrə beyət etmək üçün gətirib dedi:

-Beyət et, yoxsa öldürüləcəksən.

O, göstəriş verdi ki, Şurada iştirak edən altı nəfərdən hər hansı biri beyətlə müxalifətçilik etsə boynu vurulsun. Bununla belə, bilirdi müxalif çıxan yalnız həzrəti Əli (ə) olacaq.

Əgər bu hədis (əşərətun-mübəşşirə) doğrudursa niyə Hüzeyfədən münafiq olub-olmamasını soruşub? Niyə Müğəyrəyə öz aqibətindən nigaran olduğunu bildirib? Əgər həqiqətən Peyğəmbər (s) bu on nəfərə cənnət verib və onları cənnətlə müjdələmişdisə, Ömər necə cürət edib Əli (ə)-ı ölümlə hədələyib? Məgər şürada istirak edən altı nəfər bu on nəfərdən beyilmi? Bəs niyə onların arasında olan müxalifin öldürülməsinə göstəriş verib?

"Səhihi-Buxari”-də xanım Ayişədən nəql edir ki, o buyurub:

"Peyğəmbər (s)-in qızı Fatimə (s) atasının vəfatından sonra gəlib Əbubəkr Siddiqdən atasının mirasını onun üçün bölməsini istədi. Əbubəkr onun cavabında "Peyğəmbər buyurmuşdur: Biz (Peyğəmbərlər) irs qoymuruq, bizim qoyub getdiyimiz sədəqədir” –deyə söylədi. Peyğəmbər (s)-in qızı Fatimə (s) qəzəblənərək Əbubəkrin yanından çıxdı və ömrünün sonunadək onunla danışmadı. Peyğəmbər (s)-dən sonra qızı altı ay yaşadı.”

"Səhihi-Buxari”, 2-ci cild, səh: 186.

Buxarinin xanim Ayişədən nəql etdiyi digər hədisdə isə deyilir:

"Fatimə (s) ölənədək onunla (Əbubəkrlə) danışmadı.”

"Səhihi-Buxari”, 4-cü cild, səh: 164.

Həmçinin Buxari nəql edir ki, Peyğəmbər (s) buyurub:

"Fatimə (s) cismimin parəsidir, hər kim onu qəzəbləndirsə, həqiqətdə məni qəzəbləndirmişdir.”

"Səhihi-Buxari”, 2-ci cild, səh: 308.



Osman ibn Əffan:

Ömər şüra günü Osmana xitab edərək deyir:

"Qureyş xilafəti sənə verməsini, sən də Bəni Üməyyəni və Bəni Əbi Muiti camattın boynuna mindirməyini, beytul- malı onların ixtiyarında qoymağını görürəm. (Belə etdiyin təqdirdə) ərəbin bir dəstə cəvanı səni öz yatağında qətlə yetirib başını kəsəcəklər.”

"Nəhcül-Bəlağənin şərhi”, müəllif: İbn Əbil- Hədid, 1-ci cild, səh: 186.

Mərhum Əllamə Əmini "Əl-ğədir” kitabında Osmanın xilafəti zamanı beytul-maldan bəxşiş etdiyi pulların məbləğini əhli-sünnənin mötəbər mənbələrindən toplayaraq yazıb. İnsan onları mütaliə etdikdə dəhşətə gəlir. Nümunə olaraq bir- ikisini nəql edirik:

Kürəkəni Haris ibn Həkəmə (Mərvanın qardaşı) üç yüz min dirhəm(gümüş pul); Mərvana beş yüz dirhəm; Əbusüfyana iki yüz dirhəm; Təlhəyə üç yüz iyirmi iki min dirhəm; Zübeyrə beş yüz doxsan səkkiz min dirhəm bağışlayıb.

Mərhum Əmini onun beytul-maldan bəxşiş etdiyi dirhəmlərin məbləğini 123 milyon 770 min qeyd edib. Bundan təəccüblüsü öz qohum-əqrəbasına beytul-maldan bağışladığı dinarın(qızıl pul) məbləğidir.

Mərvana beş yüz min dinar; Yəla ibn Üməyyəyə beş yüz min dinar; Əbdürrəhman ibn Ovfa iki milyon beş yüz altımış min dinar.

Ümumiyyətlə beytul-maldan bəxşiş etdiyi dinarların məbləğini 4 milyon 3 yüz 10 min dinar qeyd edib.

"Əl-ğədir”, 8-ci cild, səh: 286.

Peyğəmbər (s)-in cənnətlə müjdələdiyi şəxs müsəlmanların ümumi büccəsilə bu cür rəftar edərdimi?! Bu, Peyğəmbər (s)-in beytul-mala qarşı laqeyd yanaşanlara əzab vəd etmiş hədislərinə zidd deyilmi? Əgər o həzrət Osmana cənnət müjdəsi vermişdirsə niyə Peyğəmbər (s)-in zövcəsi, möminlərin anası xanım Ayişə onunla düşmənçilik edib, onun əleyhinə çıxışlar edirdi?

Əhli-sünnə alimlərindən olan İbn Əbil- Hədid yazır:

"Camaat arasında Ayişə Osmanın ən qatı düşməni idi. Peyğəmbər (s)-in köynəyini götürüb öz evindən asaraq onun yanına gəlib-gedənə deyirdi: "bu Peyğəmbər (s)-in köynəyidir. Hələ köhnə olmayıb ki, Osman onun sünnəsini köhnəldir.”

Əgər Osmana cənnət vədi verilmişdirsə niyə Təlhə və Zübeyrin rəhbərliyi altında müsəlmanlar onun əleyhinə şıxıb evini mühasirə edib və nəhayət onu öz yatağında qətlə yetirdilər? Məgər Peyğəmbər (s)-in ən gözəl imanlı səhabələrindən olan Əbuzəri Rəbəzəyə sürgün edən Osman deyildimi? Məgər fasiq Vəlid ibn Üqbənin sözüylə Peyğəmbər (s)-in Quran qarisi, səhabəsi, fəqih Abdullah ibn Məsuda qırx ədəd şallaq vuran və bunun nəticəsində qabırqasının sınmasına səbəb olan Osman deyildimi? Məgər İbn Məsud vəsiyyət etmədimi Osman mənim cənazəmə namaz qılmasın?

Bunlar Osmanın xilafət dövründə törətdiklərinin kiçik bir nümunəsidir. Geniş məlumat əldə etmək istəyənlər bu sahədə yazılmış "Təbəri tarixi”, "İbn Əsirin tarixi”, İbn Əbil Hədidin Nəhcülbəlağnin şərhini və "Əl-ğədir” kimi kitablara müraciə edə bilərlər.

Bütün bunları bildikdən sonra deyirik; tarixi mütaliə etmək istəməyən Qurani-Kərimə müraciə etsə görər ki, Allah taala bu ümmətin bir çoxunu cənnətlə müjdələyib:

1 "(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. "

"Bəqərə” surəsi, ayə 25.

2- "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır.”

"Tövbə” surəsi, ayə 111.

3- "Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!”

"Ğafir” surəsi, ayə 40.

4- "Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər.”

"Fəth” surəsi, ayə 17.

Bu ayələr Qurani-Kərimdə imanlı şəxsləri cənnətlə müjdələmiş bir çox ayələrin nümunəsidir. Əgər sözü gedən bu on nəfər həqiqətən mömin olub Allahın kitabına, Peyğəmbər (s)-in sünnəsinə əməl ediblərsə, şübhəsiz ki, bunlar da sair həqiqi möminlər kimi cənnətə daxil olacaqlar. Odur ki, bu hədis adları çəkilən on nəfər üçün heç bir böyük fəziləti sübut etmir. Çünki, bu müjdəni Allah taala ümumi şəkildə başqalarına da verib. Bundan əlavə Peyğəmbər (s) digər səhabələrinə cənnət müjdəsi verib:

1-Əmmar ibn Yasir:

Peyğəmbər (s) onu cənnətlə müjdələyərək buyurmuşdu:

"Cəhənnəm Əmmara haram olmuşdur.”

Həmçinin buyurmuşdu:

"Yasərin ailəsinə müjdə verin ki, onların yeri cənnətdir.”

2-Peyğəmbər buyurmuşdu:

"Cənnət dörd nəfərə müştaqdır (yolunu gözləyir) Əli ibn Əbi Talibin, Əmmar ibn Yasirin, Salman Farsının və Miqdadın.”

3-Həmçinin buyurub:

"Abbdullah ibn Salam cənnət əhlindəndir.”

4-Pyeğəmbər buyurub:

"Cəfər İbn Əbi Talib cənnətdədir. Onun iki qanadı var, istədiyi yerə uçur.”

5-Peyğəmbər (s) buyurub:

"Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır.”

6-Peyğəmbər (s) buyurub:

"Həsən və Hüseynin babası cənnətdədir, onların atası cənnətdədir, onların anası cənnətdədir və onların əmisi cənnətdədir, onların xalaları cənnətdədir və onların özləri cənnətdədir. Onları sevənlər də cənnətdədir.”

"Möcəmul-kəbir”, müəllif: Təbərani, 3-cü cild, səh: 35.

Bu da Peyğəmbərin bəzi səhabələr barəsində buyurduğu hədislərin bir qismidir.

Əgər Peyğəmbər (s) digər səhabələrinin adını çəkərək onlara da cənnət müjdəsi veribdirsə, onda niyə məhz bu on nəfərin adı çəkilir?! Əgər söhbət səhabədən gedirsə yuxarıda adları çəkilənlər də səhabələrdir. Yox əgər onlar cənnət vədi verildiklərinə görə xüsusi imtiyaza layiqdirlərsə, digər səhabələrə də səhih sənədlə sənnət vədi verilmişdidir?! Bəs niyə yalnız bu on nəfər xüsusi vurğulanır?! Niyə nəql etdiyimiz səhih hədislər kimi səhabələrin barəsində hədislərimiz ola-ola bu saxta hədis dillər əzbəri olub?! Şübhəsiz ki, hər bir sualın cəvabı olduğu kimi bu sualın da cavabı olmalıdır...

"Biz haqq olaraq onların əhvalatını sənin üçün nəql edirik”

"Kəhf” surəsi,

"Hamılıqla Allahın ipindən yapışın, firqə-firqə olmayın.”

"Ali-İmran” surəsi, ayə 103.

"Allaha və Onun Peyğəmbərinə itaət edin.”

"Ənfal” surəsi, ayə 46.

"Onlar üçün açıq-aydın sübutlar gəldikdən sonra firqələrə bölünüb ixtilaf edənlərdən olmayın.”

"Ali-İmran”, surəsi, ayə 105.



Haci İlham Əliyev

İlahiyyatçı

İslammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 339 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]