Bazar günü, 2024-12-22, 4:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Aşura haqqındakı şübhələrə cavab
2013-11-08, 7:15 AM
Aşura haqqındakı şübhələrə cavab

Həmd və sənalar olsun uca yaradan Allaha ki, bəndələrinə sonsuz nemətlər bəxş etmişdir. Allahın salamı olsun Peyğəmbərimiz Muhəmmədə (s), onun pak Əhli-beytinə (ə), Peyğəmbərimizə və onun Əhli-beytinə (ə) iman gətirib, kömək edən səhabələrə.

Səba xəbər ver mərize eşqə,

Ki dərdi eşqin dəvası gəldi,

Yetişdi fəsli fəqanu nalə,

Ağam Hüseynin əzası gəldi.

Hər il olduğu kimi, bu il də Məhərrəm ayı gəldikdə İmam Hüseyn (ə) aşiqlərinin qəlbləri sızlayır və damarlarında axan qan coşur. Hüseyn-Hüseyn deyərək o həzrətin məzlumiyyətini yada salır, bir an Aşura səhnəsini gözləri önündə canlandıraraq bu acı müsibətə ağlayırlar. Məzlum ağamız Hüseynə (ə) olan öz məhəbbətlərini aşkar etməklə mərsiyələr oxunur, onun şəhadətinin fəlsəfəsini anlamaqla yüzlərlə insan haqq yola hidayət olunur. Lakin, bu hidayət yolunda qarşıya çıxan cürbə-cür maneələr, məzhəbi şübhələr vardır. Bəziləri öz qərəzli peşələrindən əl çəkməyərək, müxtəlif şübhələrlə haqq yolunun yolçusu olan sadə insanların zehnlərini zəhərləyirlər. Belə maneələrdən biri də əsrimizdə bəzi xarici ölkələrin maddi köməyi ilə yaranmış və tez bir zamanda Azərbaycanın hər yerini vəba xəstəliyi kimi bürümüş "Vəhhabilik və yaxud Sələfilik” sindromudur ki, məzhəb adı adı altında fəaliyyət göstərir və qərəzli şübhələrlə sadə insanları tərəddüdə salırlar.

Bu şübhələrdən biri də Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) əza günlərində kədərli olub ağlamağın və şən günlərində isə sevinib bayram etməyin bidət olması, Hüseynin (ə) əzadarlığı, ona yas saxlayıb ağlamaq, mərsiyə oxumaq və s... məclis qurmağın haram saymalarıdır. Bəziləri bu şübhələrə tez inanır, bəziləri isə həqiqət teşnəsi olduğu üçün Əhli-beytin (ə) məhəbbətini və həyat tərzini özünün həyat devizinə çevirərək, araşdırmalar aparır, bu kimi şübhələrin əsassız olduğunu sübuta yetirirlər. Biz də "Aşura haqqındakı şübhələrə cavab” adlə məqaləmizdə "Vəhhabi”lərin bu məzmunda olan bəzi şübhələrinə cavab verəcəyik.

Vəhhabilər İlahi övliyaların matəm və doğum günlərini qeyd etməyi haram sayırlar. Onlar dini rəhbərlər və övliyalarla düşmən olduqlarına görə belə məclislərin qeyd edilməsini qadağan etmişlər. O cümlədən İmam Hüseynə (ə) əzadarlığı, Aşura günündə oxunan mərsiyələr, göz yaşları bunların hamısını şirk və bidət saymışlar. Onların şübhələrindən biri də belədir: "Aşura günündə İmam Hüseynə (ə) ağlayaraq özünə əziyyət vermək şirk və bidətdir!”

Bu şübhənin cavabı belədir: "Bidət” o şeydir ki, Quranda onun heç bir əsası və kökü olmasın və sonradan dinə daxil edilmiş olsun. Halbuki, Peyğəmbəri-Əkrəmi (s) əziz tutmaq, ona məhəbbət bəsləmək, o Həzrətin (s) qəmli günündə kədərli olmaq, həmçinin şən günlərində sevinməklə onu əziz tutmaq Quranda və mötəbər hədislərdə dərin köklərə malikdir. Allah-təala bizi Peyğəmbərə (s) məhəbbət bəsləməyə və onu əziz tutmağa əmr edir. Biz də bu prinsipi əldə əsas tutaraq Peyğəmbərimizin (s) qəmli və xoş günlərində özünə məxsus mərasimlər həyata keçiririk. Oxucuların nəzərini Qurani-Kərimdə olan bir məsələyə cəlb etmək istəyirik. Qurani-məcid müsəlmanlara xitab edərək Əraf surəsinin 157-ci ayəsində buyurur ki, Peyğəmbərə iman gətirməkdən əlavə, onu əziz tutub hörmətə layiq görsünlər. "O kəslər ki, Peyğəmbərə iman gətirib onu əziz tuturlar və ona kömək edirlər, onunla birlikdə göndərdiyimiz nura (Qurana) tabe olurlar, onlar nicat tapanlardır”.

Allah-təala bu ayədə müsəlmanlara dörd şeyi buyurur: "Amənu bihi”-Peyğəmbərə iman gətirmək; "Və əzzəruhu”-Onu hörmətlə yad edib əziz tutmaq; "Və nəsəruhu”-Çətinliklərdə ona kömək etmək; "Vəttəbəun-nurəl-ləzi unzilə məəhu”- Onunla nazil edilən Qurana tabe olmaq; Bu müqəddəs kəlama diqqət etməklə belə bir nəticəyə gəlirik: Peyğəmbərə iman gətirmək onun buyurduqlarına əməl etməkdən başqa bir şey deyil. Çünki, o Həzrət (s) buyurur ki, "Hüseyn məndəndir və mən Hüseyndənəm”. Bu mübarək kəlamda əziz Peyğəmbərimiz özünü Hüseynlə (ə) bir saymışdır. Bəs həqiqəti nəzərə alsaq, Hüseynə (ə) matəm saxlamaq Peyğəmbərin (s) özünə də matəm saxlamaq anlamındadır. Buna görə də, Hüseynin (ə) şəhadəti tək onun övladları və şiələri üçün matəm və əzadarlıq deyil, Peyğəmbərə (s), Əli (ə) və Fatimeyi-Zəhraya (s.ə) da matəm saxlamaq deməkdir. Şübhəsiz ki, Hüseynin (ə) İslam dini yolunda olan şəhadəti və onun başına gələn müsibətlər elə Peyğəmbərimizin də müsibətləridir. Axi canı candan necə ayırmaq olar? O həzrət (s) hələ Hüseyn (ə) körpə ikən onu çox əziz tutaraq gələcəkdə onun başına gələcək müsibtlərinə ağlayır və öz kədərini, qəmini izah edirdi. Bizlər də, Peyğəmbərimiz kimi davranıb onun yolunu gedərək o Həzrətin əməllərini özümüz üçün nümunə sayır və Peyğəmbərin (s) ürəyinin praçası olan imamımıza əza saxlayırıq.

Ayənin ikinci bəndində belə oxuyuruq: "Əzzəruhu”-"Onu hörmətlə yad edib əziz tutanlar”. Sözsüz ki, Peyğəmbərin (s) Əhli-beytini (ə) hörmətlə yad etmək Peyğəmbərin (s) özünə də hörmət etmək deməkdir. Əhli-beytin (ə) razılığını qazanmaq Peyğəmbərin (s) razılığını əldə etmək deməkdir. Çünki, Qurani-Kərimin Şura surəsinin 23-cü ayəsindəki göstərişinə əsasən: "Ya Muhəmməd! De: Mən sizdən öz risalətimin qarşısında öz Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.” Yəni sizə çəkdiyim zəhmət qarşısında muzd istəmirəm, yetər ki mənim Əhli-beytimdən (ə) muqayət olasınız və onları sevəsiniz. Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək, elə Peyğəmbəri əziz tutmaq anlamındadır. Burada belə bir sual meydana çıxır ki, görəsən müsəlmanların İmam Hüseynin (ə) şəhadəti günlərində qəmlənib şer və mərsiyə oxumaları Peyğəmbərə (s) hörmət mənasınadır, yoxsa ona hörmətsizlik mənasına? O həzrətin adının və xatirəsinin uca tutulmasıdır, ya yox?

Cavab tamamilə aydındır. Bu əməllərin hamısı Peyğəmbəri-Əkrəmə (s) olan dərin və səmimi məhəbbətdən irəli gəlir. Çünki, Hüseynin (ə) şəhid olmaqda məqsədi babası Muhəmmədin (s) gətirdiyi dini dirçəltməsi və əbədi yaşatması idi. Belə isə görəsən bu kimi mərasimləri qadağan edib haram bilən qüvvələr hansı məqsədləri güdür və kimlərə xidmət edirlər? Çox qəribədir ki, bəziləri cahillik, yaxud da qəsdi-qərəz üzündən bu kimi mənəvi və ruhani əzadarlıqları Peyğəmbərimizə (s) və nəvəsi İmam Hüseynə (ə) və s... imamlara pərəstiş və bir növ ibadət hesab edirlər. Onlar başa düşmürlər ki, hər növ təzimi ibadət və pərəstiş hesab etmək olmaz; İbadət və pərəstiş hörmət və təzimdən əlavə digər bir məsələni də tələb edir. O da, bundan ibarətdir ki, insan, qarşısında təvazökarlıq etdiyi şəxs üçün bir növ İlahi məqama qail olsun və onu ilahiləşdirsin. Əks halda, əgər hər növ əlamətdar hadisəni qeyd etmək pərəstiş olsaydı, onda dünyada heç bir təkallahlı adam tapmaq olmazdı.

Ayənin üçüncü bəndi necə də gözəl buyurur: "Nəsəruhu”-"Çətinliklərdə ona kömək və yardım edənlər”. Bir az diqqət etsək aydın olar ki, İmam Hüseynin (ə) şəhadət məclislərində olunan söhbət və moizələrin hamısı Qurani-Kərimin təfsiri, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) buyurduğu gözəl kəlamlardan ibarətdir. Bu kimi söhbətlər hər il neçə-neçə insanların qəlblərini oyatmaqla cəhalət torundan xilas edir və İslam dini və onun həqiqətləri ilə tanış edərək namaza gəlməsinə səbəb olur. Kəlmeyi-şəhadətlərini dilə gətirərək Allah yoluna gəlirlər. Əgər Peyğəmbər və imamlar öz zamanlarında buyurduqları kəlamlar vasitəsi ilə qəflətdə olanı oyadaraq insanları hidayət edirdilərsə, indiki zamanda onları bu kimi məclislər və mərasimlər əvəz edir. Bu məclis və mərasimlərin sayəsindədir ki, onların kəlamları və xatirələri uzun əsrlərdən sonra hələ də qəlblərdə yaşamaqdadır. Belə məclislərdə bu kimi kəlamların zikr olunması Peyğəmbərin (s) dininin yayılması, ona kömək göstərmək deyilmi? Ağıllı şəxs bir az diqqət etsə bu məsələdə şübhəyə heç bir yer qalmadığını anlayacaqdır.

Ayənin dördüncü bəndi isə sadə dillə belə buyurur: "Vəttəbəun-nurəl-ləzi unzilə məəhu”-"Onunla nazil edilən Qurana tabe olanlar”. Ayənin bu hissəsi söylədiklərimizə bariz nümunədir. Qurani-Kərimin bir çox ayələrində böyük Peyğəmbərlərdən; Yəqubun (ə) öz övladı Yusifə (ə) gecə-gündüz əzadarlıq etməsi, ağlamaqdan gözlərinin tutulması, Yusifi yaddan çıxarmaması, əksinə oğlu ilə görüşəcəyinə inandıqca qəlbinin daha da şölələnməsi və uzaqdan-uzağa Yusifin qoxusunu hiss etməsini buna misal göstərmək olar. Qurani-Kərim Yusif surəsinin 94-cü ayəsində bunu gözəl şəkildə açıqlamışdır. 

Əgər bu böyük Peyğəmbər (Yəqub (ə)) vəhhabilər və belə şübhələri yaradan üzdəniraq məzhəblər arasında yasaydı, onun haqqında nə deyərdilər? Bir halda ki, Qurani-Kərimin Yusif surəsinin 84-cü ayəsində belə buyurur: "Yəqub (ə) öz oğlanlarından üz çevirdi və Yusifin ayrılığına görə ağlayır və hər kimi görürdüsə oğlunu ondan soruşurdu. Qəm-qüssədən o qədər ağladı ki, gözləri kor olmuşdur.” Yoxsa vəhhabilərin Quran ayəsinə də şübhələrimi var? Görəsən onlar öz övladlarına məhəbbət göstərib mərhumlarının vəfatında kədərlənmirlərmi? Nəyə görə həyatda belə bir məhəbbət və mehribanlıq düzgün və həqiqi sayılır, lakin onun ölümündən sonra insanın qəlbi daha da kədərli olmasına baxmayaraq, belə müqəddəs adamları yad etmək haram hesab olunur?

Əgər bizim zəmanənin Yəqubları hər il övladları Yusiflərin il dönümünə yığışmaqla onları yad edirlərsə və belə adamların əxlaqi və pak xüsusiyyətlərindən söhbət açılırsa, onlara ibadətmi etmiş olurlar? Necə də ağla sığmaz və məntiqsiz bir düşüncədir. Həmçinin Əyyub (ə) peyğəmbərin başına gəlmiş müsibətlər, öz 12 övladının hamısının bir vaxtda zəlzələ zamanı itirməsi və bu müsibətə Əyyubun (ə) əza saxlayıb ağlaması və Allaha şükr eməsi bizə aşkar dərs öyrətmirmi? Bu və ya başqa ayələrdə olan göstərişlərə itaət etmək Qurana tabe olmaq deyilmi?

Hətta, sözü gedən şübhələri əziz Peyğəmbərimiz (s) də öz zamanında belə cavabsız qoymamışdır. Çünki, o Həzrət (s) həyatda olarkən nəvəsi Hüseyni (ə) bağrına  basaraq öpərdi, sonra isə ağlayardı. Səhabələr o həzrətin ağlamağının səbəbini soruşduqda, nəvəsi Hüseynin (ə) gələcəkdə başına gələcək müsibətlərindən onlara əvvəlcədən xəbər verərdi. İnsanın öz əziz və yaxın adamlarını, qohum-əqrəbalarını itirdiyi zaman ağlaması, qəm-qüssəyə batıb kədərli olması insan fitrətindən və təbiətindən qaynaqlanan bir hissdir. Əgər bir şəxs öz əzizlərini və dostlarını itirirsə müsibət və qəm-qüssə onu əhatə edir, ixtiyarsız olaraq göz yaşı axıdır. Tarixi araşdırmalardan belə məlum olur ki, Peyğəmbər (s) səhabələr və tabeinlər həmin fitri qanun əsasında davranmışlar. İndi isə bu barədə mövcud olan tarixi faktların bəzilərini qeyd edirik: Peyğəmbəri-Əkrəm  (s) öz əziz övladı İbrahimin vəfatı zamanı ağlayaraq buyurdu: "Göz ağlayır, qəlb yanır. Allahın razılığı olan şeylərdən başqa heç nə demərəm. Ey İbrahim! Biz sənin ayrılığına kədərliyik”. (Sunəni ibn Davud c-1, səh-58; Sunəni ibn Macə c-1, s-482;) Tarixçilər belə qeyd edirlər ki, İbrahim (ə) can verən zaman Peyğəmbər (s) evə daxil oldu və onu anasının qucağında gördü. Onu qucağına alıb buyurdu: "Ey İbrahim! Bizim əlimizdən heç bir iş gəlmir.”

Sonra o həzrətin göz yaşları axmağa başladı və buyurdu: "Biz sənin ayrılığına kədərlənirik. Göz ağlayır, qəlb yanır. Biz Allahın razılığı olan şeylərdən başqa heç nə danışmayacağıq. Əgər ölüm haqq olmasaydı və bu barədə verilən vədə doğru və hamının keçməli olduğu bir yol olmasaydı, bizim sənin ayrılığına olan qəmimiz yüz qat artardı.” Mənim bu ağlamağım rəhmət və məhəbbətdən irəli gəlir. Əlbəttə, hər kəs rəhm etməzsə, ona rəhm olunmaz.” (Sireye-Hələbi, c-3, səh.348;) Bu bariz nümunə Peyğəmbəri-Əkrəmin (s) öz əzizlərinə birinci və axırıncı ağlaması olmamışdır. O həzrət (s) öz övladı Tahirin (ə) ölümündə və Əhli-beytin (ə) başına özündən sonra gələcək müsibətlərə də ağlamışdır.

Peyğəmbəri-Əkrəmin (s) səhabələri və tabeinləri öz əzizlərinin və dostlarının ayrılığına və müsibətinə ağlamalarına dair "əhli-sünnə” qardaşların kitablarında çoxlu nümunələr də vardır. O cümlədən: Həzrət Həmzə Ühüd döyüşündə şəhid olduğu zaman Əbdül-Müttəlibin qızı Səfiyyənin Peyğəmbərlə (s) birgə Həmzəyə ağlaması, (Əmtaul-Məqrizi, s-154; Məcməuz-zəvaid, c-6, səh.120;), Cəfərin, Zeyd ibn Harisənin və Əbdullah ibn Rəvahənin şəhadət xəbəri Peyğəmbərə (s) çatanda, o Həzrətin ağlaması (Səhihi-Buxari, "Əl-mənaqibu fi əlamətin-nubuvvət” bölümü; Sünən- Beyhəqi, c-4; Tarixi-Beyhəqi, c-4, səh.70;), Peyğəmbər (s) öz anasının qəbrini ziyarət etməyə getdiyi zaman onun və ətrafında olanların şiddətlə ağlaması (Sunəni-Beyhəqi, c-4, səh.70; Tarixi-Bağdadi, c-7, səh.270;), dediklərimizə bariz nümunədir.

Yuxarıda deyilənlərə əsasən bu nəticəyə gəlirik ki, İmam Hüseynin (ə) və sair imamlarımızın, hətta Peyğəmbərimizin də, istər doğum günlərini istərsə də şəhadət günlərini bir mərasim kimi qeyd etməyin, Quran və sunnə baxımından heç bir eybi yoxdur. Bu məclislər İslam dinində buyurulmuş qanunlar çərçivəsində keçirilməklə dinin yayılmasında bir vasitədir. Əgər bu məclis və azadarlıqlar "şirk” və "bidət” sayılsaydı şübhəsiz ki, Peyğəmbərimiz (s) və onun pak olan Əhli-beyti (ə) bu işləri görməz, hədis və rəvayətlərdə bizləri də bu işlərdən çəkindirərdilər. "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.” (Həşr surəsi, ayə 7) "Həqiqətən, Allahın Rəsulunda sizlər üçün gözəl örnəklər vardır” (Əhzab surəsi, ayə 21) "Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (Nisa surəsi, ayə 115)

Böyük şairlərdən biri bu şübhələri öz şerində gətirərək necə də gözəl cavab vermişdir:

Şübhə: Ay nəsli cavan inanma şeri şüərayə,

Məndən söz eşit ağlama Şahi şühədayə!

Cavab: Hər qəlb ki ola qəlb, Hüseynə yanar ağlar,

Biz ağlamasaq da nənəsi Fatimə ağlar!

Şübhə: Möhkəm vurursan sinəyə qəlb üstə, xətərdi,

Tibb əhli deyir ki, bu əməl qəlbə zərərdi!

Cavab: Qəlbi mərəzin sinəyə döyməkdir əlacı,

Bu eşqi Hüseyndir, nə təbibi nə dəvası!

ihq.az

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 1264 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]