Bazar ertəsi, 2019-09-16, 2:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

İslamda ədalət
2012-12-24, 11:39 PM
İslamda ədalət


Fiqh kitablarında ədalətin tərifi verilmişdir. Dəyərli fəqihlər, o cümlədən, həzrət imam Xomeyni (r) buyurur:
Ədalət insanı böyük günahlar etməkdən və kiçik günahları təkrarlamaqdan çəkindirən daxili haldır.
Paklıq, təqva, günahdan uzaqlıq ədalət nişanələridir. Əhəmiyyətli olduğu üçün bu sifət İslam qanunlarında imtiyaz hesab olunur. Həm də İslam fiqhi və konstitusiyada məsuliyyətli şəxslər üçün bu sifətə malik olmaq şərtdir. Ölkənin və xalqın mühüm işləri ədalətli şəxslərin əli ilə həyata keçməlidir.
Ədalətlə şərtlənən bəzi məsələlərə işarə edək:
İbadət məsələlərində pişnamaz ədalətli olmalıdır; siyasi ibadət məsələlərində, məsələn cümə namazında xütbə oxuyan və imam ədalətli olmalıdır; məclisə deputatlıq və qanunların hazırlanması kimi hüquqi və siyasi məsələlərdə nəzarət şurasına daxil olan ədalətli fəqihlərin nəzəri mötəbərdir; haqqı sahibinə qaytarmaq kimi hüquqi məsələlərdə ədalətli şəxslər şahidlik etməlidir; tərbiyəvi məsələlərdə ədalətli şəxslər zalım və günahkarların əleyhinə şəhadət verdikdə islami hədd icra olunur; iqtisadi məsələlərdə "beytul-mal” ədalətli şəxslərə tapşırılmalıdır; xəbərlərin yayılması və nəşr olunması kimi ictimai və mədəni məsələlər ədalətli şəxslərə tapşırılmalıdır. Günahkar şəxsin verdiyi xəbərə yalnız təhqiqat apardıqdan sonra etimad göstərmək olar; ali hərbi komandan seçilərkən şəxsin ədalətli olması şərtdir.
Demək, İslam quruluşunda, ictimai məs’uliyyətlərin tapşırılmasında və yaşayışın nizamlanmasında ədalət mühüm prinsiplərdəndir.
Ədalət və bu kimi sifətlər batinə bağlıdır. Lakin insanların əməllərinə nəzər yetirməklə onların ədalətli olub-olmamasını anlamaq olar. Rəvayətlərdə bəzi ədalət nişanələri qeyd olunmuşdur. Eyni zamanda insanları ədalətli hesab etmək üçün bəzi meyarlar təyin edilmişdir.
İmam Sadiqdən (ə) soruşdular: "Ədalətli şəxs kimdir?” Həzrət (ə) buyurdu: "Naməhrəmə baxmayan, dilini günaha və əlini zülmə batırmayan şəxs.”
Allahın rəsulu (s) alicənab və ədalətli insanları belə vəsf edir: "Xalqla müamilə edərkən zülmə yol verməyən, yalan danışmayan və və’dəsinə xilaf çıxmayan şəxsin mürüvvəti kamil, ədaləti aşkardır.”
İmam Sadiqdən (ə) soruşdular: "İnsanın ədalətli olmasını necə bilək?” Həzrət (ə) buyurdu: "Bir şəxs həyalı və iffətli olsa, yeməkdə, danışıqda və şəhvətdə günaha yol verməsə, zina və şərabxorluq kimi günahlardan çəkinsə, müsəlman cəmiyyətini üzrü olmadan tərk etməsə, o ədalətlidir; onda eyb axtarmaq və qeybətini etmək xalqa haramdır...” Başqa bir rəvayətdə oxuyuruq: "Beş vaxt namazını camaatla qılan şəxsə qarşı xoş münasibətdə olun və onun şəhadətini qəbul edin.”
Olsun ki, fəqihlər insanın müsəlman cəmiyyətində iştirakını və günah məclislərindən uzaqlığını onun zahirən ədalətli sayılması üçün yetərli bilmişlər.
İmam Baqir (ə) qadınların ədaləti barəsində buyurur: "Hicablı və hörmətli ailədən olması, ərinə itaət etməsi, rəva olmayan işlərdən çəkinməsi və lazımsız yerlərdə gözə görünməməsi ədalətli qadının nişanələridir.”
Bəzi rəvayətlərdə aşkar pis günahlara görə cəmiyyətdə şallaqlanmış, xalq arasında pis işləri ilə tanınmış və özünə qarşı bədgümanlıq qazanmış şəxs "fasiq” adlandırılır.
Əlbəttə, şəxsin ədalətli olması o demək deyil ki, o ömrü boyu heç bir günaha batmamalıdır. Çünki bu xüsusiyyət yalnız peyğəmbərlər və mə’sum övliyalara aiddir. Lakin şəxsin aşkarda günah etmədiyini görməyimiz kifayət edər. Əgər bir şəxs özünü ədalətli hesab etməsə, hətta xalqa ədalətli olmadığını desə, lakin xalq onun ədalətli və təqvalı olduğunu qəbul etsə, o şəxs pişnamaz ola bilər və xalqın bu şəxsə iqtida etməsinin heç bir eybi yoxdur. Əgər xalq bu şəxsə iqtida etməyə meylli olsa boyun qaçırmamalıdır. Hətta namazdan sonra pişnamazın ədalətli olmaması mə’lum olarsa onun arxasında qılınmış namazlar düzgündür və bu namazları təzələmək lazım deyil.

erfan.ir
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 501 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]