Cümə axşamı, 2024-04-25, 4:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Hər günün vida duası... Bu günün duası (oxucu duası)
2013-05-31, 2:40 PM
Hər günün vida duası... Bu günün duası (oxucu duası)

Rəhman və Rəhim Allahın adı ilə

Daşlanmış şeytanın şərindən sığınıram Allaha
Ey Rəbbim! Bu gün sondur, yoxsa sabah da var? Bilmirəm... Sabahın olmayacağını düşünüb bu günün tövbəsini yerinə yetirməyə tələsirəm. Yarımçıq qaldı dünya və axirət işlərim. Dünya işləri əlimdə yarımçıq, axirət işləri xəyalda. Min il ömür versəydin dünya işlərinin birini qurtarıb o birinə başlayacaqdım. Amma həmin min ildə axirət işlərim bu gün dayandığı yerdən tərpənəcəkdimi? Hər gün "sabah var deyib" iman mülkündəki viranəlikdə bir kərpic qaldırmadım. Bu gün də ölümü yaxın göstərən dünya işlərimin yarımçıq qalması qorxusudur. Nə özümə, nə külfətə bir gün ağlaya bildim. Qaçdıqca geri qaldım. Geri qaldıqca günah yüküm ağırlaşdı. Bu günah yükünün altında da Səni böyük görürəm. Yaradanım, Rəbbim olduğuna zərrəcə şübhəm yox. Bəs nədir imanıma tuşlanmış şübhələ? İman Sənə inam deyilmi? İman peyğəmbərlərinin qəbulu deyilmi? İman peyğəmbər əhli-beytinə sevgi ilə şərtlənməyibmi? Sənə, peyğəmbər və övliyalarına iman və ehtiramım yerində. Bəs nədir bu şübhələr? Nə üçün Sənə səcdə qılıb insan və cin şeytanları lənətlədiyim halda özümü onların yanında görürəm? Nə üçün Səninlə xəlvətə çəkilib raz-niyaz etməyim bu qədər az? Nə üçün dünya ilə məşğulluğum bu qədər çox?
Tövbə edirəm. Tövbə edirəm dad-tamı bir göz qırpımı çəkən günahlara. Bilmirəm qəlb halıma necə tövbə edim? Deyim tövbə edirəm sənsizliyə? Vədimə əməl edə biləcəyəmmi? Məni kölgən altına alsan edərəm. Düzdür ki, bütün varlıq aləmi Sənin kölgəndədir. Amma bunu yaddan çıxaran insan şeytanın oxları altda qalır. Səni yadda saxlamaq, kölgəni yada salmaq mühümdür. Necə ki bir nemətə baxa-baxa ondan dadanda dəyərini bilirsən. Bir neməti görmədən, gözüyumulu qamarlayanda doymaq olar, zövq almaq olmaz.
Sənin tövfiqinə, yardımına ümidlə tövbə edirəm sənsizliyə! Hər işdə! Bu yazını yazanda, kompyuteri söndürəndə, ayağa qalxanda... Axı bu tövbə son günün tövbəsidir. Yəni son gündə də Səni unutmaq olar? Nə böyük rəzalət! Ölümlə üzbəüz dayanıb Səni yaddan çıxarmaq necə böyük cinayət! İlk cəzası vicdan əzabı olan cinayət.

Bəndə Nəriman

oxucu

haqqyolu


Category: Seyr-süluk | Added by: Ənfal
Views: 824 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]