Şənbə günü, 2024-04-20, 5:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:12 AM
Saxta hədislərin yaranması




Hədis elmində dərin biliyi

Seyyid Şərəfuddin təkcə Peyğəmbər və onun pak Əhli-beytindən nəql olunan rəvayətlərdə deyil, həm də sünnü alimlərinin təriqi ilə nəql olunan hədislərdə dərin elmə malik idi. Bunlar sadəcə iddialar deyil, əksinə, elə mətləblərdir ki, hər kəs onun yazdığı kitablara baxsa, onu əyani surətdə görəcək və etiraf edəcəkdir.
Sünnü məzhəblərindən onun icazəsi ilə fətva məqamına çatanlar çoxdur. O, özünün «Səbtül-əsbat fi silsilətir-rovat» adlı qiymətli kitabında onların hamısının adını qeyd etmişdir. Mən inanıram ki, onun şiə məzhəbinin haqq olmasını isbat etmək üçün yazdığı kitablar məhz sünnü hədislərindən istifadə edilmiş və bizim əsrimizdə misilsiz kitablardır.
Onun qələmə aldığı son əsər ömrünün 80-cı ilində yazdığı «Ənnəssu vəl-ictihad» kitabıdır. Əziz oxucular onu mütaliə etdikdən sonra mütləq etiraf edəcəklər ki, o böyük alim təfəkkür və bəyan qüdrətinin son zirvəsində olmuş, hədis və münazirədə dərin biliyə sahib olmuşdur. Həmçinin görəcəksiniz ki, onun təfəkkürü və gözəl ibarələrindən, təhqiq üslubu və mətləbə əhatəliliyindən əsla qocalığı hiss olunmur.

Tarixi məktubları, nəsr, xitabə və şerləri

Onun bəzən Nəcəfi-Əşrəfdə oğluna, habelə müxtəlif padşahlara, dövlət başçılarına, siyasi rəhbərlərə, məsuliyyətli şəxslərə yazdığı məktublar son dərəcədə bəlağətli və gözəl söz üslubuna malik olmuş, aydın hədəfli, elmə, ədəbə, vəhdətə çağırış, fiqhi məsələlər, tarixi öyüd-nəsihət və moizə ilə doludur. Onun Hicazın əmiri Şərif Hüseynə yazdığı məktub onun ərəb dilində ən gözəl söz ustalığı ilə yazılan məktubudur (məktub onun vəhhabilər tərəfindən hakimiyyətdən salınmasından sonra yazılmışdı).
Bu məktub çox genişdir və Əhli-beyt yolu ilə gəlib çatan tarixi sənədləri və müsibətləri əhatə edir. Şərif Hüseynin cavabı da son dərəcə minnətdarlıq və təşəkkürlə doludur. O, öz məktubunu bu şerlə başlayır.
«Qəbilənin şərafətliləri məndən razı olanda,
Onun rəzilləri həmişə mənə qarşı qəzəblidir».
Onun mühüm tarixi məktublarının bəziləri əmioğlusunun, həmçinin xüsusi katibi Seyyid Əli Şərəfuddinin vasitəsi ilə üzündən köçürülərək yadigar saxlanmışdır.
Bunların hamısı o böyük şəxsiyyətin dəyərli əsərlərindəndir, nə vaxtsa çap olunacaq, kitabxanalar onun parlaq ədəbi üslubu ilə zinətlənəcəkdir.
Seyyid Şərəfuddinin yazdığı nəsr əsərləri son dərəcədə dolğun, parlaq, möhkəm və bir-biri ilə qırılmaz şəkildə bağlı idi. Belə ki, hətta ən qüdrətli yazıçılar belə onun bir kəlməsini dəyişdirə bilməzdi. Çünki o, yazmamışdan əvvəl çox fikirləşir, seçdikdən sonra bəyan edir və ya yazırdı.
Onun nəsr əsərləri elə əhatəlidir ki, agah oxucu ibarələrinə baxan kimi dərhal Şərəfuddinin yazısı olduğunu ayırd edə bilir. O bu əsərləri son dərəcədə dolğun mənalı və söz ustalığı ilə yazmışdır və bu məziyyət onun əsərlərindən aşkar şəkildə görünməkdədir.
Böyük alim söz bəyanı baxımından da çox güclü və mahir idi. O hər vaxt xütbəyə qabaqcadan hazırlaşmadan başlayar, son dərəcə dolğun və gözəl mənalarla, məharətli söz ustalığı ilə bəyan edərdi. Onun xitabələri və yazıları söz ustalığı baxımından adi danışıq terminlərindən xali idi.
Onun gözəl əxlaqi xasiyyəti, misilsiz nəfsani və batini xüsusiyyətləri sözündə və əməlində gözəl şəkildə sezilirdi. Mən 1350-ci hicri qəməri ilində Livana səfər edəndə o, məhərrəmliyin ilk on günündə həmişə axşam çağı «Came məscidində çıxış edirdi. Hər günkü çıxışında «Ali-Muhəmməd... və Ali-Muhəmməd kimdir» adı altında Quran və sünnədən Peyğəmbər Əhli-beytinin əzəmətini şərh edirdi. «Aşura» gününü Həzrət İmam Hüseyn (əleyhissalam)-a həsr edir, onun qiyamının əsas səbəblərini araşdırır, hədəflərinin böyüklüyünü və o Həzrətin İslamın böyük və əzəmətli saxlanılması, dinin möhkəmləndirilməsi yolundakı misilsiz xidmətlərini bəyan edirdi. Çıxışı adətən 3 saat davam edirdi. Əgər bu çıxışlar bir yerə toplanarsa, Əhli-beyt əleyhimussalamın fəzilətlərini bəyan edən böyük bir kitab olar.
Onun Beyrut, Dəməşq, Fələstin və Misirdəki tarixi xitabələri heç vaxt unudulmaz. Onların çoxu elə həmin vaxtlar müxbirlər tərəfindən yazılıb bəyan olunmuşdur, bəziləri isə onun xüsusi katibinin yanındadır və məktublarına əlavə olunubdur. Qeyd etdiyimiz kimi, əziz müəllifin şerin təhlil edilməsi və onun incəliklərinin dərk olunması sahəsində dəqiq nəzəriyyələri vardı. Yaxşı şerlərdən çoxunu əzbər bilirdi. Hər bir ədəbi mövzu ilə əlaqədar olaraq şer oxuyur, özü də şer qoşurdu. Onun qoşduğu şerlər dərin duyğulardan və ülvi hisslərdən nəşət tapır və əsas etibarı ilə cavanlıq vaxtlarını xatırladırdı.

Ustadın gözəl əxlaqi səciyyələri
Seyyid Şərəfuddin gözəl əxlaqlı, səxavətli bir insan idi; həm böyüklərə, həm də kiçiklərə ehtiram qoyur, kasıblara, yoxsullara əl tuturdu. Ona pislik edənlərə güzəştə gedir, nalayiq əməllərinə göz yumur, günahlarını bağışlayırdı.
Bütün iftixarlı həyatı boyunca–cavanlıq yaşlarından qocalıq vaxtlarına qədər bu gözəl xüsusiyyətləri əməli olaraq icra edirdi. Onun nəfsinin paklığı və şəxsiyyətinin böyüklüyü həyatının bütün dövrlərində gözə çarpmaqdadır. Bu mənanı onunla bir yerdə olanlar etiraf edir və bu barədə müxtəlif hadisələri nəql edirlər.
Elm və qələm əhlini ehtiramla yad edir, onlara hörmət edilməsində son dərəcə çalışırdı. Yaranan hər fürsətlərdə alimləri, elm əhlini, qələm sahiblərini və müəllifləri tərifləyərək onların məqamlarını yüksək tutur, şəxsiyyətlərini dəyərləndirirdi.

Əsərləri

Seyyid Şərəfuddin özündən sonra çoxlu qiymətli (fikri və ideoloji) əsərlər yadigar qoymuşdur ki, hər biri onun böyük elmi şəxsiyyətinin göstəricisi olub əsrlər boyu insanların xatirələrində canlanacaqdır. İndi onların bəzilərinin adını qeyd edirik:
1. «Əl füsulül-mühimmətu fi təlimil-ümməti»;
Müəllif bu əsəri müsəlmanlar arasında ittihad və yekdillik yaratmaq məqsədi ilə yazmışdır. İki dəfə Livanda və iki dəfə Nəcəfi-Əşrəfdə çap olunmuşdur. (Müəllifin bu və sair kitabları, xüsusilə «Əl-muraciat», «Ənnəssu vəl-ictihad», «Əl-füsulül-mühimmətu» o vaxtdan indiyə qədər on dəfədən artıq çap olunmuşdur.)
2. «Əl-muraciat»;
Bu, müəllifin misilsiz və öz növbəsində möcüzəli nəsr əsərlərindən biridir. Müəllifin sağlığında iki dəfə, vəfatından sonra isə 4 dəfə (həmçinin cənab Sədrin məqaləsindən sonra bir neçə dəfə) çap olunmuş, fars, ingilis ordu, azərbaycan dillərinə tərcümə olunmuşdur.
3. «Əcvibətu Musa Carullah»;
Bu kitab, sünnü alimi Musa Carullahın 20 sualına cavabıdır və Seyda şəhərində çap olunmuşdur.
4. «Əl-kəlimətul-ğərrau fi təfziliz-Zəhra (əleyha salam)»;
Bu, Həzrət Zəhra əleyha salamın yüksək məqamını və sair qadınlardan üstünlüyünü isbat edən kitabdır. Əvvəlcə «Əl-füsulül-mühimmətu» kitabının ikinci çapına əlavə olunmuş, sonradan ayrıca kitab şəklində çap edilmişdir.
5. «Əl-məcalisul-faxirətu fi məatimil-itrəti»;
Bu kitab (onun müqəddiməsi Seyda və Nəcəf şəhərlərində çap olunmuşdur) Həzrət İmam Hüseyn (əleyhissalam)ın qiyamının sirlərini, habelə bu qiyamın İslam və müsəlmanlar üzərində olan haqqını bəyan edir.
6. «Əbu Hüreyrə»; (Bu kitab Azərbaycan dilinə də tərcümə olunmuşdur.)
Bu, Əbu Hüreyrə barəsində yazılmış çox maraqlı və misilsiz bir kitbadır. (Əbu Hüreyrə sünnülərin məşhur rəvayətçisidir.) Seyda və Nəcəf şəhərlərində çap olunmuşdur.
Bu kitabların nəşr olunmasından sonra Misrin məşhur sünnü alimi Mahmud Əbu-riyə Əbu Hüreyrə barəsində «Şeyxul Məzirə» adlı başqa bir kitab yazaraq mətləbi lazımınca çatdırmışdır.
7. «Fəlsəfətul-misaqi vəl-vilayət»;
Bu iki dəfə Seydada çap olunmuşdur. Kiçik həcmli olmasına baxmayaraq, son dərəcədə mənalı kitabdır.
8. «Məsailul-fiqhiyyə»;
Bu fiqhi-müqarindir (yəni sünnü məzhəbləri və şiəlik arasında fiqhi məsələləri müqayisəli şəkildə araşdırır) və müəllifin son dərəcədə məlumatlı olmasını, elmi qüdrətini bəyan edir. Seydada, Misirdə və Beyrutda çap olunmuşdur.
9. «Hovlər-röyə»;
Bu kitab Allah-Taalanın gözlə görünməsinin heç vaxt mümkün olmadığını bəyan edir. Kitab Seydada «Fəlsəfətul-misaq vəl-vilayət» kitabı ilə bir yerdə çap olunmuşdur.
10. «İləl-məcməil-elmiyy»;
Bu, şiələrə atılan böhtanları və onların cavablarını əhatə edir. Seydada çap olunmuşdur.
11. «Səbtul-əsbat fi silsilətir-rovat»;
İki dəfə Seyda şəhərində çap olunmuşdur.
12. «Zeynəbi Kubra (əleyha salam)»;
Bu kitab müəllifin Həzrət Zeynəb əleyha salamın məqbərəsinin yanında və elə o Həzrətin barəsində söylədiyi xütbənin şərhindən ibarətdir ki, Seydada çap olunmuşdur.
13. «Ənnəssu vəl-ictihad» (hazırkı kitabın ərəbcə mətni);
Bu hazırkı əsrdə ən dərin və ən ətraflı İslami bəhsləri əhatə edir. İndiyə qədər üç dəfə: əvvəlcə müəllifin sağlığında Nəcəfi-Əşrəfdə, sonra müəllifin oğlunun vasitəsi ilə və atasının tərəfindən edilən əlavələrlə birlikdə, üçüncü dəfə isə Nəcəfdə «Darun-Nöman» müəssisəsi tərəfindən çap olunmuşdur.
14. «Büğyətür-rağibin» (əl yazma); Bu, Sədr sülaləsinin alimlərinin həyatından bəhs edir.

Tələf olmuş kitabları

Qeyd olunduğu kimi, Fransanın işğalçı qoşunları Seyyidin evini və kitabxanasını yandırmış, çox dəyərli və nəfis kitablarından bir neçəsini tamamilə məhv etmişlər. Müəllif həmişə bu kitabları yad edəndə son dərəcə təəssüf hissi keçirir, narahat olurdu. İndi biz həmin kitabların adının müəllifin həyat tarixinə düşməsi üçün qeyd edirik. Müəllifin özü də «Əl-kəlimətul-ğərra» kitabının haşiyəsində onları belə sadalayır:
1. «Şərhut-təbsirə»; Bu, istidlali fiqhdə yazılmış və dörd cilddən ibarətdir ki, təharət, qəza, şəhadət və irsin hökmlərini bəyan edir.
2. «Təliqətun ələl-istishab»; Bu, böyük fəqih Şeyx Ənsarinin bir cildli kitabına yazılan təliqədir.
3. «Risalətun fi münəccizatil-məriz»;
4. «Səbilil-möminin»;
Bu, imamət barəsində yazılan üç cildlik kitabdır. Müəllifin mənə buyurduğu kimi, bu onun bərəkətli qələmi ilə yazılan ən mühüm kitablardan idi.
5. «Ənnüsusül-cəliyyə; Bu kitabda imamət barəsində sünnü və şiə alimlərinin hər birindən 40 hədis nəql etmişdir.
6. «Tənzilul-ayatil-bahirə»; Bu, imamlarımız barəsində 100 Quran ayəsi və mötəbər rəvayətləri ehtiva edir.
7. «Töhfətul-mühəddisin fi ma xərəcə fihis-sünnətu minəl-müzəəfin»;
8. «Töhfətul-əshab»; Əhli-kitabın hökmləri barəsin-dədir.
9. «Əzzəri»ətu fir-rəddi ələl-bədiə»;
Nəbhaninin «Əl-bədiə» kitabına cavab yazmışdır.
10. «Əl-məcalisul-faxirə»; 4 cildlik kitabdır ki, 1-ci cildi Peyğəmbərin, 2-ci cildi Həzrət Əli, Həzrət Zəhra və İmam Həsənin, 3-cü cildi İmam Hüseynin və 4-cü cildi sair İmamların (əleyhimussalam) həyatı barəsindədir.
11. «Müəllifuş-şiəti fi sədril-İslam»;
Bu kitabın bəzi fəsilləri «İrfan» jurnalında çap olunmuşdur.
12. «Buğyətul-faiz fi nəqlil-cənaiz»;
Bu kitabın da əksər hissəsi «İrfan» jurnalında çap olunmuşdur.
13. «Sirru buğyətis-sail ən ləsmil-ənamil»; Bu, sünnü və şiə təriqi ilə nəql olunan 80 hədisə şamildir.
14. «Zəkatul-əxlaq»; Onun bəzi hissələri «İrfan» jurnalında nəşr olunmuşdur.
15. «Əl-fəvaidu vəl-fəraid»;
16. «Təliqətun əla «Səhihi Buxari»;
17. «Təliqətun əla «Səhihi-Muslim»;
Bu iki kitab müəllifin bütün hədis mənbələrinə olan əhatəsini və güclü mühakimə istedadını göstərir.
18. «Əl-əsalibul-bədiətu fi ruchani məatimiş-şiə». Bu, şiə aləmində əzadarlıq məsələsinin müstəhəb bir iş olduğunu, habelə onun əqli və nəqli dəlillərini araşdırır.
Seyyid Şərəfuddinin özü bu barədə deyirdi: «övlad itkisindən yaranan qəm-qüssə aradan gedir, amma yeni təfəkkürlərin itirilməsindən yaranan qəm-qüssə ömrün axırına qədər davam edir».
Amma müəllif sonrakı kitabları ilə bunların əvəzini çıxmış, çox dəyərli və qiymətli əsərlər yazaraq həmişəlik yadigar qoymuşdur.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 976 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]