Cümə günü, 2024-03-29, 5:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:08 AM
Saxta hədislərin yaranması




BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
ÖN SÖZ

Qarşınızdakı kitab Peyğəmbər (s)-in səhabələrindən olub, o həzrətdən hədis nəql etməkdə ifrata varmış bir şəxs barəsindədir. Sünnü məzhəbinin istinad etdiyi «Səhiheyn» (iki səhih–Səhihi-Buxari» və «Səhihi-Müslüm») və «Müsnəd» kitablarının müəllifləri ondan çox saylı hədis nəql etmişlər.
Biz qeyd olunan hədislər barəsində geniş və ətraflı təhqiqat və araşdırma aparmaq fikrində deyilik. Sadəcə olaraq bu işin kökünü və mənşəyini araşdırmaq istəyirik. Bunun da səbəbi həmin hədislərin birbaşa bizim dini və əqli həyatımızla bağlı olmasıdır. Əgər bu hədəf olmasaydı, o işi başqalarına həvalə edər və onlara baxmağın ağırlığına tab gətirə bilməzdik.
Bu hədislər «üsuliddin» və «füruiddin» məsələlərinə də sirayət etmişdir. Buna görə də sünnülərin şəriət və kəlam alimləri dini hökmləri araşdırdıqları zaman həmin hədislərə istinad edir və onlardan dəlil kimi istifadə edirlər. Əlbəttə, istisnasız olaraq bütün səhabələri mütləq şəkildə ədalətli və nöqsansız bildikləri üçün, onların bu işində təəccüblənmək lazım deyildir. Onların söylədikləri bu sözlərin batil olması ilə yanaşı, artıq sübut olunmuşdur ki, belə bir əqidə tamamilə səhv və əsassızdır. Amma həddini aşmış bu şəxs və onun «üsuliddin» və «füruiddin» məsələləri barəsində nəql etdiyi hədislərin kəmiyyət və keyfiyyəti haqqında danışmaq zəruridir. Çünki dini əhkamları Quranla uyğun gələn ən mötəbər hədis və rəvayətlərdən əxz etməli və gündəlik həyatımızda vəzifələrimizi məhz bu əsasda yerinə yetirməliyik.
Bizim apardığımız araşdırmalarda haqla-batil bir-birindən ayrılmış və əsl həqiqət oxuculara çatdırılmışdır.
Buna görə Allaha həmd-səna edirəm.
Tezliklə Əbu Hüreyrənin həyat tarixi və kimliyi ilə tanış olacaqsınız. Biz onun əsl-nəcabətini və şəxsiyyətini dəqiq şəkildə araşdırdıq ki, onun kimliyini tanıyıb həqiqəti dərk edəsiniz.
Şükr olsun Allaha ki, bizi bu işdə müvəffəq etdi!
Onun nəql etdiyi hədislər və onların miqdarı barədə də çox tədqiqat apardıq və belə bir nəticəyə gəldik ki, onların bir çoxu yalan və iftiradır. Gələcək bəhslərdə siz özünüz bunun şahidi olacaq və biləcəksiniz ki, bizdən çox-çox əvvəl onun müasirləri belə bir nəticəyə gəlmişlər.
Əbu Hüreyrənin nəql etdiyi hədislərin sayı dörd xəlifənin (Əbu Bəkr, Ömər, Osman və Əli (ə)), Peyğəmbər (s)-in həyat yoldaşlarının (onların sayı doqquz nəfər olmuşdur) və Bəni Haşim böyüklərinin nəql etdikləri hədislərdən təqribən iki dəfə çoxdur. Hansı azad düşüncəli insan və sağlam əql sahibi onun nəql etdiyi hədislərə istinad edə bilər?! (14-cü fəslə müraciət et.)
Necə ola bilər ki, islamı bir çoxlarından gec qəbul edib Peyğəmbər (s)-in yalnız bəzi söhbətlərində iştirak etmiş savadsız bir şəxs bu ilahi dini hamıdan tez qəbul etsin?! Eləcə də, Peyğəmbər (s)-in ən yaxın səhabələrindən belə çox hədis əzbərləyib, sonradan onu başqalarına nəql etmiş olsun?! Əgər bu məsələyə elmi meyarlarla yanaşsaq, mütləq onun nəql etdiyi hədislərin bir çoxunu rədd edib səhih və mötəbər hədislər sırasından xaric etməli olacağıq. Şübhəsiz, Peyğəmbər (s)-in sünnəti ilahi hikmət üzərində qurulduğu üçün ən ali xüsusiyyətlərə malikdir. Bəlağət (söz ustalığı) alimləri, nəzər sahibləri və sair mütəxəssislər, malik olduqları elmlər sayəsində bu mətləbi çox asanlıqla dərk edir və onu digər hədis və rəvayətlərdən ayırd edirlər. Onlar sünnədən hər hansı bir şey oxuduqda və ya eşitdikdə, hansının Peyğəmbər (s)-ə aid olduğunu, hansının isə yalan və iftira olduğunu çətinlik çəkmədən təyin edə bilirlər. Sünnənin üstünlüyü də məhz bundadır. Onda «yabanı tikanlar» göyərməz və Əbu Hüreyrə kimi ünsürlər düşüncə və vicdanlı nəzər sahiblərini nəzərə almadan Peyğəmbər (s) və onun ümməti haqqında nalayiq sözlər deməyə cəsarət etməzlər.
Bir sözlə, «Sünnə» islamın haqq və aşkar yolu, bəşəriyyətin həyatını nurlandıran qanunlar toplusudur. İslamın əxlaqi, etiqadi, ictimai, ədəbi və başqa göstərişləri məhz ondan əxz edilmişdir.
Heç bir məntiq insanlara azadlıqdan üz çevirib xurafata yönəlməyə islamın həqiqət cövhərini təhlükəyə salan bu zülm və fəsadın müqabilində susmağa icazə vermir.
Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxu əqli qanunlara zidd olmaqla yanaşı, ondan başqa ikinci bir şəxs tərəfindən də nəql edilməmişdir. Təəssüflər olsun ki, «Səhih» və «Müsnəd» kimi dəyərli hədis mənbələri Əbu Hüreyrənin nəql etdiyi bu dastanlarla doludur. Bilirəm, bəziləri mənim bu sözlərimdən narazı qalıb məndən üz döndərəcəklər. Bəzi irsi xüsusiyyətlər, yanlış təlim-tərbiyə və sağlam olmayan mühit insanın haqdan uzaqlaşmasına səbəb olur. Bunun əsas səbəblərindən biri də Peyğəmbər (s)-in səhabələrinin hamısını istisnasız olaraq ədalətli bilib, söz və əməllərini ümmət arasındakı ümumi meyarla ölçmələri olmuşdur. Onlar belə düşünürlər ki, «səhabə olmaq» müqəddəs bir hərəmə daxil olmaq deməkdir. Bu hərəmə daxil olan hər bir şəxs gördüyü işdən asılı olmayaraq bütün günah və xətadan uzaq olar. Əlbəttə, bu, əql və məntiqlə zidd və həqiqətdən uzaq bir əqidədir. Həqiqət budur ki, «səhabə olmaq» fəzilət və üstünlükdür, amma heç də günah və xətadan uzaq olmaq demək deyil. Səhabələrin içində rəhbər və alim olan övliyalar, ədalətli, pak və sadiq insanlar olduğu kimi, şəxsiyyəti naməlum, cinayətkar, münafiq və üsyançı şəxslər də tapılırdı.
Allah-Taala Qurani-Kərimdə bu həqiqəti açıqlayaraq buyurur: «Mədinə əhalisi içərisində iki üzlülüyü özlərinə peşə etmiş münafiqlər vardır. Sən onları tanımazsan, biz isə onları tanıyırıq».
Ədalətli və həqiqi Peyğəmbər səhabələrini hamı tanıyır. Amma naməlum və şəxsiyyəti bilinməyən səhabələr barəsində araşdırma və təhqiqat aparmaq lazımdır. Təbiidir ki, belə cinayətkar və günah işlərə adət etmiş şəxslərin nə özlərinin, nə də nəql etdikləri hədislərin dəyəri ola bilməz.
Bu bizim səhabə olub-olmamasından asılı olmayaraq hədis nəql edənlər barəsindəki nəzər və əqidəmizdir. Biz hədis uyduranları səhabə olmalarına baxmayaraq günahsız hesab etmirik. Çünki, əgər onları səhvsiz bilsək, Allaha və Onun Peyğəmbər (s)-inə xəyanət etmiş olarıq. Peyğməbər (s) öz nəslindən olan əməli saleh şəxslərin və ona sadiq olan səhabələrin öz ümməti üçün Qurandan sonra örnək və nümunə olduqlarını vurğulamışdır. Bu səbəbdən də biz şəxsiyyəti məlum olmayan səhabələrə heç bir ehtiyac duymuruq.
Beləliklə, müqəddimədə əhli-sünnət ilə aramızda ixtilaf olmasına baxmayaraq nəticədə müttəfiq və həmrəyik. Onlar Əbu Hüreyrə, Sümrət ibni Cündəb, Müğeyrə, Müaviyə, İbni As, Mərvan və bu kimi başqa səhabələri, Peyğəmbər (s)-in bəzən onların haqqında xoş sözlər dediyi üçün günahdan uzaq və xətasız hesab edirlər. Biz də Allahın Peyğəmbər (s)-i və onun sünnəti haqqında uydurulan iftiraları aradan götürmək üçün (tarixə nəzər salaraq) həqiqəti aşkara çıxarmağa səy edirik. Sağlam düşüncəli nəzər sahibləri aparılan araşdırmalardan sonra haqqı batildən asanlıqla ayırıb həqiqəti dərk edərlər.
(Biz belə qərara gəldik ki, Peyğəmbər (s)-in dilindən bihudə və ağla zidd sözlər, fikirlər söyləyən şəxsin sözlərini əsasında) təkzib etmək, o həzrətə boş-boşuna təzim etməkdən daha yaxşıdır və bu iş Peyğəmbər (s)-in şəriət təbliğatçılarından və ümmətin alimlərindən gözlədiyi məntiqi elmə daha uyğun və münasibdir. Peyğəmbər (s) hələ öz sağlığında əshaba hədis dəllallarının çoxalacağından dair xəbər verərək onların özlərini (hədis dəllallarını) düçar olacaqları İlahi əzablarla qorxurdur və ciddi xəbərdarlıq edirdi. Bu xəbərdarlıqlar da xüsusi deyil, ümumi xarakter daşıyırdı.
Biz Allah Peyğəmbərinə mənsub olan sünnədəki həqiqəti üzə çıxarıb belə bir təhqiqat işi apardıq və indi onu siz əziz oxuculara təqdim edirik.
«O (Peyğəmbər) kefi istəyəni (həvayi nəfs üzündən) danışmır». («Ən-Nəcm» surəsi, ayə:3)
Həmçinin, bizim ən ümdə məqsədimiz sağlam düşüncəyə və düzgün əqidəyə malik olmaqdır. Çünki, elmi və əqli qanunlar Peyğəmbər (s)-in adından yalan sözlər deyən hər hansı bir şəxsə ehtiram etməyin əleyhinədir. Bunu da qeyd etmək lazımdır ki, elmi və əqli meyarlar səhabələrin məhz səhabə olduqları üçün xətadan uzaq olduqlarını təsdiqləməyir və Peyğəmbər sünnətinə hörmətsizlik edən bir şəxsin nəql etdiyi hədis və rəvayətləri qətiyyətlə rədd edir. Bütün bunlar Həzrəti Məhəmməd (s)-in müqqəddəsliyini və paklığını yaxından dərk etmək üçün hamıya köməklik edir. Çünki o həzrət (təkcə müsəlmanlar üçün deyil, əksinə) bütün bəşəriyyət üçün Peyğəmbərliyə göndərilmişdir. Onun peyğəmbərliyi (və gətirdiyi din) zühur etdiyi gündən qüvvədə olub və qiyamət gününə qədər də sabit olaraq qalacaqdır.
Bunu da qeyd edək ki, bizim elmi təhqiqat və araşdırmalarımızın səmərəsi olan bu kitaba görə kimsə bizdən üz dördərməməlidir.
Biz təfəkkür və düşüncəni hər şeydən üstün tuturuq və belə hesab edirik ki, saf əqidə və düşüncəyə yiyələnmək, xurafata aludə olmaqdan və mövhumatçı müqəddəslik hasarları çərçivəsində qalmaqdan daha məqsədə uyğundur. Biz heç kimi narahat edib, qan-qaraçılıq yaratmaq fikrində deyilik. İstəyimiz yalnız budur ki, hər hansı bir şəsx qondarma təqlid və yanlış adət-ənənələrlə qarşılaşdığı zaman onları azad və sağlam düşüncə ilə özündən uzaqlaşdırıb bu kitabı diqqətlə, ağıl gözü ilə mütaliə etsin.
«Ey Peyğəmbər! O bəndələrimə müjdə ver ki, sözü eşidib onun ən yaxşısına tabe olarlar. Onlar həmin kəslərdir ki, Allah onları hidayət etmişdir və məhz onlar əql sahibləridir». («Zumər» surəsi, ayə:17-18)
Allah özü şahiddir ki, bizim bu kitabı yazmaqda məqsədimiz mövcud şəraitdə müsəlmanlar arasındakı vəhdətə zərbə və ziyan vurmaq deyil; əsas məqsəd bu vəhdəti möhkəmlətmək və onu sağlam fikir və düzgün əqidə üzərində qurmaqdır. Və yalnız bundan sonra biz haqq yola hidayət olub yalnız Allah-Taalanın istək və iradəsi ilə işlrimizdə müvəffəq ola bilərik.
Allaha təvəkkül edib bu işdə bizə kömək etməsini istəyirəm, hər şeyin əvvəli və axırı odur, və axır dönüş məhz Onun dərgahına tərəfdi.
Ağıl-kəramətli Allah öz bəndələrinə əta etdiyi ən ali nemətlərindəndir. Saf düşüncəli aqil insanlar mal və can bahasına olsa belə, bu məqama çatmaq üçün ömürlərini bu yolda fəda edirlər. Çünki, bu kəramət, insanları ən ali məqamlara çatdırmaqla yanaşı, onlar arasında birliyin və ittihadın yaranmasına səbəb olur.
Amma, yaxşı olar ki, din qardaşlarımızdan bəziləri təəssüb və məğrurluq hissindən əl çəkib, bu kitabı diqqətlə mütaliə edərək araşdırılmış bəhslər haqqında dərindən götür-qoy etsinlər. Belə etsələr, Allahın köməyi ilə, çətinliklərə sinə gərərək sözdə və əməldə vəhdət yaratmaq üçün daha çox səy etmiş olarıq.
«Uca və əzəmətli Allahdan başqa heç bir güc və qüdrət sahibi yoxdur».
Bizim mülahizələrimiz Əbu Hüreyrənin nəql etdiyi hədis və rəvayətlərin bəzilərinə şamil olur.
Onun söylədiyi hədislərin bəziləri ağıl, bəziləri də əqidə ilə tamamilə ziddiyyət təşkil edir.
Bu hədis və rəvayətlərin bir qismi təbii qanunlarla, bir qismi isə öz aralarında bir-biri ilə müxalifdir. Əbu Hüreyrənin nəql etdiyi hədis və rəvayətləri mütailə etdikdə onların dini qanunlar ilə də zidd olduğunun şahidi oluruq. Onun nəql etdiyi hədislərin bir qismi siyasi xarakter daşıyırdı, bunuda mövcud şərait tələb edirdi. Bəni Üməyyə sülaləsinə yaxınlaşmaq və onların diqqətini özünə cəlb etmək üçün bu ən əlverişli üsul idi.
Biz isə Əbu Hüreyrənin elm və əql ilə zidd olan hədislərini araşdıraraq yetkin bir nəticəyə gəlmək fikrinə düşdük və bu hədislərin bəzilərinin əsassız və batil olduğunu yəqin etdik.
Aşağıdakı misallara diqqət yetirin.
1. Mələkul Movt (can alan mələk-Həzrəti Əzrail) Musa (ə)-dan qabaq açıq-aşkar camaat arasında görünərdi. Amma elə ki, o Musa (ə)-ın yanına gəldi, Musa (ə) onun üzünə möhkəm bir zərbə vuraraq gözünü kor etdi və onu Allah-Taalanın dərgahına qaytardı. Bu əhvalatdan sonra həzrəti Əzrail camaat arasına gizlincə gəlməyə başladı.
2. Musa (ə) və daş arasında baş vermiş (qaçış) yarışı. Əbu Hüreyrənin rəvayətdə deyilir: Musa paltarlarını soyunub suyun kənarındakı daşlardan birinin üzərinə atdı. O, camaatdan uzaq bir yerdə idi, (o çimməkdə ikən) daş onun paltarını götürüb qaçmağa başladı.
Musa (ə) da onu təqib etməyə başladı Bəni-İsrail qövmunun yanına gəldi və onlara sübut etdi ki, onların Musa (ə) haqqında düşündükləri tamamilə yalandır və onun övrətində heç bir nöqsan yoxdur. (Çünki Bəni İsrail arasında belə bir şayiə yayılmışdı ki, Musa (ə)-ın övrətində (cinsi orqanında) xəstəlik vardır).
Musa (ə) isə elə hey daşın ardınca qaçır və qışqırırdı: Ay daş! Paltarlarımı ver, ay daş, paltarlarımı ver! Nəhayət daş dayandı. O artıq öz vəzifəsini yerinə yetirmişdi. Musa (ə) əsası ilə o yazıq daşı vurmağa başladı və onu bir neçə yerdən yaraladı. (Əbu Hüreyrə deyir:) Daş altı və ya yeddi yerdən yaralanmışdı. Maraqlı hallardan biri də budur ki, Əbu Hüreyrə daşın yaralarının sayında şəkk etmişdir.
Sanki onun nəql etdiyi hədis yüz faiz doğru və mötəbərdir. Çünki bunu onun təqvası və pərhizkarlığı tələb etmişdir! Belə ki, bir şey Əbu Hüreyrə üçün gün kimi aydın olmasaydı, onu qələmə alaraq nəql etməzdi.
3. Həzrəti Əyyub çimərkən birdən ətrafı qızıl çəyirtkələr ilə dolur. Əyyub (ə) dərhal onları paltarlarının içinə yığmağa başlayır...
4. Adət və təbiət qanunlarının pozulmasına heç bir zərurət olmadığı bir yerdə (yəni möcüzəyə heç bir ehtiyac olmadığı yerdə) yeni doğulmuş körpənin danışaraq qeyb aləmindən xəbər verməsi...
5. Başqa bir hədisdə Əbu Bəkr və Ömərin fəzilətini bəyan etmək üçün inək və canavarın (möcüzəyə ehtiyac olmadığı bir yerdə) danışmaları deyilir...
6. Şeytanın (yoxsul bir şəxs cildinə girərək) onun yanına gəlməsi! Rəvayətdə deyilir: Şeytan üç gecə dalbadal Əbu Hüreyrənin yanına gəlib onun gözləri önündə yemək şeylərini yığıb ac olan əhl-əyalı üçün aparır. Çox təəccüb ediləsi bir rəvayətdir!
7. Bəni-İsrail kənizlərindən biri yoxa çıxır. Onu arayıb-axtardıqdan sonra belə məlum olur ki, kəniz (Allah-Taalanın qəzəbinə gələrək) siçana dönübmüş. Onun qarşısına dəvə südü qoyduqda imtina edər, qoyun südü qoyduqda isə iştaha ilə içərdi.
8. Əbu Hüreyrə başqa bir hədisdə iddia edir ki, Əla və onun dörd minlik qoşunu ilə birlikdə səfər zamanı kimsənin keçə bilmədiyi bir dənizə rast gəlir! Əla atının yüyənini tutub dənizin üzərindən ötüb keçməyə başlayır, qoşunda onun ardınca hərəkət edir. Əbu Hüreyrə rəvayəti nəql edərkən deyir: And olsun Allaha! Dənizi keçərkən heç bir heyvanın dırnağı və kimsənin başmağı suda islanmadı....
9. Başqa bir hədisdə «bərəkətli xurcun» barəsində danışaraq deyir: Xurcunun içində cəmi bir neçə xurma var idi, amma buna baxmayaraq, bütün qoşun ondan yeyib doydu, xurmalardan yenə də artıq qaldı. Əbu Hüreyrə belə iddia edir ki, o həmin bir neçə dənə xurmanı Peyğəmbərin, Əbu Bəkrin, Ömər və Osmanın zamanında yemiş və Allah-Taalanın ona bəxşiş etdiyi bu ruzidən uzun müddət bəhrələnmişdir. Amma onun bu sevimli xurcunu Osman öldürüldükdən sonra məhv olub yoxa çıxır...
10. Davud (ə) və onun Quranı çox az bir zamanda oxuyub qurtarması. Əbu Hüreyrənin dediyinə görə, Davud (ə) minik heyvanını yəhərləmək istədiyi zaman Quran oxumağa başlayar və heyvanı yəhərləyib qurtarmazdan öncə onu bir dəfə oxuyub xətm edərmiş. Bu da dünyanı adi toyuq yumurtasının içinə yerləşdirməyə bənzəyir!
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]