Şənbə günü, 2024-04-20, 5:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:07 AM
Saxta hədislərin yaranması




***

Əbu Hüreyrə, nəql etdiyi hədislərin bir neçəsində bəzən həddini aşaraq Allah-Taalanı müxtəlif surətlərdə (şəkillərdə) təsvir etmişdir. Aləmlərin Rəbbi olan Allah isə onun söylədikləri xurafatlardan çox-çox uca və münəzzəhdir. Onun bu barədə nəql etdiyi hədislərin bir neçəsinə diqqət yetirin.
1. Allah, Adəmi öz surətində yaratdı, onun uzunluğu 60 zira (Zira–dirsəkdən barmaqların ucuna qədər olan məsafədir, təqribən 45-50 sm.), eni isə 7 zira idi.
Bəzən də bunun tam əksinə olaraq deyir: «Biri digəri ilə dava edərkən onun surətinə (üzünə) hörmətsizlik etməsin, çünki Allah-Taala Adəmi öz surətində yaratmışdır» (yəni onu özü kimi xəlq etmişdir).
Başqa bir yerdə isə deyir: «Bir-biriniz ilə dava edərkən rəqibinizin üzünə vurmaqdan (və ya təhqir etməkdən) çəkinin və heç vaxt Allah sənin və sənin kimilərin üzünü qara etsin» kəlməsini dilinizə gətirməyin. Çünki Allah insanı öz surətində xəlq etmişdir. Bəzən də deyir: İnsanın surəti (üzü) Rəhman Allahın üzü kimi yaradılmışdır.
Bu xurafat və mövhumatın (yəni Allah və Adəmin surət baxımından birliyinin) ardınca elə şeylər gəlir ki, əgər onları islam dininə aid etsək, çox maraqlı və təəccüblü məsələlər meydana gələcəkdir. Eyni zamanda həm gülməli, həm də ağlamalı məsələdir.
2. «Allah qiyamət günü elə bir surətdə olacaqdır ki, ümmət (insanlar) Onu tanımayacaqdır.
Allah onlara tərəf gəlib deyəcək: Mənəm sizin Allahınız! Onlar isə Onu inkar edərək deyəcəklər: Səndən öz Allahımıza pənah aparırıq. Biz Allahımız gələnə qədər elə buradaca qalacağıq. Əgər o gəlsə, dərhal tanıyacağıq. Sonra Allah ümmətin Onu tanıdıqları surətdə gəlib deyəcək: Mənəm sizin Allahınız. Bundan sonra insanlar onun ardınca gedəcək».
Bu sözlər uzun-uzadı və mövhumatçı bir dastanın içində gəlmişdir. Əbu Hüreyrənin nəql etdiyi bu kəlami dastanlarda Allahın müxtəlif surətlərə düşməsi və bu surətlərin insanlar tərəfindən tanınmadığı bəyan edilir. Hədislərin bəzilərində Allah insanların yanına gedib onlarla söhbət edir, və onları aldadır! Bəzən təəccüblü bir şey olmadığı yerdə gülür!
Göründüyü kimi Əbu Hüreyrənin nəql etdiyi bu xurafatla dolu hədislər islam dini ilə tamamilə ziddiyyət təşkil edir. Deməli, belə bir əqidə (Allahı cismani təsəvvür etmək) batil və əsassızdır.
3. «Allah ayağını cəhənnəmə qoydu». Bu (cümləyə) biz Əbu Hüreyrənin uydurduğu hədislərdən birində rast gəlirik. Orada deyilir:
«Cəhənnəm onda olan təkəbbürlü insanlarla fəxr edib öyünər, cənnət isə özünün əldən düşmüş sakinlərinə baxıb xəcalət çəkər».
4. Allah hər axşam asimandan yerə nazil olub belə xitab edər: «Kimdir Məni çağıran, onun duasını qəbul edim!»
Əlbəttə, bizim iman gətirib itaət etdiyimiz Allah, Əbu Hüreyrənin təsvir etdiyi Allahdan, daha dəqiq desək əfsanəvi bir varlıqdan çox-çox uca və daha əzəmətlidir.
Əbu Hüreyrənin bu qəbildən olan digər xurafatçı hədisləri islam aləmində yeni bir məzhəbin «təcəssüm məzhəbinin» yaranmasına və bu hədislərin cəmiyyətdə geniş şəkildə yayılmasına səbəb oldu.

***

Əbu Hüreyrə özünün bir sıra başqa hədislərində İlahi peyğəmbərlərə hörmətsizlik olaraq onları, məsumluqlarına zidd olan xüsusiyyətlərlə vəsf etmişdir. Məsələn:
1. O, qiyamətin qorxulu səhnələrini vəsf edərkən insanların Adəm, Nuh, İbrahim, Musa və İsa (ə)-a pənah apardıqlarını bəyan edir. Bu Ulul-əzm peyğəmbərlər, Əbu Hüreyrənin nəzərincə, günahkar olduqları üçün onların yanına şəfaət üçün gələnləri əli boş geri qaytarmış və onlara belə cavab vermişlər: «Gördüyüm filan iş üçün Allah-Taala mənə bərk qəzəbləndi və onun bu günə qədər belə qəzəbli olduğunu görməmişdim».
Hədisin sonunda isə insanlara Həzrəti Məhəmməd (s) tərəfindən şəfaət olunması bəyan edilir. Görünür, Əbu Hüreyrə İslam Peyğəmbər (s)-inin məqamını uca tutmaq üçün digər ulul-əzm peyğəmbərlər haqqında yalan iftiralara əl atmağı daha məqsədə uyğun bilmişdir.
2. Əbu Hüreyrə başqa bir hədisdə Həzrəti İbrahim Xəlilin (ə) hekayətinə işarə edərək onun şəkk etdiyini söyləmişdir. Zaman ki, İbrahim (ə) Allaha müraciət edərək demişdi:
«Ey Rəbbim! ölüləri necə diriltdiyini mənə göstər. Allah-Taaladan belə xitab gəlir: Məgər iman gətirməmisənmi?
O bu hədis barəsində Həzrəti Məhəmməd (s)-i şəkk etməkdə İbrahim (ə)-dan daha haqlı bilir, səbr etməkdə isə Həzrəti Yusif (ə)-ı ondan üstün tutur. Həmçinin, Həzrəti Nuh (ə) barəsində «yaxud möhkəm bir arxaya söykənərəm» – dediyi üçün xoşa gəlməz sözlər söyləmişdir!
3. Həzrəti Süleyman haqqında uydurduğu hədisdə deyir: Süleyman (ə) tez-tez atası Davud (ə)-ın itaətindən çıxaraq onun sözünü yerə salırdı. Onun nəql etdiyi bu əfsanədə deyilir:
«İki qadın hər biri bir körpənin onun özünü olduğuna iddia edərək dalaşır və şikayət üçün həzrəti Davud (ə)-ın yanına gəlir. Davud (ə) məsələdən agah olduqdan sonra yaşca böyük olan qadının xeyrinə hökm verir. Onlar sonra Süleyman (ə)-ın yanına gedib onun da rəyini öyrənmək istəyirlər. Həzrət Süleyman (ə) onları dinlədikdən sonra buyurur: Bıçaq gətirin! Mən uşağı sizin aranızda iki yerə böləcəyəm! Yaşca kiçik qadın (övladına ürəyi yandığı üçün) tez deyir: Yox, belə etmə! Uşaq onundur Həzrəti Süleyman (ə) işi bu yerdə görüb atasının verdiyi hökmün əksinə olaraq yaşca kiçik olan qadının xeyrinə hökm verir».
Axı necə ola bilər ki, iki eyni əqidəli Allah peyğəmbəri onlara müraciət olunan şəri məsələlərdə iki müxtəlif və bir-biri ilə tamamilə zidd olan hökm verirlər. Əbu Hüreyrə and içərək təkidlə deyir ki, o günə qədər (sikkin) bıçaq kəlməsini işlətməyibmiş və onun yerinə (mudyə) bıçaq kəlməsindən istifadə edərmiş!
(Gələcək fəsillərdə bu «hədislər» ilə geniş şəkildə tanış olacaqsınız.)
4. O başqa bir yerdə Həzrəti Süleyman (ə)-ın dilindən deyir: «Bu axşam mütləq qadınlarımın yüzü ilə də yaxınlıq edəcəyəm. Qoy onların hər biri mənim üçün Allah yolunda cihad edən bir oğul doğsun». Mələk onun yanına gəlib deyir: «Ey Süleyman! İnşallah» (əgər Allah istəsə) de! Amma Süleyman (ə) bu sözü deməyib həmin gün qandınlarının hamısı ilə yaxınlıq etdi. Müəyyən müddət keçdi, amma arvadlarının heç biri doğmadı. Yalnız biri doğdu, o da əlil!»
5. Günlərin biri bir qarışqa Musa (ə)-ı dişləyir. O da qəzəblənərək həmin ərazidə olan bütün qarışqaları yandırıb məhv etməyi əmr edir. Allahdan ona vəhy gəlir:
Ya Musa! Səni yalnız bir qarışqa dişlədi, sən isə Allaha zikr edən bu qədər canlı heyvanı yandırıb məhv etdin!
6. Uydurduğu hədislərin biri də İslam Peyğəmbər (s)-i barəsindədir. O deyir: Həzrəti Məhəmməd (s) qəzəbləndiyi zaman günahsız şəxsləri incidər, söyər, təhqir edər və hətta şallaqla da vurardı. Onun bu işi həmən şəxslərin gördükləri günah işlərin kəffarəsi (cəriməsi) hesab olunurdu.
Görəsən bu işi tarixin ən böyük zülmkarı olan Firona aid etmək olarmı?
O zaman Peyğəmbər (s) bağışlanma haqqı olmayan bəzi şəxsləri lənətləyibsə, görəsən onlar da Əbu Hüreyrənin fətvasına əsasən sevilib, əzizlənməli, saleh və xeyirxah şəxslər kimi başqalarından üstün tutulmalıdırlarmı?
Onun bu maraqlı meyarından sonra, görəsən, daha hansı düzgün meyar qalır?
7. Şeytan Həzrəti Məhəmməd (s)-in namazını pozmaq üçün onun yanına gəlir. Peyğəmbər (s) onu tez tutub boğur və sübh namazı vaxtı hamı onu görsün deyə məscidin sütunlarından birinə bağlamaq istəyir. Amma birdən Süleyman (ə)-ın dediyi «İlahi! mənə elə bir mülk və padşahlıq ver ki, məndən sonra kimsəyə nəsib olmasın» söz yadına düşür və şeytanı buraxır.
8. Həzrəti Məhəmməd (s) haqqında uydurduğu başqa bir hədisdə deyir: «Peyğəmbər yuxuya qalaraq sübh namazını qəzaya verdi..».
Onun nəql etdiyi bu kimi saxta və yanlış hədislər bir çoxlarında belə bir fikir yaratdı ki, Peyğəmbər də sair insanlar kimi səhvə, günah işlərə yol vermiş və bəzən məsum bir şəxsə rəva olmayan işlər görmüşlər. Bəziləri də peyğəmbərləri məsum bilməyib, səhv və yanlış əqidəyə əsaslandılar.

Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

1. Əbu Sələmə, Əbu Hüreyrədən yoluxucu olmayan xəstəliklər barəsində bir-biri ilə zidd olan iki hədis nəql etmişdir. Əbu Hüreyrə, nəql etdiyi birinci hədisdə bu növ xəstəlikləri rədd edir, ikinci hədisdə isə belə xəstəliklərin mövcud olmasını təsdiqləyir. Əbu Sələmə bu barədə onunla mübahisə edərkən deyir: Ey Əbu Hüreyrə! Məgər bir qədər əvvəl demədinmi ki, heç bir xəstəlik yoluxucu deyil və onların insana heç bir təsiri yoxdur? Əbu Hüreyrə çıxılmaz vəziyyətdə qalaraq əvvəldə dediyi sözü inkar edir.
2. Onun nəql etdiyi saxta hədislərin birində həzrəti Süleymanın (ə) öz qadınları ilə yaxınlıq etməsi barədə ziddiyyətlərə rast gəlirik. Belə ki, Əbu Hüreyrə onların sayını bəzən 100, bəzən 90, bəzən də 70 və s.. qeyd etmişdir. Bu rəqəmlərin hamısı əhli-sünnətin «Səhih» kitablarında nəql edilmişdir.
3. Onun mühacirət haqqında nəql etdiyi hədislərə diqqət yetirin: Müsəlmanlar Məkkədən Mədinəyə mühacirət etdikləri zaman Əbu Hüreyrə çox yoxsul və səfil bir ayan idi. O başqalarına nökərçilik edərək (bəzən də dilənərək) gündəlik çörək pulunu zorla qazanırdı. Amma bununla belə o keçmiş illəri xatırlayarkən şəxsi evindən və sahib olduğu quldan söhbət açırdı.
Müaviyənin zamanında nəql etdiyi rəvayətlərin birində deyir: «Mədinədə beyət üçün Peyğəmbər (s)-in hüzuruna getdiyim zaman yarı yolda qulum məndən aralanıb qaçdı.
Peyğəmbər (s)-ə beyət etdiyim zaman qulumu onun yanında gördüm. Peyğəmbər (s) məndən soruşdu: Ey Əbu Hüreyrə, bu qul sənindirmi? Cavab verdim: Bəli, ya Rəsuləllah. Mən onu Allah yolunda azad etdim.
4. Qeyd etdiyimiz kimi Əbu Hüreyrə çox yoxsul və fəqir bir şəxs olmuşdur. O, «Süffə» yoxsullarından idi Peyğəmbər (s) vəfat edən günə qədər orada yaşamışdır. Çünki, onun Mədinədə nə bir qohumu, nə də evi var idi. Onun boynundan (dizlərinədək) asdığı bitli parçadan başqa bir şeyi yox idi.
O parçanın iki ucunu bir-birinə bağlayardı ki, övrəti görünməsin. Bəzən acından Peyğəmbər (s)-in minbəri ilə Ayişənin otağı arasında huşunu itirərərək yerə yıxılardı.
Görəsən belə bir acınacaqlı həyat tərzi sürən bir şəxs mühacirət etdikdən sonra Mədinədə yaşadığı evi haradan və necə əldə etmişdir?!
O, bu evə anasının Peyğəmbər (s)-in duası ilə müsəlman olduğunu nəql edərkən işarə etmişdir. Bunu da qeyd edək ki, Əbu Hüreyrə bu rəvayəti Şamda olarkən (Müaviyənin zamanında) nəql etmişdir.
5. Onun nəql etdiyi ziddiyyətli hədislərə, gətirdiyi dəlillərə diqqət yetirsəniz, onların həddən artıq əsassız və mənasız olduqlarına özünüz şahid olacaqsınız. Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxu insanda istər-istəməz ikrah hissi yaradır və dinləyici onun belə maraqsız əfsanələrindən tez bir zamanda yaxa qurtarmağa çalışır.
Əbu Hüreyrə ona etiraz edən şəxslərə, adətən belə cavab verərdi: «Əbu Hüreyrə öz parçasını (əbasını) Peyğəmbər (s)-in qarşısında yerə saldı, O həzrət də əli ilə ona ovuc-ovuc elm tökdü və sonra buyurdu: Onu özünə bağla! Mən də parçanı sinəmə bağlayıb yaddaşsızlıqdan bir dəfəlik yaxa qurtardım. Səhabələrin hamısından çox mən hədis hifz etdim və dünya onun sünnəti ilə doldu».
Sanki Allah özü müxaliflərin cavabını vermək üçün bu sözləri Əbu Hüreyrənin ağzından çıxarmışdır.
Onun nəql etdiyi hədislər bir-birləri ilə zidd olamaqla yanaşı, həm də təkzib edicidir. Buna görə də biz dediklərimizlə kifayətlənməyib mətləbi bir qədər geniş izah etmək istəyirik.
Əbu Hüreyrə dəfələrlə görmədiyi eşitmədiyi hadisələrin şahidi olduğunu iddia edərdi. Yeri gəldikcə, biz bu barədə geniş söhbət açacağıq.
Bu hədisə diqqət yetirin: Günlərin biri Peyğəmbər (s)-in qızı (Osmanın həyat yoldaşı) Rüqəyyənin yanına getdim. Onun əlində daraq var idi. Məni görüb dedi: Bir az bundan qabaq Peyğəmbər (s) burada idi, mən onun saçlarını daradım.
Bu hədisin bütünlüklə Əbu Hüreyrəyə aid olduğunu hamı təsdiqləyir və çox gözəl bilirlər ki, Rüqəyyə hicrətin üçüncü ilində, «Bədr» döyüşündən sonra vəfat etmişdir. Əbu Hüreyrə isə islamı hicrətin yeddinci ilində, yəni Xeybərin fəthindən sonra qəbul etmişdir. Bu hesabla, ey əql sahibləri! özünüz deyin, o vaxt Rüqəyyə, daraq harada idi?!
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 881 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]