Main » Files » Saxtakar » Saxta hədislərin yaranması |
Saxta hədislərin yaranması
2012-10-17, 8:02 AM | |
ALTINCI FƏSİL Müaviyənin xilafəti zamanı Müaviyənin xilafəti dövründə Əbu Hüreyrənin vəziyyəti xeyli yaxşılaşdı. Onun çoxdankı arzuları artıq həyata keçməyə başlayırdı. Daha münasib mövqe əldə etmək üçün Müaviyənin fəziləti və böyüklüyü haqqında onlarla hədis uydurdu və nəhayət Bəni-Üməyyənin razılığını əldə edə bildi. Bu dövrdə (Bəni-Üməyyədən olan) hakim və rəhbərlərin fəzilətinə və Bəni-Haşimin əleyhinə Peyğəmbər (s) hələ öz sağlığında gələcəkdə öz ümməti arasında belə bir vəziyyətin yaranacağını xəbər vermişdi. Hədis nəql edənlərin və onları Peyğəmbər (s)-ə aid edən şəxslərin sayı bir çox şəhər və məntəqələrdə nəzərə çarpacaq miqdarda çoxaldı. Onlar bir-birlərindən özlərinin bəzi xüsusiyyətləri ilə fərqlənirdilər. Hər kəs öz məqam və ictimai mövqeyinə uyğun tərzdə yalan hədis nəql edir və mümkün olduqca daha çox müştəri əldə etmək istəyirdi. Əbu Hüreyrə bu «sürünün» başçısı idi və yalan hədis nəql etməkdə ona çatan ikinci bir şəxs yox idi. O bu müddət ərzində heç kəsin inana bilmədiyi miqdarda müxtəlif mövzularda hədis nəql etdi. Biz bu fəsildə onlardan bir neçəsini qeyd edirik. 1. İbni Əsakir, İbni Udeyy, Məhəmməd ibni Aiz, Məhəmməd ibni Əbdus-Səmərqəndi, Məhəmməd ibni Mübarək Suru və Xətib Bağdadi Əbu Hüreyrədən belə nəql edirlər: Peyğəmbər (s)-in bu sözləri buyurduğunu eşitdim: «Allah üç nəfəri: məni, Cəbrayılı və Müaviyəni öz vəhyinin əmanətdarı təyin etmişdir». 2. Xətib Bağdadi başqa bir hədisdə Əbu Hüreyrədən belə nəql edir: «Bir gün Peyğəmbər (s) şəxsən özü Müaviyəyə bir ox verib buyurdu: «Al bunu! Bu oxun vasitəsi ilə sən cənnətdə mənim görüşümə gələcəksən». 3. Əbu Abbas və Vəlid ibni Əhməd Zuzəni «Şəcərətul-əql» kitabında iki mənbədən Əbu Hüreyrədən belə nəql edirlər: Peyğəmbər (s)-in bu sözləri buyurduğunu eşitdim: «Əbu Bəkrin ağ mirvaridən tikilmiş bir günbəzi vardır. Orada daim Allah-Taalanın rəhmət küləyi əsər. Onun zahiri Allahın əfvi (bağışlaması), batini isə Allahın rizasıdır (razılığıdır). O, Allahı görmək istəyəndə oradan kiçik bir dəlik açılır və o, həmin dəlikdən Allaha tamaşa edir». 4. İbni Həbban Əbu Hüreyrədən belə nəql edir: Peyğəmbər (s) mühacirət günü mağaranı tərk edib Mədinəyə getdiyi zaman Əbu Bəkr də onunla birlikdə idi. O, Peyğəmbər (s)-in dəvəsinin yüyənindən yapışıb qabaqda gedirdi. Bir qədər yol getdikdən sonra Peyğəmbər (s) buyurdu: Ey Əbu Bəkr! Sənə bir müjdə verməyimi istəyirsənmi? Əbu Bəkr dedi: Buyurun, ya Rəsuləllah. Peyğəmbər (s) dedi: Allah qiyamət günü hamı üçün ümumi surətdə təcəlli edər, (aşkar olar.) Amma sənin üçün ayrılıqda təcəlli edər! 5. İbni Həbban Əbu Hüreyrədən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s) Cəbrayılla birlikdə olarkən Əbu Bəkr onların yanından ötüb keçdi. Cəbrayıl dei: Bu, Əbu Bəkr Siddiqdir. Peyğəmbər (s) soruşdu: Onu səndəmi tanıyırsan? Cəbrayıl cavab verdi: Bəli, tanıyıram. Çünki o asimanda yerdəkindən daha çox tanınır. Göydəki mələklər onu «Qureyşin ən səbirlisi» adı ilə tanıyırlar. 6. Xətib Bağdadi ondan nəql etdiyi hədisdə deyir: Əbu Bəkr dünyaya gələn gün mələklər bir-birinə müjdə verdilər və Allah-Taala əbədi olan cənnətə gəlib dedi: «And olsun izzət və böyüklüyümə, bu şəxsi sevməyəni cənnətdən mərhum edərəm!» 7. İbni Udeyy Əbu Hüreyrədən (Peyğəmbərin dilində) belə nəql edir: «Mən meracda olduğum zaman keçdiyim bütün asimanlarda bu sözlərin yazıldığını gördüm: «Məhəmməd Allahın peyğəmbəri, Əbu Bəkr isə insanların ən sadiqidir (ən düz danışanıdır)». 8. Əbul Fərəc ibni Cövzi Əbu Hüreyrədən belə nəql edir: Bir gün Peyğəmbər (s)-in yanında olduğum zaman mənə belə bir əhvalat nəql etdi: Günlərin birində cənnət və cəhənnəm bir-birinin qarşısında özlərini öyürdülər. Cəhənnəm cənnətə deyir: Mən səndən üstünəm, çünki mən özümdə fironları, zalım sitəmkarları və zülmkar padşahları və onların övladlarını yerləşdirərək cəzalandırıram. Bu vaxt Allah-Taala cənnətə vəhy edərək ona belə cavab verməyi əmr etdi. (De:) «Xeyr! Mən səndən üstünəm, çünki Allah-Taala məni Əbu Bəkrin vücudu ilə zinətləndirmişdir». 9. Xətib Bağdadi Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər Əliyə söykənmiş halda (məsciddən) çölə çıxdı. Onlar orada Əbu Bəkr və Ömərlə qarşılaşdılar. Peyğəmbər Əlidən soruşdu: Ya Əli, bu iki nəfəri svirsənmi? Əli cavab verdi: Bəli, ya Rəsuləllah. Sonra Peyğəmbər buyurdu: Onları sev ki, cənnətə daxil ola biləsən. 10. Xətib Bağdadi özünün «Tarix» kitabında və İbni Şahin özünün «Sünən» kitabında Əbu Hüreyrədən belə nəql edirlər: Peyğəmbər (s) buyurmuşdur: «Asimanda səksən min mələk Allahdan, Əbu Bəkr və Öməri sevənlərin bağışlanmasını istəyirlər. İkinci qat asimanda isə Əbu Bəkr və Ömərin düşmənlərinə lənət oxuyurlar». Bütün bu hədislərin puç və batil olduğu hamıya bəllidir. Bu həqiqəti hətta bu hədisləri nəql edən ravilər belə, etiraf etmişlər. Məşhur ravi Süyuti də bu hədisləri əsassız və uydurulmuş hədislərin sırasında qeyd edərək onlara istinad etməməyi tövsiyə edir. Amma məsələ burasındadır ki, onlar Əbu Hüreyrəni, bu işlərinə görə əsla günahlandırmayırlar. Onlar inanırlar ki, Əbu Hüreyrə Peyğəmbəri görmüş və ondan hədis nəql etmiş günahsız bir müsəlmandır. Deməli onlar Əbu Hüreyrənin özünü yox, bu hədisləri nəql edənləri müqəssir bilirlər. Onlar Əbu Hüreyrənin nəql etdiyi digər (əsassız) hədislər barəsində də danışmağa söz tapmayıb onların hərəsini bir cür yozmağa çalışmışlar. Aşağıdakı hədislərə diqqət yetirin: 1. Peyğəmbər (s)-in bu sözləri buyurduğunu eşitdim: «Bu, Cəbrayıldır. O, Allahdan mənə xəbər gətiribdir ki, Əbu Bəkr və Öməri mömin və pərhizkarlardan başqa heç kəs sevməz və onların düşmənləri yalnız nadan və münafiqlər olar». (Bu hədis Zəhəbinin «Mizanul-etiqad» adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.) 2. «Allah-Taala məni öz nurundan, Əbu Bəkri mənim nurumdan, Öməri Əbu Bəkrin nurundan və ümmətimi də Ömərin nurundan yaratdı». (Bu hədis də Zəhəbinin «Mizanul-etiqad» adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.) 3. «Əbu Bəkr və Ömər keçmiş və gələcək insanların ən xeyirxahlarıdırlar». (Bu hədis Zəhəbinin «Mizanul-etiqad» adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.) 4. «Mənim səhabələrim göydəki ulduzlar kimidirlər. Hər kim onlara iqtida edərsə (onların ardınca getsə), haqq yola hidayət olunar». (Bu hədis Zəhəbinin «Mizanul-etiqad» adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.) 5. «Mən və səhabələrimdən olan Əbu Bəkr, Ömər, Osman və Əli İncildə tumurcuqlayan çiçək kimi tanıtdırılmışıq». (Bu hədis Zəhəbinin «Mizanul-etiqad» adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.) Əbu Hüreyrənin bu və bu kimi başqa hədisləri batil və əsassızdır. «Səhihi-Buxari» və «Səhihi-Müslüm» kitablarında bu qəbil hədislərə çox rast gəlmək olur. Biz 11-ci fəsildə onlardan bəzilərinə işarə edəcəyik. Seyyid Əbdülhüseyn Şərəfuddin Amili | |
Views: 841 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |