Cümə axşamı, 2024-04-25, 10:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:00 AM
Saxta hədislərin yaranması




YEDDİNCİ FƏSİL
Bəni-Üməyyənin Əbu Hüreyrəni himayə etməsi
Əgər Əbu Hüreyrənin əməvilərdən əvvəl və sonrakı vəziyyətinə nəzər salsaq bu xilafətin onun üçün necə böyük nemət olduğunun şahidi olacağıq. Əməvi xilafətindən əvvəl o yoxsul, əhəmiyyətsiz və öz sözü ilə desək, paltarında bit gəzən bir şəxs idi. («Hilyətul-övliya», 1-ci cild, səh.381) Əməvilər hakimiyyəti ələ aldıqdan sonra Əbu Hüreyrəni də yerdən götürüb ona da özlərinin geyindikləri ipək və zərli paltarlar geyindirdilər. Belə ki, Əbu Hüreyrə kasıbçılığın daşını bir dəfəlik atdı. («Ət-təbəqatul-kubra») Əməvilər ona qiymətli ipək və kətan parçalardan paltarlar geydirib («Səhihi-Buxari», 4-cü cild, səh.175») Əqiq məhəllə-sində onun üçün böyük bir qəsr tikdirdilər.
Bu yolla Əbu Hüreyrə Əməvi xilafətinin müti nökərinə çevrilərək adı dillər əzbəri oldu. Sonra onu Peyğəmbər (s)-in şəhəri olan Mədinəyə vali təyin edib Qəzvan ibni Cabir ibni Vəhəb Mazinənin qızı Busrəni ona ərə verdilər. Əbu Hüreyrə bu evlənməni ağlına belə gətirməzdi və heç vaxt təsəvvür edə bilməzdi ki, o, bir gün belə bir kəsin qızı ilə ailə quracaqdır.
Çünki, bir neçə il bundan qabaq o, qarnını doydurmaq üçün bu qadının yanına gələr və ona nökərçilik edərək bir qarınlıq azuqə istəyirdi. («Tarixi Əbul Sirac», «Əl-İsabə kitabları. «Əl-İsabə və «Məarif» (ibni Quteybə) və «Ət-təbəqatul-gubra».) Məzarib ibni Covz deyir:
Axşam küçədə gəzişirdim. Birdən bir kişi nəzərimi cəlb etdi. O ardıcıl şəkildə təkbir deyirdi. Diqqət etdikdən sonra gördüm ki, bu şəxs Əbu Hüreyrədir. Soruşdum: Ey Əbu Hüreyrə, burada nə edirsən?
Cavab verdi: Allaha şükr edirəm ki, əvvəllər qarnımı doydurmaq üçün Qəzvanın qızı Busraya nökərçilik edirdim. O, dəvəyə minərkən su verər, düşdükdən sonra ona qulluq edirdim. Amma indi onunla ailə qurmuşam və mən atdan düşdükdən sonra gəlib mənə qulluq edir. O vaxtlar elə ki, bir düzənliyə çatırdıq, o mənə deyirdi: Mənə «kaci» halvası bişir ha! İndi isə «kaci» halvasını bişirməyi mən ona göstəriş verirəm. («Əl-İsabə».)
Əbu Hüreyrə Mədinənin valisi olarkən həmişə belə deyərdi: Cavanlığımı yetimlikdə keçirdim. Mühacirət etdiyim zaman yoxsul (aciz) və Busranın əlində əsir idim. Məni ölümdən saxlayacaq bir tikə çörəyə möhtac idim. Onlar evdə olanda qulluqlarında dururdum, dəvəyə minmək istədikləri zaman dəvələrin sakit durması üçün mahnı oxuyurdum. Amma indi Allah onu mənə arvad etmişdir. Şükr olsun Allaha ki, öz dinini gücləndirdi və Əbu Hüreyrəni pişnamaz və başçı qərar verdi. («Ət-təbəqatul-kubra», 4-cü cild, səh.53)
Bəzən də belə deyərdi: Bir tikə çörək üçün Qəzvanın qızına qulluqçuluq edirdim. O məni ayaqyalın, başı açıq halda bütün işlərə əmr edərdi. Amma bir müddətdən sonra Allah onu mənə arvad etdi. İndi mən ona göstəriş verirəm və o mənə qulluq edir. («Ət-təbəqatul-kubra», 4-cü cild, səh.53)
O, günlərin biri camaat namazı qılırdı. Salamları deyib qurtardıqdan sonra uca səslə dedi: Allaha şükr edirəm ki, öz dinini qüvvətləndirdi və Əbu Hüreyrəni bir tikə çörəkdən ötrü Qəzvanın qızına qulluqçuluq etməkdən pişnamazlıq zirvəsinə (məqamına) ucaltdı. («Hilyətul-övliya», 1-ci cild, səh.379)
Mədinənin valisi olarkən bir gün Peyğəmbər (s)-in minbərinə çıxıb dedi: Allaha şükr olsun ki, mənə dadlı yeməklər yeməyi, ipək paltarlar geyməyi nəsib etdi, Qəzvanın qızını ona qulluqçuluq etdikdən sonra mənə arvad etdi. O mənə hökmranlıq etdiyi kimi, mən də ona hökmranlıq edirəm.

SƏKKİZİNCİ FƏSİL

Əbu Hüreyrə Əməvilərin ona göstərdikləri qayğıya görə onlara təşəkkür edir
Əməvi xilafəti həqiqətən də Əbu Hüreyrəyə qayğı göstərməklə onu özlərinə qul etdilər və onun bütün ixtiyarlarını əlindən aldılar. Hətta onun gözü, qulağı və qəlbi onların ixtiyarında idi.
Əbu Hüreyrə də onların arzu və istəklərinə uyğun olaraq əsasında hərəkət edirdi.
Beşinci və yeddinci fəsillərdə dediyimiz kimi, Əbu Hüreyrə bəzən əməvi xilafətinin fəziləti haqqında Peyğəmbərdən hədis və rəvayət uydururdu. O həmçinin Müaviyənin və onun zalım əyanlarının ona göstərdikləri hörmətin müqabilində Əbu Bəkr və Öməri mədh edən hədislər uydururdu. Çünki, əməvi hakimləri xilafəti əldə saxlamaq üçün bir sıra işlər görməli idilər. Onlar belə güman edirdilər ki, Peyğəmbərin həqiqi canişini Əli (ə) və Əhli-beyti ilə müxalifət edərək Əbu Bəkr və Öməri hamıdan üstün qələmə verməklə bu istəklərini həyata keçirə biləcəklər. Beləliklə Əbu Hüreyrə bu və digər mövzularda hədis və rəvayət nəql etməyə başladı.
(Biz kitabın yeddinci fəslində o hədislərin bəziləri haqqında söhbət açdıq.)
O hədislərdən biri Əbu Bəkrin hicrətin doqquzuncu ilində Həcc karvanına başçılıq etməsi haqqında idi. Başqa bir hədisdə isə Ömərin mələklərlə söhbət etməsindən danışılırdı. Əməvi xilafəti Peyğəmbər (s)-in ailəsinə əziyyət vermək və onları ictimai səhnədən uzaqlaşdıraraq ev dustağına çevirmək üçün bu iki hədisin hər hansı yolla olursa olsun, yayılmasını məmurlardan tələb edirdi. Müaviyə və onun havadarları bu yolda əllərindən gələni edirdilər. Bu hədislər cəmiyyətdə o qədər geniş vüsət tapdı ki, bir çox şəri məsələləri onlarla müqayisə edir və onları özləri üçün meyar qərar verirdilər. Təəssüflər olsun ki, bu hədislər «Sihah» kitablarında da nəql edilmişdir. Biz kitabın 11-ci fəslində, inşalla, bu barədə geniş söhbət açacağıq.
Əbu Hüreyrə əməvilərin yürütdüyü siyasətə uyğun (yəni Əli (ə)-ın əleyhinə) və bu siyasətin tələblərinə cavab verən hədislərdə nəql edirdi:
1. Peyğəmbər (s) buyurmuşdur: «Günəş Beytül Müqəddəsə getməkdə olan Yuşə ibni Nundan başqa heç kəs üçün öz əvvəlki yerinə çatmayıb və kimsənin əmri ilə hərəkətdən dayanmayıb».
2. «Ən yaxın qohumlarını qorxut» ayəsi nazil olduqda həzrəti Peyğəmbər (s) buyurdu: «Ey Qureyş əhli..». Amma Əbu Hüreyrə əməvi xilafətinin yürütdüyü siyasətin tələbinə uyğun olaraq həqiqətdən üz döndərib baş vermiş əhvalatı təhrif etmişdir.
3. Peyğəmbər (s) buyurmuşdur: «Məndən sonra mənim yerdə qalan var-dövlətim qohum-əqrəbam arasında bölüşdürülməməlidir».
4. Peyğəmbər (ə) ölüm ayağında olan əmisi Əbu Talibə dedi: «La ilahə illəllah» de. Elə bu vaxt Allah-Taala tərəfindən bu ayə nazil oldu:
«Ya Məhəmməd, şübhəsiz ki, sən öz istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah öz istədiyini doğru yola hidayət edər». («Qəsəs» surəsi, ayə:56)
Əbu Hüreyrənin bu məzmunda bir sıra başqa uydurma hədisləri də vardır ki, onları nəql etməkdə onun əsas məqsədi Peyğəmbər (s)-in həqiqi canişini olan Əli (ə)-ın məqamına xələl gətirib onu gözdən salmaq olmuşdur.
Əbu Cəfər Əslafi deyir: Müaviyə səhabə və ona yaxın olan dostlarından bəzilərini başına yığıb Əli (ə)-a tənə vurmağa və o həzrət haqqında nalayiq sözlər yaymağa xüsusi göstəriş verərdi. Onlar da Müaviyənin istəklərini həyata keçirərək bunun müqabilində ondan «zəhmət haqqı», xeyli var-dövlət və qiymətli hədiyyələr alardılar. Aşağıdakı şəxslər həmin dəstəyə (yəni Müaviyənin ravilərinə) aiddirlər:
Əbu Hüreyrə, Əmr ibni As, Müğeyrət ibni Şöbə (bunlar səhabə idilər), Ürvət ibni Zübeyr və başqaları isə tabeinlərdən sayılırdılar.
Əbu Cəfərdən nəql olunmuş başqa bir rəvayətdə deyilir: Müaviyə İraqa gəldiyi zaman Əbu Hüreyrə də onu müşayiət edirdi. Onlar Kufə məscidinə daxil olduqları zaman böyük insan kütləsi ilə qarşılaşdılar. Əbu Hüreyrə dizləri üstə çöküb başına vura-vura dedi: «Ey İraq camaatı! Yoxsa belə güman edirsiniz ki, Allah və Onun Peyğəmbər (s)-inə yalan qoşmaqla özümü cəhənnəm oduna atıram?! And olsun Allaha ki, Onun Peyğəmbəri (Həzrət Məhəmməd) belə buyurmuşdur:
«Hər peyğəmbərin müqəddəs bir məkanı olmuşdur, mənim də məkanım Mədinədir. Orada fitnə-fəsad törədən şəxsə Allahın, Onun mələklərinin və bütün insanların lənəti şamil olar».
Sonra dedi: Mən Allahı şahid tuturam ki, Əli belə bir iş tutmuşdur!
Müaviyə Əbu Hüreyrənin bu işindən olduqca razı qaldı və onu Mədinəyə vali (hakim) təyin etdi.
Əbu Hüreyrə bəzən Bəni-Üməyyə münafiq-lərini himayə edərək onların şəninə yalan hədislər qoşurdu. Halbuki, Allah və Onun Peyğəmbəri həmin münafiqlərə lənət oxumuş və ümmətə onlardan uzaq olmağı əmr etmişdir.
«Peyğəmbər heç vaxt həvayi-nəfs üzündən danışmır. Onun dedikləri ona ilham olunan vəhydən başqa bir şey deyildir».
Əbu Hüreyrə Müaviyənin və camaatın nəzərində xoş təəssürat buraxıb, onların hörmətini qazanmaq üçün hədis nəql etdiyi zaman adətən deyərdi: Allah Peyğəmbərindən bu sözləri eşitdim: «İlahi! Məhəmməd də sair insanlar kimi bir bəşərdir. Bəzən qəzəblənərək kimisə vurmuş, kimisə acıqla təhqir etmişəm. Bütün bunları onların günahlarının kəffarəsi qərar ver (hesab et) və qiyamət günü onlara dərgahında yer ver».
Mərvan və onun övladları belə yalan hədislərin sayını artırmaq məqsədi ilə Əbu Hüreyrə üçün istədiyi şəraiti yaradıb, uydurulmuş hədislərin islami məmləkətlərdə yayılmasında bütün imkanlardan istifadə edirdilər. İş o yerə çatmışdı ki, «Səhihi sittə («Sihahi-sittə» sünnü məzhəblərinin ən mötəbər sayılan altı hədis kitablarıdır.) kitablarının müəllifləri də bu hədislərdən geniş şəkildə istifadə edərək öz kitablarında onlar üçün xüsusi bab (fəsil) ayırmaqdan belə çəkinməyirdilər.
Onlar Əbu Hüreyrənin məqamını ucaltmaq üçün onu ən təqvalı və ən pəhrizkar səhabə kimi qələmə verirdilər.
Məsələn, əməvi xəlifəsi Mərvan öz katibi Zuəyzəni elə bir yerdə oturdardı ki, onun yanına gələnlər katibi görə bilməyirdilər. Zuəyzə Mərvan ilə görüşən şəxslərin arasında olan söhbətləri olduğu kimi kağız üzərinə köçürərdi. Günlərin biri o, Əbu Hüreyrəni hüzuruna çağırıb ona bir neçə sual verdi. Əbu Hüreyrə cavabında Peyğəmbər (s)-dən hədis nəql etdi Zuəyzə Mərvan ilə Əbu Hüreyrə arasında olan söhbəti olduğu kimi yazıb xəlifəyə təqdim etdi.
Bir ildən sonra Mərvan Əbu Hüreyrəni yenə yanına çağırıb bir il əvvəl ondan soruşduğu sualları yenə təkrar soruşdu. Əbu Hüreyrə bir il əvvəl olduğu kimi, suallara cavab verdi. Mərvan katibinin köməyi ilə Əbu Hüreyrənin səhv və yalan ilə dolu olan cavablarını hədis adı ilə Şamda və sair məntəqələrdə yaymağa başladı. Hakim özünün «Əl-müstədrək» kitabında bu əhvalatı bəyan edərkən Əbu Hüreyrənin hiylələrini ifşa etmişdir.
Başqa bir yerdə deyilir: İmam Həsən Müctəba (ə) vəfat etdiyi zaman səhabələr onu cəddi Peyğəmbər (s)-in qəbrinin yanında dəfn etmək istəyirdi. Amma Mərvan bu işlə tam müxalif idi. O, Əbu Hüreyrəni yanına çağırıb bir çıxış yolu tapmağı istədi. Əbu Hüreyrə də nəyin bahasına olursa olsun, Mərvanın məqamını ucaltmağa, onu Allah dininin qoruyucusu və Peyğəmbər (s)-in ən yaxın səhabələrindən biri kimi tanıtdırmağa ciddi cəhd edirdi.
Mərvan müxtəlif yalan hədislərə əsaslanaraq onu Təlhə, Zübeyr, Osman, Əli və Ömər kimi məşhur səhabələrlə eyni səviyyədə tutardı.
Əbu Hüreyrə Mərvanın məqamını ucaldır, o da öz növbəsində Əbu Hüreyrəyə böyük ənamlar verərək onun üçün lazımı olan şəraiti tez bir zamanda hazır edirdi.
«Vay o şəxslərin halına ki, öz əlləri ilə istədikləri kimi kitab yazıb sonra onun müqabilində bir az pul almaqdan ötrü «bu Allah tərəfidəndir!» deyirlər. öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına». («Bəqərə» surəsi, ayə:7)
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]