Cümə günü, 2024-04-26, 10:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:59 AM
Saxta hədislərin yaranması




ƏBU HÜREYRƏ TƏRƏFİNDƏN NƏQL OLUNMUŞ HƏDİSLƏRİN MİQDARI

«Əl-isabə adlı kitabda Əbu Hüreyrənin tərcümeyi-halı geniş surətdə dərc edilmişdir. Oradan belə məlum olur ki, Əbu Hüreyrə səhabələr arasında ən çox hədis və rəvayət nəql edən şəxs olmuşdur.
Onun nəql etdiyi hədislərin sayı 5370-ə çatır. Təkcə «Səhihi-Buxari»də ondan 446 hədis nəql olunmuşdur. İlk dörd xəlifənin (Əbu Bəkr, Ömər, Osman və Əli (ə)) Peyğəmbərdən nəql etdiyi hədislər Əbu Hüreyrənin nəql etdiyi hədislərin yalnız 25 faizini təşkil edir. Yəni Əbu Bəkr Peyğəmbərdən 142, Ömər 537, Osman 146 və Əli (ə) 586 hədis (ümumən 1411) nəql etmişlər. Təkcə Əbu Hüreyrə isə Peyğəmbərdən 5374 hədis nəql etmişdir. Göründüyü kimi, 1411-5374-in yalnız 25 faizini təşkil edir.
Bir anlıq əshabın (xüsusilə, bu dörd xəlifənin) həyat tərzinə nəzər salaq. Onlar islam dininin zühur etdiyi ilk günlərdən əzablı və məşəqqətli həyat tərzi keçirmiş və illər boyu küfr ilə mübarizə etmişlər. Bu dörd səhabə 52 il ərzində Allah qarşısında böyük imtahan verib ən ağır şəraitdə imanlarını qoruyub saxlaya bilmişlər. Onlar iyirmi üç il Allah Peyğəmbəri (s)-nə xidmət etmiş və onun vəfatından sonra iyirmi doqquz il hakimiyyətdə olaraq dövlət işlərində fəaliyyət göstərmiş və islam dininin yayılmasında böyük rol oyna-mışlar. Allah-Taala «Qeysər» və «Kəsra» mülklərini (İran və Roma imperatorluqlarını) onların əli ilə fəth etdi. Onların xilafəti dövründə bir çox ölkələr islamı qəbul etdi və Peyğəmbər (s)-in sünnəti bu ölkələrdə geniş surətdə yayılmağa başladı.
Bəs necə ola bilir ki, Əbu Hüreyrənin nəql etdiyi hədislər Peyğəmbər (s)-ə hamıdan yaxın olan bu dörd səhabənin nəql etdiyi hədislərdən çoxluq təşkil edir?
Bu suala hədis alimləri və nəzər sahibləri cavab verməlidirlər!
Peyğəmbər (s)-in həyat yoldaşı Ayişə hədis nəql etməkdə bir çoxlarını üstələmişdi, amma bununla belə o, Əbu Hüreyrənin nəql etdiyi hədislərin yarısını belə nəql edə bilməmişdir. Bunu da qeyd etmək lazımdır ki, Ayişə Əbu Hüreyrə islamı qəbul etməzdən on il əvvəl Peyğəmbər (s)-ə ərə getmiş və 14 il vəhyin nazil olduğu, başqa sözlə desək, Cəbrayıl və Mikayıl (ə)-ın gəlib getdikləri bir yerdə yaşayırdı və o, Əbu Hüreyrədən sonra vəfat etmişdir. (Məlum məsələdir ki, Peyğəmbərlə birlikdə yaşayan və onunla hamıdan çox həmsöhbət olan şəxs Əbu Hüreyrə deyil, məhz Ayişə olmuşdur. Bəs Peyğəmbərin buyurduqlarını daha yaxşı dərk edən kim olmuşdur: Ayişə, yoxsa Əbu Hüreyrə?)
1 - İbni Əbu Əkbər «Əl-İstiyab» adlı kitabda İbni Şilabdan nəql edərək yazır: Allah Peyğəmbəri (s) besətin onuncu ilində hicrətdən üç il əvvəl şəvval ayında Ayişə ilə əqd bağladı və hicrətdən 18 ay keçəndən sonra, şəvval ayında Mədinədə onu öz evinə gəlin apardı.
Deməli onun Peyğəmbər (s) ilə ailə qurması Əbu Hüreyrənin islamı qəbul etməsindən on il əvvəl baş vermişdir.
Hicrətin ilində Ramazan ayının 17-də Əbu Hüreyrədən bir neçə gün sonra vəfat etmişdir. Müaviyə tərəfindən Mədinəyə vali təyin olunmuş Vəlid ibni Utbətibni Əbi Süfyan göstəriş verdi, Əbu Hüreyrə Ayişə üçün meyyit namazı qıldı. Onlar da Əbu Hüreyrəyə ehtiram əlaməti olaraq (vəfatından sonra) onu «Bəqi» qəbiristanlığında dəfn etdilər.
Ayişənin zirəkliyi və dərrakəsi hamıya məlumdur. O, zəmanəsinin ən dərrakəli və ən zirək şəxsi idi. Onun qəlbi Peyğəmbər (s)-ə, qulaqlarından daha yaxın idi. O hər bir münasibətə uyğun gözəl məzmunlu və geniş mənalı şer yazar və onu başqaları üçün oxuyardı.
Urvədən nəql olunmuş bir rəvayətdə deyilir:
«Fiqh, təbabət, şer elmlərində. Ayişədən bilici ikinci bir şəxs görmədim».
Məşhur ravi Məsruq isə deyir: «Peyğəmbər (s)-in məşhur səhabələrinin arasında hamıdan bilikli və hazırcavab bir qadın gördüm. Hamı ondan müxtəlif mövzularda sual soruşur, o da onlara qane edici cavablar verirdi».
Onun mübəlliğləri hər tərəfə (xüsusilə Bəsrəyə) yayılıb şəri hökmləri yerli əhaliyə öyrədirdilər. Amma bütün bunlara baxmayaraq onun nəql etdiyi hədislərin sayı iki min iki yüz ondan artıq olmamışdır. Göründüyü kimi bu miqdar, Əbu Hüreyrənin nəql etdiyi hədislərin hətta yarısını belə təşkil etmir.
Ümmü Sələmə və həzrət Fatimə (ə)-ın nəql etdikləri hədisləri Ayişə və dörd xəlifədən nəql olunmuş hədislərə əlavə etsək, onların cəmi Əbu Hüreyrənin hədis məcmuəsindən yenə azlıq təşkil edəcəkdir. Qəribə hal burasındadır ki, Əbu Hüreyrə daim elə güman edirdi ki, Peyğəmbər bəzi hədisləri yalnız ona nəql etmiş və ondan savayı bir başqasına söyləməmişdir. O özünü böyük elm mənbəyi və Peyğəmbər (s)-dən nəql olunmuş hədislərin xəzinəsi təsəvvür edirdi.
Bildiyiniz kimi, Əbu Hüreyrə çox sirr saxlayan və qapalı insan olmuşdur. Bu haqda o özü belə deyir:
1. Mən Həzrəti Peyğəmbərdən iki hədis xəzinəsi əxz etmişəm. Onlardan birini hamıya bəyan edər, digərini isə kimsəyə nəql etmədən sinəmdə gizli saxlayıram. Əgər bu gizli hədisləri kimsəyə nəql etsəm, dərhal boğazımı üzərlər.
2. Əgər bildiklərimin hamısını sizlərə bəyan etsəm camaat məni daş-qalaq edərək dəli hesab edərlər.
3. Əgər bildiklərimin hamısını sizlərə bəyan etsəm məni qırmancla vuraraq özünüzdən uzaqlaşdırarsınız.
4. Deyirlər: Ey Əbu Hüreyrə, nə çox danışırsan! Dedi: And olsun Allaha, əgər Peyğəmbər (s)-dən eşitdiklərimin hamısını sizlərə bəyan etsəm mənim başıma qapaz vuraraq özünüzdən uzaqlaşdırmaq istəyərsiniz.
5. Allah Peyğəmbərindən elə şeylər eşitdim ki, əgər indi onları sizə nəql etsəm məni daş-qalaq edərsiniz.
6. Allah Peyğəmbərindən (s) beş kisə (görünür, bu, Əbu Hüreyrəyə xas olan ölçü vahidi olmuşdur) hədis eşitdim. Onlardan yalnız iki kisəsini sizlər üçün nəql edirəm. Əgər qalanını da sizlərə nəql etsəm məni daş-qalaq edərsiniz.
Əbu Hüreyrə Peyğəmbər (s)-in nə vəliəhdi, nə də canişini olmamışdır. Çünki əgər Peyğəmbər (s) belə bir şey söyləsəydi, yalnız bu şəxslərə söyləyərdi. Deməli Əbu Hüreyrənin bu iddiası batil və əsassızdır.
Yoxsa Əbu Hüreyrə elə bir məqama çatmışdı ki, Peyğəmbər (s) ən yaxın səhabələrə söyləmədiyi şeyləri tək ona bəyan edirdi? Bu necə sirr idi ki, Peyğəmbər (s) o hədisləri öz əhli-əyalından (ailə üzvlərindən) gizli saxlayıb tək Əbu Hüreyrəyə bəyan etmişdir? Təbiidir ki, onlar Peyğəmbər (s)-ə hamıdan daha yaxın və daha əziz idilər. Çünki, onlar Peyğəmbər (s)-ə hamıdan tez iman gətirmiş və islam dininin yayılmasında böyük fədakarlıq göstərmişlər. Digər tərəfdən isə bəzi hədisləri tək Əbu Hüreyrəyə deyib başqa-larından gizli saxlamaq Peyğəmbər sünnətindən uzaq bir iş olardı.
Əgər o hədislər Əbu Hüreyrənin «sirli qəlbində qalacaqdırsa (və onun xeyri bir kəsə dəyməyəcəkdirsə) onu belə insana nəql etməyə dəyərdimi? Bir qədər əvvəl qeyd etdik ki, islamı Əbu Hüreyrədən əvvəl qəbul etmiş səhabələr Peyğəmbər (s) üçün hamıdan əziz və hamıdan əhəmiyyətli idi. O bütün müşkül məsələlərini onlar ilə həll edər və mühüm işlərdə onlarla məşvərət edərdi. Necə ki, Qurani-Kərimdə bu haqda deyilir:
«Bir də öndə olanlar, öndə olanlar! Bunlar Allaha və Onun Peyğəmbərinə hamıdan qabaq iman gətirənlərdir; yaxşı əməllər etməkdə hamını ötüb keçən, ömürlərini Allaha ibadətlə həsr edən, var-dövlətlərini isə Allah yolunda xərcləyən kimsələrdir. Onlar dünyada yaxşı işlər görməkdə hamıdan öndə olduqları kimi, qiyamət günündə Allahın lütf və mərhəmətinə hamıdan qabaq nail olacaqlar».
Cənnətin ən yüksək təbəqələri onlara məxsusdur. Mühacirlər və ənsar bu zümrəyə daxildir. Onlar necə də xoşbəxtdirlər! Bunlar (Allah dərgahına, Allahın lütfünə və mərhəmətinə) yaxın olanlardır. («Vaqiə» surəsi, ayə:10-11)
Bəzən də özü haqda deyərdi: «Əbu Hüreyrə kimsədən bir şey gizlətməyir və kağız (dəri) üzərinə heç nə yazmayır». Göründüyü kimi onun bu sözü bir qədər əvvəl dediyi «Mən Peyğəmbər (s)-dən iki hədis xəzinəsi əxz etmişəm (almışam). Onlardan birini hamıya bəyan edər, digərini isə kimsəyə nəql etmədən özümdə saxlaram. Əgər bu gizli hədisləri bir kəsə bəyan etsəm dərhal boynumu üzərlər» sözləri ilə tamamilə ziddir.
Biz üzümüzü bu barədə təhqiqat aparan şəxslərə tutub onlardan soruşuruq: Əbu Hüreyrənin gizli saxladığı sirlər Peyğəmbər (s)-in (xilafətlə bağlılığı olan) öz vəsisinə (nümayəndəsinə) tapşırdığı sirlər ilə əlaqədar idi, yoxsa digər məsələlər ilə?
Əgər xilafətə aid olubsa Əbu Hüreyrə onu gizli saxlamaqda çox böyük bir səhvə yol vermiş olur. Çünki Peyğəmbər (s)-dən sonra xilafət uğrunda böyük ixtilaflar meydana çıxdı və onun elə bir vaxtda hamıya bəyan etməsi zəruri idi. Əgər canının qorxusundan bunu gizli saxlayıbsa yenə də ona bəraət qazandırmaq olmaz. Çünki özünü islam uğrunda fəaliyyətlərini o qədər tərif edən şəxs özü haqqında bir an belə düşünməməli idi.
Məgər bu, Əbu Hüreyrənin dediyi sözlər deyildimi:
«Peyğəmbər (s) sübh namazını yatıb yuxuya qaldığı üçün qəza etdi».
«Şeytan onu namazdan ayırmaq üçün ibadətlə məşğul olarkən yanına gəlir».
«Peyğəmbər (s) dörd rükətli namazı iki rükət qıldı. Ondan «namazı qısa (şikəstə) qıldın, ya unutdun?» deyə soruşduqda, cavab verir: Nə unutdum, nə də qısa qıldım».
«Peyğəmbər (s) qəzəbləndiyi zaman günahsız şəxsləri döyər, təhqir edər və onlara lənət oxuyardı».
Onun Peyğəmbər (s) haqqında dediklərini nə ağıl qəbul edir, nə də şəriət.
Başqa bir yerdə Əbu Hüreyrə Peyğəmbər (s)-dən belə bir (yanlış) hədis nəql edir:
«Biz şəkk-şübhə etməkdə İbrahim (ə)-dan daha haqlıyıq». Başqa bir hədisdə Lut (ə)-ın imanının az olduğunu bəyan edir.
O həmçinin Adəm, Nuh, İbrahim, Musa və İsa (ə) haqqında da nalayiq sözlər deyib onların Peyğəmbər (s)-dən nəql olunduğunu iddia edərdi.
Məsələn həzrəti Musa (ə) haqqında belə deyir.
«Əzrayıl Musa (ə) Kəlimullahın canını almağa gələrkən Musa onun üzünə elə bir sillə vurur ki, zərbənin şiddətindən gözünün biri kor olur».
«Musa (ə) lüt halda Bəni-İsrailin yanına gəlir və onlar onun övrətinə baxaraq məsxərə edirlər».
«Həzrəti Süleyman(ə)-ı atası Davud (ə)-ın əmrindən çıxmaqda günahlandırmışdır. Çünki o, «inşallah» demədiyi üçün işləri tamamilə alt-üst olmuşdu». O, peyğəmbərlər ilə kifayətlənməyib, Allah-Taala haqqında da bir neçə (yalanla dolu) hədis nəql etmişdir: O cümlədən:
1 - «Allah ayağını cəhənnəmin ortasına qoymayınca, ora dolmayacaqdır».
2 - «Allah özünü insanların tanımadıqları surətdə salıb onlara deyər: Mən sizin Allahınızam. Onlar inkar edərək deyərlər: Səndən öz Allahımıza pənah aparırıq». Allah-Taala sonra özünün həqiqi surətinə çevrilərək onlara zahir olar (yəni görünər), təəccüblə soruşarlar: Sənsənmi bizim Allahımız?»
3 - «İnsan Rəhman (Allah) surətində yaradılmışdır».
4 - «Allah-Taala Adəmi öz surətində yaratdı. Onun uzunluğu altmış zira (otuz metr), eni yeddi zira (2,5 metr) idi!»
Bu sözlərə görə insanın boğazını üzsələr, yenə də azdır. Necə olur ki, dinə, Xaliqə, ümmətə bu qədər iftira atan və onların boynuna minnət qoyan bir şəxs daş-qalaq olunmayır və şallaqlanmayır?!
Əcəb insafsız bir ümmətin əlində giriftar olmuşuq!
«Allah tərəfindən gəlmişik və axır dönüş Onun hüzurunadır».
Təhqiqatçılar bu mətləbə diqqət yetirməmişdirlər ki, Əbu Hüreyrə özü haqqında bəzən belə məlumat vermişdir: «Səhabələrdən Abdullah ibni Ömər və ibni Asdan başqa heç kim Həzrəti Məhəmməddən məndən çox hədis nəql etməmişdir. Çünki onlar nəql etdikləri hədisləri yazır, mən isə yazmırdım».
O, Abdullahın ondan çox hədis nəql etdiyini iddia edir, halbuki, ondan bizlərə yeddi yüzə yaxın hədis gəlib çatmışdır və göründüyü kimi, onun nəql etdiyi hədislər Əbu Hüreyrənin nəql etdiyi hədislərin heç səkkizdə birini təşkil etməyir.
Deməli Əbu Hüreyrəni müdafiə edən alimlərə heç bir bəhanə yeri qalmayır. Amma İbni Həcər Qəstəlani və Şeyx Zəkəriyya Ənsari bu hədisi şərh edərkən belə bir bəhanəyə əl atırlar:
Abdullah ibni Ömər və ibni As Misirdə yaşadıqları üçün onlara müraciət edən şəxslər Mədinədə sakin olan Əbu Hüreyrəyə müraciət edənlərlə müqayisədə olduqca az idi. Bu səbəbdən də ondan bizə gəlib çatan hədislər azlıq təşkil edir. Amma Əbu Hüreyrə bunu etiraf etdiyi bir halda daha heç bir bəhanəyə yer qalmayır: «Abdullahdan başqa heç kim mənim qədər hədis nəql etməmişdir».
«İrşadus-sari» və «Töhfətul-Bari» adlı kitablarda bu hədis belə şərh edilir:
«Abdullah ibni Ömərdən nəql olunmuş hədislər mənim nəql etdiyim hədislərdən daha çoxdur». Əbu Hüreyrə bir həqiqəti etiraf etdiyi halda, daha başqaları nə üçün canfəşanlıq edib onu müxtəlif bəhanələrlə müdafiə etməyə çalışırlar?
Abdullah Misirdə yaşadığı zaman oranın ən savadlı və ən hörmətli şəxslərindən biri hesab olunurdu və Misrin əhalisi şəriətə, Qurana və sünnətə dair sualları çox vaxt ondan soruşurdu.
Əbu Hüreyrə əshabın çox olduğu bir yerdə (Mədinədə), Abdullah isə xilafətdən uzaq bir yerdə (Misirdə) yaşayırdı. Göründüyü kimi, bu iki şəxsin arasında istər məqam və şan-şöhrət, istərsə də elm baxımından böyük fərq olmuşdur.
Camaat qarşılaşdıqları (şəri, ictimai, siyasi) məsələlərdə məşhur səhabələrə üz tutar və öz çətinliklərini onların vasitəsi ilə həll edərdilər. O ki, qaldı Əbu Hüreyrəyə, o məşhur səhabələrin sırasında olmaqla yanaşı, camaatın nəzərində mənfi obraz yaratmışdı. Mədinə camaatı onu Peyğəmbər (s)-in adından sui-istifadə edərək yalan hədislər uydurmaqda müttəhim edirdilər. Onlar Əbu Hüreyrəyə irad tutaraq deyirdilər:
Nə üçün ənsar və mühacirlər sənin söylədiklərini deməyirlər?
Bu məntiqə əsasən Əbu Hüreyrənin nəql etdiyi hədislərin sayı başqaları ilə müqayisə etdikdə azlıq təşkil etməli idi. Digər tərəfdən özünün etiraf etməsi və Abdullahın ondan çox yaşaması istər-istəməz Əbu Hüreyrənin nəql etdiyi hədislərin doğruluğuna şəkk və şübhə yaradır.
Əbu Hüreyrə bu sözləri işin əvvəllərində, yəni hədis nəql etməyə və ya daha dəqiq desək, hədis uydurmağa təzə başladığı zaman demişdir. Məlum olduğu kimi, o, öz fəaliyyətinə Müaviyənin zamanında başlamışdır. Elə bir vaxtda ki, Əbu Hüreyrə kimi ünsürlərə qarşı mübarizə aparan Əbu Bəkr və Əli (ə) artıq vəfat etmiş və mərkəzi xilafətdə (hakimiyyətdə) süstlük və qətiyyətsizlik yaranmışdı.
Növbəti fəsillərdə, yenidən bu mövzuya qayıdacağıq. İnşallah!
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]