Cümə günü, 2024-03-29, 10:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:57 AM
Saxta hədislərin yaranması




DOQQUZUNCU FƏSİL
Əbu Hüreyrənin nəql etdiyi hədislər:
KEYFİYYƏTİ

Hədis elminə xas olan zövq Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxunu qətiyyətlə rədd edir, əqli və nəqli meyarlar da bu hədislərin əksəriyyətini təsdiqləməyir. Dediklərimizi sübuta yetirmək üçün Əbu Hüreyrənin nəql etdiyi hədislərdən qırxını misal üçün siz oxuculara təqdim edirik.
Sizdən artıq dərəcədə xahiş edirik ki, bütün təəssüb və qərəzli fikirləri kənara qoyub azad və sərbəst götür-qoy edəsiniz və özünüz yetgin bir nəticəyə gəlib ədalətli hökm çıxarasınız.

  1-ci hədis
Allah-Taalanın surəti: O, insanı özü kimi yaratdı
Buxari və Müslüm («Səhihi-Buxari», 4-cü cild, səh.57; «Səhihi-Müslüm», 2-ci cild, səh.481; «Kitabul-Cənnəti və Nəimuha» «Behiştə o kəslər daxil olacaq ki, qəlbləri quş qəlbi kimi olsun»-fəsli; Həmçinin Əhməd ibni Hənbəl, «Əl-Müsnəd», 2-ci cild, səh.315;) Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmran ibni Münəbbəhdən, o da Əbu Hüreyrədən və o da Peyğəmbər (s)-dən nəql etdiyi hədisdə deyir:
«Allah insanı, özü kimi, altmış zira uzunluğunda yaratdı».
Əhməd özünün «İrşadus-sari» adlı kitabında (1-ci cild, səh. 90 «Yaradılış» babı) bu hədisi olduğu kimi qeyd etmiş və «eni yeddi zira» kəlməsini ona əlavə etmişdir.
Hədisin ardında deyilir: Onu yaratdıqdan sonra dedi: Get, orada yığılmış mələklərə salam söylə. Onlardan aldığın cavab sənin və ümmətinin bir-birləri ilə salamlaşmağı olacaqdır. İnsan (Adəm) onlara yaxınlaşıb dedi: «Səlamun ələykum». Mələklər cavab verdilər: «Səlamun ələykum və rəhmətullah» Və «və rəhmətullah» sözünü Adəm (ə)-ın salamına artırdılar. Behişdə daxil olan hər bir kəsin uzunluğu Adəm (ə) kimi altmış zira olacaqdır. O zamanlar bütün insanların boyu altmış zira idi, amma zaman keçdikcə qısalaraq hal-hazırkı vəziyyətə gəlib çıxmışdır.
Bu sözləri nə Həzrəti Məhəmməd (s)-ə, nə də digər peyğəmbərlərə aid etmək olmaz. Bəlkə də Əbu Hüreyrə bu hədisi həmkarı Kəbul Əhbar ilə (və ya başqaları ilə) birlikdə yəhudi mənbələrindən götürmüşlər. Çünki bu hədis yəhudilərin «Əs-hah»ının (Əhdi qədim) 27-ci bölümündə olduğu kimi zikr edilmişdir. Orada deyilir:
«Allah insanı öz surətində yaratdı. Kişi və qadın-hər ikisi Onun kimidirlər».
Allah insanların təsəvvür etdikləri surət və quruluşdan uzaq və müqəddəsdir:
«Allah onların dediklərindən çox uca və çox yüksəkdir». («İsra» surəsi, ayə:43)
Ola bilsin bəziləri bu hədisi «surətihi» (onun öz surəti) kəlməsindəki «o» şəxs əvəzliyini Adəmə (ə) aid etməklə başqa bir qayda ilə mənalandırmış olsunlar. Belə olduqda isə hədisin mənası tamamilə dəyişilir.
«Allah Adəm (ə)-ı altmış zira hündür-lüyündə və yeddi zira enində xəlq etdi.Onun yaradılışı sair insanlar kimi olmadı yəni əvvəl nütfə (sperma), sonra ələqə (laxtalanmış qan), muzğə (ət parçası) və daha sonra ətlə örtülmüş sümük mərhələlərini keçmədən, ani bir halda Allahın əmri ilə yarandı».
Əbu Hüreyrədən bu məzmunda digər hədislər nəql olunmasaydı (surətihi) kəlməsindəki (o) şəxs əvəzliyini Adəm (ə)-a aid etmək olardı.
Digər misal:
1 - «İnsan Rəhman surətində yaradılmışdır.
2 - Hədisdə deyilir: Həzrəti Musa (ə) əsanı qayaya vurdu və oradan su çıxdı. Sonra üzünü Bəni-İsrail camaatına tutub dedi: Ey eşşək camaat! İçin sudan. Vəhy gəldi: Ey Musa! öz surətimdə xəlq etdiyim insanlarımı uzunqulağa oxşadırsan?!
Bu hədisi bütün sünnü alimləri öz kitablarında (cüzi fərqlərlə) qeyd etmişlər. Demək Əbu Hüreyrənin məqsədi Adəm (ə) deyil, Allah-Taalanın üzüdür və buna daha heç cür bəraət qazandırmaq olmaz. Bu hədisə verilən başqa bir şərhdə deyilir: «Allah insanı öz surətində yaratmışdır» və «Onları öz surətimdə yaratdım» cümlələrindən məqsəd budur ki, Allah-Taala Adəmi və onun nəslini öz surətində yaratdı, çünki Allah-Taala insanı özü kimi eşidən, danışan, görən, bilən və sair müştərək sifətlərdə yaratmışdır.
Əbu Hüreyrə, nəql etdiyi hədislərin bəzilərində müxtəlif ləfzlərdən istifadə etdiyi üçün onu müdafiə edən bəzi təəssübkeş «alimlər» həzər etdikləri şeyə (yəni müxtəlif mənalı söz və ibarətlərə) düçar oldular və indinin özündə də bu məsələni həll etməyə çətinlik çəkirlər. Əbu Hüreyrənin savadsızlıq üzündən gördüyü bu iş nəql etdiyi hədislərin daha da qəlizləşməsinə və mübhəmləşməsinə səbəb oldu. Məsələn:
1 - Bundan əvvəl zikr olunan hədis.
2 - «Sizlərdən biriniz öz qardaşlarınız (yoldaşlarınız) ilə dava etdiyiniz zaman onun üzünə qarşı durmayın (ona etiraz etməyin), çünki Allah Adəm (ə)-ı öz surətində xəlq etmişdir».
3 - «Biriniz digərinə həmlə etdiyiniz zaman rəqibinizin üzünə sillə vurmayın və «Allah üzünü qara etsin» kəlməsini ona deməyin. Çünki Allah insanın surətini (üz quruluşunu) öz surəti kimi yaratmışdır». (Buxari, Əl-Ədəbul Mufrəd).
Bu əqidə (yəni insanın sifət quruluşunun Allah-Taalaya oxşaması) tənzih alimləri tərəfindən batil hesab olunur. O ki qaldı bizlərə, (yəni Əhli-beyt davamçılarına) biz inanırıq ki, Allahın (materiya olmadığı üçün xarici görünüş baxımından) insanla oxşarlığı ola bilməz. Bizim bu etiqadımız yalnız Allah-Taalanın sifət və zatını eyniyyətləndirir.
Tənzih alimləri Əbu Hüreyrə kimi şəxslərin əqidəsi ilə razılaşa bilmədikləri üçün naçar qalıb hədisi başqa yollar ilə yozmuşlar. Onlar bu batil əqidə meydana çıxarkən süstlük göstərərək öz etirazlarını kimsəyə bəyan etməmişlər və bu səbəbdən də hal-hazırda sünnət alimləri qarşısında dəlilsiz və cavabsız qalmışlar. Belə ki, «Səhiheyn»in «Səhihi-Müslüm» və «Səhihi-Buxari» müəllifləri bu hədisin şərhində deyirlər: «Hər şeyə alim olan Allah özü yaxşı bilir ki, bu hədislərdən məqsəd nədir!»
4 - İmam Nüvəvi bu barədə deyir: «Bəzi alimlər belə hədislərin şərhini verməkdən çəkinirlər. Biz üzümüzü onlara tutub deyirik: «Biz o hədislərin həqiqiliyinə artıq yəqinlik hasil etdik».
Onun batil mənaları zahiri mənalarından daha çox əhəmiyyət kəsb edir (və oxucu buna xüsusi diqqət yetirməlidir):
1 - Uzunluğu altmış zira olan bir insanın eni yeddi zira yox, on yeddi tam onda bir zira olmalıdır. Eni yeddi zira olan insanın uzunluğu isə altmış zira yox, iyirmi dörd tam onda beş zira olmalıdır.
Çünki adi bir insanın uzunluğu eni ilə münasib, yəni uzunluğu yeddi tam onda iki olmalıdır. Buradan bir neçə sual meydana çıxır: Bəs nə üçün Əbu Hüreyrə Adəm (ə)-ın uzunluğunu altmış, enini isə yeddi zira qeyd etmişdir? Onun bədən quruluşu bu qədər eybəcər olsaydı Allah-Taala onu Qurani kərimdə belə vəsf edərdimi?!
«Biz insanı ən gözəl biçimdə yaratdıq».
2 - Məlum olduğu kimi salamlaşmağın əsası İslam dinində qoyulmuşdur. Bu barədə bir neçə mötəbər hədis və rəvayət vardır. Peyğəmbər (s)-dən nəql olunmuş hədislərdən birində deyilir: «Yəhudilər sizin salamlaşmağınıza hamıdan çox həsəd aparırlar».
Göründüyü kimi «salamlaşmaq» ilk gündən islam ümmətinə aid olmuşdur. Əbu Hüreyrə bunları bilə-bilə belə bir hədis uydurmaqda nəyi nəzərdə tutmuşdu? Onu bir Allah bilir!
Əbu Hereyrə həm də deyir: Allah-Taala Adəm (ə)-ı yaratdıqdan sonra ona dedi: «Get, mələklərə salam söylə, onlardan aldığın cavab sənin və ümmətinin salamlaşmağı olacaqdır».

2-ci hədis
Allah-Taala qiyamət günü (Məhşərdə) müxtəlif surətlərdə görünəcəkdir
Müslüm və Buxari bu hədisi Əbu Hüreyrədən nəql edirlər. Hədisdə deyilir:
Müsəlmanlardan bir dəstə Həzrəti Peyğəmbər (s)-in yanına gəlib soruşur: Ya Rəsuləllah! Qiyamət günü biz Allahı görə biləcəyikmi?
Buyurdu: Günün qarşısında maneə (məsələn, bulud) olmadığı zaman onu görməkdə çətinlik çəkirsinizmi? Cavab verdilər: Xeyir! Buyurdu: Buludsuz və dumansız, saf bir gecədə 14 geçəlik ayı görməkdə çətinlik çəkirsinizmi? Cavab verdilər: Xeyr. Peyğəmbər (s) buyurdu: Qiyamət günündə Allahı, ayı və günəşi görə bildiyiniz kimi görəcəksiniz. O gün Allah-Taala insanları bir yerə toplayacaqdır. Onlardan hər biri (dünyada) ibadət etdikləri əşyaların arxasında duracaqlar. Günəş pərəstlər günəşin, ay pərəstlər ayın və s. Zalimlər isə dünyada fitnə-fəsad törədən sitəmkarların arxasında durarlar. Bu dəstə münafiqlər (iki üzlülər) ilə birlikdə başqalarından (ayrılmaq üçün) kənarda durarlar. Allah-Taala insanların onu tanımadıqları bir şəklə düşüb özünü onlara zahir edib deyər: Mənəm sizin Allahınız! Onlar cavab verərlər: Səndən öz Rəbbimizə pənah aparırıq! Biz Onu lap yaxşı tanıyırıq, burada oturub Onun gəlişini gözləyəcəyik.
Sonra Allah-Taala özünü, onların tanıdıqları bir şəklə salıb yenidən onların gözləri önündə canlanar və deyər: Mənəm sizin Allahınız! Onlar bunu görüb dərhal deyərlər: Bəli, Sənsən bizim Rəbbimiz. Sonra onun ardınca gedərlər. Cəhənnəm üzərinə körpü qoyular və oradan hamıdan əvvəl mən keçərəm. Peyğəmbərlər o gün belə dua edərlər: «İlahi! özün bizləri qoru. özün!»
Bilin ki, cəhənnəmdə muğilan (xurma ağacının tikanları) mövcuddur. Onun uzunluğu Allahdan başqa kimsəyə məlum deyildir. O gün (qiyamət günü) insanlardan iki cür hesabat (sorğu-sual) aparılacaqdır. Onlardan bir dəstə dərhal həlak olar, digərləri isə tikə-tikə doğranaraq cəhənnəm alovuna atılarlar (və bir müddətdən sonra oradan nicat taparlar). Allah öz bəndələrini mühakimə etdikdən sonra mələklərə əmr edir ki, (dünyada yalnız) Ona ibadət və pərəstiş etmiş möminləri alınlarındakı səcdə (möhür) yeri ilə ayırd edib cəhənnəm odundan nicat versinlər. Onlar cəhənnəm odundan çıxarılarkən bədənlərinin ətləri sümüklərindən ayrılaraq tökülməyə başlayar. Cənnətə aparılmaq üçün onların üzlərinə həyat suyu səpilər və onların bədənləri (ətlə sümüklər) yenidən birləşməyə başlayar. Orada yalnız bir nəfər qalar. O da cəhənnəmin üfunətli iyindən cana gəlib deyər: İlahi, bu dözülməz iy və bu qaynar məkan mənə çox əzab verir, özün mənə nicat ver.
Allah-Taala deyər: Əgər istədiyini yerinə yetirsəm, sonra başqa şeylər də istəyəcəksən.
Deyər: And olsun Sənin izzət və cəlalına, bundan savayı Səndən heç bir şey istəməyəcəyəm.
Allah üzünü cəhənnəm alovundan çevirər və həmin şəxs oradan nicat tapar. İnsanları cənnətdə görüb deyər: İlahi! Məni cənnətə yaxınlaşdır.
Allah-Taala deyər: Məgər demədin ki, başqa bir şey istəməyəcəgsən? Vay sənin halına, ey Adəm övladı, sən nə qədər də yalançı və hiyləgərsən!
Amma o, öz istəyini hey təkrar edir vö gördüklərinə nail olmayınca əl çəkməyirdi. Allah-Taala deyər: Sənin bu istəyini də yerinə yetirsəm, başqa bir şey istəyəcəksən?
O deyər: And olsun Sənin izzət və cəlalına, bundan savayı daha Səndən başqa bir şey istəməyəcəyəm.
O, Allah-Taala ilə buna dair əhd-peyman bağlayır və daha heç nə istəməyəcəyinə söz verir. Allah-Taala ondan əhd-peyman aldıqdan sonra onu cənnətin qapısına yaxınlaşdırar. O, qapıya yaxınlaşıb bir qədər sakit durar və həsrətlə cənnətə baxar. Çox keçməz ki, yenə yalvarmağa başlayar: İlahi! Məni də öz cənnətinə daxil et.
Allah-Taala deyər: Vay sənin halına, ey Adəm övladı! Sən nə qədər tüğyançı və zülmkarsan. Məgər Mənimlə daha bir şey istəməyəcəyinə dair əhd-peyman bağlamadınmı?
O deyər:
İlahi! Məni hər şeydən məhrum olmuş bəndələrindən qərar vermə. O hey yalvarar və istəyini dönə-dönə təkrar edər. O qədər yalvarar ki, Allahı gülmək tutub onun cənnətə daxil olmasına icazə verər. Cənnətə daxil olandan sonra ona deyərlər: Allahdan bir şey istə. O da istəyər, Allah-Taala da onun istəyini yerinə yetirər. Sonra yenə deyərlər: Bir də istə. O hər dəfə Allah-Taaladan bir şey istəyər. Allah-Taala da onun bütün istəklərini yerinə yetirər. İstək və arzuları sona çatdıqda Allah-Taala ona deyər: «İstədiklərinin iki bərabərini sənə əta edəcəyəm».
Müslüm bu hədisi azaçıq fərqlə və başqa bir sənədə isnad edərək nəql etmişdir. Orada deyilir:
«Allah-Taala qiyamət günü xeyirxah və günahkar insanların gözünə tanımadıqları bir surətdə görünüb deyər: Mənəm sizin Rəbbiniz.
Onlar deyərlər: Səndən Allaha pənah aparırıq! Allah-Taala onlardan soruşar: Siz onu hər hansısa bir əlamətləmi tanıyırsınız?
Cavab verərlər: O öz ayağını bizə göstərərdi. O, belə etdikdə hamı onun müqabilində səcdə edər. Onlardan xalisanə səcdə etməyənlərin üz və arxaları yerlə eyni olar. Onlar bu halda səcdə etmək istəyərlər, amma arxası üstə yıxılıb səcdələrini yerinə yetirə bilməzlər. Sonra səcdədən qalxıb Allahı əvvəlki tanıdıqları şəkildə (surətdə) görərlər.
Allah-Taala onlara xitab edərək deyər: Mənəm sizin Rəbbiniz!
Onlar cavab verərlər: Bəli! Sənsən bizim Rəbbimiz!
Sonra cəhənnəm üzərinə körpü qoyular ...... (hədisin sonuna qədər).
Bu hədisin həcmi çox böyükdür, amma Buxari öz kitabında «Nur» surəsini təfsir edərkən onu müxtəsər şəkildə nəql etmişdir.
Orada deyilir: Əbu Hüreyrə deyir:
«Peyğəmbərdən bu sözləri eşitdim: Allah-Taala məhşərdə ayağını bir anlıq insanlara göstərər və möminlər (istər kişi olsun, istərsə də qadın) Onun müqabilində səcdəyə gedərlər. Yalnız dünyada riya məqsədi ilə səcdə edənlər səcdə etməkdən məhrum olarlar. Onların arxa və ön tərəfləri eyni (düz) olduğu üçün heç bir hərəkət edə bilməzlər».
Şəxsi mənfəət üçün belə yanlış hədislər nəql etmək Allah və Onun Peyğəmbərinə iftira yaxmaqdan başqa nə ola bilər?! Məgər Allah maddi bir varlıqdır ki, istədiyi vaxt bir yerdən başqa bir yerə hərəkət etsin, gülsün, hamı ilə danışsın və nəhayət öz ayağını məhşərdə insanlara göstərsin?!
Şübhəsiz ki, iman əhli bütün bunlara əhəmiyyət verməyir, onların istifadə etdikləri hədis və rəvayətlər Əbu Hüreyrə kimi iftiraçıların nəql etdikləri hədislərdən deyil, əksinə ən mötəbər mənbə və qaynaqlardandır.
«Bu Peyğəmbər onlara əvvəllər haqq yoldan açıq-aşkar azsalar da Allahın ayələrini onlara oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara kitabı və hikməti öyrədər». («Cümə» surəsi, ayə:2)

Allah-Taalanın görünməsi

Bir çox cümhur alimləri belə bir əqidədədirlər ki, insanlar (möminlər) dünya və axirətdə Allah-Taalanı görə bilərlər. Amma axirətdə bu iş mütləq baş verəcəkdir. Allahı yalnız möminlər görər və kafirlər bu feyzdən məhrum olarlar. Onlar (cümhur alimləri) deyirlər: Allah-Taalanı bu dünyada da görmək mümkündür, amma bu iş heç vaxt baş tutmayacaqdır.
Bəzilərinin fikrincə Allah-Taalanı qiyamət günü gözlə görmək bir o qədər də çətin olmayacaqdır. Onlar Əbu Hüreyrədən nəql olunmuş hədisə əsaslanaraq deyirlər: Bulud ayın və günəşin qarşısını tutmadıqda onları görmək çox asandır. Allah-Taalanı da qiyamət günü görmək eynən belə olacaqdır.
İcma alimləri əql və nəql (hədis) ilə müxalifətçilik edən ilk təriqət olmuşlar. Onlar dindən xaric olaraq islam dininin qəti hökmlərini inkar etmişlər.
Əşəri təriqəti ardıçlları deyirlər: Allah-Taala özünü möminlərə göstərmək üçün onların gözlərinə xüsusi qüvvə verər. Belə olduqda onlar Allah-Taalanı olduğu kimi görərlər. Ümumiyyətlə, möminlərin görmə qabiliyyəti sair insanlardan fərqli olacaqdır.
Əşəri məzhəbinin bu əqidəsi qeyri-mümkündür və əql ilə dərk olunmayan bir məsələdir. Bunu yalnız təsəvvür etmək olar.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]