Cümə axşamı, 2024-03-28, 9:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:56 AM
Saxta hədislərin yaranması




3-cü hədis
Allah ayağını Cəhənnəmə qoymayınca dolmayacaqdır
Bu hədisi «Səhiheyn»in müəllifləri (Müslüm və Buxari) Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmmamdan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər (s)-dən nəql etmişdir. Hədisdə deyilir:
«Cənnət ilə cəhənnəm bir-birləri ilə mübahisəyə başlayarlar. Cəhənnəmin şölələnən alovu (özünü öyərək) deyər: Mən səndən daha üstünəm. Çünki zalım və sitəmkar insanlar mənim odumda cəzalandırılacaqlar.
Cənnət bu sözləri eşidib çox narahat olar və xeyli gileylənər: Nə üçün zəif və düşgün insanlar yalnız mənə daxil olurlar?!
Allah-Taala cənnətə deyər: Mən öz rəhmətimi istədiyim şəxsə şamil edərəm və onlar sənin təbəqələrində sakin olarlar. (Sonra cəhənnəmə deyər:) Sən isə Mənim bəndələrimə verdiyim cəza və əzablar məkanısan. Bəndələrimdən istədiyimi əzaba düçar edər və sənin atəşinə ataram.
Onların hər birisinin (cənnət və cəhənnəmin) müəyyən tutumu vardır. Amma Allah-Taala ayağını cəhənnəmin ortasına qoyub «bəsdir!» deməyincə günahkar və zalım insanlar oraya atılarlar. («Səhihi-Buxari», 3-cü cild, səh.127, «Qaf» surəsinin təfsiri; «Səhihi-Müslüm», 2-ci cild, səh.482; «Zülmkarlar cəhənnəmə, zəif və düşgünlər isə cənnətə daxil olarlar» babı. Müslüm bu hədisi Əbu Hüreyrədən beş müxtəlif mənbədən nəql etmişdir. Əhməd ibni Hənbəl də bu hədisi özünün «Əl-Müsnəd» adlı kitabında 2-ci cild, səh.314. cüzi fərq ilə nəql etmişdir.)
Sanki Əbu Hüreyrənin yaşı artdıqca ağlı daha da azalırdı. O, elə güman edir ki, cəhənnəm o qədər böyük və genişdir ki, zalım və günahkarlar oraya atılmaqla dolmayacaqdır və onun dolmağı üçün mütləq Allah-Taala ayağını oraya qoyub «bəsdir!» deməlidir. Bir halda ki, Allah-Taala onun dolması haqqında Qurani kərimdə bizə belə xəbər verir:
«Haqqa and içirəm və sözüm də haqdır: cəhənnəmi (kafir, inadkar və zalımlarla) dolduracağam».
Əbu Hüreyrə belə işlərdə nə qədər zirək olsaydı da, Allah kəlamının həqiqətini dərk etməkdə çox aciz və biliksiz idi. O, Quranın bu ayəsini dəfələrlə oxumağına baxmayaraq öz şəxsi mənafeyi və yaxud başqa səbəblərə görə hədis uydurmağı hər şeydən üstün tutmuşdur.
O, bu ayə haqqında bir qədər düşünsəydi görərdi ki, Allah-Taala cəhənnəmi bütün insanlarla deyil, yalnız şeytan və onun ardıcılları ilə doldurmağı vədə vermişdir və belə bir hədisi uydurmaq əbəs bir işdir.
Üumiyyətlə, belə bir hədisi qəbul etmək istər dini istərsə də əqli baxımdan qeyri-mümkündür. Allahı pak və münəzzəh bilən hər bir müsəlman Onun üçün əl-ayaq təsəvvür edə bilərmi? Hansı ağıl sahibi bu iddianı edə bilər ki, Allah cəhənnəmin dolması üçün mütləq ayağını onun ortasına qoymalıdır? Belə bir məntiqsiz sözün nə hikməti ola bilər? Cənnət və cəhənnəm bir-birləri ilə hansı dildə danışmışlar? (Daha doğrusu mübahisə etmişlər?) Zalım və sitəmkar insanlara özünün «əsfələssafilin» təbəqəsində əzab verən cəhənnəm hansı müsbət xüsusiyyətləri ilə özünü cənnətdən üstün tutmuşdur? Nəhayət, cənnət müttəqiləri, şəhidləri, peyğəmbərləri, əməli saleh insanları, alimləri və s.) zəif və düşgün adlandıra bilərmi?

4-cü hədis
Allah hər axşam dünya asimanına enir
Müslüm və Buxari bu hədisi İbni Şəhabdan, o da Əbu Əbdullah Əğərdən, o da Əbu Sələmə İbni Əbdürrəhmandan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər (s)-dən belə nəql etmişlər: («Səhihi-Buxari», 4-cü cild, səh.68, «Kitabud-dəavat», «nimeyi-Şəban» duası. Həmçinin, 1-ci cild, səh.136, «Kitabul-kusuf» (gecə namazının duası) babı; «Səhihi-Müslüm», 1-ci cild, səh.258; Əbu Hüreyrədən nəql olmuş hədis.) «Bizim Pərvərdigarımız hər gecə dünya asimanına enir və gecənin axıncı üçdə birində deyir: Məni çağıran şəxsin duasını qəbul edərəm!»
Bu hədisin Əbu Hüreyrə tərəfindən nəql edilməsi (uydurulması) islam aləmində «mücəssəmə adlı təzə bir firqənin yaranmasına səbəb oldu.
Onlar belə bir əqidədə idilər ki, Allah-Taala cismi (maddi) bir varlıqdır. (Yəni insan kimi müxtəlif bədən üzvlərinə malikdir). Onların səbəbi ilə Hənbəli məzhəbinə etiqadı olanların bəziləri bidətçi olub və haqq və yoldan azmışlar. Xüsusilə İbni Teymiyyə cümə günü Dəməşqdəki Əməvi məscidinə gəlib minbərə çıxdı və belə bir xütbə oxudu: «Mən bu minbərə çıxdığım kimi Allah-Taala da asimanın uca təbəqələrinə qalxır». Sonra bir pillə aşağı düşdü. O bu hərəkəti ilə Allahın daimi hərəkətdə olduğunu (yəni yerini dəyişməsini) bildirmək istəyirdi. Orada olan və İbni Zəhra kimi tanınmış Fəqih Maliki onun bu sözləri ilə razılaşa bilməyib etiraz etdi. Camaat isə onu susdurmaq üçün ayaqlarındakı tərlikləri çıxarıb onun başına vurmağa başladılar. Bununla kifayətlənməyib onu hənbəlilərin məşhur qazilərindən olan İzuddin ibni Müslümün yanına apardılar. Qazi onun zindana salınmasını və orada bir neçə şallaq zərbəsi vurmağı əmr etdi.

5-ci hədis
Süleyman Peyğəmbər öz atası Davud (ə)-ın hökmünü pozdu
Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər.
(«Səhihi-Buxari», 2-ci cild, səh.166, «Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə idi!» «İsra» surəsinin, 36-cı ayəsinin şərhi; «Səhihi-Müslüm», 2-ci cild, səh.57; «Kitabul-əqziyə ixtilaful-muctehidin» babı; «Əl-Müsnəd» (Əhməd ibni Hənbəl), 2-ci cild, səh.322) Hədisdə deyilir:
«İki qadının hər birinin bir uşağı olur. Günlərin biri ehtiyatsızlıq üzündən uşaqlardan biri nəzarətsiz qalır və qurd onu parçalayıb yeyir. Onlardan hər biri öz uşağının sağ qaldığını və digərinin uşağının parçalandığını iddia edir, hər biri sağ qalmış uşağa yiyələnmək istəyir. öz aralarında məsələni həll edə bilməyib Davud (ə)-ın yanına gəlirlər. Davud (ə) onları dinləyib yaşca böyük olan qadının xeyrinə hökm çıxarır. Sonra onlar Süleyman (ə)-ın yanına gəlib baş vermiş əhvalatı ona da danışırlar. O, məsələnin nə yerdə olduğunu başa düşüb buyurur: Mənə iti bir bıçaq verin. Qadınlar təəccüblə ondan bıçaqla nə edəcəyini soruşduqda Süleyman (ə) cavab verir: Uşağı iki yerə bölüb hər birinizə uşağın yarısını verəcəyəm. Bunu eşidən (yaşca) kiçik qadın fəryad çəkərək dedi: Allah xatirinə belə etmə, uşaq o qadınındır. Süleyman (ə) bu qadının uşağa olan mehr-məhəbbətini görüb atasının verdiyi hökmün əksinə yeni hökm çıxarır və uşağın kiçik qadına təhvil verilməsini əmr edir».
Əbu Hüreyrə deyir: And olsun Allaha! O vaxta qədər bir kəsin bıçağa (sikkin) dediyini görməmişdim və bizlər bıçağa mədyə deyərik.
Bu hədisə dair bir neçə mühüm məsələ
1 - Allah-Taala Davud (ə)-ı peyğəmbərliyə təyin etdi. O, insanlarla xoş rəftar edər və qarşılaşdıqları çətin məsələlərdə ədalətlə hökm çıxarıb onlara kömək edərdi. Quranda onun haqqında belə buyurulur:
«Ey Davud! Biz səni yer üzündə xəlifə, nümayəndə qərar verdik. İnsanlar arasında haqq və ədalət ilə hökm et».
Başqa bir ayədə Davud (ə) belə vəsf edilir:
«Qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o daim Allaha sığınan bir kimsə idi. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə Allahı təqdis edib şəninə təriflər deyərlər. Biz quşları da toplu halında onun ixtiyarına vermişdik, hamı ona tabe idi. Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik». («Sad» surəsi, ayə:17-20)
«Həqiqətən o, dərgahıma yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır». («Sad» surəsi, ayə:25)
«Biz peyğəmbərlərin bəzisini digərindən üstün etdik və Davuda Zəbur verdik». («İsra» surəsi, ayə:55)
Davud (ə) o şəxsdir ki, Allah-Taala ona kitab vermiş və insanları haqqa hidayət etməyi (öz zamanında) məhz ona həvalə etmişdir. O, bütün günahlardan uzaq və pak bir insan idi. Ona xas olan (ilahi) xüsusiyyətlərdən biri də ədalət idi.
Davud (ə) daim insanların çətinlikləri ilə maraqlanar və mübahisəli məsələlərdə ədalətli hökm çıxarardı. Belə ki, Qurani-Kərimdə bu haqda deyilir:
«Hər kim Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməsə, əlbəttə onlar zalımlardır». («Maidə» surəsi, ayə:45)
Oğlu Süleyman da (ilahi) elm və qəzavəti (hökm çıxarmağı) irs olaraq ondan almışdır. O heç vaxt atasının verdiyi hökmün əleyhinə hökm çıxarmamış və dediyi sözün ziddinə bir şey söyləməmişdir. O özü ilahi peyğəmbərlərdən biri idi və təbii ki, atasını hamıdan yaxşı tanıyırdı. Belə bir insan öz doğma atası ilə müxalifətçilik edə bilərdimi?!
Burada bir incə məsələyə toxunmağı məqsədə uyğun görürük.
O dövrün qaziləri (hakimləri) bir-birlərindən səhv tutmağa və ya digərinin haqsız olduğunu sübut etməyə cəhd göstərməyirdilər. Bu iş yalnız olduqca böyük əhəmiyyət kəsb edən məsələlərdə baş verə bilərdi. Amma o ki, qaldı ilahi peyğəmbərlərə, bu onların ismətindən kənar bir xüsusiyyətdir. Deməli Süleyman (ə) öz atasının verdiyi hökmün əleyhinə heç bir hökm çıxara bilməzdi. Çünki onun başqa bir hökm verməsi Allah-Taalaya qarşı etiraz və atasına ehtiramsızlıq olardı.
2 - Hədisdən belə məlum olur ki, Həzrəti Davud (ə)-ın şikayətçilərə verdiyi hökm həzrəti Süleyman (ə)-ın sonradan verdiyi hökm ilə tamamilə ziddiyyəti olmuşdur. Deməli onlardan biri haqlı, digəri isə haqsız olmuşdur. Bu da qeyri-mümkündür, çünki peyğəmbərlər nəinki qəzavədə, hətta adi işlərdə belə, səhvə yol verməzlər. Onların malik olduqları elm adi bəşər elmi deyil, ilahi elm olmuşdur. Bu elm onlara vəhy, mələklər və ilham yolu ilə verilmişdir. Belə nəticəyə gəlirik ki, peyğəmbərlərin (şəri məsələlərdə) səhvə yol verməsi və günah etmələri qeyri-mümkündür.
«Hər kəs Allahın nazil etdiyi ilə hökm etməzsə, əlbəttə onlar fasiqdirlər (günah-kardırlar)». («Maidə» surəsi, ayə: 47)
3 - Əbu Hüreyrənin dediyinə görə Davud (ə) sanki qadının böyüklüyünə görə onun xeyrinə hökm vermişdir. Belə bir işi Allah peyğəmbərindən yox, savadsız, səfeh və nadan insanlardan gözləmək olar. Allah bütün eyb və nöqsanlardan uzaq olduğu kimi, Onun peyğəmbərləri də günahsız və xətasız olmuşlar.
4 - Həzrəti Süleyman (ə)-ın da yaşca kiçik qadının xeyrinə hökm verməsi qeyri-məntiqidir. Yuxarıda qeyd etdiyimiz kimi peyğəmbərlər yalnız ədalətə əsaslanaraq hökm verərlər və kiminsə və yaxud nəyinsə xatirinə haqqa göz yummazlar.
5 - Əbu Hüreyrə hədisin sonunda deyir: O vaxta qədər bıçaq kəlməsini eşitməmiş-dim və biz həmişə ona (mədyə) deyərdik.
Ərəb dilindən xəbərdar olanlar çox gözəl bilirlər ki, ərəblər qədim zamanlardan indiyə kimi bıçağa (sikkin) demişlər və hal-hazırda da həmin sözdən istifadə edirlər. Mədyə kəlməsi isə ərəblərin bir çoxuna əsla məlum deyildir.
İstər ədəbiyyatda, istərsə də gündəlik danışıq dillərində ərəblər sikkin kəlməsindən istifadə edirlər və Əbu Hüreyrənin bu sözü o vaxta qədər eşitməməsi qeyri-mümkündür.
Maraqlıdır ki, görəsən Əbu Hüreyrə Quran oxuyarkən sikkin sözü olan bu ayəyə rast gəlməmişdimi?
«O, hər qadına (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi». («Yusif» surəsi, ayə: 31)
Əbu Hüreyrə Peyğəmbər (s)-dən nəql etdiyi hədislərdən birində məhz bu kəlmədən (yəni sikkin, bıçaq kəlməsindən) istifadə etmişdir. Hədisdə deyilir: «Camaat arasında qəzavət edən şəxs həqiqətən özünü onların yolunda bıçaqla deyil, öz əməli ilə qurban edir».

***

Əbu Hüreyrənin bu iki ilahi peyğəmbər haqqında uydurduğu başqa bir hədisdə deyilir:
«Bir gecə bir şəxsin qoyunları başqa birisinin əkin yerinə girib oranı tamamilə bərbad vəziyyətə salır. Əkin sahibi şikayət üçün Davud (ə)-ın yanına gəlir və əhvalatı ona danışır. Davud (ə) onun şikayətini axıradək dinlədikdən sonra o vaxtın şəri qanunlarına əsasən belə bir hökm verir: «Əkin yerinə dəyən zərər qoyunların qiyməti ilə bərabər olduğu üçün qoyunlar əkin sahibinə verilməlidir». Elə həmin anda Süleyman (ə)-a vəhy nazil oldu və hökmü belə çatdırdı: «Qoyunlar əkin sahibinə verilməli və əkin yeri qoyun sahibinin ixtiyarına keçməlidir. Əkin yeri özünün əvvəlki vəziyyətinə düşməyincə və zərər ödənilməyincə qoyunlar əkin sahibinin, əkin yeri isə (zərəri ödəmək üçün) qoyun sahibinin ixtiyarında qalmalıdır. Zərər ödənildikdən sonra hər kəs öz malına sahib olmalıdır».
Allah-Taala belə bir hökm verməklə əkin sahibinə icazə verir ki, qoyunlara malik olmadan onlardan bəhrələnib öz zərərini ödəyə bilsin. Qoyunların sahibi isə belə bir vəziyyətdə yenidən öz heyvanlarına malik olmaq üçün necə olursa olsun, dəyən ziyanı ödəməyə çalışacaqdır. Vəhy Həzrəti Süleymana nazil olduqdan sonra dərhal onu atasına (yəni Davud (ə)-a) bəyan etdi. Davud (ə) da tərəddüd etmədən bu əmri qəbul etdi. Çünki, bu Allah tərəfindən gəlmiş bir əmr idi.
Həzrəti Davud (ə) və Süleyman (ə) haqqında nəql olunmuş dastanın xülasəsi bu idi. Deməli hər iki əmr Allah tərəfindən nazil olmuşdur və onlar arasında heç bir ixtilaf ola bilməz. Sadəcə olaraq birinci hökm (Həzrəti Davud (ə)-ın verdiyi hökm) sonradan Həzrəti Süleymana nazil olmuş hökm ilə əvəz edilmişdir.
Aşağıdakı ayəyə diqqət yetirin:
«(Ya Məhəmməd!) Davudu və Süleymanı yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz məsələnin hökmünü dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də Lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik». («Ənbiya» surəsi, ayə:77-78)
Ayədəki «Hər birinə elm və hikmət verdik» cümləsinə diqqət yetirsəniz görəcəksiniz ki, hər iki hökm ilahi qanunlar əsasında verilmişdir və hər şeyi bilən Allah şübhəsiz ki, bu əhvalatdan da agah olmuşdur. Amma Əbu Hüreyrənin fikir və əqidəsinə əsasən peyğəmbərlər də ictihad edərək hökm vermişlər və sair müctehidlər kimi bəzən onların da səhvə yol verməsi tamamilə mümkündür.
«Onlar Allahı layiqincə tanımadılar». («Ənam» surəsi, ayə:91)
Çünki, onlar zənn və gümana əsaslanaraq ictihad edər, sonra isə öz əməllərini zənnə əsasən həyata keçirərdilər. Onlar hətta qəzavət məsələlərində belə səhvə yol verməyi caiz (mümkün) bilirlər, yəni belə bir əqidədədirlər ki, qazinin səhvə yol verməsi adi bir haldır və bunun üçün onu cəzalandırmaq və ya mühakimə etmək lazım deyildir.
Amma Qurani-Kərim bizə bu haqda tam başqa bir məlumat verir:
«Hər kəs Alllahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməzsə əlbəttə, kafir-dirlər». («Maidə» surəsi, ayə:44)
Peyğəmbərlərin elmi yəqinə və dərin hikmətə əsaslanmışdır. Onlar mədrəsə oxumamış və kimsədən dərs almayan şəxslər olmuşlar. Dərs aldıqları məktəb ilahi məktəb, müəllimləri isə Allah-Taalanın özü olmuşdur. Onlar ya mələyin (Həzrəti Cəbrayıl (ə)-ın) vasitəsi ilə, ya da arada heç bir vasitə olmadan Allah ilə ünsiyyətdə olmuşlar. Deməli onların səhvə yol verməsi qeyri-mümkündür. O ki, qaldı ictihada, bu, (müəyyən vaxt ərzində müxtəlif şəxslərdən dərs almış) müctehidlərə xas olan bir işdir. Bunu da qeyd edək ki, onların elmi ilahi peyğəmbərlərin elmi ilə müqayisədə çox naqis və məhduddur.
Əgər peyğəmbərlərin ictihad etməsi mümkün olsaydı, onda müctehidlər ilə (bəzi şəri) məsələlərdə müxalifətçilik edər və onlar ilə mübarizə aparardılar. Belə olduqda isə onların peyğəmbərlik məqamına xələl gəlmiş olardı. Yox əgər müctəhidlərdən (və yaxud adi insanlardan) biri bu fikrə düşsə, müsəlmanlar onu dindən çıxmış və kafir hesab edərlər.
Quran, Həzrəti Məhəmməd (s) haqqında bizə belə xəbər verir:
«O həvayi-nəfs üzündən danışmır, bu, ancaq ona nazil olan bir vəhydir». («Nəcm» surəsi, ayə:3-4)
Bu ayənin hökmü digər peyğəmbərlərə aiddir.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 846 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]