Cümə axşamı, 2024-04-25, 9:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:54 AM
Saxta hədislərin yaranması




6-cı hədis
Bir gecədə həzrəti Süleymanın yüz qadınla yatması

Bu hədisi Müslüm və Buxari Əbu Hüreyrədən və o da Peyğəmbər (s)-in adından nəql etmişdir. Hədisdə deyilir: «Bir gün Süleyman ibni Davud dedi: Bu gecə qadınlarımın yüzü ilə də yatacağam. Qoy onlar mənim üçün Allah yolunda cihad edən (vuruşan) yüz cəngavər dünyaya gətirsinlər. Mələk ona yaxınlaşıb dedi: İnşallah de! Amma Süleyman buna əhəmiyyət vermədi və «inşallah» demədən qadınlarının yanına gedib onlarla yaxınlıq etdi. Qadınlardan cəmi biri doğdu: o da əlil idi. Əgər o gecə Süleyman Mələyin sözünə qulaq assaydı (yəni inşallah desəydi) belə bir müsibət başına gəlməzdi və istəyinə də nail olardı».
Bu hədisdə də bir necə sual yaranır:
1 - İnsan nə qədər güc və qüdrətə malik olsa belə, bir gecədə yüz qadınla cinsi əlaqədə ola bilməz. Əbu Hüreyrənin Həzrəti Süleymana aid etdiyi bu iş isə insan təbiətindən xaric və qeyri-mümkün bir işdir.
2 - Həzrəti Süleyman kimi şərəfli bir insanın öz istəyini Allahın iradəsi ilə əlaqələndirməməsi (inşallah deməməsi) qeyri-mümkün və peyğəmbər xislətindən xaricdir. Əbu Hüreyrənin dediyinə görə Həzrəti Süleyman mələyin etdiyi xəbərdarlığa əhəmiyyət belə verməyib öz işini davam etmişdir.
Allah və Onun mələklərini yalnız nadan və cahil insanlar unudar və bir iş gördükləri zaman «inşallah» kəlməsini dillərinə gətirməyi belə özlərinə ar bilərlər. İnsanları haqqa hidayət edən Həzrəti Süleyman Allahdan qafil ola bilərdimi?! Əbu Hüreyrənin iftiralarından Allaha pənah aparıram!
3 - Əbu Hüreyrə bu hədisi bir neçə yerdə nəql etmişdir və onların hər birində Həzrəti Süleyman (ə)-ın qadınlarının sayını müxtəlif rəqəmlərlə nəql etmişdir. Məsələn «Səhihi-Buxari»də yüz, doxsan, yetmiş, «Səhihi-Müslüm»də altmış və s. Çox maraqlıdır, Əbu Hüreyrənin bütün bu nöqsanlarını görən sadiq tərəfdarları onu nə üzlə müdafiə edirlər?! Çox dərinə getsək bəlkə də onlardan bu sözləri eşidəcəyik: Süleyman bu işi bir neçə dəfə görmüşdür, yəni bir dəfə yüz sonra doxsan və s. və hər dəfə mələk ona xəbədarlıq edir, amma o bütün bunları qulaq ardına vurur və öz bildiyinə davam edir. Güman etmirəm onlar belə bir söz desin, amma əgər (bunu özlərinə borc bilərək) demiş olsalar onda necə deyərlər «artıq onların kitabı bağlanmışdır».
El arasında belə bir misal var, deyərlər: «Yalançı unutqan olar».

7-ci hədis
Musa (ə)-ın həzrəti Əzrail (ə)-a sillə vurması
Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir:
«Əzrail (ə) Musa (ə)-ın ölüm ayağında olduğu zaman yanına gəlib deyir: Allahın dəvətinə cavab ver! Musa (ə) onun üzünə möhkəm bir sillə vurur və gözünün birini kor edir. Əzrail (ə) Allah-Taalanın yanına gəlib gileylənərək deyir: (İlahi!) Məni elə bir bəndənin yanına göndərdin ki, ölümü əsla arzulamayır. O, mənim sözlərimi eşidən kimi möhkəm bir sillə vurub gözümü kor etdi. Allah-Taala onun gözünü yenidən özünə qaytarıb dedi: Get o bəndəmə de ki, əgər yaşamaq istəyirsə əlini erkək inəyin üzərinə qoysun. Onun bundan sonra yaşayacağı müddət əlinin altında qalan tüklər qədər olacaqdır».
Bu hədis Əhməd ibni Hənbəlin «Əl-Müsnəd» kitabında da nəql edilmişdir. Amma orada bəzi fərqlər mövcuddur. Məsələn: Əzrail hamının yanına aşkar gələrdi, amma (o gün) Musanın yanına gizli gəldi və aldığı zərbədən gözü kor oldu. Hədisin bu hissəsi digər mənbələrdə nəql olunmamışdır.
Təbəri öz kitabının birinci cildində hədisi olduğu kimi nəql edir və hədisin sonunda deyir:
«Musa (ə) vəfat etdikdən sonra Əzrail camaat arasına gəldi».
Biz bu hədisdə bir neçə müəmma ilə qarşılaşırıq:
1 - Allah-Taalanın peyğəmbərliyə təyin etdiyi şəxslər, ən ali insani (əxlaqi) xüsusiyyətlərə malik olmuşlar. Onlar Allahın əmrinə müti və tabe olan möminlər (ariflər) olmuşlar.
2 - Peyğəmbərliyə təyin olunan şəxs kiçik günahlardan belə uzaq olardı və onların heç birindən kobud hərəkət gözləmək olmazdı.
Musa (ə) Ulul-Əzm peyğəmbərlərdən və şəriət sahibi idi. Bəni-İsrailə Tövratı gətirib onlara (yeni İlahi) dini təlim verirdi.
Belə bir peyğəmbər, Allaha ən yaxın olan mələklərdən birinə sillə vuraraq gözünü kor edə bilərdimi?! O, ömrünün sonunadək Allaha bəndəlik edib Onun dəvətinə «ləbbeyk»dən savayı cavab vermədi.
3 - Həzrəti Əzrail yalnız Allahın əmrinə tabe idi və məmuriyyət zamanı kimsə ilə məşvərət etməzdi. Məgər onun günahı nə idi ki, Musa (ə) ona sillə vuraraq gözünü kor etsin?!
Allah-Taalanın zatı pak və müqəddəsdir, onun göndərdiyi peyğəmbər və mələklər də əziz (pak) və müqəddəs olmamışdırlar. Məgər biz gecə və gündüz peyğəmbərlə düşmənçilik edən «Firon»-lara və «Əbu Cəhl»-lərə lənət oxumuruqmu?! Buna əsas səbəb onların nadanlıq üzündən zehnlərdə yaratdıqları mənfi obraz olmadımı?!
Allah-Taala yaratdığı bütün məxluqata müəyyən miqdarda güc vermişdir. İnsan da bu məxluqatın biri kimi təbii ki, müəyyən güc və qüdrətə malik olmalıdır. Amma onun mələyə sillə vuraraq kor etməsi qeyri-mümkündür. Ümumiyyətlə, mələyin nə vaxtdan gözü oldu ki, sonradan kor olmuş olsun?
Fərz edək ki, mələyin gözü var idi və həqiqətən də aldığı zərbədən kor olmuşdur. Bəs qisas necə, almaq lazım deyildimi? Çünki Musa (ə)-a nazil olmuş Tövratda qisas haqqında belə deyilir:
«Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burnun qisası burun, qulağın qisası qulaq, dişinki diş və yaralarınkı yaralardır». («Maidə» surəsi, ayə:45)
Əgər qisas alınmasaydı mələyin haqqı tapdanmış olardı, bu isə ədalətdən uzaqdır. Digər tərəfdən isə Allah-Taala Musa (ə)-ı cəzalandırmaq əvəzinə onu daha əziz tutdu və ömrünü (əlinin altındakı tük qədər) uzatdı.
Bilmirik, nə üçün məhz erkək inəyin tükü Musa (ə)-a deyilmişdir?!
Yalanla dolu olan bu (maraqsız) nağıllara aqil insan inana bilərmi? Təəssüflər olsun ki, Əbu Hüreyrənin qazdığı bu quyuya çoxları düşmüşdür. Təəssüb hissi onları haqqa göz yummağa və kor-koranə təqlidə vadar etmişdir. Ağılın qəbul edə bilmədiyi şeylərə müxtəlif don geydirmək hələ də onların heç bir müşkülünü həll etməmişdir.

8-ci hədis
Musa (ə)-ın üzərinə paltarlarını qoyduğu daşın qaçması

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: «İsrail övladları çimərkən tamamilə soyunar və fitədən istifadə etməzdilər. Onlar (çimərkən) bir-birlərinin övrətinə baxdıqları üçün Musa (ə) daim onlardan uzaqda çimərdi. Günlərin biri o su kənarına gəlib çimmək istədi.
Yəhudilər onu uzaqdan görüb dedilər: And olsun Allaha, bu kişinin övərtində (xayalarında) mütləq bir eyb (şiş) vardır, yoxsa o bizdən uzaqda çimməzdi!
Musa (ə) paltarlarını soyunub bir daşın üzərinə qoydu. Elə suya girmək istəyirdi ki, daş hərəkətə gəlib qaçmağa başladı. Daş qaçır, Musa (ə) da onu təqib edirdi. Bəni İsrail Musa (ə)-ın övrətinə baxıb deyirdilər: Allah bilir ki, biz onda heç bir eyb görmədik. O, tamamilə sağlamdır. Daş onların yanına çatıb dayandı. Musa (ə) paltarlarını geyinib daşı qəzəblə vurmağa başladı. Əbu Hüreyrə sonra deyir: And olsun Allaha ki, daş yeddi və ya səkkiz yerə bölündü.
Onun fikrincə «Əhzab» surəsinin 69-cu ayəsi bu hadisə baş verdikdən sonra nazil olmuşdur. Orada deyilir:
«Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxardı. O, Allah yanında çox hörmətli qədir-qiymətli idi». («Əhzab» surəsi, ayə:69)
Hədis məzmun baxımından ağıl ilə bir neçə cəhətdə ziddiyyətlik təşkil edir:
1 - Böyük ismət sahibi Həzrəti Musanın dilsiz-ağızsız daşın ardınca qaçmağı şübhəsiz ki, onun məqamına xələl gətirə bilərdi.
2 - Həzrəti Musanın cansız daşı vurması Bəni İsrail camaatında ona qarşı mənfi təsəvvür yarada bilərdi.
Fərz edək ki, daş həqiqətdə qaçmışdır. Belə olduqda Musa (ə) bunu ilahi möcüzə bilib daşı təqib etmək əvəzinə paltarlarının gətirilməsini gözləməli idi. Yuxarıda qeyd etdiyimiz kimi başqalarının onun övrətini görməsi peyğəmbərliyinə və ismətinə xələl gətirə bilərdi. O ki, qaldı daşın hərəkət etməsinə, belə bir hadisə yalnız mühüm işlərin sübuta yetməsi üçün baş verə bilərdi. Məsələn: Günlərin biri Məkkə müşrikləri Həzrəti Məhəmməd (s)-in yanına gəlib ondan bir möcüzə (xurma ağacını hərəkətə gətirməsini) göstərməsini istədilər. (Onlar Həzrəti Məhəmməd (s)-dən həqiqi peyğəmbər olduğuna dair tutarlı bir dəlil istəyirdilər.) Həzrəti Məhəmməd (s) ağaca hərəkət etməyi əmr etdi və ağac Allahın izni ilə yerindən çıxıb onlara tərəf yaxınlaşdı!
Həzrəti Musa (ə) çimdiyi vaxt necə, hər hansı bir möcüzəyə ehtiyac duyulurdumu? Onun peyğəmbərliyinə Bəni İsrail camaatı şəhadət vermiş və ondan kimsə möcüzə tələb etməyirdi.
Musa (ə)-ın övrətində eyb olub-olmamasına gəldikdə isə Bəni İsrail bunu başqa yol ilə də öyrənə bilərdilər. Məsələn, qadınlarından söz alaraq Musa (ə)-ın bu və sair sirlərinə agah ola bilərdilər.
İnsanın bədənində eyb və nöqsanın olması isə adi bir haldır.
Məsələn, Həzrəti Şüeybin gözləri ömrünün son illərində tutulmuş, Həzrəti Əyyub böyük müsibətə (xəstəliyə) düçar olmuş və s. Deməli, müvəqqəti xəstəliklər və bədən nöqsanları peyğəmbərlərin heç birinə xələl gətirməmişdir. Lakin insanların onlardan uzaqlaşmasına və nifət yaratmasına səbəb olan cismi nöqsanlar (məsələn: çirkinlik, yoluxucu xəstəliklər və s.) heç bir peyğəmbərdə müşahidə olunmamışdır. Əgər onlarda ciddi cismi nöqsan olsaydı ilahi qanunların (cəmiyyətdə) icra olunmasına böyük maneə törədərdi.
Bütün bunları qoyaq kənara. Əbu Hüreyrədən başqa bu hədis (Bəni İsrail camaatı haqqında) heç bir mühəddis və ravi tərəfindən nəql olunmamışdır. «Əhzab» surəsinin 169-cu ayəsində Bəni İsrailin həzrəti Musa (ə)-a etdikləri əzab-əziyyət haqqında deyilir:
«Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxardı. O, Allah yanında çox hörmətli və qədir-qiymətli idi».
Əli (ə)-dan və İbni Abbasdan nəql olunmuş hədisdə deyilir: «Bu ayə Bəni İsrail qövmü barəsində nazil olmuşdur. Onlar belə zənn edirdilər ki, Harunu Musa (ə) qətlə yetirmişdir, amma bu ayə nazil olduqdan sonra onun günahsız olduğu bir daha sübuta yetirildi».
Başqa bir hədisdə deyilir: Qarun Musa (ə)-ı zindana salmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Günlərin biri o bir qadını vadar edir ki, Musa (ə)-ı necə olursa olsun, bir işdə müttəhim etsin. Amma çox keçmədən həqiqət həmən şəxsin dili ilə hamıya bəyan edilir.
Mühəddislərdən bəziləri deyir: «Misir camaatı başda Firon olmaqla Musa (ə)-ı sehr və cadugərlik kimi şeylərdə müttəhim edirdilər. Bu ayə nazil olduqdan sonra həqiqət aşkara çıxdı.
«Səhiheyn» müəlliflərinin nəql etdikləri təzadlı hədisləri (yəni məna baxımından bir-birləri ilə zidd olan hədisləri) mütaliə etdikdən sonra oxucuda onlara qarşı belə bir sual yaranır: Görəsən həm peyğəmbərlərin fəzilətləri və həm də şəninə xələl gətirən hədis nəql etməkdə onların nə məqsədi olmuşdur? Əgər bu iş Allah xatirinə idisə onda ən mötəbər saydıqları şəxslərin nəql etdikləri hədisləri yığmalı və (Əbu Hüreyrə kimi) hədis dəllallarının zəmanənin və siyasətin tələbatına uyğun nəql etdikləri hədisləri öz əsərlərində dərc etməməli idilər. Yox əgər şəxsi mənafeyləri üçün belə ediblərsə daha heç bir şey soruşmaq lazım deyildir!!!
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 797 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]