Cümə günü, 2024-03-29, 3:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:53 AM
Saxta hədislərin yaranması




9-cu hədis
Qiyamət Günü insanlar şəfaət üçün Adəm, Nuh, İbrahim, Musa və İsa (ə)-ya pənah apararlar, amma onların əlindən heç bir iş gəlməz

Buxari və Müslüm (həcm baxımından çox böyük olan bu hədisi) Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: «Qiyamət günü Allah bütün insanları bir yerə (məhşərə) yığar. Günəş onlara o qədər yaxınlaşar ki, süstləşərək yerlərində hərəkətsiz qalarlar. Mələklər onlara yaxınlaşıb deyərlər: Bir görün başınıza nə müsibət gəldi! Əcəb bədbəxtçiliyə düçar oldunuz!
Onlardan (insanlardan) bəziləri deyər: Gərək Adəm (ə)-a pənah aparıb ondan şəfaət istəyək.
Belə də edərlər, Adəm (ə)-ın yanına gəlib deyərlər: Bütün bəşəriyyətin atası sənsən, Allah səni öz əli ilə yaratdı və öz ruhundan sənə üfürdü. O səni yaratdığı zaman mələklərə əmr etmişdi ki, qarşında səcdə etsinlər. İndi özün görürsən ki, necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-Taaladan bizim üçün şəfaət istəyəsən.
Adəm (ə) onları dinlədikdən sonra deyər: Allahın bu günkü kimi qəzəbləndiyini hələ görməmişdim. O mənə bu ağacın meyvəsindən yeməməyi əmr etmişdi, biz (mən və zövcəm) isə onun əmrindən çıxıb meyvədən yedik. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin.
Onlar Nuh (ə)-ın yanına gəlib deyərlər: Ey Nuh! Sən yer üzərindəki insanlar üçün göndərilmiş ilk peyğəmbərsən. Allah-Taala səni çox şükr edən və qədir bilən bəndə adlandırmışdır. Səndən yalnız bir xahişimiz var: o da bundan ibarətdir ki, Allahdan bizim üçün şəfaət istəyəsən. Düçar olduğumuz bu böyük müsibəti özün görürsən.
Nuh (ə) da Adəm (ə)-ın dediklərini təkrar edərək deyər: Allah-Taala hələ bu günə kimi belə qəzəblənməmişdi. Peyğəmbərlik etdiyim zaman öz qövmümə nifrin (qarğış) etdim və Allah-Taaladan onlara bəla nazil etməsini istədim! Vay halıma! Vay halıma! İbrahimin yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin.
Onlar İbrahim (ə)-ın yanına gəlib deyərlər: Ey İbrahim! Sən Allahın dostu (Xəlilullah) və elçisisən. özün görürsən ki, necə böyük bəlaya düçar olmuşuq. Allah-Taaladan bizim üçün şəfaət istə.
İbrahim (ə) Nuh və Adəm (ə)-ın dediklərini eyni qaydada təkrar edər və sonra deyər: Peyğəmbərlik etdiyim müddət ərzində üç dəfə yalan danışdım, indi özüm Allaha pənah aparıb Ondan şəfaət istəyirəm. Vay halıma! Vay halıma! Ey kaş, yalan danışmayaydım! Musanın yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin.
Onlar Musa (ə)-ın yanına gəlib deyərlər: Ey Musa! Sən Allahın (yer üzündəki) sevimli peyğəmbərlərindən biri olubsan. O sənin məqamını hamıdan uca tutmuş və səni özünün ən əziz bəndələrindən biri hesab edirdi. Bir anlıq bizə nəzər sal, gör necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-Taaladan bizim üçün şəfaət istəyəsən.
Musa (ə) özündən əvvəlki peyğəmbərlərin dediklərini təkrar edib sonra deyər: (Peyğəmbərlik etdiyim zaman) Allah mənə öldürülməsini əmr etmədiyi bir şəxsi qətlə yetirdim. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin. İsaya pənah aparın, bəlkə o sizin üçün şəfaət edə bilsin. Onlar əlacsız qalıb İsa (ə)-ın yanına gələrlər. Onu gördükdə deyərlər: Sən Allahın ruhusan (Ruhullah-İsa (ə)-ın ləqəbi idi). Hələ bələkdə ikən insanlar ilə söhbət edər, onları haqq yola dəvət edərdin. İndi bizim halımıza yanan bir adam lazımdır, səndən xahişimiz budur ki, Allahdan bizim üçün şəfaət istəyəsən. O da özündən əvvəlki peyğəmbərlərin dedikləri sözləri təkrar edər. Amma o başqalarından fərqli olaraq heç bir günahı etiraf etməz və buna baxmayaraq «Vay halıma! Vay halıma!» deyə-deyə onlardan uzaqlaşar. Gedərkən onlara Həzrəti Məhəmməd (s)-ə pənah aparmağı və ondan şəfaət istəmələrini məsləhət görər. Onlar hamılıqda Həzrət Məhəmməd (s)-in hüzuruna gəlib deyərlər: Ey Məhəmməd! Sən Allahın sonuncu peyğəmbərisən. Bütün ümmətinə (istər özündən əvvəl, istərsə də özündən sonrakılara) şəfaət edərsən. İndi sənə pənah gətirmişik, bizi öz şəfaətindən məhrum etmə!
Əbu Hüreyrə sonra deyir: Həzrəti Məhəmməd (s) onları dinlədikdən sonra deyər: Allahın ərşi altına gedib orada torpağa səcdə edəcəyəm. Bundan sonra Allah bütün həmd (şükr) qapılarını mənim üzümə açar və mənə belə bir xitab edər: Ey Məhəmməd! Ayağa qalx! İstədiyin hər bir şeyi sənə verəcəyəm və sənin bütün şəfaətini qəbul edəcəyəm. Sonra yerdən qalxıb deyəcəyəm: İlahi! Ümmətimi! Ümmətimi bağışla! Allahdan xitab gələr: İstədiyin hər bir şəxsi cənnətə daxil et. Onlar bu nemətlərdən bəhrələnməkdə cənnət əhli ilə şərikdirlər. («Səhihi-Buxari», 3-cü cild, səh. 100; «Bəni-İsrail» surəsinin təfsiri «Nuhla birlikdə gəmiyə mindirib apardığımız kəslərin nəsli» babı. «Səhihi-Müslüm», 1-ci cild, səh. 97, «Kitabul-İman», Şəfaətin isbatı fəsli; «Müsnədi-Əhməd ibni Hənbəl», 2-ci cild, Əbu Hüreyrədən nəql olunmuş hədislər.)
Göründüyü kimi bu hədisdə Ulul-Əzm peyğəmbərlər tənqid və təhqirə məruz qalmışlar. Ən dəhşətlisi isə budur ki, Əbu Hüreyrə bütün bunları hədis adlandırmış və onu Həzrəti Məhəmməd (s)-dən eşitdiyini iddia etmişdir.
Bir halda ki, dinsiz və müşrik insanlar onların (peyğəmbərlərin) kəramət və fəzilət-lərini etiraf edərək göstərdikləri möcüzələrin qarşısında diz çökmüşlər. Amma təəssüflər olsun ki, özünü müsəlman adlandıran Əbu Hüreyrə cür”ət edərək belə bir nalayiq işi özünə rəva bilmişdir.
Həzrəti Məhəmməd (s)-dən nəql olunan hədislərdə keçmiş peyğəmbərlərin tarixi, yaşadıqları cəmiyyət, göstərdikləri möcüzələr və s. haqqında dəqiq məlumatlar gəlib çatmışdır. O həzrətdən bizə miras qalan ikinci bir şey onun əxlaq və davranışıdır. Həzrəti Məhəmməd (s)-in məktəbindən bəhrələnmiş hər bir müsəlman Əbu Hüreyrənin uydurduğu hədisləri mötəbər mənbə kimi istifadə və etimad etməməlidir. Çünki onun nəql etdiyi hədislər məntiqsiz olmaqla yanaşı heç bir dəlil və sübuta əsaslanmayır. Bu hədislər nə Quranla, nə də sünnə ilə uyğun gəlməyir və bəzən ziddiyyətlik belə təşkil edir.
1 - Qurani-Kərimdən məlum olur ki, Həzrəti Adəm (ə) onlara qadağan olunmuş meyvəni yedikdən sonra tövbə etmiş və onun tövbəsi Allah-Taalanın (rəhmət) dərgahında qəbul olunmuşdur. Belə olduğu bir halda, Allah-Taala yenidən ona qəzəblənə bilərdimi?!
2 - Həzrəti Nuh (ə) kafirlərdən savayı kimsəyə nifrin (qarğış) etməmiş və Allah-Taaladan onlardan savayı heç bir qövmü həlak etməsini istəməmişdir.
3 - Həzrəti İbrahim bütün ömrü boyu bir dəfə də olsun yalan danışmadığı bir halda Əbu Hüreyrə utanmadan bu rəqəmi şişirdərək üçə çatdırmışdır! Ümumiyyətlə, yalan danışmaq peyğəmbərlərin xislətindən uzaq bir xüsusiyyətdir.
4 - Həzrəti Musa (ə) Allahın əmr və göstərişini almadan bir kəsi öldürə bilməzdi. öldürdüyü şəxs isə qətli haram olan şəxslərdən deyildi, Musa (ə)-da onu səbəbsiz olaraq şəxsi qərəzlik üzündən qətlə yetirməmişdir. Bütün cüzi məsələlərdə Allahdan əmr gözləyən peyğəmbərlər (o cümlədən Musa(ə)) gördükləri bütün xeyirli işlərin müqabilində Allah-Taala tərəfindən layiqincə mükafatlandırılırdılar.
«Yaxşılığın əvəzi ancaq yaxşılıqdır». («Ər-Rəhman» surəsi, ayə:60)
Peyğəmbərlər Allah dərgahında bizim təsəvvür etdiyimizdən daha ali məqamlara sahibdirlər. Onlar Allah-Taalanın ən kamil bəndələri və bəşəriyyəti haqqa hidayət edən şəxslər olmuşlar.
Qiyamət gününü isə Allah-Taala Quranda belə vəsf edir:
«O gün hər bir görpəsinə süd verən qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın bari-həmliyini yerə qoyar (uşaq salar). İnsanları sərxoş kimi görərsən, halbuki onlar sərxoş deyillər, lakin Allahın əzabı şiddətlidir». («Həcc» surəsi, ayə:2)
Belə bir şəraitdə məşvərət etməyə və məsləhətləşməyə vaxt tapmaq olarmı? Deməli Əbu Hüreyrənin nəql etdiyi bu hədis digər hədislər kimi həqiqətdən uzaq və məntiqsizdir. Çünki ana öz doğma südəmər körpəsini atdığı bir zaman insanların (məhşərdə) məsləhətləşərək bu peyğəmbərin yanından başqa bir peyğəmbərin yanına getmələri qeyri-mümkündür!
«O gün insan öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacaq! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». («Əbəsə» surəsi, ayə:34-37)
Peyğəmbərlər qiyamət günü sorğu-sual olunmadıqları üçün ərşdə olduqları bir halda yer üzünün sakinləri ilə necə rabitə bərqərar edə bilərlər?!
Hamıya məlumdur ki, həzrəti Məhəmməd (s)-in məqamı (Allah dərgahında) digər peyğəmbərlərin məqamlarından daha üstündür. Onlar bunu bilə-bilə nə üçün ona deyil, digər peyğəmbərlərə pənah aparmış və əli boş qayıtmışlar?
Nə üçün o peyğəmbərlərdən yalnız həzrəti İsa (ə) Həzrəti Məhəmməd (s)-ə pənah aparmağı məsləhət gördü?
O biçarə insanlar Həzrəti Məhəmməd (s)-in ümməti idilər, yoxsa başqalarının?
Əgər onlar o həzrətin ümməti idilərsə, bəs nə üçün digər peyğəmbərlərə pənah aparmışlar?
Həzrəti Məhəmməd (s) (məhşərdə) təkcə öz ümmətinə (müsəlmanlara) deyil, digər ümmətlərə də (yəhudi, məsihi və s) şəfaət edəcəkdir və kimsəni Allahın izni olmadan şəfaətdən məhrum etməyəcəkdir.
Çünki o, təkcə müsəlmanların deyil, həm də bütün bəşəriyyətin elçisidir.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 829 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]