Cümə günü, 2024-04-26, 4:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:51 AM
Saxta hədislərin yaranması



10-cu hədis
Peyğəmbərlərin şəkk etmələri və Həzrəti Yusif (ə)-ın Həzrəti Məhəmməd (s)-dən daha səbirli olmaması
Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: Peyğəmbər (s) buyurur:
«Biz şəkk etməyə İbrahim (ə)-dan daha haqlıyıq. Çünki günlərin biri Allaha dua edərkən Ondan ölüləri necə diriltdiyini bilmək istədi:
(İbrahim dedi:) Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər! Allah-Taala buyurdu: Məgər inanmırsanmı? İbrahim (ə) dedi: Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum».
Allah özü Lut (ə)-a rəhm etsin, çünki o, Allahın ona kömək edəcəyinə bir o qədər də arxayın deyildi. Əgər mən Həzrəti Yusif qədər zindanda qalsaydım, onu azadlığa buraxan şəxsə müsbət cavab verərdim.
Hədisin Əbu Hüreyrə tərəfindən uydurulduğu göz qabağındadır. Çünki:
1 - Həzrəti İbrahim (ə) bir an olsun belə, şəkk edə bilməzdi. O, Allaha iman gətirmiş, ilahi imtahanlardan üzü ağ çıxmış bir şəxs idi. «Ənbiya» surəsinin 57-ci ayəsində onun haqqında deyilir:
«Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik».
«Beləcə İbrahimə göylərin və yerin mülkünü, səltənətini batini aləmini göstərdik ki, tam qənaətlə inananlardan olsun». («Ənam» surəsi, ayə:75)
Məlum olduğu kimi, «yəqin» elmin ən ali mərhələsidir və bir şeydə yəqinlik hasil edən şəxsin şəkk və şübhə etməsi qeyri-mümkündür.
O ki, qaldı İbrahim (ə)-ın Allah-Taalaya etdiyi duaya (istəyə),
«İbrahim dedi: Ey Rəbbim ölüləri nə cür diriltdiyini mənə göstər!» Yalnız bunu demək kifayətdir ki, İbrahim (ə) ölülərin dirilməsini yox, sadəcə olaraq bu işin necə baş verdiyini (keyfiyyətini) istəmişdi və bu da onun şəkk etməsinə əsla dəlalət etməyir. İbrahim (ə) (kəyfə) deyərək müraciət etmişdir, bu da yalnız bir şeyin necəliyinə dəlalət edir. Məsələn, birindən soruşanda ki, (Kəyfə Zeydun) Zeyd necədir? Məqsəd ya onun özünün sağlam olub olmaması, yaxud işlərinin nə yerdə olmasıdır. Yəni sağlamdır, ya yox; işləri öz qaydasındadır, ya yox.
Başqa bir misal:
Filan iş necə oldu? Yəni istənilən kimi oldu, ya yox?
İbrahim (ə) bu həqiqətə yəqin hasil etdikdən sonra onun necə baş verməsini bilmək istəyir və eyni zamanda ölülərin dirilməsinə zərrə qədər də olsun şübhə etməyirdi. Allah-Taala ondan iman gətirməsini soruşduqda İbrahim (ə) belə cavab vermişdir: (Bəla) yəni: Bəli, elədir, iman gətirmişəm, lakin ölülərin necə dirilməsini görməklə qəlbimin sakitləşməsini istəyirəm. Onların öldükdən sonra yenidən dirilib hərəkət etmələrini görməklə özümdə yəqin hasil edər və qəlbi rahatlıq hiss edərəm.
2 - Həzrət Peyğəmbər «Biz şəkk etməkdə İbrahimdən daha haqlıyıq» deməklə özünün və digər peyğəmbərlərin İbrahim (ə)-dan daha çox şəkk etdiklərini isbat etmiş olur.
«Allah pak və münəzzəhdir, bu isə böyük bir böhtandır».
Təəssüflər olsun ki, İslam ümmətinin bir qolunu təşkil edən «icmaçılar» ağıln qəbul etmədiyi belə bir batil və məntiqsiz əqidəyə əsaslanırlar.
Elm, mərifət və əxlaqın ən ali dərəcələrinə yiyələnmiş Həzrəti Məhəmməd (s)-in İbrahim (ə)-dan daha çox şəkk etməsi bizim üçün hələ də qaranlıq qalır. Allah-Taala onun məqamını hamıdan uca tutdu və kimsənin yiyələnmədiyi elm və mərifəti onun ixtiyarına qoydu.
Həzrəti Məhəmməd (s) Əli (ə)-ı özündən sonra canişinliyə təyin etdi və elm, mərifət və əxlaqın bütün qapılarını onun üzünə açdı, o həzrəti «elmin qapısı» adlandırdı:
«Mən elmin şəhəri, Əli isə onun qapısıdır».
Həzrəti Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Əgər həqiqət pərdələri gözlərim önündən çəkilsə mənim (yəqin) elmimə bir şey əlavə olmaz».
Peyğəmbər (s)-in canişini (naibi) belə bir (İlahi) məqama çatdığı bir halda o həzrətin özünün şəkk etməsini təsəvvür etmək olarmı?!
3 - «Allah özü Lut (ə)-a rəhmət etsin. O, Allahın ona kömək edəcəyinə bir o qədər arxayın deyildi».
Bütün bu iftiralardan Allaha pənah aparıram! Həzrəti Məhəmməd (s) Lut (ə)-ın məqamını hamıdan yaxşı dərk etdiyi bir halda onun haqqında belə xoşagəlməz və nalayiq sözlər deməsi böhtandan savayı başqa bir şey deyildir. And olsun Allaha ki, Məhəmməd (s)-in bütün dedikləri haqq idi və haqdan başqa bir şey deyildi.
4 - «Əgər mən həzrəti Yusif qədər zindanda qalsaydım mütləq səbrim tükənər və məni azadlığa buraxmaq istəyən şəxsə «bəli» cavabını verərdim».
Hədisin məzmunundan Yusif (ə)-ın Həzrəti Məhəmməd (s)-dən üstün olduğu məlum olur. Belə bir əqidəni islam aləmində heç bir məzhəb və təriqət qəbul etməyir. Əbu Hüreyrə bu hədisi uydurmaqda nə məqsəd güdmüşdür? Onu bir Allah bilir! Bu sözü təcavüzkarlıq üzündən deyildiyinə dair müxtəlif bəhanələrə əl atsalar belə onun həqiqi və mötəbər olduğuna istinad etmək olmaz.
Çünki, belə bir iş həzrəti Məhəmməd (s)-in peyğəmbərliyinə xələl gətirə bilərdi.
Həzrəti Məhəmməd (s) Yusif (ə)-ın yerində olasaydı belə ondan artıq səbr edər və təqvanı hər şeydən üstün tutardı.
Hörmətli oxucular belə güman etməsinlər ki, biz Yusif (ə)-a qarşı qərəzli mövqe tutmuşuq və onun məqamını kiçiltməyə çalışırıq. Xeyr! Sadəcə olaraq biz həzrəti Məhəmməd (s)-ə vurulan ittihamları rədd edir və həqiqəti üzə çıxarmaq istəyirik.
Həzrəti Məhəmməd (s)-in həmin şəxsə «bəli» cavab verməsi isə qeyri-mümkündür. Həzrəti Yusif (ə) padşahın göndərdiyi şəxs onu azad etdiyi zaman dedi:
«Öz sahibinin yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən Rəbbim onların məkrini biləndir. (Padşah həmin qadınları çağırtdırıb soruşdu:) Yusifi aldadıb yoldan çıxartmaq istədikdə məqsədiniz nə idi? Qadınlar: «Allah eləməsin! Biz onun barəsində bir şey bilmirik!» - deyə cavab verdilər. Əzizin zövcəsi (Züleyxa) dedi: «Artıq həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O şübhəsiz ki, doğru danışanlardandır!» («Yusif» surəsi, ayə:50-51)
Yusif (ə) zindandan çıxdığı zaman onun günahsız olduğu artıq hamıya məlum idi və onun zindanda (qəsdən) qalmaqda məqsədi bu idi ki, onu əxlaqsızlıqda günahlandıran hər bir şəxs öz səhvlərini etiraf edib hamının qarşısında onun günahsız olduğunu iqrar etsinlər.
Həzrəti Məhəmməd (s) isə səbr, helm, dözümlülük və düzgünlüyü hər şeydən üstün tutar, haqq və ədaləti hər bir işdə meyar tutardı.
Yaxşı olardı ki, Əbu Hüreyrə belə bir iftiranın yerinə bu həqiqəti bəyan edəydi: «Əgər Həzrəti Məhəmməd (s) Yusif (ə)-dan çox zindanda qalsaydı, o da zindandan çıxmaz və onun kimi təvəssül etməzdi».
Yusif (ə)-ın əhvalatından belə məlum olur ki, o, zindanda olarkən sarayın iki xidmətçisi də onunla birlikdə olurlar. Onlar (xidmətçilər) zindandan çıxdıqları zaman Yusif (ə) onlardan belə bir xahiş edir:
«(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi (şəxsə yuxuda şərab paylayana) dedi: «Ağanın yanında məni də yada sal!» («Yusif» surəsi, ayə:42)
O şəxs (yuxuda şərab paylayan) zindandan çıxandan sonra şeytan Yusif (ə)-ın dediklərini onun yadından çıxarır.
«Lakin Şeytan ona, ağasının yanında Yusifi yada salmağı unutdurdu». («Yusif» surəsi, ayə:42)
«(Və buna görə də Yusif) bir neçə il (yeddi və ya on iki il) zindanda qaldı». («Yusif» surəsi, ayə:42)
Bu, Allah-Taala tərəfindən Yusif (ə)-a edilən bir növ xəbərdarlıq idi. Çünki o hər şeyə qadir olan Allahdan yox, zəmanənin padşahından kömək gözləmişdi.
Bir anlıq Həzrəti Məhəmmədin (s) həyatına nəzər salsaq görəcəyik ki, o həzrətin başına gələn çətinlik və müsibətlər Yusif (ə)-ın qarşılaşdığı çətinliklərdən qat-qat ağır, çətin və daha dözülməz olmuşdur. Onun həyatda üzləşdiyi müsibətlər Həzrəti Əyyub (ə)-ın və Yəqub (ə)-ın qarşılaşdıqları çətinliklərlə müqayisə edilməz dərəcədə çətin və ağır olmuşdur.
Amma bütün bunlara baxmayaraq o, bir an olsun belə, bu çətinliklərin qarşısında süstləşməmiş, düşmənlərinin hiylə və məkrlərinə cəsarətlə sinə gərmişdir. Həzrəti Məhəmməd (s) həyatla mübarizəsini hələ uşaq yaşlarından başlamışdır. Dünyaya gəlməzdən əvvəl atasını, sonra uşaqlıq dövründən gözünün ağı-qarası olan anasını, sonra ən yaxın hamisini-babası Əbdülmüttəlibi itirmişdir. Ailə qurduqdan sonra onun qövmü (yəni Haşimilər) Qureyş qəbiləsi tərəfindən (iqtisadi-ictimai) mühasirəyə düşür və üç il çəkən mühasirənin ən çətin günlərində ona təsəlli verən və yardımçısı olan zövcəsi Xədicə və əmisi Əbu Talib vəfat edir. Sonra təqibə məruz qalır və Allahın əmri ilə Məkkədən Mədinəyə mühacirət edir. Hələ özü sağ ikən Fatimə (ə)-dan başqa bütün övladları vəfat edir. Hicrətdən sonra baş vermiş müharibələrdə özünün ən yaxın sirdaşlarını (səhabələrini) itirir və dəfələrlə canı təhlükə ilə üzləşir.
İndi özünüz deyin, tarixdə Həzrəti Məhəmməd (s)-dən çox müsibət görən və çətinliklərlə üzləşən ikinci bir peyğəmbər olmuşdurmu? Ondan başqa bu müsibətlərə kim dözə bilərdi?
«(Ya Məhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün sənə qarşı hiylə qururdular». («Ənfal» surəsi, ayə:30)
«Əgər siz Peyğəmbərə kömək etməsəniz, (bilin ki,) Allah ona kömək etmişdir. O zaman ki, kafirlər onu Məkkədən iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz yoldaşına (Əbu Bəkrə) «Qəm yemə, Allah bizimlədir!» -dediyi zaman göstərmişdi. O vaxt Allah ona (Peyğəmbərin qəlbinə) bir aramlıq nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunla müdafiə etmişdir». («Tövbə» surəsi, ayə:40)
«Siz dağa çıxdığınız və Peyğəmbər arxanızdan sizi çağırarkən heç kəsə baxma-dığınız zaman Allah sizin qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə təəssüf etməyəsiniz». («Ali-İmran» surəsi, ayə:153)
«Həqiqətən siz Bədrdə az və zəif olduğunuz halda Allah sizə yardım etdi». («Ali-İmran» surəsi, ayə:123)
«O zaman onlar üstünüzə-həm yuxarı, həm də aşağı tərəfdən hücum etmişdilər və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. Məhz onda möminlər imtahana çəkilmiş və möhkəm sarsılmışdılar». («Əhzab» surəsi, ayə:10-11)
«Hüneyn günü çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı: yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi, sonra dönüb qaçdınız. Sonra da Allah öz Peyğəmbərinə və möminlərə arxayınçılıq nazil etdi». («Tövbə» surəsi, ayə:25-26)
Qurani-Kərimdə bu mövzuya dair başqa ayələr də vardır. Biz yuxarıda qeyd etdiyimiz ayələrlə Əbu Hüreyrənin uydurduğu hədislərin müqabilində ondan və onu müdafiə edən təəssübkeş şəxslərdən məntiqi və möhkəm dəlillərə əsaslanan cavab tələb edirik.
Allahın salamı olsun Həzrəti Məhəmməd (s)-ə və bütün peyğəmbərlərə!
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 804 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]