Cümə günü, 2024-03-29, 4:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:50 AM
Saxta hədislərin yaranması


11-ci hədis
Əyyub (ə) qüsl aldığı zaman qızıl çəyirtkələr onun bədəninə daraşır, O, bu çəyirtkələri yığdığı üçün Allah-Taala onu tənbih edir.

Buxari və Müslüm bu hədisi bir neçə mənbədən istifadə edərək Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: Əyyub (ə) çimərkən (qüsl alarkən) qızıl çəyirtgələr onun bədəninə daraşır. O tez çəyirtgələri yığıb paltarlarının ciblərinə doldurur. Allah-Taaladan ona belə bir nida gəlir: Ey Əyyub! Mən səni bütün bunlardan ehtiyacsız etməmişəmmi?
Əyyub (ə) dedi: Bəli! Ey mənim Rəbbim, elədir. Amma, and olsun Sənin izzəti cəlalına, bir an olsun belə, Sənin bərəkətindən ehtiyacsız olmamışam.
Bu hədisə istinad etmək üçün insan mənən kor və çox sadəlövh olmalıdır.
Qızıl çəyirtgələr yalnız qeyri-adi hallarda (məsələn, peyğəmbərlərin möcüzələrini sübuta yetirmək üçün) Allah-Taala tərəfindən yaradıla bilər. Onun yaratdığı hər məxluqatda və gördüyü hər bir işdə dərin hikmət vardır. Yer üzündə hərəkət edən hər bir canlı təbii varlıq və baş verən hadisələr boş yerə yaradılmamış və müəyyən hədəf olmadan icra olunmayır (həyata keçirilməyir).
İlahi peyğəmbərlərdən biri çimdiyi bir halda qızıl çəyirtgələri yaratmaqda və onları Əyyub (ə)-ın başına tökməkdə nə məqsəd ola bilərdi?
Ümumiyyətlə, sağlam əql bütün bunları nə dərəcədə düzgün qəbul edə bilər?!
Fərz edək ki, çəyirtgələr elə doğrudan da Əyyub (ə)-ın bədəninə daraşmışlar. Belə bir vəziyyətdə ilahi nemətə göz yummaq olarmı? Onları yığıb səmərəli şəkildə istifadə etmək hər bir aqil insana vacibdir. Deməli əgər Əyyub (ə) çəyirtgələri yığmış olsaydı belə, bu işdə heç bir nöqsan tutmaq lazım deyildir.
İlahi nemətlərdən səmərəli istifadə etmək hər bir insanın həyatda öhdəsinə düşən ən ümdə məsuliyyətlərdən biridir. Onlara göz yummaq və ya şükrünü yerinə yetirməmək peyğəm-bərlər üçün küfr ilə bərabərdir və onlar bütün mənfi xüsusiyyətlərdən uzaq və münəzzəhdirlər.
Peyğəmbərlərə var-dövlət nəsib olduğu zaman onun hamısını (və ya əksər hissəsini) yaşadıqları cəmiyyətdə ehsan edərdilər və təbii ki, bu da yalnız Allahın razılığına səbəb ola bilərdi. Digər tərəfdən isə Allah öz bəndə-lərinin ehtiyaclarını onların özlərindən daha yaxşı bilir. Bu səbəbdən də onları mal-dövlət yığmaq üçün (Əyyub (ə)-a işarə edilir) heç vaxt danlayıb tənbih etməz.

12-ci hədis
Qarışqaları yandırdığı üçün Musa (ə)-ın Allah-Taala tərəfindən danlanması.

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: «Günlərin biri Musa (ə)-ın ayağını qarışqa dişləyir. O da qəzəblənərək ətrafda olan bütün qarışqa yuvalarına od vurub yandırmağı əmr edir. Allah-Taaladan Musa (ə)-a belə bir vəhy nazil olur: Səni yalnız bir qarışqa dişlədi, sən isə ətrafdakı bütün qarışqaları yandıraraq məhv etdin?!»
Əbu Hüreyrə peyğəmbərlərə qəlbən vurğun olduğu üçün onlar haqqında belə qəribə, amma ürək ağrıdan dastanlar uydurardı.
Əli (ə) xütbələrinin birində buyurur:
«And olsun Allaha! Əgər yeddi iqlimi və onlarda mövcud olan bütün nemətləri mənə versələr qurumuş buğda qabığını belə qarışqanın ağzından almaram. Dünya mənim nəzərimdə çəyirtgənin ağzında çeynədiyi yarpaqdan daha dəyərsizdir».
Əli (ə) Peyğəmbər olmadığı bir halda bu sözləri söyləyirsə onda hər bir eyb və nöqsandan uzaq olan məsum İlahi peyğəmbərlərdən biri belə böyük səhvə yol verə bilərdimi?
Xətakar və cahil insanların peyğəmbərliyə seçilməsi qeyri-mümkündür. Allah və Onun peyğəmbərləri haqqında belə xurafi hədisləri uydurmaq isə səfeh və nadan insanların işidir. Əbu Hüreyrənin ilahi peyğəmbərlər haqqında nəql etdiyi bu hədisləri yığaraq kitab halına salan müəlliflərin bu işdən nə məqsəd güddükləri bizə hələ də qaranlıq qalır. Maraqlıdır, görəsən onlar qiyamət gününün sorğu-sualından qorxmurlarmı?! Məgər onlar bilməyirlər ki, yandırmaq yalnız Allaha xas olan cəza üsuludur və Onun peyğəmbərləri belə bir böyük səhvə yol verə bilməzlər?! Bu hamıya şamil olan ümumi şəri bir qanundur və onun icrası digər qadağan olunmuş işlər kimi günah sayılır.
«Allahdan başqa od ilə əzab verən olmaz».
Əbu Davud İbni Abbasdan, o da Peyğəmbər (s)-dən nəql etdiyi hədisdə deyir: «Qarışqanı, arını, şanapipiyi və qartalı öldürməkdən çəkinin».

13-cü hədis
Həzrəti Məhəmməd (s) iki rükətli namazı unudur!

Buxari və Müslüm kitablarının «Namazda səhv» bölümündə Əbu Hüreyrədən nəql etdikləri hədisdə belə bir mövzuya toxunmuşlar: «Günlərin biri Peyğəmbər (s) dörd rükətli günorta namazını iki rükət qılıb salamları deyərək namazı bitirdi. Sonra məsciddən eşiyə çıxıb əlini kənardakı kiçik dirəyin üzərinə qoyub dayandı. Əbu Bəkr və Ömər də namaz qılanların arasında idilər. Onlar Peyğəmbər (s)-dən çəkinərək bir söz deməyə cəsarət etməyirdilər. Camaat tələm-tələsik Peyğəmbər (s)-in yanına gəlib ondan soruşdular: «Ya Rəsuləllah! Namazı özünüz (bilərəkdən) şikəstə (qısa) qıldınız?»
Peyğəmbər (s)-in Zül-yədəyn adlandırdığı şəxs o Həzrəti səsləyib soruşdu: Ya Rəsuləllah! Yadından çıxdı, ya özün bilərəkdən iki rükətli qıldın?
Peyğəmbər (s) buyurdu: Nə yadımdan çıxdı, nə də unutdum.
Bir qədər keçdikdən sonra buyurdu: Yox, unutmuş idim.
Qalxıb yenidən iki rükət namaz qıldı. Salamları dedikdən sonra təkbir (Allahu əkbər) deyib səcdəyə getdi».
Hədisə tutulan bir neçə irad:
1 - Belə bir işi yalnız namaza əhəmiyyət verməyən və qəlbən namaza bağlılığı olmayan şəxslərdən gözləmək olar. Namaza əhəmiyyət verən və qəlbən özünü Allahın hüzurunda hiss edən şəxslərin belə bir səhvə yol verməsi qeyri-mümkündür.
Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd (s) təkbir deyib namaza başlayarkən bu dünyadan ayrılıb Allahın dərgahına qovuşar, cismən və ruhən Allahın ixtiyarında olardı. Amma Əbu Hüreyrə bütün bunların üzərindən xət çəkir və heç nədən çəkinmədən Peyğəmbər (s)-i ibadətdə ikən səhlənkarlıqda ittiham edir.
2 - Qeyri-mümkün olsa da bir anlıq belə fərz edək ki, bu hadisə elə belə də olmuşdur.
Məgər onun özü deməyirmi ki, «nə bilərəkdən şikəstə (qısa) qıldım və nə də unutqanlıq üzündən oldu!» Necə olur ki, bu sözləri öz dili ilə iqrar edən bir Allah Peyğəmbəri sonra özü bunu unutduğunu etiraf edərək deyir:
«Şikəstə qılmadım, sadəcə olaraq unutdum».
Bütün müsəlman ümməti belə bir əqidədədir ki, Həzrəti Məhəmməd (s) məsum (günahsız) bir şəxs olmuşdur və onun şəri məsələlərdə belə bir səhvə yol verməsi qeyri-mümkündür. Biz Əbu Hüreyrəni canfəşanlıqla müdafiə edən «din alimlərinə» və «mühəddislərinə» belə bir sual veririk: Sizin müdafiə etdiyiniz ravi axı hansı əqidəyə sahib olmuşdur və bu onu belə məntiqsiz hədislər uydurmağa vadar edən hansı (xarici) amillər olmuşdur?
Peyğəmbər (s)-in eyni zamanda iki müxtəlif və ziddiyyətli söz deməsi onun ismətinə xələl gətirməzdimi? Biz müsəlmanlar bir tərəfdən Peyğəmbər (s)-in məsumluğunu sübut etməyə çalışırıq, digər tərəfdən isə onun adına müxtəlif iftiralar yaxaraq səhlənkarlıqda günahlandırmağa çalışırıq.
Vay Əbu Hüreyrənin halına! Vay ondan ağız dolusu (yalan hədislər) nəql edən şəxslərin halına!
3 - Əbu Hüreyrənin nəql etdiyi bu hədisdə heç bir dəqiq mətləb nəzərə çarpmayır. O şikəstə qılınan dörd rükətli namazı bəzən «zöhr», bəzən də «əsr» adlandırmışdır. Məsələn, nəql olunmuş mənbələrdən birində deyilir: «Biz həzrəti Peyğəmbər (s) ilə əsr namazını qılırdıq və o həzrət əsr namazını iki rükət qıldı».
Başqa bir yerdə deyir: «Biz Peyğəmbər ilə zöhr namazını qılırdıq və o Həzrət.. ».
4 - Peyğəmbər (s)-in namazından qalxıb əlini qapının tirinə qoyması, camaatın məsciddən tələm-tələsik çıxması və ondan namazı nə üçün şikəstə qılmasını soruşmaları, Zül-yədəyin Peyğəmbər (s)-dən etdiyi sual «Ya Rəsuləllah, namazı özünüz bilərəkdən iki rükət qıldınız, yoxsa yadınızdan çıxdı» və həzrəti Peyğəmbərin «nə unutdum, nə də şikəstə qıldım» deyərək cavab verməsi, sonra isə əshaba müraciət edərək «Zül-yədəyn düzmü deyir?» soruşması, onların da: Bəli demələri və s. kimi Əbu Hüreyrənin bu kimi uydurmaları (Əbu Hüreyrə başqa bir yerdə belə rəvayət edir: «Həzrət Peyğəmbər öz hücrəsinə (otağına) daxil oldu, sonra camaat tərəfə gəldi».) namazın həqiqi və əsli surətinin aradan getməsinə səbəb ola bilərdi. Halbu ki, müqəddəs İslam şəriətində sübuta yetirilibdir ki, namazın əsli surətinin pozulmasına səbəb olan hər bir şey namazın batil olmasına səbəb olur və belə olduğu bir halda namazın iki rükət qılınmasına əsaslanmaq olmaz. Yəni namaz batil olur və onu yenidən dörd rükət qılmaq lazımdır.
5 - Hədisdə adı çəkilən «Zül-yədəyn» Bəni Zöhrə qəbiləsi ilə əhd-peyman bağlamış Əbu Əmrin oğlu Zül-Şəmaləyndir. O, hicrətin ikinci ilində Bədr döyüşündə şəhid olmuş şəxslərdən biridir və Bəni-Zöhrənin imamı idi Məhəmməd ibni Müslüm də öz əsərində bu mətləbə işarə etmişdir. «Əl-İstiyab» və «Əl-İsabə adlı kitablarda da bu məsələ geniş şəkildə şərh edilmişdir».
Zül-yədəyn və Zül-Şəmaləynin bir şəxsin adı olduğunu sübut etmək üçün Nəsayidən nəql olunmuş hədislərdən yalnız birinə işarə etmək kifayətdir. Hədisdə deyilir: Əbu Ömərin oğlu Zül-Şəmaləyn Peyğəmbər (s)-ə dedi: «Namazı özünüz (bilərəkdən) şikəstə qıldınız, yoxsa unutdunuz? Peyğəmbər (s) üzünü əshaba tutub soruşdu: Zül-yədəyn nə deyir?
Hədisin məzmunundan belə məlum olur ki, Zül-yədəyn elə həmən Zül-Şəmaləyn olmuşdur. Bu hədisi daha geniş şəkildə Əhməd ibni Hənbəl özünün «Əl-Müsnəd» adlı kitabında Əbu Sələmədən, o da atası Süleymandan və o da Əbu Xəysəmədən nəql etmişdir. Onların hər ikisi (yəni həm Əbu Ömər və həm də Əhməd ibni Hənbəl) bu hədisi Əbu Hüreyrədən nəql edərək deyirlər: «Həzrəti Peyğəmbər ya zöhr (günorta), ya da əsr (ikindi) namazını iki rükət qıldı.
Əbu Ömərin oğlu Zül-Şəmaləyn Peyğəmbər (s)-dən soruşdu: Ya Rəsuləllah! Namazı özünüz bilərəkdən iki rükət qıldınız, yoxsa yadınızdan çıxdı? Peyğəmbər (s) əshabdan soruşdu. Zül-yədəyn nə deyir? Onlar cavab verdilər: Bəli, o düz deyir, ya Rəsuləllah!
Əbu Musa Cəfər Mustəğfəridən bu hədisi belə nəql edir: «Əl-İsabə adlı kitabda Nəzlənin oğlu Əbu Əmrin şərhi-halını yazarkən Kəsirin oğlu Məhəmmədə, o da Ovzəiyə, o da Zühəriyə, o da Müsəyyib oğlu Səid və həmçinin Abdullah oğlu Übeydullah və Əbu Sələməyə istinad edərək Əbu Hüreyrədən belə nəql edirlər: «Həzrəti Peyğəmbər (s) zöhr namazını qılarkən ikinci rükətdən sonra salamları deyib namazını bitirdi. Bəni-Xüzaə qəbiləsindən olan və Bəni-Zöhrə qəbiləsi ilə peyman bağlayan Nəzlə oğlu Əbu Əmr Peyğəmbər (s)-in yanına gəlib soruşdu: Ya Rəsuləllah! Namazı özünüz şikəstə qıldınız, yoxsa dörd rükət qılmaq yadınızdan çıxdı?
Həzrət Peyğəmbər (s) üzünü əshaba tutub onlardan soruşdu: Zül-Şəmaləyn düzmü deyir?.... ». (Hədisin sonunadək).
Deməli, belə məlum olur ki, Zül-yədəyn Bəni-Zöhrə ilə əhd-peyman bağlamış Əbu Əmrin oğlu həmən Zül-Şəmaləyndir.
Bu da hamıya məlumdur ki, bu şəxs (Zül-yədəyn) Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl «Bədr» döyüşündə şəhadətə çatmışdır və onu şəhid edən şəxsin adı Üsamə Cəşəmi olmuşdur. İbni Əbdül-Birr kimi ravilər bu həqiqəti dəfələrlə öz kitablarında qeyd etmişlər.
Ey ağıl və düşüncə sahibləri! Bir anlıq papağınızı qarşınıza qoyub yaxşı-yaxşı fikirləşin: Əbu Hüreyrə islamı qəbul etməzdən beş il əvvəl şəhid olmuş bir şəxs ilə birlikdə Peyğəmbər (s)-in arxasında namaz qıla bilərdimi??
İmam Təhavi Əbu Hüreyrəyə bəraət qazandırmaq üçün belə bir bəhanəyə əl atır: «Əbu Hüreyrə hədisi nəql edərkən «biz» deyəndə özünü deyil, orada olan müsəlmanları nəzərdə tutmuşdur (yəni bunu təvazökarlıq üzündən demişdir)». Cavabında biz deyirik ki, sizin gətirdiyiniz dəlil tamamilə səhv və əsassızdır, çünki Müslüm «Səhih» kitabının «namazda səhv» fəslində bu hədisi belə nəql etmişdir: «Əbu Hüreyrə deyir: Mən Peyğəmbər ilə birlikdə zöhr namazını qılırdım. O, dörd rükətli zöhr namazını iki rükət qıldı».
Bəlkə, deyəsiz Əbu Hüreyrənin sözləri bu hədisdə məcazi məna daşımışdır?!
Xeyr! Sadəcə olaraq onlar həqiqətə müxtəlif don geydirmək istəyirlər.
Əcəb cahil və qanmaz insanlara rast gəlmişik!
«Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq».
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]