Şənbə günü, 2024-12-21, 6:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:48 AM
Saxta hədislərin yaranması


14-cü hədis
Həzrəti Peyğəmbər (s) bəzən günahsızları qırmancla vurar, döyər, söyər və təhqir edərdi!

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: Peyğəmbər (s) etdiyi duaların birində buyurmuşdur:
İlahi! Məhəmməd də bir bəşərdir. Bəzən mən də onlar kimi qəzəblənir və çox sərt oluram. Sən mənimlə əhd-peyman bağladın və Sən heç vaxt öz vədənə xilaf iş görməzsən. Hər kimi vurub, döyüb və ya təhqir etmişəmsə, bunu onların kəffarəsi bil və günahlarını bağışla. İlahi! Sən özün onları əfv et və özünün yaxın bəndələrindən qərar ver»

***

Peyğəmbərlər nə qəzəbləndikləri zaman, nə də adi hallarda kimsəni səbəbsiz olaraq nə vurar, nə də təhqir edərlər (və ya lənət oxuyarlar).
Ümumiyyətlə, peyğəmbərlərin səbəbsiz olaraq (digər insanlar kimi) qəzəblənməsi qeyri-mümkündür. Allah pak və münəzzəh olduğu kimi, Onun peyğəmbərləri də məsum və pak olarlar və bir kəsi döymək, söymək, lənət oxumaq, təhqir etmək onların şəninə yaraşmaz. Onların söylədikləri hər bir sözdə və gördükləri hər bir işdə dərin hikmət olmuş və vardır.
Hamıya məlumdur ki, mömin bir şəxsi səbəbsiz olaraq döymək, söymək, qarğış etmək və ya təhqir etmək və s. böyük günahlardan biri hesab olunur və bunlardan birini həyata keçirən hər bir şəxs şəri nöqteyi-nəzərdən günahkar hesab edilir. Həmin şəxs tövbə etməli və haqq yola qayıtmalıdır. Əməli saleh möminlər bu işlərdən həzər etdikləri bir halda Allahın yer üzərindəki sonuncu Peyğəmbəri, bəşəriyyətə insanlıq və ədalət nişanəsi olan Həzrəti Məhəmməd (s) belə böyük bir səhvə yol verə bilərdimi?!
O özü bu barədə buyurur: «Müsəlmanı söymək, təhqir etmək böyük günahlardan biridir».
Əbu Hüreyrənin Peyğəmbər (s) haqqında nəql etdiyi başqa bir hədisdə deyilir: Əshab Peyğəmbər (s)-ə dedilər:
Ya Rəsuləllah! Müşriklərə qarğış et!
Həzrəti Məhəmməd (s) buyurdu: Mən nifrin etmək üçün deyil, bəşəriyyətə rəhmət olaraq peyğəmbərliyə göndərilmişəm (yəni onları günah işlərdən çəkindirib Allahın rəhmət dərgahına qovuşdurmaq üçün peyğəmbərliyə göndərilmişəm).
Kafirlərə qarşı belə bir münasibətdə olan həzrəti Məhəmməd (s) öz yaxın adamlarına qarşı kobudluq edə bilərdimi?
Həzrəti Peyğəmbər (s)-dən nəql olunmuş başqa bir hədisdə deyilir: «Nifrin edən və lənət oxuyan şəxslər qiyamət günü nə şəfaət olunarlar, nə də şəhadət verərlər».
Abdullah ibni Ömər Peyğəmbər (s) haqqında belə deyir: Peyğəmbər söyüş söyən və nalayiq sözlər deyən bir şəxs deyildi. O həmişə deyərdi: «Sizin ən yaxşınız gözəl əxlaqa malik olanınızdır». Ənəsdən rəvayət olunmuş hədisdə deyilir: «Peyğəmbər (s) heç vaxt başqalarına lənət oxumazdı və kimsəni təhqir etməzdi». Əbuzər Həzrəti Məhəmməd (s) peyğəmbərliyə təyin olunduqdan sonra qardaşına dedi:
Atını min və dərin mənalı sözlər eşitmək üçün onun yaşadığı məhəlləyə gəl. (Qardaşı) evə qayıtdıqdan sonra dedi: O böyük əxlaqa malikdir. Fərman verdiyi şəxslər ilə də çox mehribanlıqla rəftar edir.
Abdullah ibni Ömər deyir: Çalışırdım ki, Peyğəmbər (s)-in söylədiyi hər bir şeyi yazıb gələcək nəsillərə çatdırım, amma Qureyş camaatı məni bu işdən uzaqlaşmağa vadar edirdilər. Onlar mənim bu işimə irad tutaraq deyirdilər: Məgər bilməyirsən ki, Peyğəmbər (s) bəzən qəzəbli, bəzən də aram (sakit) olur?
Mən bir müddət bu işdən əl çəkdim. Günlərin biri Peyğəmbər (s)-in yanına gedib əhvalatı ona danışdım. Peyğəmbər (s) məni dinlədikdən sonra barmağı ilə ağzına işarə edib dedi:
Yaz! And olsun Allaha ki, buradan (yəni ağzımdan) həqiqətdən başqa bir şey xaric olmayır».
Əmr ibni Şueyb atasından və o da öz babasından nəql etdiyi rəvayətdə deyir: Ya Rəsuləllah! Sizdən eşitdiyimiz hər bir sözü kağız (dəri) üzərinə köçürəkmi? Buyurdu: Bəli. Soruşdum: Xoşhal və qəzəbli hallarda söylədiklərinizidəmi? Buyurdu: Bəli, mən hər bir halda olsam, həqiqətdən başqa bir şey deməyirəm.
Ayişədən Peyğəmbər (s)-in əxlaqı və davranışı haqqında soruşduqda belə cavab verərdi: Bu vaxta qədər heç Quran oxumusunuzmu? Cavab verirlər: Bəli. Sonra Ayişə deyərdi: Onun əxlaqı və rəftarı Qurandır.
Ayişənin belə bir cavab verməsi heç də təəccüblü deyildir. Çünki o, illər boyu Peyğəmbər (s) ilə birlikdə yaşamış və onun Qurana nə qədər bağlı olduğunu hamıdan yaxşı dərk edə bilmişdir.
Həzrəti Məhəmməd (s) Quranın qadağan etdiyi şeyləri hamıdan əvvəl özünə haram edər, əmr etdiyi şeyləri isə təxirə salmadan yerinə yetirərdi. Bəşəriyyəti haqqa və ədalətə hidayət edən Həzrəti Məhəmməd (s) Quranla yaşayır və hər zaman ona müraciət edərək mənən qidalanırdı.
O böyük insanın əxlaqını dərk etmək üçün aşağıdakı ayələrə diqqət yetirin:
«Mömin kişiləri və (möminə) qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər şübhəsizdir ki, öz əllərinə açıq-aydın bir günah götürmüşlər». («Əhzab» surəsi, ayə:58)
«O şəxslər ki, günahlardan və rəzil işlərdən çəkinər və (birinə) qəzəbləndikləri zaman onun günahlarını bağışlayalar». («Şura» surəsi, ayə:37)
«(Müttəqilər o kəslərdir ki,) bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər». («Ali-İmran» surəsi, ayə:134)
«(Allahın layiqli bəndələri o kəslərdir ki,) cahillər onlara söz atdıqları (xoşları gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaqlıqla danışarlar». («Furqan» surəsi, ayə:63)
«Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, xətaya bağışlamaqla cavab ver!) Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən». («Fussilət» surəsi, ayə:34)
«İnsanlarla xoş danışın». («Bəqərə» surəsi, ayə:83)
«Yalan sözlərdən də çəkinin». («Həcc» surəsi, ayə:30)
«Həddi aşmayın, doğrudan da Allah həddi aşanları sevməz». («Maidə» surəsi, ayə:87)
«Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda biz nə üçün Ona təvəkkül etməməliyik?! Bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!» («İbrahim» surəsi, ayə:12)
«Sizdən əvvəl kitab verilmiş kimsələrdən və Allaha şərik qoşanlardan çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib, Allahdan qorxsanız, əlbəttə, bu məqsədə müvafiq işlərdəndir». («Ali-İmran» surəsi, ayə:186)
«Sənə tabe olan möminləri qanadının altına al!» («Şüəra» surəsi, ayə:215)
«(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin yanından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!» («Ali-İmran» surəsi, ayə:159)
Budur həzrəti Məhəmməd (s)-in həyatı!
Həzrəti Məhəmməd (s)-in əxlaqını bəyan edən bir neçə hədis:
1 - «Sizin ən güclünüz o şəxsdir ki, qəzəbləndiyi zaman özünü idarə edə bilsin».
2 - «Nəzakət və mehribanlıqdan məhrum olan şəxs xeyir əməllərdən bəhrələnməz».
3 - «Allah yaxşılıq edənləri və xeyir əməl sahiblərini sevəndir. Mehriban və nəzakətli insanlar Allahın ən sevimli bəndələridirlər. İlahi nemətlərdən bəhrələnən də məhz onlardır».
4 - «Müsəlman o şəxsdir ki, başqaları onun dilindən və əlindən amanda olsunlar».
Allah-Taala Peyğəmbər (s)-i Qurani-Kərimdə belə vəsf etdiyi bir halda:
«Doğrudan da sən böyük əzəmətli bir əxlaq sahibisən!» («Qələm» surəsi, ayə:4)
O, günahsız və heç bir təqsiri olmayan şəxslərə qarşı kobudluq edərək, onların haqlarını tapdalaya bilərdimi?!
Əbu Hüreyrənin yalan və iftiralarından Allaha pənah aparıram!
«Onlar Allahı layiqincə tanıyıb qiymətləndirmədilər. Belə isə səbr etmək gözəldir. Allah sizin dediyiniz işlərdə mənim kömək yerimdir».
Əbu Hüreyrə bu hədisi uydurmaqda iki mühüm məqsəd güdmüşdür:
1 - Müaviyənin və Əbul Asın ailəsi ilə daha sıx əlaqə bərqərar edib gələcək planlarını asanlıqla həyata keçirmək.
2 - Həzrət Məhəmməd (s)-in münafiqlər haqqında buyurduğu hədisi qüvvədən salaraq müsəlmanların nəzərindən uzaqlaşdırmaq.
Həzrəti Məhəmməd (s) özündən sonrakı nəsilləri Bəni-Üməyyənin cinayətlərindən agah etmək üçün onlara lənət oxuyar və nifrin edərdi.
Əbu Hüreyrə isə Bəni-Üməyyə münafiqlərini cəmiyyətdə məsum və mömin şəxslər kimi tanıtmaq üçün, onların şəninə müxtəlif mövzularda hədis uyduraraq xilafəti özündən razı salmağa çalışırdı. Az da olsa, o bu istəyinə nail oldu, amma həqiqət həqiqət olaraq qalır.
Günlərin biri həzrəti Məhəmməd (s) yuxuda görür ki, Həkəm ibni Əbul Asın övladları onun minbərinin üstündə meymun kimi atılıb-düşür və məscidə daxil olan şəxsləri qovaraq geri qaytarırlar. Həzrəti Məhəmməd (s) bu yuxunu gördükdən sonra ömrünün sonunadək bir daha üzü gülmədi.
«(O gecə) sənə göstərdiyimiz yuxunu və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tuğyanını artırmaqdan başqa bir iş görmür». («İsra» surəsi, ayə:60)
Allah-Taala Peyğəmbər (s)-i əməvilərin gələcəkdə törədəcəkləri cinayətlərdən agah etdi. Xilafətin qəsb edilməsi (zorla ələ keçirilməsi), Peyğəmbər (s)-in övladlarının onlar tərəfindən qətlə yetirilməsi, cəmiyyətdə fitnə-fəsadın geniş şəkildə artması və sair məsələlər məhz əməvi sülaləsinin xilafəti dövründə meydana çıxdı. Bütün bunlara əvvəlcədən agah olan həzrəti Məhəmməd (s) ömrünü qəm-qüssə içində başa vurdu ki,
«Həlak olan aşkar bir dəlillə həlak olsun, sağ qalan da aşkar bir dəlil üzündən sağ qalsın». («Ənfal» surəsi, ayə:42)
Bir neçə misal:
Günlərin biri Həkəm ibni Əbul As Peyğəmbər (s)-in yanına gəlib ondan hər hansı bir iş üçünsə icazə istəyir. Peyğəmbər (s) üzünü çevirib buyurur: «Ona icazə verin və bilin ki, hər kim onların yolunu davam etsə Allahın lənət və qəzəbi onlara şamil olar. Onlar bu dünyada var-dövlət və məqam sahibləri olsalar da, axirətdə böyük və rüsvay edici əzaba düçar olarlar. Onlar hiyləgər və şər insanlardır».
Başqa bir hədisdə deyilir:
«Əbul Asın övladlarının sayı otuza çatdıqda beytül-malı öz aralarında istədikləri kimi bölər (və ondan sui-istifadə edərlər). Onlar Allahın dinindən sui-istifadə edərək insanlara əzab-əziyyət verməkdən çəkinməzlər».
«Bəni-Üməyyə övladlarının sayı qırxa çatdıqda Allahın bəndələrini fitnə-fəsada sövq edər və onların var-dövlətinə zorla sahib olarlar. Onlar hədlərini o qədər aşarlar ki, Allahın kitabını istədikləri kimi mənalandırar və öz mənafeylərinə uyğun olan tərzdə təfsir edərlər».
Peyğəmbər (s)-in zamanında dünyaya təzə gəlmiş uşaqlara xeyir-dua etmək üçün o həzrətin yanına gətirirdilər. Günlərin biri Mərvan Həkəm təzə dünyaya gəlmiş uşağına xeyir-dua etmək üçün Peyğəmbər (s)-in yanına gətirirlər.
Peyğəmbər (s) uşağın üzünə baxıb buyurdu: «Bu uşaq özü heyvandır, heyvandan da törənmişdir. özü də, atası da məlundur (Allah lənətinə kəlmişdir.)»
Ayişədən nəql olunmuş hədisdə deyilir:
«Peyğəmbər (s) (birinci dəfə) Mərvanın atasına (Həkəmə) lənət oxuduğu zaman Mərvan hələ atasının sülbündə idi. (Sonra deyir:) Mərvan da Allahın lənətinə gəlmiş şəxslərdəndir.
Şəbi, Zübeyrin oğlu Abdullahdan nəql etdiyi hədisdə deyir: «Allah Peyğəmbəri (s) Həkəmə və onun övladına (Mərvana) lənət oxumuşdur».
Bunu da qeyd etmək lazımdır ki, bu məzmunda nəql olunmuş hədislərə həm sünnü, həm də şiə mənbələrində rast gəlmək olur.
(Belə hədislərə mütəvatir hədislər deyilir.) Hakimin «Müstədrəküs-səhiheyin» adlı kitabına müraciət etməklə bu mövzuya toxunan kifayət qədər hədis və rəvayət əldə etmək olar. O, kitabının «Əl-fitən vəl-məlahim» fəslində «düşüncə sahiblərinin işi iblağdır» (təbliğ etmək) hədislərindən sonra deyir: «Elm sorağında olan şəxslər bilməlidirlər ki, bu fəsildə bəyan etdiyim hədislər bu mövzu haqqında mövcud olan rəvayətlərin üçdə birini belə təşkil etmir. Bəni Üməyyənin törətdikləri fitnə-fəsad islam ümmətinin qarşılaşdığı və sonralar ona aludə olduğu ilk fitnə-fəsadlar olmuşdur».
Hakim sonra deyir: «Kitabı yazarkən onların tarix boyu törətdikləri cinayətlərə göz yuma bilmədim və onları öz əsərimdə bəyan etdim».
Həddindən artıq azğınlaşan Bəni Üməyyə cəmiyyətdə fitnə-fəsad törətməklə yanaşı lənətlənmiş İbni Əbul Ası həzrəti Peyğəmbər (s)-dən belə üstün və onun məqamını hamıdan uca tutmağa çalışırdılar.
Onlar həmən kəslərdirlər ki, Təbuk döyüşündən qayıtdıqdan sonra Peyğəmbər (s)-ə sui-qəsd hazırlamaq fikrinə düşüb, müxtəlif tədbirlərə əl atdılar. Elə bu səbəbdən də Həzrəti Məhəmməd (s) onların bu niyyət-lərindən agah olub öz ümmətini gələcəkdə qarşılaşacaqları xətərdən agah etmək üçün Bəni Üməyyəyə və digər münafiqlərə lənət və nifrin etdi».
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 859 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]