Çərşənbə günü, 2024-04-24, 10:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:47 AM
Saxta hədislərin yaranması


15-ci hədis
Namaz qılarkən şeytanın həzrəti Peyğəmbər (s)-in gözünə görünməsi.

Buxari və Müslüm bu hədisi birbaşa Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir:
«Həzrəti Peyğəmbər (s) namazını qılıb qurtardıqdan sonra əshabın yanına gəlib dedi: Namaz qıldığım zaman Şeytan gözlərim önündə canlanmağa başladı və namazımı batil etmək üçün çox səy etdi, amma o buna nail ola bilmədi. Allah mənə qüvvət verdi və onu özümdən dəf edə bildim. Sonra onu məscidin sütunlarından birinə bağlamaq istədim ki, məscidə gələn hər bir kəs ona lənət oxusun. Amma birdən Süleyman (ə)-ın dediyi bu söz yadıma düşdü: İlahi! Səndən kimsəyə nəsib etmədiyin bir var-dövlət istəyirəm». («Səhihi-Buxari», 1-ci cild, səh.143, «Namazda icazə verilən şeylər» fəsli.)
Peyğəmbərlərin ismətinə xələl gətirən belə hədislərin uydurulması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Çünki, onlar daim peyğəmbərlərdə nöqsan axtarar və dinə (bütün ilahi dinlərə) ləkə yaxmaq istərlər.
Biz müsəlmanlar isə bu əqidədəyik ki, Şeytanın namaz vaxtı Peyğəmbər (s)-in gözləri önündə canlanıb, namazını batil etməyə cəhd göstərməsi mahal və qeyri-mümkündür. Allah-Taala Qurani-Kərimdə bu mətləbi belə bəyan edir: (Şeytana buyurur:)
«Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində, onları yoldan çıxarıb günaha vadar etməyə sənin heç bir hökmün olmaz».
Dünya müsəlmanları arasında məzhəb ixtilaflarının olmasına baxmayaraq, onlar bir çox əqidəvi məsələlərdə eyni fikir və düşüncəyə əsaslanırlar. Bu məsələlərdən biri də Peyğəmbər (s)-in həyatında baş vermiş hadisələr ilə əlaqəlidir. Belə ki, Həzrəti Məhəmməd (s) dünyaya gəldiyi zaman Şeytan yerindəcə donub qalmış və azacıq hərəkətdən belə məhrum olmuşdur. («Səhihi-Müslüm», 1-ci cild, səh.204; «Namaz qılarkən Şeytana lənət oxunma» fəsli. Həmçinin Əhməd ibni Hənbəl, «Əl-Müsnəd», 2-ci cild, səh.298. Əbu Hüreyrədən nəql edilmiş hədis.)
O həzrət peyğəmbərliyə təyin edildiyi zaman onu (şeytanı) vəhşət bürüyüb qorxu içinə düşmüş, hicrət etdiyi və müşriklər üzərində qələbə çaldığı zaman isə üzü üstə yerə yıxılaraq xar və rüsvay olmuşdur. O bütün bu hallarda duz suda əriyib yoxa çıxdığı kimi sanki məhv olur və yenidən yaranırdı.
Həzrət Məhəmməd (s) namaz qılarkən onun pak vücudundan asimana nur ucalar və bəşəriyyəti günahlardan çəkinməyə sövq edərdi. O, namaz qılarkən ətraf mühitdən tamamilə ayrılıb öz məhbubuna (Allaha) qovuşar və Onunla raz-niyaz edərdi:
«(Ya Məhəmməd!) Quran oxumaq istədiyin zaman qovlmuş Şeytandan Allaha sığın («əuzu billahi minəş-şeytanir-rəcim» sözlərini de.)» («Nəhl» surəsi, ayə:98)
Həzrəti Peyğəmbər (s) Şeytanın şərrindən Allaha pənah aparar və Allah da onun istədiyi bütün duaları müstəcab edərdi. O ki, qaldı Şeytana, o özü əməli saleh Allah bəndələrini yoldan azdıra bilməyəcəyini etiraf etmişdir. Amma bütün bunlara baxmayaraq xurafata uyan bəzi cahil insanlar belə nalayiq xüsusiyyətləri Həzrət Məhəmməd (s) kimi şərəfli insana aid etməyə çalışırlar. Əbu Hüreyrə özü bu haqda nəql etdiyi başqa bir hədisdə deyir: «Şeytan azan verən hər bir müsəlmanın səsini eşitcək ona üz çevirər və qəzəbindən dözə bilməyib uca səslə fəryad edər».
Üzümüzü Əbu Hüreyrəyə tutub soruşuruq: «Hər bir müsəlmanın oxuduğu azandan qaçan Şeytan ibadətdə ikən Allah dərgahına qovuşan və Onunla birbaşa rabitədə olan Həzrəti Məhəmməd (s)-i sapındıra bilərdimi?! Əsla!
«Həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir». («Nəhl» surəsi, ayə:99-100)
Əgər bu ayə haqqında soruşsanız:
«Əgər sənə Şeytandan, bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz, Allah hər şeyi eşidən və biləndir». («Əraf» surəsi, ayə:200) Cavabında deyəcəyik:
Allah-Taala Həzrəti Məhəmməd (s)-ə əta etdiyi əxlaq və ədəb qaydalarını xəlq etdiyi mələklərin və göndərdiyi peyğəmbərlərin heç birinə verməmişdir.
O, peyğəmbərliyə təyin edildiyi zaman mələklər bütünlüklə onun qarşısında səcdəyə gedib şəninə tərif dedilər.
Həzrət Peyğəmbər (s) Quranın əmr etdiyi bütün göstərişləri həyata keçirdi və haram etdiyi hər bir şeyi ilk növbədə özünə və sonra başqalarına haram və ya qadağan etdi.
O səbəbsiz olaraq nə bir söz deyər, nə də bir iş görərdi; gördüyü hər bir işi dərin hikmətə əsaslanırdı.
Bir qədər əvvəl Peyğəmbər(s)-in əxlaqını vəsf edən bu ayəyə işarə etdik:
«Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, xətaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən». («Fussilət» surəsi, ayə:34)
Ən gözəl əxlaq normalarına malik olan həzrəti Məhəmməd (s) öz nadan qövmünü belə unutmayır və Allahdan onların bağışlanmalarını istəyir. O Həzrət etdiyi duaların birində buyurur: «İlahi! Mənim qövmüm nadan və cahildir. Sən onları düz yola istiqamətləndir. Sən onları hidayət et». Allah-Taala onun duasını müstəcab etdi: Məkkənin fəthi zamanı tək onun qövmünü deyil, həm də bütün ərəb qəbilələrini vahid bir ümmətə çevirdi. Bu ümmətin adı «İslam ümməti» idi.
Məkkənin fəthindən sonra Peyğəmbər belə bir bəyanat verdi: «Əbu Süfyanın evinə daxil olan hər bir şəxs əmin-amanlıqda və toxunul-maz olacaqdır».
Əbu Süfyan müsəlman olmazdan əvvəl Peyğəmbərin ən sərt və qatı düşmənlərindən biri idi. O daim müsəlmanlara əzab-əziyyət edər, onları yurd-yuvalarından didərgin salardı. İslamın zühur etdiyi elə ilk illərdə dəfələrlə onlarla müharibə edərək çətin iqtisadi vəziyyətdə yaşamağa vadar etmişdi.
Amma bütün bunlara baxmayaraq Peyğəmbər (s) onu bağışladı və onun evini əmin-amanlıq yeri elan etdi.
«Əraf» surəsinin 199-200-cü ayələrində deyilir:
«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa) Allaha sığın, şübhəsiz ki, Allah (hər şeyi) eşidən və biləndir».
Bütün çətinliklərində Allaha pənah aparan Həzrət Məhəmməd (s) bunu öz əshabına da dəfələrlə tövsiyə edərdi: (Allaha pənah apar) yəni bütün işlərini Ona həvalə et və yalnız Ondan kömək gözlə. Çünki, Şeytanın vəsvəsəsinə düçar olan hər bir şəxs cahil və nadan insanların təsiri altına düşər və zaman keçdikcə onlardan birinə çevrilər.
Bütün dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, Əbu Hüreyrənin nəql etdiyi bu hədis tamamilə yalan və uydurmadır. Ravilər belə hədisləri öz kitablarında nəql etməkdə nə məqsəd güdmüşlər? Onu bir Allah bilir!
Əgər «Həcc» surəsinin 52,53 və 54-cü ayələri haqqında soruşsanız, orada deyilir:
«Ya Məhəmməd! Biz səndən əvvəldə (şəriət sahibi olan) elə bir Rəsul və elə bir nəbi (Peyğəmbər) göndərmədik ki, o hər hansı bir şeyi arzu etdikdə Şeytan onun arzusuna, diləyinə vəsvəsə yolu ilə bir xələl qatmasın!»
Yaxud o ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində bir fikir təlqin etməsin! Lakin Allah Şeytanın vəsvəsəsini batil puç edər. Sonra isə Allah öz ayələrini möhkəmlədər. Allah hər şeyi bilən və hikmət sahibidir.
(Şeytanın bu hərəkətlərinə imkan verilməsi ona görədir ki,) Allah Şeytanın vəsvəsəsini qəlblərində xəstəlik (nifaq və şəkk xəstəliyi) və ürəkləri qatı sərt olanlar (müşriklər) üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalimlər (münafiqlər, müşriklər və kafirlər) haqdan uzaq bir ixtilafdadırlar. (Bu həm də ona görədir ki,) elm verilənlər, elmə çatanlar bilsinlər ki, haqq sənin Rəbbindəndir».
Cavabında deyəcəyik:
Həzrəti Məhəmməd (s) və digər ilahi peyğəmbərlər Allahın narazılığına səbəb olan bütün işlərdən uzaq olmuşlar. Onların gördükləri bütün işlər Allahın iradəsi ilə həyata keçərdi. Allahın sonuncu Peyğəmbəri Həzrəti Məhəmməd (s) isə qeyd etdiyimiz kimi ən gözəl əxlaqa malik olan dahi bir şəxsiyyət idi. Onun gördüyü bütün işlər islam dininin xarici misdaqına çevrilər və müsəlmanlar üçün bir qanun olardı.
Şeytanın sadiq bəndələrinə çevrilən Əbu Ləhəb və Əbu Cəhl kimi daş ürəkli şəxslər isə Həzrət Peyğəmbər (s)-in dəvətinə göz yumar, ömürlərini cəhalətdə başa vurardılar.
Peyğəmbər (s) müsəlmanlardan Allaha sidq ürəklə bəndəlik etməyi və nifaqdan uzaqlaşıb Şeytan kimi iki üzlü olmamağı tələb edirdi.
Onların (müsəlmanların) batinlərini zahirləri kimi görmək istəyən Həzrət Peyğəmbər (s) daim müsəlmanlar arasında olar və onları ixlasa (sədaqətliyə, düzlüyə) çağırardı.
O öz ümmətinin bütünlüklə haqqa hidayət olmalarını və bu yoldan heç vax uzaqlaşmamalarını istəyirdi. Onun ən böyük arzusu bu idi ki, bütün müsəlmanlar Qurana tabe olub onun sünnətini davam etdirsinlər. Amma təəssüflər olsun ki, ümmətin əksər bir hissəsi haqq yoldan azıb Şeytanın vəsvəsəsinə düçar oldular. Onların arasında ixtilaflar yaranmağa başladı və çox keçmədən bu ixtilaflar millətlər arası (və ya məzhəblər arası) qarşıdurmaya səbəb oldu.
Şeytan onların çirkin əməllərini və dünyanın müvəqqəti ləzzətlərini onların gözləri önündə gözəlləşdirdi və müxtəlif yollarla onları özünə tabe etdi. Onlar Şeytanın əsarəti altına keçdikdən sonra daha heç bir mübarizəyə və batini cihada (cihadi əkbərə – ən böyük cihada) fikir vermədilər. Peyğəmbər (s) ümmətinin belə acınacaqlı hala düşdüyünü görüb dərin iztirablar keçirər və gecəni sübhədək (narahatçılıqdan) oyaq qalardı. Belə bir çətin vəziyyətdə Peyğəmbər (s)-ə toxtaqlıq olsun deyə Allah-Taala tərəfindən bir neçə ayə nazil oldu:
«(Ya Məhəmməd!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o xələl qatmasın. Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər». («Həcc» surəsi, ayə:52)
Allah tərəfindən yer üzündə yaşayan insanlara göndərilmiş peyğəmbərlərin ən ümdə vəzifələri bəşəriyyəti haqqa hidayət etmək və günahdan çəkindirmək (yəni Şeytanın vəsvəsəsindən uzaq etmək) olmuşdur. Onlar cəmiyyətdə əmin-amanlıq yaratmaq üçün hətta iki nəfər şəxsin arasında olan ixtilafı belə həll etməyə çalışardılar. Peyğəmbərlər cəmiyyətdəki fitnə-fəsadın qarşısını nisbətən alsalar da onun kökünü tamamilə kəsə bilmədilər. İnsanlarla peyğəmbərlər arasında olan rabitə azaldıqca cəmiyyətdəki pozğunluq və sabitsizlik daha da artırdı. Hərc-mərclik çoxalır, cəmiyyətdə bir çox məzhəb, təriqət və firqələr yaranmağa başlayırdı. Məsələn, Musa (ə)-ın ümməti yetmiş bir, İsa (ə)-ın ümməti yetmiş iki firqəyə bölündü.
Tarix boyu peyğəmbərlər bu ictimai çətinliklərlə qarşılaşmış, amma onun kökünü cəmiyyətdən tamamilə kəsə bilməmişlər. İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) də digər peyğəmbərlər kimi bu çətinliklərlə qarşılaşdı. O daim iztirab keçirər və öz ümmətinin qeydinə qalardı. Allah-Taala bu ayəni Peyğəmbər (s)-ə nazil etməklə onu ictimaiyyətin bu yaralı yerindən agah etdi:
«Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərin adəti (sünnəti) kimi (onların dövründə də belə etmişdik) sən bizim adətimizdə, yolumuzda bir dəyişiklik tapa bilməzsən». («İsra» surəsi, ayə:11)
Peyğəmbər (s) bəşəriyyət üçün gətirdiyi dinin (İslam dininin) gələcəkdə xətərlə üzləşəcəyindən qorxur və günlərini nigarançılıq içində keçirirdi. Allah-Taala bu ayəni nazil etdi və öz sevimli Peyğəmbərinə toxtaqlıq verdi:
«Allah şeytanın vəsvəsəsini batil puç edər».
Şeytanın vəsvəsəsi batil olunarsa yerini haqq və ədalət tutar və Allahın dini yenidən cəmiyyətdə bərqərar olar.
(Allah öz ayələrini möhkəmlədər). Başqa bir yerdə deyilir:
«Günahkarlar istəməsələr də Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək, bərqərar edəcəkdir».
Diqqət yetirmək lazımdır ki, ayədəki (nəsx) və (əhkam) ilahi kəlmələri özünün istilahi mənasında deyil, lüğəvi mənada işlənmişdir. Nəsx-yəni məhv etmək, aradan aparmaq və əhkam-yəni möhkəmləndirmək, qüvvətləndirmək.
Ayənin sonunda Peyğəmbər (s)-i tam arxayın etmək üçün buyurulur:
«Allah hər şeyi biləndir və hikmət sahibidir».
Onun elmi hər şeyi əhatə edir və bütün məxluqatın batinində olan arzu və istəkdən agahdır.
Peyğəmbər və əməli saleh möminlər Şeytanın vəsvəsəsindən uzaq olan kimsələrdir. Onlar öz əməlləri ilə Şeytanı daş-qalaq edər və Allahın rizayətinə səbəb olan işlərdən savayı bir iş görməzlər. Şeytan isə onlara qələbə çala bilməyib böyük rüsvayçılığa düçar olar.
«Allah əməli saleh bəndələrini imtahan və sınaq ilə».
«Şeytanın vəsvəsəsi qəlblərində xəstəlik (şəkk şübhə) olanardan ayırar».
«(Və onlar) Allahı zikr etmək əvəzinə Şeytanın vəsvəsəsinə uyar və qəlbləri qatı və sərt daşlara çevrilər».
«Zalımlar haqdan uzaq bir ixtilafdadırlar. Onların qulaqları haqqı eşitməkdə kar, gözləri isə haqqı görmək də kor olar».
«Həm də (bu onlar) ona görədir ki, elm verilənlər bilsinlər ki, haqq Quransənin Rəbbindəndir».
Allaha iman gətirən sadiq möminlər İlahi elmdən bəhrələnərlər. Onların Allah qarşısında verdikləri imtahan başqalarından fərqli olaraq daha ağır olar. Bu səbəbdən də onlar Allah qarşısında böyük məsuliyyət hiss edər və günah işlərdən çəkinməyə çalışarlar. «Ənkəbut» surəsinin 2 və 3-cü ayələrində bu haqda deyilir:
«İnsanlar yalnız «iman gətirdik!» demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib, bilək!) Biz onlardan əvvəlki keçmiş ümmətləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar».
Bu haqda daha bir neçə ayə:
«Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir». («Ali-İmran» surəsi, ayə:179)
«Bu, həm də Allahın iman gətirənləri günahlardan təmizləməsi, kafirləri məhv etməsi üçündür». («Ali-İmran» surəsi, ayə:141)
Deməli, möminlərin Allah tərəfindən imtahan olunmaları heç də səbəbsiz deyildir. Dünyada müxtəlif çətinliklərə sinə gərib səbr edən və xeyirli işlər görən möminlər axirətdə İlahi nemətlər ilə mükafatlandırılacqlar. Kafir və münafiqlər isə dünyanın müvəqqəti eyş-işrətinə uyub, axirətdə əbədi cəhənnəmi özləri üçün məskən edərlər.
«De ki: Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər o istəsəydi sizin hamınızı doğru yola yönəldərdi». («Ənam» surəsi, ayə:149)
«Həlak olan aşkar bir dəlil üzündən həlak olsun, sağ qalan da aşkar bir dəlil üzündən sağ qalsın». («Ənfal» surəsi, ayə:42)
Yenidən Əbu Hüreyrənin uydurduğu hədisə qayıdırıq. O yerdə ki, Həzrəti Peyğəmbər (s) buyurmuşdu: Namazda ikən Şeytan gözlərim önündə canlanmağa başladı və namazımı batil etməyə çox səy etdi, amma o buna nail olmadı. Allah mənə qüvvət verdi və onu özümdən dəf edə bildim. Sonra onu məscidin sütunlarından birinə bağlamaq istədim ki, məscidə gələn hər bir kəs ona lənət oxusun.
Amma birdən Süleyman (ə)-ın buyurduğu bu söz yadıma düşdü: «İlahi! Səndən kimsəyə nəsib etmədiyin bir var-dövlət istəyirəm».
İlk növbədə bunu qeyd etmək lazımdır ki, Əbu Hüreyrə Həzrəti Süleymanın dastanından düzgün nəticə çıxara bilməmişdir.
Süleyman (ə) var-dövlət dedikdə nəyi nəzərdə tutmuşdur? Görünür Əbu Hüreyrə həmişə olduğu kimi burada da ilişmişdir. Onun digər səhvi Şeytanı insan kimi cism kimi bəyan etməsidir. Biçarə belə güman edir ki, Şeytanı da istənilən vaxt tutub əsir etmək olar.
«Biz küləyi ona (Süleymana) ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. (Biz) Şeytanlardan olan hər bir bənnanı və qəvvası (dalğıcı) eləcə də başqalarını zəncirlənmiş halda onun ixtiyarına verdik». («Sad» surəsi, ayə:36-37-38)
Lakin Əbu Hüreyrə həmişə olduğu kimi bu hədisi də nəql etməkdə yanılmışdır, çünki «Səba» surəsinin 12 və 13-cü ayələrində bu haqda belə deyilir:
«Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Bir gündə iki aylıq yol qət edirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb, istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib,) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından dadızdırardıq.
Onlar Süleyman üçün nə istəsə: məbədlər, uca qəsrlər, heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər». («Səba» surəsi, ayə:12-13)
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 822 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]