Çərşənbə günü, 2024-04-24, 8:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:45 AM
Saxta hədislərin yaranması

16-cı hədis
PEYĞƏMBƏRİN YATIB YUXUYA QALMASI VƏ SÜBH NAMAZIN QILMAMASI

Buxari və Müslüm bu hədisi birbaşa Əbu Hüreyrədən nəql etmişlər.
Əbu Hüreyrə deyir: Günlərin biri Peyğəmbər (s) ilə birlikdə səfərə çıxdım, gecəni yol kənarında olan bir məhəllədə qalmalı olduq. Həmən gün biz sübh namazını vaxtında qıla bilmədik. Gün çıxdıqdan sonra oyanıb dəstəmaz aldıq və sübh namazının qəzasını yerinə yetirdik.
Peyğəmbərlərin, xüsusilə Həzrəti Məhəmməd(s)-in namazı qəza etmələri qeyri-mümkündür.
«Muzzəmmil» surəsinin 1-4-cü ayələrində bu haqda deyilir:
«Ey libasına (əbasına) bürünüb, yatmış Peyğəmbər! Gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az; Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla ağır-ağır Quran oxu».
Həmən surənin 20-ci ayəsində deyilir:
«(Ya Peyğəmbər!) Həqiqətən Rəbbin bilir ki, sən yatağından qalxıb bəzən gecənin üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan».
«Günortadan gün batana meyl edəndə, gecənin qaranlığında və sübh açılanda namaz qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox mömin insan tərəfindən müşahidə olunur. (Ya Məhəmməd! Gecənin bir vaxtı durub ancaq sənə xas olan namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) çatdırsın». («İsra» surəsi, ayə: -78-79)
Göründüyü kimi bütün insanlara vacib olmayan gecə və nafilə namazları Allah tərəfindən Həzrəti Peyğəmbər (s)-ə vacib edilmişdir.
Onun ruhu namaz qılmaq və Quranoxumaqla qidalanırdı. Namaza durarkən Həzrətin mübarək vücudu Allah xovfundan titrəyər və lərzəyə gələrdi.
«Və yenilməz qüvvət və mərhəmət sahibinə təvəkkül et! O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da (Allah səni tək namaz qılanda da görür, camaatla bir yerdə qalanda da!)» («Şura» surəsi, ayə: 217-218-219)
Hamı şirin yuxuda olduğu zaman, o, gecə yarısı dəstəmaz alıb ibadətlə məşğul olardı.
«Günəşin çıxmasından və qürub etməsindən qabaq, gecənin bir hissəsi və səcdələrdən sonra Rəbbini təqdis edib şəninə təriflər de!» («Qaf» surəsi, ayə: 40)

***

O, gecələr yuxusu gəlməsin deyə, gah üzünə su vurar, gah da sinəsinə ip bağlayardı. Namaz qılmaqdan ayaqları şişər, alın və dizləri qabar bağlayardı. Cəbrail (ə) onun daim ibadətlə məşğul olduğunu görüb yerə endi və ona belə bir tövsiyə etdi: «Ey Məhəmməd! özünə rəhm et, bütün gecəni oyaq qalıb ibadətlə məşğul olmaq səni əldən salar. Bir az da öz qeydinə qal!» Sonra bu ayəni onun üçün oxudu:
«Bu Quranı sənə, məşəqqət çəkməyin üçün nazil etmədik! Yalnız Allahdan qorxanlar üçün xatırlama olsun deyə nazil etdik».
(şəqa) cana ziyanı olan işlərə deyilir. (səade) bu sözün əksidir.
Yəni ey Peyğəmbər! Biz Quranı sənə nazil etmədik ki, özünü əzab-əziyyətə salıb taqətdən düşəsən. özünə fikir ver və qeydinə qal! Yoxsa ibadət etməklə özünü həlak etməkmi istəyirsən?!
Müstəhəb və nafilə namazlarına bu qədər diqqət yetirən Həzrəti Məhəmməd (s) indi görün gündəlik vacib namazlarına necə əhəmiyyət verərdi.
İndi üzümüzü Əbu Hüreyrəyə tutub ondan soruşmaq istəyirik:
Ey özünü Peyğəmbər (s)-in ən yaxın səhabəsi adlandıran şəxs! Belə bir İlahi insan sübh namazını qəzaya verə bilərdimi?
Allaha pənah aparırıq belə insanların şərrindən!

***

Həzrəti Məhəmməd (s)-in şəxsiyyətini dərk etmək üçün Qurana müraciət etmək lazımdır. O, Allahın ən sevimli bəndəsi və insanların ən şərəflisi olmuşdur. Allah tərəfindən nazil olmuş ayələri (şəri hökmləri) elə həmən anda müsəlmanlara oxuyar və lazım gəldikdə ətraflı izah edərdi.
«Namazlara, xüsusilə orta namazına riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)». («Bəqərə» surəsi, ayə: 238)
Bəzən ayələr məhz möminlərin şəninə nazil olurdu:
«Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» («Muminun» surəsi, ayə: -2)
«Onlar namazlarına riayət edərlər, (həmişə vaxtlı-vaxtında namaz qılarlar.) Onlardır varis olanlar ki, Firdovs cənnətinə varis olarlar və orada əbədi qalarlar!» («Muminun» surəsi, ayə:9-10-11)
«Namazı (layiqincə) qılın! Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir». («Nisa» surəsi, ayə:103)
«(Nəfsini aludəlikdən) təmizləynən və Rəbbi-nin adını zikr edib namaz qılan kimsə hökmən nicat tapacaqdır». («Əl-Əla» surəsi, ayə:14-15)
«(Münafiqlər) namaza yalnız tənbəl-tənbəl gələr və istəməyə-istəməyə (ikrah üzündən) infaq edərlər». («Tövbə» surəsi, ayə:54)
«Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar) və Onlar (namazlarında) riyakarlıq edərlər». («Maun» surəsi, ayə:4-6)

***

Peyğəmbər (s) möminləri gecə namazlarını qılmağa sövq edər, bu gözəl sünnəti tərk edən şəxsləri isə daha şiddətlə gecə namazlarına təşviq edərdi. Gecə namazlarını tərk edən şəxslər haqqında deyərdi: «Şeytan yatdıqları zaman onların qulaqlarını tıxar, bu səbəbdən də onlar bu gözəl sünnəti tərk etmişlər. O gecə namazlarının əhəmiyyətini möminlərə bəyan edər və yeni-yeni ibadi və əxlaqi tapşırıqlar verərdi.
Həzrəti Məhəmməd (s) öz göstərişinə əməl edən və onu başqalarına təbliğ edən ilk şəxs idi. Onun ən başlıca məqsədi insanları haqqa hidayət edib mərifət sahibi etmək idi.
Əbu Hüreyrə Həzrəti Peyğəmbər (s)-dən başqa yerdə belə bir hədis nəql edir:
«Sizlər yatdığınız zaman Şeytan boynunuzun arxasında üç düyün vurar. Sübh namazına oyandığınız və başınızı qaldırıb zikr dediyiniz zaman birinci, qalxıb dəstəmaz aldığınız zaman ikinci düyün, namaz qıldığınız zaman isə üçüncü düyün açılır. Sübh namazına vaxtında durduğunuz gün özünüzdə xoş əhval-ruhiyyə və gümrahlıq hiss edərsiniz. Qəzaya verdiyiniz gün isə müxtəlif çətinliklər ilə üzləşər və gününüzü qan-qaraçılığı ilə başa vurarsınız».
Əgər Əbu Hüreyrənin nəql etdiyi bu hədisi doğru və düzgün qəbul etsək, onda onun nəql etdiyi (sübh namazının qəzaya getməsi) birinci hədisi istər-istəməz rədd etməliyik.
Əbu Hüreyrənin həzrəti Peyğəmbər (s)-dən bu mövzu haqqında nəql etdiyi başqa bir hədis:
«Sübh və işa (xiftən) namazlarını qılmaq münafiq və riyakarlar üçün çox ağırdır. Əgər onlar bu namazların mahiyyətini dərk etsəydilər heç vaxt onu tərk etməzdilər. İstərdim müəzzinə iqamə verməyi əmr edib camaata namaz qılmaq üçün bir pişnamaz təyin edəm. Sonra əlimə bir şölə alıb ətrafa dolandıraraq camaatı namaza çağıram. Namaza hazır olmayanları od vurub yandırardım ki, başqalarına ibrət olsun».
Hədisdə nəzərə çarpan bir neçə başqa irad:
1 - Peyğəmbər (s) yuxuya getsəydi də onun qəlbi daim oyaq olardı. (Bu o həzrətin xüsusiyyət-lərindən biri idi.) Deməli Həzrəti Məhəmməd (s)-in sübh namazını qəzaya verməsi qeyri-mümkündür.
Rəvayətlərdən birində deyilir: «Günlərin biri Peyğəmbər (s) gecə namazlarını qılıb, vitr namazından qabaq yatdı. Qadınlarından biri ondan soruşdu: «Ya Rəsuləllah! Vitr namazından qabaq yatacaqsınızmı?»
Buyurdu: «Gözlərim yuxuya getsə də, qəlbim həmişə oyaqdır».
2 - Əbu Hüreyrənin dediyinə görə bu hadisə Xeybər döyüşü ərəfəsində baş vermişdir. Bütün tarixçilər isə Əbu Hüreyrənin Xeybər döyüşündən sonra islamı qəbul etdiyini yazırlar. Buradan belə bir sual meydana çıxır: Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl Peyğəmbər (s) ilə birlikdə səfərə çıxa bilərdimi?!
3 - O hədisi nəql edərkən deyir: «Peyğəmbər (s) dəstəmaz alıb iki səcdə yerinə yetirdi və sonra sübh namazının qəzasını qıldı».
Sübh namazının qəzasının qılınmasını ki heç amma əvvəldə iki səcdə yerinə yetirilməsi nə üçün olmuşdur?!
4 - Səfərə çıxan hər bir dəstə dincəlmək üçün saldıqları hər bir düşərgədə əmin-amanlığın təmin olunması üçün kiçik keşikçi dəstələri ayırırdılar. Aralarında rəhbər, padşah və başqa mühüm şəxs olduqda bu məsələyə daha çox diqqət yetirilirdi. Deməli həmin səfər zamanı şübhəsiz ki, Peyğəmbər (s)-i casuslardan və yırtıcı heyvanlardan qoruyan mühafizəçilər olmuşdur. Həzrəti Məhəmməd (s) özü bu məsələyə çox ciddiyyətlə yanaşırdı. Çünki, o müsəlmanlar arasında gizlincə fəaliyyət göstərən münafiqlərin hüzurundan agah idi və çox yaxşı bilirdi ki, onlar hər zaman ona sui-qəsd hazırlayar və ya başqa hiylələrə əl ata bilərlər.
Olmaya düşərgənin keşikçiləri də həmin gün yuxuya gedib sübh namazını qəzaya verdilər? Onların (Xeybər döyüşündə iştirak edənlərin) ümumi sayı min altı yüz nəfər idi. Ordunun iki yüz nəfəri süvari, qalanı isə piyada idi. Bu qədər insanın biri də oyaq deyildimi ki, Peyğəmbər(s)-i və digər müsəlmanları namaza oyatsın?!...
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 957 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]