Cümə günü, 2024-03-29, 3:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:43 AM
Saxta hədislərin yaranması

17-ci hədis
Canavar və inəyin səlis ərəb dilində danışmaları

Müslüm və Buxari bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: «Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata çevirib onlara belə bir əhvalat danışdı: Bir şəxs otlağa gəlib inəyini otarmağa başladı.
Yorulduğu üçün inəyi minib başqa otlağa getmək iistədi. İnək birdən dilə gələrək dedi: «Biz minilmək üçün deyil, yer şumlamaq üçün yaradılmışıq». Kişi təəccüblənərək dedi: «Subhanəllah! İnək də danışarmı?!» Sonra Peyğəmbər (s) dedi: Mən, Əbu Bəkr və Ömər orada olmasaq da belə bir işin baş verməsinə inanırıq».
Əbu Hüreyrənin (bu məzmunda) Peyğəmbər (s)-dən nəql etdiyi başqa bir hədisdə deyilir:
«Qoyunlarını otaran bir şəxs birdən onun qoyunlarından birini canavarın apardığını görür. Tələm-tələsik canavarın ardınca düşür. Canavarı yorulunca qovub qoyunu ondan ala bilir. Birdən canavar dilə gəlib deyir: «Onu mənim əlimdən aldın, amma bil ki, onları bu otlaqda məndən savayı kimsə otarmayırdı». Camaat heyrətə gələrək dedilər: Sübhanəllah! Canavar da danışarmı?! Peyğəmbər (s) sonra dedi: Mən, Ömər və Əbu Bəkr belə bir əhvalatın baş verməsinə inanırıq».
Əbu Hüreyrə qeyri-adi şeyləri o qədər sevirdi ki, onları asanlaşdıraraq yeni-yeni maraqlı dastanlar uydururdu. Əyyub (ə)-ın üzərinə qızıl çəyirtgələrin tökülməsi, cansız daşın Musa (ə)-ın paltarlarını qaçırması, inək və canavarın ərəbcə danışması və s. və i a. Bütün bunlar Əbu Hüreyrənin uydurduğu maraqlı, amma həqiqətdən uzaq olan dastanlardır.
Bir qədər əvvəl qeyd etdik ki, heyvanların danışması, cansız cisimlərin hərəkət etməsi və s. kimi qeyri-adi təbii hadisələr yalnız zəruri məsələlərin isbatında (məsələn insanlar peyğəmbərlərdən möcüzə istədikləri zaman) belə qeyri-adi işlər baş verə bilər. Yəni insanlara həm Allahın qüdrət və əzəməti, həm də peyğəmbərlərin həqqaniyyəti (Allah-Taala tərəfindən göndərildiklərinin həqiqət olduğu) sabit olar.
Amma yersiz və heç bir səbəb olmadan inək və canavarın dil açıb danışması qeyri-mümkündür. Deməli, Əbu Hüreyrənin nəql etdiyi (daha dəqiq desək uydurduğu) bu hədisləri doğru və mötəbər hesab etmək olmaz. Çünki icma belə bir əqidədədir ki, möcüzə yalnız zəruriyyətdə baş verə bilər və onun əbəs yerə baş verməsi qeyri-mümkündür.
Əbu Hüreyrə nəql etdiyi hədisə həqiqət donu geydirmək üçün Peyğəmbər (s)-in, Ömər və Əbu Bəkrin adlarından istifadə etmişdir. Lakin bu heç nəyi dəyişməyir və həqiqət öz həqiqətliyində qalır.
Bəs Peyğəmbər (s)-in, Əbu Bəkr və Ömərin zamanında necə, o zaman Əbu Hüreyrə belə hədislər nəql edə bilərdimi? Əsla! Çünki, onların zamanında cəmiyyətdə ciddi nizam-intizam hökm sürürdü və Əbu Hüreyrə kimi şəxslərə qarşı ciddi tədbirlər görülürdü. Onlar fani dünyadan köçdükdən sonra İslam ümmətinə rəhbərlik Bəni-Üməyyənin əlinə keçdi və Əbu Hüreyrənin geniş fəaliyyəti üçün əlverişli imkan yarandı. Onlar Əbu Hüreyrəni öz xeyirlərinə hədis nəql etməyə sövq edir, əvəzində isə ona çoxlu məbləğdə pul ödəyirdilər.

18-ci hədis
Əbu Bəkrin hicrətin 9-cu ilində həcc ziyarətinə əmir təyin edilməsi və Əbu Hüreyrənin bəraət hökmünü oxuması
Buxari və Müslüm bu hədisi Həmid ibni Əbdürrəhman ibni Ovfdan və o da Əbu Hüreyrədən nəql etmişdir. Əbu Hüreyrənin Həmid ibni Əbdürrəhmana verdiyi məlumatlardan birində deyilir: «Həccətül-Vidadan bir il əvvəl Əbu Bəkr Siddiq, Peyğəmbər (s) tərəfindən həcc ziyarətinə əmir təyin edildi. Mən qurban günü ərəfəsində (Əbu Hüreyrə özünü nəzərdə tutur) bir neçə nəfər ilə birlikdə elan etməliyik ki, bu ildən etibarən müşriklər və paltarsız şəxslər* Kəbəni təvaf etməkdən məhrum olacaqlar». («Səhihi-Müslüm», 2-ci cild, səh.517; «Müşrik və paltarsız şəxslər Kəbəni təvaf etməsinlər» fəsli; «Səhihi-Buxari», 1-ci cild, səh.192.)
Buxarinin nəql etdiyi hədisdə deyilir: Əbu Hüreyrə deyir: Əbu Bəkr Siddiq mənə tapşırıq vermişdi ki, qurban bayramı günü zəvvarlara elan edim ki, bu ildən etibarən müşriklər və paltarsız zəvvarlar Kəbənin təvafından məhrumdurlar. Sonra Əliyə bəraət hökmünü verməyi (oxumağı) əmr etdi. Əli də bizimlə birlikdə qurban künündə Mina əhlinə bəraət hökmünü elan etdi.
Həmid və Əbu Hüreyrə tərəfindən belə bir hədisin uydurulması heç də təəccüblü deyildir.
Əbu Hüreyrə Şama ticarət karvanı aparar və xeyli var-dövlət əldə edərdi. Əməvi xilafətinin iqamətgahı da məhz bu şəhərdə yerləşirdi. Onlar Peyğəmbər (s)-in ailəsinin əleyhinə yalan hədis və rəvayətlər uydurmaq üçün xeyli pul və ənamlar (hədiyyələr) sərf edirdilər. Bu isə Əbu Hüreyrə və Həmid kimilər üçün ən sərfəli və ən rahat gəlir mənbəyi idi. Həmid ibni Əbdürrəhman Əli (ə)-ın və onun ailəsinin ən qatı düşmənlərindən biri idi. O, Müaviyənin göstərişi ilə düşmənçilik xarakteri daşıyan qərəzli hədislər nəql edir, əvəzində isə qiymətli ənamlarla mükafatlanardı. Onun vücudu tamamilə əməviləşmişdi və damarlarından əməvi qanı axırdı. Həmid ibni Əbdürrəhmanın anası Ümmü Gülsum Bəni Üməyyə qəbiləsindən və Əbşəmilərdən idi. O, Əqəbət ibni Əbi Muit ibni Zəkvan ibni Üməyyət ibni Əbdu Şümrün qızı idi. Vəlid ibni Əqəbə onun doğma qardaşı idi. Anasının anası Osman ibni Əfvanın anası idi. O isə Kəriz ibni Rəbiəti bni Səyyib ibni Əbdu Şəmsin qızı Urva idi. Onun da nə qədər qəddar bir insan olduğu hamıya bəllidir. Əbdürrəhman özü isə Əli (ə) ilə daim düşmənçilik edənlərdən biri idi.
Ömər şura məsələsini meydana çıxardıqda Əbdürrəhman Osman ilə qohum olduğundan onu xilafətə Əli (ə)-dan daha münasib bildi.
Belə isə Əbu Hüreyrənin və Həmidin elə bir şəraitdə Əli (ə)-ın və onun ailəsinin əleyhinə uydurduqları hədislərə görə heç də təəccüblənmək lazım deyildir.
Hədisi batil edən dəlillərdən biri də Əbu Hüreyrənin Bəni Üməyyə xilafətinə yol tapmazdan əvvəl bəyan etdiyi belə bir ifadədir: «Peyğəmbər (s) bəraət hökmünü elan etmək üçün Əlini bir neçə nəfərlə qurbangaha göndərdi, mən də onların içində idim.
Oğlu Mühərrər ondan soruşdu: Orada nə deyirdiniz?
Dedi: «Deyirdim ki, möminlərdən savayı başqa bir kəs cənnətə daxil olmaz. Bundan belə müşriklər və paltarsız çılpaq zəvvarlar, Kəbəni təvaf etməkdən məhrum olacaqlar. Hər kim Peyğəmbər (s) ilə əhd-peyman bağlayıbsa nə vaxt olursa-olsun yerinə yetirə bilər. O gün o qədər qışqırdım ki, səsim tutuldu».
Bu hədis arada heç bir vasitə olmadan şəxsən Əbu Hüreyrənin özündən nəql olunmuşdur. Göründüyü kimi burada Əbu Bəkrin adı bir dəfə də olsun çəkilməmişdir.
Həqiqət isə budur ki, Peyğəmbər (s) həmin ildə həcc zəvvarlarına əmirlik etməyi Əbu Bəkrə yox, məhz Əli (ə)-a tapşırmışdı, amma nədənsə Əbu Hüreyrə nəql etdiyi hədisdə bu vəzifəyə Əbu Bəkri təyin etmişdir.
Əgər Əbu Hüreyrə, Peyğəmbər (s) tərəfindən Əli (ə) ilə birlikdə Məkkəyə göndərilmişdisə bəs nə üçün hədisi nəql edərkən belə bir ifadədən istifadə edir: «Qurban bayramı günü Əbu Bəkr Siddiq məni bəraət hökmünü elan edəcək dəstə ilə göndərmişdi»?
«Onlar Allahın nurunu batil sözləri ilə (ağızlarıyla) söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər». («Tövbə» surəsi, ayə:23)
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 897 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]