Cümə axşamı, 2024-05-02, 0:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:42 AM
Saxta hədislərin yaranması

Hədislərin şərhi
Bizim dediklərimizi təsdiqləyən sünnü mənbələrindən olan məlumatlar
1-ci hissə

Mötəbər mənbələrin birində Əbu Bəkrdən belə bir rəvayət nəql olunmuşdur: «Bir gün Peyğəmbər (s) məni yanına çağırıb buyurdu: Məkkəyə get və bu dediklərimi onlara elan et: Bundan belə müşriklər və paltarsız (üryan) zəvvarlar Kəbəni təvaf etməkdən məhrumdurlar. Agah olsunlar ki, müsəlmanlardan savayı kimsə cənnətə daxil olmayacaqdır və Peyğəmbərə (s) vədə verən şəxslər filan vaxta qədər öz vədələrinə əməl etməlidirlər. Bilsinlər ki, müşrik və kafirlər Allah və Onun Peyğəmbərinin qatı düşmənləridirlər. Bu tapşırıq mənə üç dəfə verildi. Sonra Peyğəmbər (s) Əlini yanına çağırıb buyurdu: özünü Əbu Bəkrə çatdır və de ki, Mədinəyə qayıtsın, ona tapşırdığım vəzifəni isə sən yerinə yetir. O da tapşırılmış əmri lazımınca yerinə yetirdi. Mən isə Mədinəyə qayıtdım. Peyğəmbər (s)-in yanına gəlib ağlaya-ağlaya ondan soruşdum: Ya Rəsuləllah! Məndən xoşa gəlməz bir iş gördünmü? Buyurdu: Səndən yaxşılıqdan və xeyirli işlərdən savayı bir şey görmədim, amma mənə Allah tərəfindən əmr olundu ki, bu işi ya özüm və yaxud öz ailəmdən olan mötəbər bir şəxs yerinə yetirməlidir».
Əli (ə)-da hədisi olduğu kimi nəql edir: «Bəraət» surəsindən on ayə nazil olduqdan sonra Peyğəmbər (s) Əbu Bəkrə Məkkəyə gedib bu ayələri onlara oxumağı əmr etdi. O yola düşdükdən sonra Peyğəmbər (s) məni yanına çağırıb buyurdu: «Tez özünü ona çatdır, harda gördün, «Bəraət» ayələrini ondan al və onu Məkkə əhlinə oxu». Mən də Peyğəmbər (s)-in verdiyi göstərişi lazımınca yerinə yetirdim.
Əbu Bəkr Mədinəyə qayıdıb Peyğəmbər (s)-in yanına gəldi və ondan soruşdu: Ya Rəsuləllah! Mənim barəmdə bir şeymi nazil oldu?
Peyğəmbər buyurdu: Xeyr! Amma Cəbrail (ə) mənə belə bir vəhy etdi ki, bu əmri ya sən özün, ya da öz ailəndən olan bir nəfər yerinə yetirməlidir.
Əli (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir: (Nəsai «Əl-xəsaisul-Ələviyyə, 20-ci səh; Əhməd ibni Hənbəl, «Əl-Müsnəd», Əli əleyhissəlamın hədisi.) «Peyğəmbər (s) Əbu Bəkri bir neçə nəfər ilə birlikdə Məkkəyə göndərdi. Sonra məni yanına çağırıb dedi: «Onların ardınca hərəkət et və kitabı (ayələri) onlardan alıb Məkkə əhlinə özün oxu». Mən də Əbu Bəkrə çatıb kitabı ondan alıb Məkkəyə getdim. O da Mədinəyə qayıdıb kədərli halda Peyğəmbər (s)-dən soruşdu: Ya Rəsuləllah! Mənim haqqımda sənə bir şeymi çatıb? Buyurdu: Xeyr, amma mənə belə əmr olundu ki, bu işi ya özüm ya da ailəmdən olan bir nəfər yerinə yetirsin».
Peyğəmbər (s) vəfat etdikdən sonra İbni Abbas Əli (ə) ilə düşmənçilik edənlərin qarşısında durub dedi: (Hakim, «Əl-Mustədrək», 3-cü cild, səh.32, Əli əleyhissəlamın fəzilətləri. Nəsai, «Əl-xəsaisul-Ələviyyə, 6-cı səh. Əhməd ibni Hənbəl, «Əl-Müsnəd», 1-ci cild, səh.331; İbni Abbasdan nəql olunmuş hədislər)
«...O zaman Peyğəmbər (s) Əbu Bəkrə «Bəraət» surəsini Məkkə əhlinə oxumağı əmr etmişdi. Sonra Əli (ə)-ı onun ardınca göndərdi və həmən ayələrin oxunmasını ona həvalə etdi. Peyğəmbər (s) bu əhvalatdan sonra dedi: Bu işdə mən ona, o da mənə köməklik etdi və başqa bir şəxsin bu əmri yerinə yetirməyə ixtiyarı yoxdur». Əli (ə)-a həsəd aparan şəxslər İbni Abbasın bu çıxışından sonra xəcalət çəkərək başlarını aşağı saldılar.
Əgər Əbu Bəkr həqiqətən də həcc zəvvarlarının əmiri olsaydı onlar bu asanlıqla İbni Abbasın dediklərinə təslim olmazdılar və onun müqabilində xəcalət çəkməzdilər. Təslim olmaqlarının əsas səbəbi isə əllərində heç bir tutarlı dəlilin olmaması idi.
İbni Abbas bəzən deyərdi: Bir gün Ömər ibni Xəttab ilə birlikdə Mədinənin küçələrində gəzirdik. Ömər mənə dedi: Ey İbni Abbas! Sənin dostun Əli nə qədər də məzlum və köməksizdir!
Ürəyimdə öz-özümə dedim: And olsun Allaha ki, bu işdə məni qabaqlamamısan. Sonra ona dedim:
Ey Əmirəl-möminin! Belə isə onun haqqını özünə qaytar!
Əlini əlimdən ayırıb bir qədər arxada qaldı və öz-özünə nəsə dedi. Bir qədər ona tərəf yaxınlaşdım. Ömər dedi: Ey ibni Abbas! Mənə belə gəlir ki, camaat onu xilafətə layiq bilməyib əvvəlcə Əbu Bəkrlə və sonra da mənim ilə beyət etdilər.
Dedim: And olsun aləmlərin Rəbbinə! Allah və Onun Peyğəmbəri (s) bəraət hökmünü Əli (ə)-a həvalə etdikləri zaman onu sənin dostun və yaxın sirdaşın Əbu Bəkrdən heç də kiçik, təcrübəsiz bilməmişlər.
Ömər mənim bu sözlərimdən bərk narahat oldu və üzünü çevirib getdi.
Həsən Bəsridən Əli (ə) haqqında soruşduqda bu cavabı vermişdi: «Bu dörd xislətə (xüsusiyyətə) malik olan bir şəxs haqqında axı mən nə deyə bilərəm?!
1 - O, müşriklərə bəraət hökmünü elan edən yeganə şəxs olmuşdur.
2 - Təbuk döyüşündə Peyğəmbər (s) onun haqqında bu sözləri demişdir: «Əgər onda (mənimlə müqayisədə) peyğəmbərlikdən savayı bir şey də az olsaydı, o xususiyyəti də istisna edərdim». Peyğəmbər (s) buyurmuşdur: «3-Allahın kitabı (Quran) və Əhli-beytim mənim üçün ən qiymətli və ən əziz nemətdir».
4 - Kimsə ona əmir (rəhbər) olmadı, amma o daim başqalarına əmir oldu. (Həmidin «Nəhcül-Bəlağə»-yə verdiyi şərh, 1-ci cild, səh.369 (Vaqididən nəql olunmuş hədis))
Əgər Əbu Bəkr həqiqətən də zəvvarların əmiri olsaydı və bəraət hökmünün elan edilməsini öz öhdəsinə götürsəydi onun şəninə təriflər deyən və sadiq tərəfdarlarından olan Həsən Bəsri burada onu müdafiə etməli və onun bu işə başqalarından daha layiq olduğunu bəyan etməli idi. Amma o bu rəvayəti başqalarından fərqli olaraq olduğu kimi nəql etmiş və heç bir artıq tərifə yol verməmişdir.
Həsən Bəsri Əli (ə)-ın məqamını dərk etmiş şəxslərdən idi. Belə ki, onun barəsində soruşduqda dediyi sözlərdən biri də bu olmuşdur: «Kimsə ona əmir olmadı, amma o daim başqalarına əmir oldu».
Səd deyir: «Peyğəmbər (s) Əbu Bəkrə «bəraət» hökmünü müşriklərə elan etməyi əmr etdi. Yola düşdükdən sonra Əli (ə)-ı yanına çağırıb dedi: özünü tez ona çatdır, harda görsən «bəraət» hökmünü ondan al və onu Məkkə əhlinə (müşriklərə) özün oxu. Əbu Bəkr bu macəradan bərk narahat olur. Peyğəmbər (s) onu bu halda görüb buyurur: «Mən və Əlidən başqa kimsə bu işi yerinə yetirməməli idi». (Nəsai «Əl-Xəsaisul-Ələviyyə, 20-ci səh; Əhməd ibni Hənbəl, «Əl-Müsnəd».)
Malik ibni Ənəs deyir: Həzrəti Məhəmməd (s) Allah və Onun peyğəmbərinin müşriklərə verdiyi «Bəraət» hökmünü (Məkkə əhlinə çatdırmağı) Əbu Bəkrə həvalə etdi. O yola düşdükdən sonra geri çağırıb dedi: «Bu işi mən və mənim ailə üzvlərimdən başqa kimsə yerinə yetirməməlidir». Sonra Əlini çağırıb bu işi ona həvalə etdi. (Həmən mənbə Malik ibni Ənəsin nəql etdiyi hədislər fəsli, «Əl Müsnəd» 3-cü cild, səh.216)
Cəmi ibni Ümeyr Ləysi Abdullah ibni Ömərə Əli (ə) haqqında bir neçə sual verir. Abdullah cavab verməzdən əvvəl onu bir qədər danlayır və sonra deyir: Əli haqqındamı söz eşitmək istəyirsən? Bu Allah Peyğəmbərinin məsciddəki evi, bu da Əli (ə)-ın evi. Peyğəmbər (s) Əbu Bəkr və Ömərə Məkkəyə getməyi və orada «bəraət» hökmünü müşriklərə elan etməyi əmr etmişdi. Onlar yolda bir atlıya rast gəldilər. Ona yaxınlaşıb kim olduğunu soruşdular. Atlı cavab verdi: Mən Əliyəm. Hökmləri mənə verin. Məkkəyə mən getməliyəm.
Əbu Bəkr soruşdu: Bir hadisəmi baş verib?
Əli (ə) dedi: And olsun Allaha! Haqdan başqa bir şey bilmirəm və mən nə baş verdiyindən də agah deyiləm.
«Bəraət» hökmünü onlardan alıb Məkkəyə yola düşdü. Əbu Bəkr və Ömər Mədinəyə qayıdıb Peyğəmbər (s)-in yanına gəldilər və nə baş verdiyini ondan soruşdular. Peyğəmbər (s) buyurdu: And olsun Allaha ki, sizdən yaxşılıqdan savayı bir şey görmədim, amma mənə vəhy olundu ki, bu işi ya özüm, ya da ailə üzvlərimdən bir nəfər görsün.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 GADİR   (2012-10-18 1:26 AM) [Daxil et]
Salam Əleyküm
o hədiski öz təsdigini Qur`ani kərimdə tapirsa səhihdir.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]