Cümə günü, 2024-04-26, 3:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:40 AM
Saxta hədislərin yaranması


Baş vermiş həqiqətin icmalı (xülasəsi)
2-ci hissə


«Bəraət» surəsi nazil olduqdan sonra Peyğəmbər (s) onu Əbu Bəkrə verib Həcc ziyarəti zamanı onu müşriklərə oxumağı əmr etdi. Bu ayələrdə Məkkə müşriklərinin və paltarsız şəxslərin Kəbə evini təvaf etmələrinin qadağan olunması, Peyğəmbər (s) ilə bağladıqları əhd-peymana əməl etmələri və kafirlərin (müşriklərin) cənnətdən məhrum olunacaqları bildirilirdi. Əbu Bəkr yola düşdükdən sonra Peyğəmbər (s)-ə belə bir vəhy nazil oldu: «Bu əmri ya sən özün, ya da ailə üzvlərindən bir nəfər yerinə yetirməlidir». Peyğəmbər (s) də Əli (ə)-ı yanına çağırıb əmr edir ki, özünü Əbu Bəkrə çatdırıb «Bəraət» hökmünü ondan alsın və onu Məkkə əhlinə özü oxusun. Peyğəmbər (s) o il Əli (ə)-ı həm də həcc zəvvarlarına əmir təyin etdi. Əbu Bəkr bu əmrə əsasən ya onunla Məkkəyə gedər, ya da Mədinəyə qayıda bilərdi. Əli (ə) Peyğəmbər (s)-in dəvəsini minib Əbu Bəkrin ardınca hərəkət etdi. Əbu Bəkr Əli (ə)-ın onun ardınca gəldiyini görüb dayandı və ondan gəlişinin səbəbini soruşdu: Ya Əbəl Həsən, nə üçün gəldin? Dedi: Peyğəmbər (s) mənə əmr etdi ki, «bəraət» hökmünü səndən alıb Məkkəyə gedəm və onu müşriklərə elan edəm. İstəyirsən ya mənimlə gəl, ya da Mədinəyə qayıt.
Əbu Bəkr Mədinəyə qayıtmağı üstün tutur və geri dönür. Əli (ə) isə zəvvarlar ilə birlikdə Məkkəyə yola düşür.
Əbu Bəkr Mədinəyə çatdığı gün Peyğəmbər (s)-in yanına gəlib soruşur: Ya Rəsuləllah! Hamının arzu etdiyi bir işi mənə həvalə etmişdin. Onu yerinə yetirməli olduğum zaman məni geri qaytardın. Bunun səbəbi nədir? Yoxsa mənim barəmdə sənə bir şeymi deyiblər?
Peyğəmbər (s) buyurdu: Xeyr, belə deyildir. Sən yola düşdükdən sonra Cəbrail nazil olub mənə vəhy etdi ki, bu işi ya özüm, ya da ailə üzvlərimdən bir nəfər yerinə yetirsin. Mən də Əlini bu işin icrası üçün ən münasib şəxs bildim və onu sənin ardınca göndərdim.

3-cü hissə

Müşriklər ilə bağlanan əhd-peymanın o il pozulmaması müsbət nəticələr verdi
Bu əhvalatdan sonra Əli (ə) daha da məşhurlaşdı və ərəblər ona əvvəlkindən daha çox ehtiram etməyə başladılar. O istər Peyğəmbər (s)-in sağlığında, istərsə də vəfatından sonra ən mühüm şəxslərdən biri hesab olunurdu. Müsəlmanlar qarşılaşdıqları çətinliklərdə ona müraciət edər və ən mühüm məsələlərdə onunla məşvərət edərdilər.
Məkkə müşrikləri Peyğəmbər (s) ilə bağladıqları əhd-peymanı pozduqdan sonra «bəraət» hökmü nazil oldu. Onlar həcc ziyarətindən məhrum oldular. Keçmişdə Kəbə evini lüt-üryan təvaf edən Məkkə əhli bundan belə öz çirkin əməllərindən əl çəkməli idilər. Allah və Onun Peyğəmbəri (s)-nin onlara qarşı düşmənçiliyi elan edildi. Ən başlıcası isə müşriklərin cənnətdən məhrum olmaları idi.
Müsəlmanlar böyük zəfər çaldı, müşrik və kafirlər isə xar və zəlil oldular. Allah-Taala Peyğəmbər (s)-in canişini olan Əli (ə)-ın məqamını daha da ucaltdı. Onun fəziləti ərəb və əcəmə aşkar oldu. Növbəti il «Həccətül-Vidada» o, Peyğəmbər (s) tərəfindən bütün müsəlmanlara əmir təyin ediləcəkdi. Bütün bunlar əməli saleh müsəlmanlar üçün bir növ xəbərdarlıq idi. Onlar həqiqətdən agah olmalı, gələcəkdə onlara hakim (əmir) olacaq bu şəxsiyyətin ilahi məqamını dərk etməli idilər.
Peyğəmbər (s) onu Əbu Bəkrin ardınca göndərdiyi zaman buyurmuşdu: Çarə yoxdur! Bu işi ya mən, ya da sən görməlisən. Əli (ə) cavab verdi: Elə isə mən gedərəm. Peyğəmbər (s) buyurdu: Get! Allah-Taala sənin dediklərini sabit, qəlbini isə hidayət edəcəkdir. («Əl-Müsnəd» Əhməd ibni Hənbəl, 1-ci cild, səh.150)
«Bəraət» hökmünün Peyğəmbər (s)-ə və ya onun ailə üzvlərindən birinə tapşırılması mətləbin olduqca əhəmiyyətli olduğuna dəlalət edir. Həqiqətin dərinliyini anlamaq üçün ilk növbədə Əbu Bəkrin yarı yoldan qaytarılması və Əli (ə)-ın onun yerinə təyin olunması səbəblərini araşdırmaq lazımdır. Peyğəmbər (s)-in buyurduğu sözərə diqqət yetirsək bu məsələnin mahiyyətini dərk edə bilərik. Peyğəmbər (s) buyurur: «Cəbrail (ə) nazil olub dedi: «Ya Məhəmməd (s)! Bu işi başqa bir kəs yerinə yetirə bilməz». Yəni bu iş yalnız sənin və ya sənin ailə üzvlərindən olan bir şəxsin görə biləcəyi bir işdir və sizlərdən qeyrisi istəsə də bu işin öhdəsindən gələ bilməz.
Əli (ə)-ın məqamının ucalığını bəyan edən hədislərdən biri də Peyğəmbər (s)-in «Həccətül-Vidada» buyurduğu xütbədən ibarətdir. Bütün məzhəblərin mötəbər saydıqları bu hədisdə deyilir: «Əli məndən, mən də Əlidənəm. Mənə aid olan işləri Əlidən başqa bir kimsə yerinə yetirməyə qadir deyildir». («Sünəni ibni Macə», 1-ci cild, Səhabələrin fəzilətləri babı. Bu hədisi Nəsai və Termezi də öz kitablarında nəql etmişlər.)
Hökmün (əmrin) özü zahirdə asan görünsə də onu elə bir şəraitdə minlərlə zəvvarın hüzurunda bəyan etmək heç də asan bir iş deyildi.
Peyğəmbər (s) bu ilahi vəzifəni Əli (ə)-a həvalə etdi və onu ilahi əmrlərin yerinə yetirilməsində özünə şərik etdi. Kimsəyə söyləmədiyi sözləri ona deyir və bəzi məsələlərdə yalnız onunla məşvərət edərdi.
Harun (ə) Musa (ə)-a yaxın olduğu kimi Əli (ə) da Peyğəmbər (s)-ə bir o qədər yaxın və əziz idi. Onlar arasında olan fərq yalnız bundan ibarət idi ki, Həzrəti Məhəmməd (s) Allahın peyğəmbəri, Əli (ə) isə onun naibi və canişini idi. Belə bir məqamı Allah-Taala yalnız Əli (ə)-a bəxşiş etmiş və onu Peyğəmbər (s)-dən sonra insanların ən şərəflisi qərar vermişdir.
«Bir gözünü qaldırıb (səmaya) bax heç orada bir yarıq, çat, nöqsan görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır». («Mulk» surəsi, ayə:3-4)
Peyğəmbər (s)-dən Əli (ə) haqqında nəql olunmuş hədislərə diqqət yetirin:
«Əli məndən, mən də Əlidənəm».
«Əli Quranla, Quranda Əli ilədir. Bu iki şey bir-birlərindən ayrılmazdır». «Əli haqla, haqq da Əli ilədir. Bu iki şey bir-birlərindən ayrılmazdır». (Hakim, «Əl-Müstədrək», 3-cü cild, səh.124; Bu hədisin xülasəsini Zəhəbi də öz kitabında nəql etmişdir.)
Bəlkə də bəziləri bizim bu dediklərimizi təəssüb adlandırsın, amma o həzrətin məqamını azacıq da olsun dərk edən hər bir şəxs bunun həqiqət olduğunu istər-istəməz etiraf edəcəkdir.
Düşmənləri ilə mehribanlıqla rəftar edən, fəqir-füqəraya əl tutan Əli (ə) haqq və ədalətin bariz nümunəsi idi. İstər Məkkədə, istərsə də Mədinədə Peyğəmbər (s)-ə ən yaxın sirdaş məhz Əli (ə) olmuşdur. Bu həqiqəti bəyan edən tək bu ayəyə işarə etmək kifayətdir:
«İlahi, bizə nazil etdiyinə iman gətirdik və Peyğəmbərə tabe olduq. Artıq bizi şahid olanlarla bir yerdə yaz!»

4-cü hissə

1 - Müşriklərin Əli (ə)-a qarşı hazırladıqları hiylə və sui-qəsdlər.
2 - Dəccalların Əli (ə) əleyhinə nəql etdikləri yalan hədislər.
3 - Əbu Hüreyrənin Bəni Üməyyə xilafətinə yol tapması və bu hədisin təhrif edilməsi.
Əli (ə)-ın qatı düşmənlərindən olan nakisinlər, qasitinlər, mariqinlər və ən başlıcası Bəni Üməyyə hökuməti dəllallara pul və qiymətli hədiyyələr verməklə onları xilafətdən asılı vəziyyətə salar və Əli (ə)-ın fəziləti haqqında nəql olunmuş hədisləri tamamilə əksinə nəql etməyə məcbur edərdilər. Hamıya məlum idi ki, Əli (ə) islamı qəbul etmiş ilk şəxs olmuşdur. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri ərəb və əcəm arasında dillər əzbərinə çevrilmişdi. Peyğəmbər (s)-in özündən sonra xilafəti ona tapşırması da kimsəyə gizli deyildi.
Bütün bunlar Bəni Üməyyə xilafətinə iman gətirmiş «müsəlmanlarda Əli (ə)-a qarşı kin və həsəd yaranmasına səbəb oldu. Şamı ikinci dəfə (Siffeyn döyüşündən sonra) ələ keçirdikdən sonra Əli (ə)-a qarşı aparılan düşmənçilik siyasəti artıq aşkarcasına həyata keçirilməyə başladı. Bəni Üməyyə Əli (ə)-ın əleyhinə müxtəlif tədbirlərə əl atır və bunu özləri üçün şəri vəzifə bilirdilər. Aparılan əks təbliğat yollarından biri də Əli (ə)-ın əleyhinə uydurulan təhqiramiz hədislərin geniş surətdə yayılması idi. Bu işə Akilətul-Əkbad adlı bir şəxs rəhbərlik edirdi. Bəni Üməyyə özünü təmizə çıxarmaq üçün Əli (ə)-a tənələr vurar və ona aid olmayan işlərdə günahlandırmağa çalışardı. Əli (ə) ilə beyət edən şəxslər tədriclə dünya malına uyaraq Müaviyəni ondan üstün tutmağa başladılar. Peyğəmbər sünnətini tərk edib Bəni Üməyyə şahənşahlığına üz tutan müsəlmanlar cəmiyyətdə yeni-yeni ixtilafların yaranmasına səbəb oldular. Əli (ə)-ın ətrafında qalan sadiq möminlər isə barmaqla sayılırdılar. Onlar hər zaman əməvi xilafəti tərəfindən müxtəlif təcavüzlərə məruz qalır və ev-eşiklərindən didərgin düşürdülər. Əli (ə)-ın özü isə Peyğəmbərs (s) tərəfindən təyin olunmuş xilafətdən uzaqlaşdırıldı. Cəmiyyətdə yaranmış puç əqidə, Bəni Üməyyə adət-ənənələrini Peyğəmbər sünnətindən üstün tutdu. Quran istənilən şəkildə təfsir edilir, Peyğəmbər (s)-in ən yaxın səhabələri isə xilafət tərəfindən müxtəlif təqiblərə məruz qalırdılar.
Belə bir çətin şəraitdə Əli (ə) ilə düşmənçilik xəttində duran Nakisinlər, qasitinlər, mariqinlər kimi qruplaşmalar günbəgün güclənir və xilafəti ələ keçirməyə cəhd göstərirdilər. Onlar namazlarında Əli (ə)-a lənət oxuyur və bunu özləri üçün şəri vəzifə bilirdilər.
Xilafət tərəfindən himayə olunan hədis dəllallarından biri də Əbu Hüreyrə idi.
O, Bəni Üməyyə əmirlərinin sifarişi ilə yeni-yeni hədislər nəql edir və yaxud Peyğəmbər (s)-dən nəql olunmuş hədisləri onların istədikləri tərzdə təhrif edirdi. Bu hədis də («bəraət» hökmü haqqında nəql olunmuş hədis) təhrif olunmuş hədislər sırasındadır. Hədisin təhrif olunmuş surəti belədir: «Peyğəmbər (s) «Həccətül Vidadan» bir il əvvəl Əbu Bəkri həcc zəvvarlarının üzərində əmir təyin etdi və ona Məkkə müşriklərinə «Bəraət» hökmünü oxumağı əmr etdi. Orada deyilirdi: «Bu ildən etibarən müşriklər və paltarsız zəvvarlar Kəbə evini ziyarət (təvaf) etməkdən məhrumdurlar. Biz bu hökmü Mina dağında müşriklərə oxuduğumuz zaman Peyğəmbər (s) Əlini bizim arxamızca göndərdi və o da «Bəraət» hökmünü bizimlə birlikdə oxudu».
Əbu Hüreyrənin hədis uydurma və təhrif etmə qabiliyyəti çox güclü idi. O adətən hədisləri zəmanəyə uyğun və cəmiyyətin istədiyi bir tərzdə nəql etməklə, haqqı bəyan edən digər mühəddislərin əlini hər yerdən üzürdü. Çünki, cəmiyyət haqq və ədalətdən uzaqlaşdırılmışdı və onların nəql etdikləri hədisləri mötəbər saymırdılar.
Bu hədisi nəql etməkdə Əbu Hüreyrənin iki əsas məqsədi olmuşdur və bu iki məqsəd Əli (ə)-ın əleyhinə yönəlmişdi:
1 - Əli (ə)-ın öhdəsinə düşən məsuliyyəti (vəzifəni) cəmiyyətin gözündə kiçiltmək və o həzrətin məqamına xələl gətirmək. Belə ki, Əbu Hüreyrə hədisi nəql edərkən deyir: Həmin il (Həccətül-Vidadan bir il əvvəl) Əbu Bəkr həcc zəvvarlarına əmir təyin edildi. Peyğəmbər (s) «Bəraət» hökmünü tək Əliyə etibar edə bilməyib məni də (Əbu Hüreyrə özünü nəzərdə tutur) bir neçə qüvvəli şəxs ilə Məkkəyə yola saldı.
2 - Əli həmin il həcc ziyarətində Əbu Bəkrin (müəyyən işlər üçün) təyin etdiyi şəxslərdən daha çox fəaliyyət göstərə bilmədi. Çünki Əli öhdəsinə düşən vəzifəni lazımınca yerinə yetirə bilsəydi başqaları da belə edərdi.
Həqiqətin təhrif olunduğunu başa düşmək üçün bunu bilmək kifayətdir ki, Peyğəmbər (s) Əbu Bəkri yarı yoldan qaytarıb Əli (ə)-ı Məkkəyə göndərmişdi. Belə ki, hədisdə deyilir:
«Bu əmri ya mən yerinə yetirməliyəm, ya da sən!» Əli (ə) dedi: «Elə isə bu işi mən yerinə yetirərəm».
Əldə olan kifayət qədər mötəbər hədis və rəvayətlər Əbu Hüreyrənin uydurduğu bu hədisi də batil edir. Bir zamanlar Bəni Üməyyənin sifarişi ilə nəql edilmiş bu hədislər qüvvədə olsa da hal-hazırda Bəni Üməyyə maraqlarını müdafiə edən şəxslərdən başqa onlara müraciət edən kimsə tapılmayır.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 748 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]