Şənbə günü, 2024-12-21, 8:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Salavatın təsirləri
2012-11-04, 8:34 AM
Salavatın təsirləri

14 – Günahları məhv edir
İmam Rza (əleyhis-səlam) buyurdu:
"Hər kəs günahlarının kəffarəsini (cəriməsini) ödəməyi bacarmasa, gərək Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə çoxlu salavat göndərsin, çünki salavat günahları məhv edir.”
15 – Behişt iyindən məhrum qalmaq
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Bir nəfər mənə salavat göndərsə, lakin mənim Əhli-Beyimə salavat göndərməsə behiştin iyini dadmayacaqdır.”
16 – Salavat savabının günahlara üstün gəlməsi
Bir katibi vəfatından sonra yuxuda gördülər və onun halını soruşdular. Cavab verdi: "Mənim günahlarımı Peyğəmbərin (səlləllahu əleyhi və alihi) adına yazdığım salavatla tərəzidə çəkdilər salavatın savabı çox ağır gəldi və məni bağışladılar.”
17 – On günahın məhv olması
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Hər kəs mənə bir salavat göndərsə Allah-təala ona görə o şəxsə on salavat göndərər, on günahını məhv edər və on ehsan onun üçün yazar. Ona iki mələyi müvəkkil edər ki, ruhuma o salavatı çatdırmaq üçün bir-birilə ötüşərlər.”
18 – Salavatın bərəkətinə üzün xoş iyli olması
"Şəfaul-əsqam”da Muhəmməd ibn Səiddən rəvayət olub ki, dedi: Özümlə əhd bağladım ki, yuxudan əvvəl müəyyən sayda Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərim. Bir gecə ailəm ilə bir otaqda yatmışdım və yuxuda gördüm ki, o Həzrət daxil oldu və otağın divarları camalının nuru ilə işıqlandı və buyurdu:
"Mənə salavat göndərən o ağız hardadır ki, onu öpüm?”
Mən ağzımı qabağa aparmağa utandım, üzümü irəli apardım ki, onu öpsün. Sevincimdən yuxudan oyandım və ailəmi oyatdım. Xoş ətir iyi otağı bürümüşdü və elə bil əzfər müşkündən ev dolmuşdu.
O iy səkkiz günə qədər üzümdə dolandı və hər kəs onu iyləyirdi.”
19 – Fəqirin ağzının xoş iyi
Şeyxlərin birindən hekayət edirlər ki, dedi:
"Bir gecə İsfahanda fəqirlərdən birinin otağında qaldım. Gecə yarısı yuxudan oyandım xoş bir iy burnuma yetişdi ki, ondan daha xoş iy heç vaxt eşitməmişdim. Qalxdım və o iyin haradan gəldiyini bilmək üçün axtarmağa başladım, hər hara baxdımsa o iyin guşəmin daxilindən gəldiyini gördüm. Baxanda otağın küncündə bir fəqirin züm-zümə etdiyini gördüm. Qulaq asan kimi salavat göndərdiyini eşitdim və o ürək oxşayan xoş ətir iyi onun ağzından gəlirdi.”
20 – Qəbirdə salavatın fəryada çatması
Şibli nəql edibdir ki: Mənim bir qonşum var idi ki, vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: Allah-təala səninlə necə rəftar etdi?
Dedi: Ey Şeyx! Böyük dəhşətlər gördüm, çoxlu əziyyətlər çəkdim. O cümlədən Münkər və Nəkirin sualları zamanı dilim işdən düşdü. Özüm-özümə deyirdim: Vaveyla, bu əzab və bəla mənə hardan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm. O iki mələk qəzəblə məndən cavab tələb etdilər. Qəflətən gözəl tüklü və xoş iyli bir şəxs gəldi mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə təlqin (öyrətdi) etdi ki, onların sualına düzgün şəkildə cavab verdim. O, şəxsdən soruşdum: Sən kimsən?–Allah sənə rəhm eləsin- ki, məni qüssədən xilas etdin!
Dedi: Mən sənin Peyğəmbərə (səlləllahu əleyhi və alihi) göndərdiyin salavatdan xəlq oldum və hər zaman və hər yerdə ki, əlacsız qaldın sənin fəryadına yetişmək üçün məmur olmuşam.”
21 – Bərzəxdə salavatın kəraməti
"Fəzl Kindi”ni vəfatından sonra yuxuda görüb ondan soruşdular: Allah-təala səninlə nə etdi?
Dedi: Məni bağışladı və əzizlədi, bir əmələ görə ki, mənim bu iki barmağımdan –yəni şəhadət və baş barmağımdan- sadir olmuşdu.
Dedilər: Onlar nə iş gördülər ki, sənə olan kəramətə səbəb oldu?
Dedi: "Səlləllahu əleyhi və alihi və səlləm”i çox yazırdım.
22 – Gül iyləyən zaman salavat demək
Mötəbər hədisdə Malik Cəhənidən rəvayət olmuşdur ki: Bir gülü İmam Cəfər Sadiq (əleyhis-səlam)-a verdim. Həzrət aldı və iylədi, sonra hər iki gözünün üstünə qoydu və buyurdu: Hər kəs bir gülü alsa, iyləsə və gözlərinə qoysa və desə - "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum.”
Hələ yerə qoymamış onun günahları bağışlanar.
23 – Unutqanlığın dərmanı
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Bir şeyi unutduğunuz zaman mənə salavat göndərin ki, o şeyin yada düşməsinə səbəb olar.”
24 – Günahın bəxşişi
"Uyunul-Məcalis” kitabında, (o da əhli-sünnə kitablarındandır) rəvayətdir ki: "Bəndələrdən biri Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) salavat göndərən zaman, münadi (nida edən) qeyb aləmindən nida edər ki: Allah-təala bu bəndəyə on salavat göndərdi. Bu nida birinci göyün əhlinə yetişən zaman ona min salavat göndərərlər. İkinci göyün əhlinə yetişən zaman min dəfə də artırarlar. Həmçinin "Sifətul-Müntəhaya” yaxınlaşdıqda yeddi min dəfə salavata yetişəcəkdir.
Bu vaxt Haqq-təala mələklərə xitab edər ki: Siz mənim bəndəmin salavatının öhdəsindən gələ bilməzsiniz. Onu mənə tapşırın ki, mən onun cəzasını verim. Onun cəzası odur ki, onun günahlarını bağışlayım.”
25 – Keçmiş və gələcək günahların bağışlanması
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) buyurdu: "Hər vaxt bir-birilə dost olan iki bəndə Allaha xatir əl-ələ verib mənə salavat göndərsələr bir-birindən ayrılmadan öncə Allah-təala hər ikisinin keçmiş və gələcək günahlarını bağışlayar.”
Başqa bir rəvayət budur ki, Həzrət buyurdu:
"Hər kəs bir müsəlmanla müsafihə etsə (əlini sıxsa) və müsafihə vaxtında desə: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və səlləm.”
Bu əməl onun günahlarından bir şey saxlamaz.”
26 – Qiyamətdə nur
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Hər kəs mənə bir salavat göndərsə, Allah-təala qiyamət günündə onun başı üstündən, sağ, sol, yuxarı və aşağı tərəflərdən bədən üzvlərinə nur verər.”
27 – Qiyamət üçün salavatın zəxirə olması
"Hər bir möminin beş müvəkkil (vəkil) mələyi vardır:
Birinci onun qarşı tərəfindədir ki, şeytanı ondan uzaqlaşdırır.
İkinci onun arxa tərəfindədir ki, göyün bəlalarını ondan uzaqlaşdırır.
Üçüncü onun sağ tərəfindədir ki, onun yaxşı əməllərini yazır.
Dördüncü onun sol tərəfindədir ki, pis əməllərini yazır.
Beşinci onun alnındadır ki, ona "hafiz” –"qoruyan”- deyirlər və o mömin şəxs gecə vaxtı hər bir salavatı ki, göndərir, o mələk onu günəş çıxana qədər saxlayır və o vaxt gedir. Yenə salavatı qoruyub saxlamaq üçün gündüz gəlir. O mələyin getməsi ona görədir ki, kainatın Seyyidi Rəsulullahın (səlləllahu əleyhi və alihi) pak mərqədinə (qəbrinə) gedir və qəbrin müqabilində durur və deyir:
"Əsslamu əleykə ya Rəsulullah filan oğlu filan bu gecə vəya bu gündə sənə bir neçə salavat göndərdi.”
O həzrət buyurdu:
"Mənim salavat və salamım ona olsun!”
Onda o mələk ərşin altına gedər və deyər: "İlahi! Sənin filan oğlu filan bəndən – sənin həbibinə neçə salavat göndərmişdir və mən onun müqəddəs qəbrinə getdim və onun ərzinə çatdırdım və o həzrət ona salavat və salam göndərdi.”
Pak və sübhan Allah buyurar: "O bəndəyə salavat olsun.”
Və buyurur: "Mənim o bəndəmin salavatını nurlu ağ bir buluda qoyub, ərşin rüknlərindən birində saxlasınlar və o salavat qiyamət gününə qədər izzət hicabında qorunub saxlanılar. Onda o bəndənin əməli ölçülən bir vaxt Haqq-təala buyurar ki, o salavatı gətirsinlər və o bəndənin yaxşı əməlləri olan tərəzinin gözünə qoysunlar ki, ağır olsun”
28 – Siratın üstündə nur
Əziz İslam Peyğəmbərindən (səllaləhu əleyhi və alihi) rəvayət olmuşdur ki, buyurur:
"Mənə çoxlu salavat göndərin. Niyə ki, mənə salavat göndərmək, salavat göndərən üçün qəbrdə bir nurdur, siratın üstündə bir nurdur və behiştdə bir nurdur.”
29 – Şəfaətin vacib olması
Əziz İslam Peyğəmbəri (səllalləhu əleyhi və alihi) Əmirəl-möminin Əli (əleyhissalam)-a öz vəsiyyətində buyurdu:
"Ya Əli! Hər kəs mənə hər gün və hər gecə salavat göndərsə, şəfaətim ona vacib olar; baxmayaraq ki, onun günahları böyük günahlardan olmuş olsun”
30 – Behiştdə bir töhfə
Bir nəfər Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sual etdi: Ümmətin salavatı sizə bir töhfə göndərməkdir. Görəsən, siz tərəfdən onlar üçün bir töhfə olacaqdır? O həzrət (səlləllahu əleyhi və alihi) buyurdu: "Bu gün ümmətimin mənə salavatı onlardan mənə bir töhfədir və sabah onlar üçün mənim töhfəm behiştdə olacaqdır.”
31 – Bu salavatın bərəkətindəndir
Bir qadın hamilə idi, Məkkədən Mədinəyə yalqız mühacirət (köç) etdi və bu səbəbə görə ona "Mühacirə” deyirdilər. Qadın bir oğlan doğdu. Uşağı bir parça ətə oxşayırdı, əl və ayağı yox idi.
Mühacirə qüssələndi, mamaçaya dedi: Mən Allahın hökmünə razıyam; amma düşmənlərin şəmadətindən qorxuram. Məkkə kafirləri deyərlər ki, filanə (mühacirə) bizim şəhərdən getdiyi və islam dinini qəbul etdiyi üçün bizim bütlər onun uşağının əl-ayağını aldılar.
Mamaça dedi: Gərək bu qəziyyədə Peyğəmbərin (səlləllahu əleyhi və alihi) yanına gedəsən. Mühacirə o sərvərin xidmətinə gəldi və vəziyyəti o Həzrətə ərz etdi. O cənab buyurdu ki, de:
"Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin kəma barəktə əla İbrahimə.”
Mühacirə bu kəlimələri təkrar etdi və öz evinə qayıtdı. O, öz uşağının əl-ayağını yerində gördü və dərhal bu xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alihi) çatdırdı. O həzrət buyurdu: "Bu, mənə göndərdiyin salavatın bərəkətindən idi.”
32 – Behiştə daxil olmağın şərti
Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:
"Hər kəsin "ölüm vaxtı” axırıncı sözü mənə və Əli (əleyhis-səlam)-a salavat olsa, behiştə daxil olar.”
33 – Günahdan üç gün pak olmaq
Əziz İslam Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:
"Hər kəs mənə bir salavat göndərsə, ona hafiz (gözətçi) olan o iki mələk üç günə qədər heç bir günahı onun üçün yazmazlar.”
34 – Behişt müjdəsi
Allahın Rəsulu (səllalahu əleyhi və alihi) buyurdu: "Hər kəs mənə min dəfə salavat göndərsə, behişt müjdəsi almayana qədər ölməz.”
Şəhid Sani (rə) cümə risaləsində bu təsiri 1000 dəfə salavat üçün cümə günündə qeyd etmişdir.
35 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) nisbət ən layiqli şəxs
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxs olacaqdır.”
36 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) yol göstərmə
Əbu Səid Xüdri deyir: Əmmar Yasir Peyğəmbərə (səllallahu əleyhi və alihi) dedi:
"İstəyirəm Nuhun (əleyhis-səlam) ömrü qədər aramızda yaşayasan!
Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:
"Ey Əmmar! Mənim sizin aranızdakı həyatım sizin üçün xeyirdir və mənim ölümümdə "şər olmayacaqdır. Niyə ki, yaşadığım halda mənim yanıma gəlirsiniz, hal-əhval edirsiniz və mən də sizin üçün Allahdan bağışlanma istəyirəm. Lakin mənim vəfatımdan sonra İlahi təqvanı (günahdan çəkinməni) özünüzə peşə edin və ən gözəl formada mənə və mənim Əhli-Beytimə "salavat” göndərin, çünki sizin adlarınız, ata və ananızın və qohumlarınızın adları mənə təqdim olunacaq, əgər o adlar siyahısında sizin yaxşı əməlləriniz qeyd olunsa, Allaha şükr edər və ondan (yaxşıdan) başqa bir şey olsa, Allahdan sizin üçün günahlarınıza görə bağışlanma istəyərəm.”
37 – Şeytanı dəf etmək.
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Şeytan öz dostlarından birini bir insana (nəzarət üçün) təyin edir ki, xatirində olan şeyləri ondan alsın və onu unutqanlığa salsın. Şeytanın "xəllas” adlı həmkarı təyin olunmuş vəzifəsinə əməl etməyə çalışır. Bəs hər vaxt bir nəfər bir mətləbi yadına salmaq istəsə və hiss etsə ki, onu unutmuşdur əlini duaya qaldırsın və onu yadına gətirmək üçün Allahdan istəsin və Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə salavat göndərsin (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum). Və Şeytanı lənətləsin. Bu əməl zikrə və unudulmuş məsələnin yada düşməsinə səbəb olur. Əgər yadına gəlməsə yaddan çıxan məsələnin yerinə Allahı zikr etdiyi və dilinə gətirdiyi salavata görə İlahi mükafatı vardır.”
38 – Ürəyin nuraniliyi
Xızr Peyğəmbər (əleyhis-səlam) İmam Həsən Müctəba (əleyhis-səlam)-ın məzhərində hazır oldu və onunla özü arasında müəyyən suallar etdi, o cümlədən soruşdu:
"Niyə adam bəzən bildiyi mətləbləri yadına sala bilmir.”
İmam (əleyhis-səlam) cavab verdi: "Bəşərin qəlbi "haqla” möhkəmlənmişdir və "haqq” ilə qarışmışdır və "haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun "qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o "haqq” üzərinə çəkilmiş örtük elə o cür də qalacaqdır və bu haldadır ki, insan bildiyi mətləbi də yadından çıxarır.”
39 – Sağlamlıq
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Əgər bir nəfər mənə bir salavat göndərsə, Allah-təala ona on salavat göndərər. Əgər bir nəfər mənə on salavat göndərsə, Allah-təala ona yüz salavat göndərər və əlbəttə yüz dəfə də Allahın min dəfə salavatını ardınca gətirər və bir nəfər min dəfə mənə salavat göndərsə heç vaxt əzab görməyəcək.”
40 – Ölüm və təhlükədən nicat tapmaq
"Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: "Bəni-İsrail öz oğlanlarını Məhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən nicat verirdilər və həmçinin öz qızlarını da Muhəmməd və onun əhli beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”
41 – Rəhmətdən bir qapı
Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:
"Bir nəfər mənə bir dəfə salavat göndərsə, Allah-təala rəhmət və afiyətdən bir qapı onun üzünə açar.”
42 – Günahı aradan aparmaq
Əziz İslam Peyğəmbəri (səllalahu əleyhi və alihi) buyurdu:
"Bir nəfər mənə salavat göndərsə, onun günahları aradan gedəcəkdir.”
43 – Hacətlərin həyata keçməsi
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Bir nəfər yüz dəfə "Ya rəbbi Səlli əla Muhəmmədin və ali Muhəmmədin” desə, hacətlərindən yüzü, o cümlədən onun otuz dünya hacəti həyata keçəcəkdir.”
44 – Siratın işıqlı olması
Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:
"Mənə göndərilən salam və salavat Siratı nurlu edər.”

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 1005 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]