Ronald Reyqan
Ronald Uilson Reyqan (ing. Ronald Wilson Reagan; 6 fevral 1911, Tampiko, İllinoys, ABŞ – 5 iyun 2004, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti (1981-1989).
Ronald Reyqan idman şərhçisi, kinoaktyor, Kaliforniya
ştatının qubernatoru olduqdan sonra Amerika Birləşmiş Ştatlarının
prezidenti seçilmişdir. Kino karyerası ərzində 54 filmdə çəkilmişdir.
Siyasi karyerası
1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri demokratlar
partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların əlinə keçdi.
Ölkədə sağa doğru dönüş baş verdi. Sağ respublikaçılar dairəsinə mənsub
olan, məşhur aktyor, gözəl natiq, hələ 1964-cü ildə Qolduoteri müdafiə
etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ tarixində ən populyar
prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə seçildi. Reyqanın
fəaliyyətində özünə məxsus cəhətlərdən biri onun bütün məsələlərə dövrə
uyğun şəkildə yanaşmağı bacarması idi. Reyqanın dövründə ABŞ-da
universal dövlət yaradılmış oldu. Bütün bunlara görə o tarixə böyük
kommuniator kimi daxil oldu.Xalq onu «böyük ünsiyyət ustası»
adlandırırdı.
1980-ci il seçkilərində qələbə çalmış Reyqan Ağ Evə iqtisadi problemlərdən narahat və İranla bir il sürən girov böhranına görə özünü alçalmış hiss edən Amerikaya inam və qürurunu qaytarmaq istəyi ilə gəlmişdi. 1981-ci
ildə inauqurasiya çıxışında prezident Reyqan federal hökumətin rolunun
dəyişməsi də daxil olmaqla, ölkəni yeni istiqamətdə idarə edəcəyini
bəyan etdi.
Yeni prezident tez bir zamanda vergiləri ixtisar etməyə və hökumət xərclərini azaltmağa başladı. 1982-ci ildə böyük tənəzzüldən sonra iqtisadi artım müşahidə olundu. Sonralar həmin iqtisadi siyasət "reyqanomika"
adı altında məşhurlaşmışdır. Prezident Ronald Reyqan hökuməti iri
kapitalın mənafeyinə xidmət edərək inflyasiyanı cilovlamaq və
iqtisadiyyatı yenidən qurmaq, ABŞ-ın dünya bazarında rəqabət mövqeyini
gücləndirmək siyasəti yeritməyə başladı. Proqram milli gəlirin iri
kapitalın və əhalinin varlı təbəqələrinin xeyrinə sonrakı yenidən
bölgüsünə və burada fəhlə sinfinin payının azalmasına gətirib çıxardı.
Sosial xərclər azaldıldı. Eyni zamanda hərbi təxsisatlar getdikcə
artırıldı. ABŞ üçün istehsalın və kapitalın, o cümlədən bank işinin,
yüksək dərəcədə təmərküzləşməsi maliyyə oliqarxiyasının təzyiq
göstərməsi ilə səciyyələndirdi. 200 iri korporasiya ölkənin sənaye
istehsalının təxminən yarısına nəzarət edir. 80-ci illərdə Cənub və
Cənub-Qərb ştatlarının sənaye cəhətdən coşğun inkişafı ilə əlaqədar
olaraq inhisarçı kapitalın Texas və Kaliforniya
qruplarının xüsusi çəkisi artmışdı. Eyni zamanda onların və maliyyə
burjuaziyasının köhnə qrupları arasında iqtisadiyyatın və siyasətə
nəzarət uğrunda mübarizə kəskinləşmişdi.
1981-ci il martın 30-da
psixi xəstə Con Hinkli Ronald Reyqana qarşı sui-qəsdə cəhd etdi. Onun
atdığı altı güllədən biri Reyqanın ağciyərində ilişsə də həkimlər onu
xilas edə bildilər. Hadisə nəticəsində biri ağır olmaqla daha üç nəfər
yaralanmışdı.
İkinci prezidentlik dövrü 1984-cü
ildə Ronald Reyqan yenidən prezident seçildi. Amma amerikalılar iqtisadi
tərəqqidən bəlkə də daha artıq onun dəst-xəttini bəyənirdilər. Onlar
Reyqanın Amerikanın qüdrətini və xaricdə ona inamı bərpa etmək səylərini
alqışlayırdılar. Ronald Reyqanın prezidentliyinin birinci dövrünü daha
çox daxili siyasət məsələlərinin həllilə bağlayırlarsa, onun ikinci dövr
prezidentliyi xarici siyasət meydanında fəaliyyətilə əlaqələndirilir.
Reyqanın silahlara nəzarət sahəsində fəaliyyətləri, xüsusilə də 1987-ci ildə Sovet İttifaqı ilə Avropada qısa və orta mənzilli raketlərin ləğvi haqda müqavilə imzalaması əhəmiyyətli hadisə idi.
Ronald Reyqan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovla
dörd zirvə görüşü keçirmişdir. Bu görüşlər Amerika Birləşmiş Ştatları
və bir zamanlar prezidentin "Şər imperiyası" adlandırdığı ölkə arasında
soyuq müharibənin tədricən sona çatması işinə böyük xidmət göstərdi. 12 iyun 1987-ci ildə Berlin şəhərinin 750 illiyində iştirak edən Reyqan Brandenburq qapılarının önündəki çıxışında Sovet rəhbəri Mixail Qorbaçovu Berlin divarını sökməyə çağırdı:
Baş katib Qorbaçov, əgər siz
sülh istəyirsinizsə, əgər siz Sovet İttifaqının və Şərqi Avropanın
çiçəklənməsini istəyirsinizsə, əgər siz liberallaşma istəyirsinizsə,
bura, bu qapıya gəlin! Cənab Qorbaçov, bu qapını açın! Cənab Qorbaçov,
bu divarı sökün!
Reyqanın dövründə silahlanma daha yüksək mərhələsinə qalxdı. Belə ki,
onun dövründə hərbi büdcə ölkənin federal büdcəsinin 23%-indən 27%-nə
qalxdı. Hərbi sənaye komplekslərinin (bu komplekslərə hərbçilərin yüksək
dairəsi, dövlətin müəyyən quluqçuları, Silah istehsal edən
korporasiyalar və hərbiləşdirilmiş elm daxildir) fəaliyyəti gücləndi.
Onlardan on ikisi ABŞ-ın Müdafiə nazirliyi olan Pentaqonun sifarişlərini
həyata keçirirdi. ABŞ-da ən çox inkişaf edən və böhranlı vəziyyət
keçirməyən sahə hərbi sahə idi. Çünki bu sahə hökumətin nəzarəti altında
idi. Hərbi xərclər 1979-1980-cı illərdəki 134 milyard dollardan 1988-ci
ildə 291 milyard dollara qalxdı. Reyqanın xarici siyasəti Cimmi Karterin siyasətinin, demək olar ki, davamı idi. Reyqan da C.Karter kimi NATO-nun hərbi xərclərinin 3% artırılması və Qərbi Avropada
orta mənzilli raketlərin yerləşdirilməsi işini bəyəndi və davam
etdirdi. 1983-cü ildə ABŞ Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta
mənzilli raketlərini yerləşdirməyə başladı. O da Əfqanıstan məsələsi
ilə əlaqədar SSRİ ilə münasibətləri gərgin şəkildə saxladı. ABŞ Latın Amerikası ölkələrinə qarşı yenidən Böyük dəyənək siyasətinə qayıtdı. Reyqan hökuməti Latın Amerikası ölkələrinə münasibətdə panamerikan həmrəyliyi prinsipini irəli sürdü. Karib hövzəsində öz mövqelərini möhkəmləndirdi, Nikaraquaya qarşı elan edilməmiş müharibə apardı, Salvadorun mühafizəkar dairələrinə hər cür kömək göstərdi. 1982-ci ildə Malvin (Folklend)
adaları üstündə İngiltərənin Argentina ilə müharibəsində İngiltərəni
müdafiə etdi. İsrail-Ərəb münaqişələrində İsrailin dayağına çevrildi.
1982-ci ildə Yaxın Şərqin əzab çəkmiş xalqları üçün «Amerika sülh
təşəbbüsləri»nin irəli sürdü. 1983-cü ildə cəmisi 100 min əhalisi olan
Qrenadaya qoşun çıxartdı. Reyqan hökuməti xarici siyasətində Asiya və
Sakit okean regionuna xüsusi diqqət yetirirdi. 1986-cı ilin sonunda ABŞ
bu regiona 35,7 milyard dollar sərmayə ayırdı. 1985-ci ilə qədər o,
SSRİ-ni «Şər imperiyası» elan edərək onu iqtisadi cəhətdən zəiflətməyi
ABŞ-ın əsas məqsədi olduğunu bildirirdi. 1985-ci ildə SSRİ-də
hakimiyyətə Mixail Sergeyiviç Qorbaçov
gəldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə mülayimləşmə baş
verdi. Reyqan sosializmi «zibilliyə» atmaq planını həyata keçirməyə
başladı. Qorbaçovla Reyqan 1985-ci ildə Cenevrədə, 1986-cı ilin oktyabrında isə İslandiyanın paytaxtı Reykyavikdə görüşdülər. 1987-ci ilin dekabrın 7-8-də M.S.Qorbaçov Vaşinqotonda
oldu. Vaşinqtonda «Qısa mənzilli raketlərin məhv edilməsi haqqında» iki
dövlət arasında saziş bağlandı. Bu tarixdə nüvə silahlarının ləğv
edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan bu sazişi bağlayarkən
etdiyi çıxışlarında göstərdi ki, biz SSRİ ilə saziş bağlayarkən rusların
çox sevdiyi bir atalar sözünü işlətmək istəyirəm: «İnan, lakin yoxla».
1988-ci ilin mayında Reyqan Moskvaya gəldi. Danışıqlar mehribanlıq
şəraitində keçdi. Reyqan Moskvadan
qayıdarkən bildirdi ki, onun sosializm cəmiyyəti haqqında
təsəvvürlərində yanlışlıqlar var və sosializmdən də çox şey öyrənmək
olar.
Reyqanın 1983-cü ilin oktyabrında Qrenadadakı
dövlət çevrilişindən sonra ABŞ-ın müdaxiləsi haqda qərar verməsi
çoxları tərəfindən onun administrasiyasının uğuru kimi qiymətləndirildi.
Lakin bu müdaxilə Reyqanın xarici siyasətində ən böyük uğursuzluq hesab
edilən Livandakı
ABŞ hərbi dəniz qüvvələri bazasına hücumdan iki gün sonraya təsadüf
etmişdi. Amerika hərbi qüvvələrinin Livandan çıxarılması ilə
nəticələnmiş terror aktı zamanı 241 Amerika əsgəri həlak olmuşdu
İran-Kontras qalmaqalı Birləşmiş Ştatlar Konqresindəki mühafizəkarlar 1980-ci illərdə Reyqanın Nikaraquada kontras hərbi birləşmələrinə dəstəyini alqışlamışdılar. Lakin 1986-cı ildə Amerikalı girovları azad etmək üçün İrana gizli silah satışından əldə edilən gəlirlərin Mərkəzi Amerikada kontras döyüşçülərinə ötürülməsi ilə əlaqədar İran-Kontras qalmaqalı
zamanı Reyqan administrasiyası kəskin tənqidlərlə qarşılaşdı.
Qalmaqaldan sonra Ronald Reyqanın populyarlığı azaldı. Bununla belə, 1989-cu ildə Ağ Evi tərk edən zaman Reyqanın reytinqinin yenidən artdığı müşahidə olundu. O, İkinci Dünya müharibəsindən sonra müddətini başa vuran prezidentlər arasında amerikalıların ən böyük rəğbətini qazana bilmiş prezident olmuşdur.
Son illəri
1994-cü ildə Ronald Reyqan Amerika xalqına yazdığı məktubda Alzheymer
xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Sabiq prezident ofisi tərk
etdikdən sonra ictimaiyyət qarşısında tez-tez çıxışlar etməsə də, bəzən
prezidentlik dövrünə nəzər salaraq vətənə xidmət etdiyinə görə qürur
duyduğunu deyirdi.
Elə anlar var ki, onlar heç
vaxt yaddan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə
yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi
öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan
oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə
tanrıya şükr deyirəm.
Ronald Reyqan 2004-cü il iyunun 5-də 93 yaşında vəfat etmişdir. |