Main » Files » Şəxsiyyətlər » Elmi |
Fəzlullah Nəimi (1340-1401)
2012-11-02, 12:14 PM | |
Fəzlullah Nəimini elmi ədəbiyyatda həm Təbrizi, həm Astarabadi, həm də əl-Hürufi kimi tanıyırlar. O hürufiliyin əsaslarını öz əsərlərində vermişdir. Həmin cərəyanın digər nümayəndələri başda Nəsimi olmaqla hürufiliyi daha da inkişaf etdirmişlər. Nəiminin tərcümeyi-halı haqqında məlumat olduqca azdır. Olan məlumatlar da müxtəlif mənbələrdə olsa da bir-birini təkrar edir. Təzkirələrdə, ensiklopediya lüğətlərində mütəfəkkirin bədii-fəlsəfi dünyagörüşü, onun doğulduğu yer haqqında bəzi anlaşılmazlıqlar olsa da, müəlliflər əksər məsələlərdə yekdil fikirdədirlər. Onun həyatı haqqında ən inandırıcı məlumatları elə onun özünün əsərlərində tapmaq mümkündür. Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət Nəimi haqqında aşağıdakı məlumatı vermişdir: Nəimi Şah Fəzlullah ibn Əbu Məhəmməd Təbrizi XIV əsrin məşhur şəxsiyyətlərindən olmuşdur. Şah Fəzlullah Hacı Bəktaş Vəlinin vəfatından iki il sonra 1340-cı ildə anadan olmuş, həddi-buluğa çatdıqdan sonra papaq tikməklə həyatını təmin etmişdir. Şah Fəzlullah 1394-cü ildə Şirvan şəhərində həbs olunmuş və orada "Cavidannamə” əsərini yazmışdır. Seyid Fəzlullah Əmir Teymurun müasirlərindən və təsəvvüf təriqətinin böyük şəxsiyyətlərindəndir. O bir sıra nadir elmlərdə, təsəvvüf və hikmətdə yüksək rütbəyə çatmışdır. Şah Fəzlullah cəfr və ədad elmlərinin əsası olan hürufiliyin sirləri haqqında tədqiqat aparmış, "Cavidani-Kəbir” və "Cavidani-Səğir” əsərlərini yazmışdır. Çox təssüflə qeyd etmək lazımdır ki, Fəzlullah Nəiminin hələ heç bir əsəri Azərbaycan dilinə tərcümə olunmamışdır. Fars dilində olan əsərlərində təkcə onun tərcümeyi-halı deyil, həm də qısa şəkildə onun dünyagörüşü müəyyənləşdirilmişdir. Eyni zamanda bəzi əsərlərdə onun dünyagörüşünün təkamülü də qeyd edilmişdir. Nəimi yaradıcılığının ilk dövrlərində mütərəqqi sufilik mövqeyində durmuş, sonra isə hürufilik təriqətini inkişaf etdirmişdir. Onu Şərqdə "hürufi” adı ilə də tanımışlar. Hürufi fəlsəfəsinin nümayəndələri Sözü Allahla birləşməkdə insana verilən imkan kimi irəli sürürlər. İdrak da Sözün idrakıdır, onların dili ilə desək Mərifət sözün mərifətidir. Söz mövcud olan nəsnələr (şeylər, predmetlər) üçün təzahür formasıdır. Elə məhz buna görə də Söz irəli sürülür və heç bir mənanı sözsüz təsəvvür etmək olmur. İslam fəlsəfəsində olan hürufilər bir təriqət kimi Quranda olan başlıqların (surələrin) başlanması və hərflər haqqında təfsirləri irəli sürürlər, hecaların, ərəb əbcəd əlifbasının izahını verirlər. Fars dilini ərəb dili üçün şərhçi kimi təqdim edirlər, daha doğrusu onlar səslərin və hərflərin bu iki dilin əsasında kamillik nöqtəsinə çatmasını qeyd edirlər, Gerçək (real) və sirrli dünyaların fenomenləri hərflər sayəsində aydınlaşdırılır. Nəimi şiə mehdiçiliyi və sufi qütbünü birləşdirərək öz nəzəriyyəsini irəli sürmüş, həm ittihad, həm də vəhdət əl-vücud terminlərini işlətmişdir. Nəiminin konsepsiyasından: hərflər elmini peyğəmbərlər əsaslandırmışlar: Musa peyğəmbərin rolu ondan ibarət idi ki, O, Allahın həmsöhbəti qismində çıxış edirdi, İsa peyğəmbər Allahın Sözü olduğundan hürufilər üçün ali ideya idi, Məhəmməd peyğəmbərin rolu isə Allahı Sözlərin yaradıcısı kimi ucaltmasında idi. Əli ibn Əbu Talib peyğəmbərlər və göndərilənlərin elmlərinin varisi idi, Əli (ə) alimlər cəmiyyətinin qapısı idi. Alimlər Əlini (ə) və digər imamları peyğəmbərlik sirrlərinin açarları, hikmət nurlarının çıraqları adlandırırdılar. Peyğəmbərimizin (s) də bu haqda belə fikri var idi: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır”. Əli (ə) hərflərin ikili variantı və şəraitlərin ikili mənalarının işlənməsində kod elminin tərtibçisidir. Kod (şifrə) yaddaş elmidir və o, əvvəl və son üzərində qurulmuşdur. Sonra İmam Cəfər (ə) gəldi və dedi ki, bu elm sirrlər elmidir. O, altıncı şəxs idi və "Əl-xəfiyyə” ("Sirr”) kitabını yazdı. Nəimi dünyanın vəhdəti haqqında təlimində hərfin və yuxunun təbiəti, təyin və təyin edilən, məzmun və forma əlaqəsi və s. məsələlərdə əsasən azadfikirliılik mövqeyindən çıxış etmişdir. Nəimiyə görə dünya dərk ediləndir və insanlar dünyanı dərk etməlidirlər. Fəzlullaha görə idrak prosesində nitq, əql, ruh və təyinlərin rolu xüsusi vurğulanmalıdır. Gerçəklik , insanı əhatə edən aləm əbədi dövri inkişaf prosesindəndir. Onun fikrincə hər bir əvvəlki pillə özündən sonrakının başlanğıcıdır. Bu fikir "Cavidani-Kəbir”, "Cavidannamə” əsərində irəli sürülmüşdür. | |
Views: 879 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |