Bazar günü, 2024-12-22, 6:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Elmi

Dmitri Mendeleyev
2013-07-01, 8:37 AM

Bütün dövrlərin ən böyük alimi

 

Dmitri Mendeleyev həyatını elmə və müəllimliyə həsr edib

 

Müasir kimya elmini böyük Rusiya kimyaçısı Dmitri Mendeleyevsiz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki,  kimyəvi elementlərin dövri sistemini yaratmış Mendeleyev XIX əsrin ən görkəmli elm adamı elan olunub.  D.Mendeleyev 1834-cü il fevralın 8-də Rusiyanın Tobolsk vilayətində doğulub, o, ailənin 17-ci uşağı olub. Elə həmin gün onun atasının gözləri tutulub və o, təqaüdə çıxıb. Anası Mariya Dmitriyevna isə bundan sonra həm uşaqların tərbiyəsi, həm də onların dolandırılması qayğısına qalmalı olub. Çoxuşaqlı ailə Tobolskdan 30 km məsafədə yerləşən Aremzyanka kəndinə köçməli olur, burada onun Moskvada yaşayan qardaşının kiçik şüşə zavodu olub. Qardaşı zavodun idarəçiliyini bacısına həvalə edib. Mariya Dmitriyevna istehsalatla məşğul olub və yardımçı təsərrüfat təşkil edib.   "Sevimli anamın idarə etdiyi şüşə zavodunda mənim təbiət, insanlar və sənaye işləri ilə ilk təəssüratlarım formalaşdı", - deyə Dmitri sonralar xatırlayırdı. 

 

"Anamın xatirəsinə onun sonbeşiyindən"

 

O, gimnaziyaya erkən daxil olub. Əvvəlcə çox cidd-cəhdlə bütün elmlərə maraq göstərib. Lakin tezliklə onun sevmədiyi fənlər özünü göstərib. Onu  xüsusən də latın dili  təngə gətirmişdi.  Dmitri bu fəndən nadir hallarda kafi qiymət alıb. Atasına olan hörmətə görə dərslərindən daim geridə qalan Dmitrini ikinci sinifdə saxlamayıblar və ya məktəbdən qovmayıblar.  Tezliklə o fizika, riyaziyyat, coğrafiya, astronomiya, tarixlə maraqlanmağa başlayıb. O, artıq dərslərində uğurlar qazanıb. Dmitrinin buraxılış attestatında  yalnız iki fəndən - ilahiyyat qanunları və rus ədəbiyyatından kafi qiymətlər yazılıb. Mendeleyevin stili nə qədər ağır olsa da, obraz və fikirlərlə zəngin idi. Sadəcə o, çox vaxt bir cümlə ilə daha çox fikir çatdırmağa can atırdı. 

 O, özünün sulu məhlullara dair ilk ən böyük elmi işini anasının xatirəsinə həsr edib. "Bu tədqiqat mənim anamın xatirəsinə  onun sonbeşiyindən ithaf olunur.  Anam zavod işlərini aparmaqla məni yalnız öz əməyi ilə böyüdə, mənə  nümunəvi tərbiyə verə, sevgi ilə səhvlərimi düzəldə bildi. Anam son qüvvəsini və vəsaitini sərf etməklə məni elmə vermək üçün Sibirə gətirdi. Ölərkən isə boş xəyallardan qaçmağı, yalnız əməklə məqsədə çatmağı, sözdə deyil, səbirlə ilahi və elmi həqiqəti axtarmağı vəsiyyət etdi. Çünki o yaxşı başa düşürdü ki, elmin köməyi ilə, zorakılıq olmadan, sevgi ilə səhvlər və bütün xürafat aradan qalxır və əldə olunmuş həqiqətin müdafiəsi, gələcək azad inkişaf, ümumi rifah və daxili xoşbəxtliyə nail olunur". D.Mendeleyev anasının vəsiyyətini müqəddəs hesab edirdi.

Dmitri 15 yaşında gimnaziyanı başa vurub. Lakin əvvəlcə ağır bədbəxtçiliklə üzləşib, atası, daha sonra bacısı vəfat edib, bu azmış kimi, hazır məhsulların saxlandığı şüşə zavodu da tam yanıb. Özünün sonbeşiyni çox sevən, onun istedad və əməksevərliyinə inanan Mariya Dmitriyevna risk edərək bütün istehsal işlərini ləğv edir, Dmitri və qızı Lizanı da özü ilə götürərək Moskvaya qardaşının yanına gedir.  Lakin o zaman Tobolsk gimnaziyasının məzunlarına yalnız Kazan Universitetinə daxil olmağa icazə verilirdi. Anası Dmitrinin Tibb-Cərrahiyyə Akademiyasında oxuması üçün onu Peterburqa gətirir. Lakin cəmi bircə dəfə anatomiya dərsində iştirak edən Dmitri meyitlər üzərində elm öyrənə bilməyəcəyini özü üçün birdəfəlik müəyyənləşdirib. O,  tezliklə bir vaxtlar atasının oxuduğu Peterburq Pedaqoji İnstitutuna daxil olur.

Dmitrini yenə də bədbəxtçilik yaxalayır. 1850-ci ilin payızında anası, daha sonra isə Dmitriyə maddi yardım göstərən dayısı Vasili də vəfat edirlər.  Dmitri başını güclə saxlayır. Tezliklə onun 25 yaşlı bacısı Liza da vərəmdən vəfat edir. Həkim Dmitrinin də vərəmə tutulduğunu aşkar edir.   Lakin Mendeleyev ruhdan düşmür, təhsilini davam etdirir, çox oxuyur, kimyəvi araşdırmalara qapılır  və hətta  institutu qızıl medalla bitirə bilir.   Mendeleyev 21 yaşında buraxılış imtahanlarını müvəffəqiyyətlə verir və onun izomorfizmə həsr olunmuş diplom işi elmlər namizədi elmi dərəcəsinə layiq görülür.   

 

"Atom sisteminin Koperniki"

 

Tələbəlik illərində Mendeleyev iki elmi əsər yazıb: "İnsan təbii varlıq kimi" və "Peterburq quberniyasının gəmiriciləri". Dərslik kimi qəbul olunan birinci elmi iş fəlsəfə və təbiətşünaslığın ümumi problemləri ilə bağlı idi. İkinci isə o vaxt az uğurların qazanılmadığı bioloji sistemləşdirməyə həsr olunmuşdu.      

Mendeleyevin onu elm dahilərinin ilk sırasına çıxaran  başlıca elmi nailiyyəti nədir? Nüfuzlu xarici mütəxəssislərin sorğularına əsasən, o, XIX əsrin ən görkəmli, ən böyük alimi hesab olunub. Məşhur ingilis alimi və filosof Con Bernal məhz Mendeleyevi "Atom sisteminin Koperniki" adlandırıb.

Mendeleyevin başlıca elmi xidməti ondadır ki, o, dağınıq kimyəvi elementlər xaosundan dövri sistemin mükəmməl binasını yaradıb. Dünyanın kimyəvi lövhəsinə məhz bu cür işıq salınıb. Mendeleyev bir qutu kartı götürərək onların hər birinin üzərində o zaman elmə məlum olan 63 elementin xassələrini yazıb. O, hər dəfə bu işi təkrar-təkrar icra edib. Nəticədə bu "element  pasyansı" mükəmməl bir sistemi ortaya çıxarıb. Mendeleyev ilk dəfə bu sistemi yuxuda görüb və oyanaraq gördüklərini kağıza köçürüb və 1869-cu ildə müvafiq  məqaləsini dərc etdirib. İlk baxışdan hər şey bununla bitib...

Lakin heç də belə deyil.    Mendeleyevə qədər dövri sistemə dair öz variantlarını təklif edənlər olub. Mendeleyevin kəşfinə ən yaxın alman alimi Lotar Meyer olub. Meyerin cədvəli o zaman elementlərin təsnifatına dair ilk nümunədir.  Lakin Mendeleyevin cədvəli ideal sistem olub. Artıq  elmə məlum olan elementlər deyil (kartlara daxil olmuş), həm də "gözəgörünməz" elementlər  də bu sistemdə əksini tapmışdı, Mendeleyev nəzəri olaraq  onların varlığını söyləyirdi, lakin bu naməlum elementlərin varlığını hələ heç kim sübut etməmişdi.    Onların varlığı və xassələri yalnız dövri sistemin yaradıcısının zəkası və yalnız onun iradəsi ilə, onun dünya quruluşuna dair təsəvvürləri ilə müəyyən olunurdu. Mendeleyev "qabaqcadan görən" rolunda çıxış edərək riskə gedirdi. Bütün bunlarla yanaşı o, nəzəri olaraq bəzi məlum  kimyəvi elementlərin atom çəkilərini dəqiqləşdirib. Mendeleyev cəsarətlə hələ elmə məlum olmayan elementlərdən bəzilərinin - qallium, skandinium, germaniumun kimyəvi xassələrini əvvəlcədən xəbər vermişdi və yanılmamışdı. Bir qədər sonra isə o, zamanı qabaqlayaraq hələ kəşf olunmamış 8 elementin mövcudluğunu xəbər vermişdi ki, onların da arasında polonium, astat, texnesium, fransium var idi.  Onun sistemi eksperiment yolu ilə yoxlanıla və təkzib oluna bilərdi. Lakin Mendeleyev bütün bunları bir neçə il ərzində dəfələrlə götür-qoy etmişdi. Və harmonik dünya sisteminin  mövcudluğu onu ruhlandırırdı.

Sonrakı illərdə cədvəldəki boş xanalar "öz sahiblərini tapırdı". Məhz yeni elementlərin yer alacağı  boş xanalar Mendeleyevin dahiyanə ideyası idi. Mendeleyevin cədvəli gələcəyi qabaqlayırdı!   Son vaxtlara qədər alimlər Mendeleyev cədvəlinin gizli mənasının sirrini açmağa çalışırlar; hər il bu mövzuya yüzlərlə elmi məqalə həsr olunur. Bir çox məqamlar hələ də sirr olaraq qalmaqdadır. Bu cədvəl həm də səmərəli yeni kəşflər vəd edir.  

 

Rusiya elmini dünyada tanıdan alim 

 

Mendeleyev yaradıcılığının çiçəklənməsi rus mədəniyyətinin "qızıl əsri"nə təsadüf edir, lakin Rusiya elminin dünyada daha çox tanınması məhz Mendeleyevin sayəsində olub. O, rus elmi fikrinin inkişafı üçün çox işlər görüb.

"D.Mendeleyevin Peterburq Universitetindəki parlaq mühazirələri unudulmazdır... Bu mühazirələrdə kimyəvi element abstrakt, kosmosdan alınmış bir obyekt kimi yox, bütöv  varlığın - planetin ayrılmaz tərkib hissəsi kimi təqdim olunurdu. Bu mühazirələrdə nə qədər fikirlər və rəylər doğulurdu, mühazirəçi özünün  məntiqi fikirləri, özünün bütün şəxsiyyəti və aydın, parlaq siması ilə tələbələrə  təsir edirdi", - deyə Mendeleyevin tələbəsi olmuş akademik V.Vernadski sonralar yazırdı. Təsadüfü deyil ki, Vernadski geokimyanın əsas yaradıcılarından biri oldu və biosfer haqqında geokimyəvi təlim yaratdı.

Maraqlı faktdır ki, Mendeleyevin əsərlərinin 25 cildi arasında yalnız bir cild kimyəvi elementlərin dövri sisteminə həsr olunub, iqtisadi mövzulara isə o, 4 cild həsr edib.

Mendeleyev ümumi, qeyri-üzvi  və üzvi kimya, mineralogiya, meteorologiya, geofizika, hidrodinamika, hava uçuşu, kimya  texnologiyası, neft kimyası, metrologiya, sosiologiya, kənd təsərrüfatının iqtisadiyyatı və sair sahələrdə bir sıra orijinal elmi əsərlər yazıb.  O, tükənməz enerjili, yorulmaq bilməyən, şaxta və neft buruqlarında gəzməyə, hava şarında səmaya qalxmağa hazır olan, yeni cihazlar və texnologiyalar kəşf edən, Şimal dəniz yolunun öyrənilməsi layihəsində iştirak edən  bir alim idi.  

 

"Başqaları üçün yaradılanlarla fəxr edin"     

 

Sağlığında onu dahi adlandırıblar. O isə zarafatla yaxasını qırağa çəkərdi: "Dahi? Hansı dahi?! Bütün ömrü boyu işləmişəm, bu da sizə dahi". O, hər hansı  fövqəltəbii istedadı ilə özünü başqalarına qarşı qoymurdu. Qeyd edirdi ki, öz-özlüyündə insan olmur - "Yalnız birlikdə olanda - insanıq". Mendeleyev eqoistik fərdiyyətçiliyi rədd edirdi: "Başqaları üçün yaradılanlarla fəxr edin".

Mendeleyev özündən sonra 500-dən artıq çap məhsulu qoyub və kimya, fizika, kimya texnologiyası, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, xalq maarifi və digər elmi istiqamətlər üzrə fundamental tədqiqatların müəllifi olub. Alim məhlullar nəzəriyyəsinin əsasını qoyub, neftin fraksiyalara ayrılmasının sənaye üsulunu təklif edib, torpaqların suvarılması, mineral gübrələrdən istifadə olunmasını təbliğ edib. Mendeleyev nadir elmi təfəkkür sahibi olub, o, özünün elmi yaradıcılıq fəaliyyətinin nəticələrini ağlasığmaz dərəcədə əvvəlcədən görüb. 

1857-ci ildə Mendeleyev Peterburq Universitetinin dosenti olur, 1859 - 1861-ci illərdə Fransa və Almaniyanın müxtəlif universitetlərində elmi təcrübədə olub. 1859-cu ildə mayelərin sıxlığını müəyyən etməyə imkan verən cihazı - piknometri yaradıb. 1860-cı ildə mayelərin mütləq qaynama - kritik  temperaturunu kəşf edib.  1863-cü ildə onun "Üzvi kimya" kitabı çapdan çıxıb və tezliklə Demidov mükafatına layiq görülüb. 1864-cü ildə Peterburq Texnologiya İnstitutunun kimya professoru seçilib. Mendeleyev digər ali məktəblərdə də dərs deyib.

1865-ci ildə Mendeleyev "Spirtin su ilə birləşməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bu elmi işində o, özünün məhlullar nəzəriyyəsinə dair təliminin  əsaslarını işıqlandırıb. Elə həmin il 32 yaşlı Mendeleyev  Peterburq Universitetinin professoru seçilib və özünün "Kimyanın əsasları" klassik kitabını yazmağa başlayıb. Bu kitab Mendeleyevin sağlığında Rusiyada 8 dəfə, 5 dəfə isə ingilis, alman və fransız dillərində çap olunub.

Mendeleyevin 1869-cu ildə kimyaçıların səssiz kompüteri hesab olunan  elementlərin dövri sistemini kəşf etməsi XIX əsrdə kimya elmi tarixində ən böyük hadisə, eləcə də ötən minillikdə insan zəkasının ən görkəmli nailiyyəti  oldu. Böyük alim 70-ə yaxın akademiyanın və elmi cəmiyyətlərin üzvü olub. Mendeleyev öz missiyasını belə müəyyənləşdirmişdi; birincisi elmi tədqiqatlar, ikincisi isə müəllimlik. Mendeleyevin sağlığında elementlərin sayı 63 idi. Onun ölümündən bir il sonra onların sayı 86-ya çatdı. 1955-ci ildə amerikalı fiziklər sintez yolu ilə əldə etdikləri elementə dahi alimin şərəfinə "mendelevium" adını verdilər.

 

1984-cü ildə YUNESKO tərəfindən D.Mendeleyev bütün dövrlərin və xalqların ən böyük alimi elan olunub. Mendeleyev həyatının son günlərinə kimi işləyib. 1907-ci ilin yanvarında o, möhkəm soyuqlayıb. Plevrit tezliklə ciyərlərin iltihabına yol açıb. Və dahi alim fevralın 7-də 73 yaşında vəfat edib. Onu anası və oğlunun məzarı yanında dəfn ediblər.   Son nəfəsinə kimi elmi və pedaqoji fəaliyyətini davam etdirən Mendeleyev ölümündən bir qədər əvvəl öz həyat yoluna belə qiymət vermişdi: "Özüm də təəccüblənirəm, elmi fəaliyyətim dövründə mən nələri etməmişəm   düşünürəm ki, yaxşı etmişəm".

anl.az

Category: Elmi | Added by: Ənfal
Views: 1314 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]