Main » Files » Şəxsiyyətlər » Dini |
Meysəmi Təmmarın
2012-11-08, 10:22 AM | |
Meysəmi Təmmar haqqında bu məlumatı diqqətinizə çatdırırıq Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. Onun həyatının əvvəlləri və ilkin islamdakı bioqrafiyası haqqında yetərincə məlumat yoxdur. O, Kufədə xurma satdığı üçün ona "təmmar”, yəni "xurmasatan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-beyt yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar imamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Şiə imamları da Meysəmə və onun övladlarına öz məhəbbətini izhar etmişlər. Meysəmin oğlanlarının adı İmran, Şüeyb, Saleh, Məhəmməd, Həmzə və Əli idi. Şüeyb imam Sadiqin (ə), Saleh imam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən idi. İmam Baqir Salehə belə buyurmuşdur: "Mən sizi və sizin atalarınızı çox sevirəm.” İmran isə həm imam Səccadın (ə), həm imam Baqirin (ə), həm də İmam Sadiqin (ə) səhabələrindən olmuşdur. Bütün bu deyilənlər Meysəm ailəsinin imamların yanında hörmət və ehtiramından danışır. Meysəmin və onun ailəsinin imamlara (ə) bağlılığı, məhəbbəti və itaəti göz qabağındadır. Meysəmin Həzrət Əli İlə tanışlığı Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur. Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: "Adın nədir? Meysəm cavab verir: "Salim.” Həzrət buyurur: "Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: "Allah, onun rəsulu və Əmirəl-möminin haqqı deyirlər.” Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi maarifinə açdı. O öz təşnə ruhunu həzrətin bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Bəli, Meysəm müqərrəb mələklərin və peyğəmbərlərin elmlərindən xəbərdar idi. Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəl-möminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm "elme-əcəl” və ya "elme-mənaya və bəlaya” adlanır. Məsum imamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər. Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: "Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: "Hansı elmi?” Əbu-Bəsir deyir: "Əmirəl-möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam buyurur: " Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: "Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam buyurdu: "Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!” İmamların ona münasibəti Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, ilahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də imam Həsənlə (ə) imam Hüseyn ehtiramla yanaşar, eləcə də sonrakı imamlar onun ilahi şəxsiyyətini xatırlayardılar. Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: "Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə imam Baqir (ə) buyurur: "Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir. Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: "Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam... Meysəmin fəzilətləri Bəzən təqvalı mömində elə üstünlüklər olur ki, onu başqalarından fərqləndirir. Meysəm natiqi Quran, müfəssir, hədis ravisi və sirlər bilicisi idi. Şəhadət xəbəri Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar. Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: "Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: "Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: "Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: "Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.” Şəhadət Haqqın müdafiəsinin şəhadət kimi sonluqları da var. Amma haqtələblər üçün bundan böyük ləzzət də yoxdur. Çünki ilahi dəyərlərə aşiq insanlar dünyaya bağlılıq zəncirlərindən azaddırlar. Onlar əbədi səadət üçün asanlıqla canlarından keçir, Allahla görüşə və əbədi behiştə tələsirlər. İslam müsəlmandan daha əzizdir. Əgər müsəlmanın izzəti varsa, bu iman və İslam sayəsindədir. Ona görə də müsəlman o şəxsdir ki, mühüm məqamlarda, onun malına, canına, varlığına ehtiyac olduqda İslama əl tutmuş olsun. Meysəm din yolunun cəfakeşlərindən, vilayət və ədalət yolunun fədakarlarından biri idi. O, Əlinin (ə) vücudunda və vilayət xəttində təcəssüm etmiş fəzilətlərin himayəsi üçün canından keçdi. Şəhadət Meysəm üçün qırmızı bir milad idi. O öz qanı ilə əbədilik tapmış bir yarpaqdır. Onun həyat kitabı ölümündən sonra əbədilik tapdı. İndi Meysəmin kamal və üstünlüyünün sübutu olan qanlı vərəqlərə nəzər salaq. Həbiblə bir səngərdə Meysəm Təmmarın və Həbib ibn Məzahirin ən böyük arzusu Allah yolunda şəhadətə çatmaq idi. Onların hər ikisi öz arzusuna çatdı. Həbib Kərbəlada, Meysəm isə İbn Ziyadın tüğyanı ilə mübarizədə şəhadət şərbətini içdi. Bir gün Meysəm Bəni Əsədin məclislərindən birində Həbib ibn Məzahirlə görüşdü. Bir müddət söhbət etdilər. Görüşün sonunda Həbib dedi: "Sanki Peyğəmbərin (s) ailə-övladı ilə dostluq yolunda dara çəkilən yemiş satan bir qoca görürəm.” (Həbib bu sözləri ilə Meysəmin Kufədə şəhadətinə işarə edirdi.) Meysəm onun cavabında bildirdi: "Mən də Peyğəmbər (s) qızının övladına yardım üçün qiyam edən, öldürülən və başı kəsilib Kufəyə göndəriləcək kişini yaxşı tanıyıram.” (Meysəm Həbibin Kərbəladakı şəhadətinə işarə edirdi.) Bu söhbətdən sonra onlar ayrıldılar. Bu iki şəxsin söhbətlərini yalan sayan məclis əhli hələ dağılmamışdı ki, Həzrət Əlinin (ə) yaxınlarından biri Ruşəyd Həcəri oraya gəldi. O, Meysəmlə Həbibi soruşdu. Dedilər: "Burada idilər. Filan filan sözləri danışdılar.” Ruşəyd dedi: "Allah Meysəmi rəhmət etsin! O bir şeyi deməyi unudub ki, Həbibin başını nizəyə keçirib Kufəyə gətirənə yüz dirhəm verərlər.” Ruşəyd bu sözləri deyib getdi. Məclisdəkilər dedilər: "Bu o iki nəfərdən də yalançıdır! Amma bir müddət sonra Meysəm dardan asıldı və Həbibin başı Kufəyə gətirildi. Onlar necə demişdilərsə, elə də oldu! İmam Hüseyn davamçısı Meysəm İmam Hüseynin (ə) Məkkəyə doğru hərəkəti xəbərini eşitdi. Həmin il ümrə həcci məqsədi ilə Məkkəyə üz tutmaq qərarına gəldi. Amma Məkkədə imamla (ə) görüşə bilmədi. Həccdən sonra Mədinəyə getdi. Peyğəmbərin (s) arvadı Ümmü-Sələmə ilə görüşüb özünü təqdim etdi. Ümmü Sələmə dedi: "Həzrət Peyğəmbər (s) dəfələrlə sənin haqqında danışmışdı. O səni həzrət Əliyə (ə) tapşırardı. Meysəm Ümmü Sələmədən Hüseyn ibn Əli haqqında soruşdu. Ümmü Sələmə dedi: "Mədinə ətrafındadır. O da daim səni soruşurdu.” Meysəm dedi: "Mən daim o böyük insan haqqında düşünürəm. Bu gün onunla görüşə bilmədim. Ona deyərsən ki, görüşünün həsrətindəyəm. Mən qayıdıram. Allahın istəyi ilə, bir-birimizi onun hüzurunda görərik. (Meysəm imamın (ə) tezliklə şəhadətə yetəcəyinə işarə edirdi. Bu söhbətdən iyirmi gün sonra İmam Hüseyn (ə) şəhadətə yetişdi) Meysəm Ümmü Sələmənin verdiyi ətirlə saqqalını ətirləyib dedi: "Tezliklə bu saqqal qana boyanar.” Ümmü Sələmə soruşdu: "Bunu sənə kim xəbər verib?” Meysəm dedi: "Mənim mövlam, ağam!” Ümmü Sələmə qəm dəryasına qərq olub ağladı və dedi: "Əli təkcə sənin mövlan deyil. O mənim də ağam və bütün müsəlmanların rəhbəridir.” Sonra Ümmü Sələmə Meysəmlə xudahafizləşib getdi”. Şəhadətdən əvvəl həbs Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həccdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, Kufəni həyacan bürümüş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar. Etiraz və qiyam üçün münasib şərait yaranmışdı. Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirəyə gəldi. Öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı. Meysəm həmin vaxt haldan düşmüş qoca bir kişi olsa da, onun iman gücü, möhkəm irədəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də bu adamın həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi. Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o Əbu-Turabın (Əlinin) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: "Allahın haradadır?” Meysəm: "Allahım zalımların yolunu gözləyir və bu zalımlardan biri sənsən.” İbn Ziyad dedi: "Əcəm olmağına baxmayaraq, mənimlə bu cür danışırsan?! Mənə deyiblər ki, sən Əli ilə çox yaxınsan.” Meysəm cavab verdi: "Bəli, düz deyiblər.” İbn Ziyad dedi: "Əgər Əlini lənətləməsən əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən.” Meysəm İbn Ziyadın hədələrinə belə cavab verdi: "Əli dara çəkiləcəyimi mənə xəbər verib.” İbn Ziyad bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün dedi: "Vay olsun sənə! Əlinin dediyinin tərsinə hərəkət edəcəyəm!” Meysəm dedi: "Axı necə?” Axı bu xəbəri Əli (ə) Peyğəmbərdən (s), Peyğəmbər (s) Cəbrəildən, Cəbrəil isə Allahdan eşitmişdir. And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad Meysəmin sözlərindən heyrətə gəldi və dedi: "And olsun Allaha! Əl-ayağını kəsib, dilini boş buraxacağam ki, həm mövlanın, həm də sənin yalanların aşkar olsun.” Sonra İbn Ziyad göstəriş verdi ki, Meysəmin əl-ayağını kəssinlər və dara çəksinlər. Dar ağacı – şəhadətə qapı Allah aşiqləri üçün dar ağacı bir merac kürsüsüdür. Haqpərəst, qeyrətli insanların dara çəkilməsi, qətlə yetirilməsi zalım qüdrət sahiblərinin zəifliyinin dəlili, şəhidlər üçün isə izzət sərmayəsi və iftixar sənədidir. Meysəm haqq danışdığı üçün sazişə getmədiyi üçün, haqq ələvi xəttini himayə etdiyinə görə dara çəkildi. Meysəm öz ölümünü o qədər adi və etinasız qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O hətta ölüm astanasında uca bir səslə xalqa İslami həqiqətlərdən və Həzrət Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinlərindən, sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: "Hər kəs Həzrət Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə dünyanın sonunadək gələcəyin hadisələrini xəbər verərəm. Xalq onun ətrafına toplanmışdı. Meysəm din mənbərindən danışırdı. O Peyğəmbər (s) Əhli-beytinin, Əli (ə) ailəsinin fəzilətlərindən danışır. Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Həmin bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: "Ağzına cilov taxın.” Bəli, Meysəm İslam yolunda ağzına cilov taxılmış ilk şəxs oldu. Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: "Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir.” Meysəm dedi: "Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Həmin muzdur Meysəmin dilini ağzından çıxardı... Meysəm elə bu halda da dar ağacında qaldı. Səhəri gün onun burnundan və ağzından qan gəldi. Beləcə, öz dediyi kimi, onun ağ saqqalı qırmızı qanına boyandı. Meysəmin darda olduğu üçüncü gün bir kişi ona yaxınlaşdı və dedi: "And olsun Allaha, sənin ibadət əhli olduğunu, gecələri dua ilə keçirdiyini bilirəm.” Sonra əlindəki nizə ilə Meysəmin sinəsindən elə bir zərbə vurdu ki, onun cismi parçalandı. Bu səbr, müqavimət, rəşadət nümunəsinin pak canı fələklərə ucaldı. Meysəmin ruhu uca bir meraca qanadlandı. Bu gün pak qəlbli allahpərəst tərəfindən fəzilət yolunun bu şəhidinə ünvanlanan salamlar onun Firdovs cənnətindəki məqamını ucaldır. Şəhidin mübarək məzarı Şəhadətindən sonra Meysəmin pak vücudu bir müddət dar ağacında qaldı. İbn Ziyad onu daha çox təhqir etmək üçün torpağa tapşırılmasını yubadırdı. Eləcə də, bu səhnə vasitəsi ilə xalqın gözünü qorxutmağa çalışırdı. O hamıya anlatmaq istəyirdi ki, Əli (ə) müdafiəçilərini hansı aqibət gözləyir. Amma İbn Ziyad unudurdu ki, şəhidlər öz ölümlərindən sonra da insanlara doğru yol göstərir, onları ilhamlandırır və ümid verirlər. Onlar hər zaman zalım hakimlər üçün qorxu mənbəyidir. Meysəmin xurmasatan yoldaşlarından yeddi qeyrətli müsəlman bu vəziyyətə dözə bilməyib, onun cənazəsini torpağa tapşırmaq qərarına gəldi. Onlar cəsədin keşiyini çəkən məmurları yayındırmaq üçün yaxınlıqda bir tonqal qaladılar. Keşikçilər qızınmaq üçün tonqalın başına yığışdılar. Fürsətdən istifadə edən müsəlmanlar Meysəmin cəsədini dardan düşürüb, onu suyu qurumuş bir gölməçədə dəfn etdilər. Səhər açıldı. Məmurlar dar ağacını boş gördülər. Xəbər İbn Ziyada çatdı. İbn Ziyad güman edirdi ki, Meysəmi Əli (ə) tərəfdarları dəfn olunan yerdə basdırarlar. O, Meysəmin cənazəsinin tapılması üçün axtarışlara başladı. Amma nə qədər axtardılarsa da, Meysəmin dəfn olunduğu yeri tapa bilmədilər. Bu gün Meysəmin məzarı şəhadətə (şahidliyə) qalxmışdır. Bu məzar haqqın qələbəsinə və batilin rüsvayçılığına şəhadət verir. İraqda Nəcəf və Kufə arasında bir məzar var. Bu Meysəm Təmmarın məzarıdır. Məzar daşında Meysəmin adı Həzrət Əlinin (ə) dostu ünvanı ilə yazılmışdır. Meysəm bütün varlığı ilə bir təlaş və iştiyaq idi. Meysəm həqiqət məşəlini qorumaq üçün canını ovucunda tutmuş bir mücahid idi. O öz möhkəm imanı və fədakar cihadı ilə haqq yolunda addımlayırdı. Meysəm iman və cihadın təcəssümü idi. Yaxşı olar ki, həqiqət və paklıq sorağında olanlar Meysəmə iqtida etsinlər. Meysəm ideal idi və bu idealın düşüncəsini, əməllərini, atdığı addımları izləmək zəruridir. Kamillik ideallarının ardınca getmək kamal axtaranların vəzifəsidir. Şəhidlər öz vəfalı ardıcıllarının haqq yolda davamlı təlaşları sayəsində əbədilik tapırlar. Allahın, mələklərin və pakların salamı olsun Meysəm Təmmara! O indi də insaniyyət yolunun parlaq çırağıdır. Bu idealın həyat tarixçəsi həqiqət yolunu işıqlandırır. Cəvad Mühəddisinin "Meysəm Təmmarın həyatı" kitabından islamazeri.az | |
Views: 885 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |