Şənbə günü, 2024-12-21, 9:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Uşaq niyə yatmır?
2013-02-19, 12:27 PM
Uşaq niyə yatmır?


Uşağın möhkəm yuxusu onun özünü yaxşı hiss etməsinin, lazımi boyunun və düzgün inkişafının əsas və mühüm göstəricilərindəndir. Tam qaydasında yatdığınız zaman nə qədər enerji dolu və yaxşı əhval-ruhiyyədə olduğunuzu yada salın. Bəs hər axşam uşağı yatızdırmaq əsil qorxulu kabusa döndüyü zaman valideynlər nə etməlidirlər? Uşaq həkimləri uşağın yuxu pozğunluğuna yeddi əsas səbəb (uşaq bu səbəblərin birindən, bir neçəsindən və hətta bütün yeddisindən də əziyyət çəkə bilər) göstərirlər:

1. Yuxuya getmə uşaqda vərdiş halını almayıb.
Valideynlərin əksəriyyəti normal yuxunun nə qədər vacib olduğunu bilirlər. Lakin hətta həmin valideynlərə belə, uşağı həmişə eyni vaxtda yatızdırmaq çətin olur. Həmin vaxt ya hansısa bir iş yarımçıq qalır, ya uşaq oynamaq həvəsinə düşür və yaxud da başqa bir səbəb ortaya çıxır. Bütün bunlara baxmayaraq, o, ciddi təyin olunmuş vaxtda çarpayıya qoyulmalıdır. Bu onun rahat yuxusunu ən yaxşı şəkildə təmin edəcək. Bu vacib vərdişi yaratmaq üçün:
• Uşağı həmişə eyni vaxtda yatızdırmağa çalışın.
• Uşağı yatızdırmamışdan yarım saat əvvəl sakitləşdirin. Həmin vaxt uşaqla səs-küylü və hərəkətli oyun oynamayın. Emosional təsir buraxan televiziya verilişlərinə baxmağa və kompüter oyunları oynamağa icazə verməyin. Yaxşı olar ki, onunla kitab oxuyasız, şəkil rəngləyəsiz və ya pazl yığasız. Yatmazdan öncə isti vanna qəbul etmək də uşağı sakitləşdirmə yollarından biridir.
• Çalışın ki, yatmamışdan yarım saat əvvəl uşağı öz yataq otağına aparasız.
• Yaşca böyük uşağa yatmamışdan 10-15 dəqiqə əvvəl əlindəki işləri qurtara bilməsi üçün bildirmək lazımdır ki, o, tezliklə yatacaq. Əgər uşağı qəfildən oyundan ayırsaq və ona ləngimədən çarpayıya getməyi əmr etsək, bu zaman əlbəttə ki, uşaqda narazılıq hissi yaranacaq.
• Yatmamışdan əvvəl yuxu üçün təyin olunmuş plan qurun və bu planı dəyişməyin. Məsələn, uşaq bir fincan süd içməli, sonra yuyunmalı, sonra pijamasını geyinməli, sonra çarpayısına uzanmalı, siz ona kitab oxumalı və ondan sonra işıq söndürülməlidir. Bu planı hər gün təkrar edin. Tezliklə tanış davranışlar uşaqda "Yatmaq vaxtıdır!” psixoloji siqnalını yaradacaq.


2. Uşaq yatarkən sizin onun yanında olmanıza ehtiyac duyur.
Uşağı yırğalayıb və ya yedizdirib yatırtmaq olar. Lakin bu, uşağın bütün gecəni normal yatacağına təminat vermir. Bu vərdişə malik çoxlu uşaqlar gecə vaxtı oyanmağa meyillidirlər. Belə yuxu daha çox "yuxulama assosiasiyası” adlanan faktordan asılıdır. Yuxulama assosiasiyası – uşağın yuxulamasına bağlı şəraitdir. Bu şərait yelləmə, ana əlinin hiss olunması, ana bədəninin istisi, butulka və ya süd əmmə ola bilər. Gecə boyunca uşaqda yatma tsikli dəyişdiyindən uşaq oyanmaya çox yaxın olur. Uşaq ətrafında heç bir şeyin dəyişmədiyini hiss etdikdə, onda səthi yuxu asanlıqla dərin yuxuya keçid alır. Lakin səthi yuxu zamanı ətrafda nələrinsə dəyişdiyini şüuraltı hiss etdikdə (məsələn, butulkanın, ananın yoxluğunu), bu zaman uşaq səthi yuxudan ayılır və ilkin vəziyyətdəki faktorları tələb edir. Əlbəttə ki, uşağı götürüb bütün gecəni özünüzlə də yatızdırmaq olar, lakin daha yaxşı olar ki, uşaq mümkün qədər valideynin iştirakı olmadan yuxulama assosiasiyasını öyrənsin.

3. Uyğun olmayan ətraf şərait
Ətraf mühitin vəziyyəti də uşağın yatması zamanı böyük rol oynayır. Uşağın arası kəsilməyən, dərin və tam yuxuya ehtiyacı var. Ona görə də, valideynlər bu şəraiti ona yaratmalıdırlar. Onlar elə etməlidirlər ki, uşağın yuxusu heç bir şeylə pozulmasın. Bəs bu şəraiti necə yaratmalı?
• Uşağın çarpayısını oyun meydançasına döndərməyin. Orada yalnız yatmaq üçün lazımlı şeylər olmalıdır, qalan şeylər isə yığışdırılmalıdır. Beşikdən oyuncaq asmayın və ora oyuncaq yerləşdirməyin. Hətta südəmərlərə belə, beşikdə oynamağa şərait yaradılmamalıdır. (Uşaq manejdə, xüsusi xalçada, stulda və s. yerlərdə oynaya bilər.)
• Yuxu və ya çarpayıdan heç vaxt tənbeh kimi istifadə etməyin. Yuxu ilə bağlı yalnız müsbət anlar (nağıl, beşik, rahatlıq, isti, toxluq və s.) mövcud olmalıdır.
• Uşaq yarıqaranlıqda yatmalıdır. Uşağın normal inkişaf etməsi üçün, onu gələcəkdə qaranlıqda yatmağa öyrəşdirmək lazımdır.
• Uşaq yatarkən tam sakitlik yaratmaq lazım deyil. Çünki o, gələcəkdə ən adi xışıltıdan belə oyanacaq. Uşaqların çoxu daimi sakit səsdə (məsələn: ventilyator, küçənin uzaqdan gələn səsi və s.)daha yaxşı yatırlar.
• Uşağı isti geyindirin ki, onun yuxusu ədyaldan asılı olmasın. Uşaqların çoxu yuxuda üstlərini açırlar və bu zaman (üşüyərək və ya temperatur dəyişməsini hiss edərək) ayılırlar. Digər çıxış yolu ədyalın künclərini çarpayıya bərkitməkdir.

4. Yuxu peyki
Uşaqların çoxu yatarkən hansısa əşyaya (məsələn, əmzik, oyuncaq, xüsusi ədyal və ya sakit musiqinin mövcudluğuna) öyrəşirlər. Belə olduqda da uşaqda yatma zamanı bəzi problemlər yaranır. Bu əşyalar yuxuya kömək etdikləri kimi, əks təsir də göstərə bilərlər. (Məsələn, əmzik düşə, musiqi qurtara, oyuncaq ədyalın arasında itə bilər). Bu zaman uşağa yatmaq rahat olmur və o ayılır. Əgər belə şeylər uşağın yuxusuna mənfi təsir göstərirsə, onda çalışın ki, onu başqa (gecə boyu yoxa çıxmayacaq) yuxu peyklərinə adət etdirin.

5. Yatma vaxtının düzgün təyin edilməməsi.
Uşağı çox tez yatızdırmaq və ya onun yorulub əldən düşdükdən sonra yatmasını gözləmək – hər ikisi eyni dərəcədə səhvdir. Hər uşağın yaşına uyğun yatması üçün optimal "imkanlar pəncərəsi” vardır. Uşağı həmin vaxtda yox, qeyri vaxtda yatızdırmaq istədikdə, uşağın bədəni stress hormonu – kartizon yaradır. Bu isə kofeinə oxşar təsir göstərir və nəticədə enerji daha da artır.
10 yaşına kimi uşaqların əksəriyyəti 19:00 – 20:00 radələrində rahat yatırlar. 21:30 isə yaxşı yuxunun ən gec müddətidir. Əksər hallarda bundan sonra inad, qorxu və yuxu pozğunluğu başlayır. Uşaqların əksəriyyəti təxminən 11 saat yatırlar. Bəs yaşca daha böyük olan uşaq hələ yorulmayıb, lakin onun yatmaq vaxtı artıq çatıbsa, onda nə etməli? Fərq etməz, yenə də yatma vərdişinə başlayın. Sonra isə ona öz çarpayısında kitab oxumağa icazə verin. Əksər hallarda uşaq 15 dəqiqədən sonra yatır.

6. Ciddi çərçivələrin pozulması.
Sizin uşağınız ya onun üzərində nəzarət etməyinizi zəiflətmək üçün özünü yetəri qədər böyük kimi hiss edir, ya da "ən maraqlı vaxtı” (böyüklərin onsuz keçirdiyi vaxtı) qaçırmaq istəmir. Bu iki faktı birləşdirsəniz, yatmamaq üçün hər şeyi edən bir uşağı görəcəksiniz. Bir çox uşaqlarda bu zaman "Oskar”a layiq aktyorluq qabiliyyəti yaranır. Bəziləri özlərini "acından ölən” kimi göstərərək mükəmməl qida tələb edirlər. Valideynlərə belə dramatik göstərişlərə təslim olmamaq çətindir. Lakin unutmayın ki, bu hal bir neçə dəfə təkrar olunduqdan sonra oxşar "konsertlər” davamlı adətə çevriləcək. Çıxış yolu budur: bütün imkanlardan istifadə edib uşağı yatızdırmağa çalışın.
Uşaqdan qeyri-şüuri olaraq yatmağa razılıq alın. Məsələn, ona seçim etməyə imkan yaradın: bu iki-üç kitabdan birini yatarkən oxuya bilər. Yaxud yastığına hansı rəngdə üzlük çəkilməsini istəyir və ya sevdiyi oyuncaqlardan birini bu gün çarpayısına apara bilər. Uşaq seçim edərkən şüuraltı yatmaqla razılaşır.

7. Gecə yuxusuzluğu
Uşaq gecə vaxtı oyanarsa, siz onu yedirtməyə, içirtməyə yox, yatırtmağa çalışın. Əks təqdirdə hər dəfə daha güclü və daha uzun müddətli ağlayacaq. Uşağın 5 ayı tamam olduqdan və çəkisi 7 kq-a çatdıqdan sonra o, yemək yemədən bütün gecəni (6-8 saat) yatmağa qadir olur. Əgər sizin məktəb yaşına az qalmış övladınız yaxşı inkişaf edib böyüyürsə, o, gün ərzində bütün kalori və mayeni qəbul etməyə qadirdir. Buna görə də bütün gecəni rahat yata bilər.
Göstərilmiş qaydalara əvvəlcədən ciddi riayət etmək lazımdır. Əks halda sizin özünüzə də çox çətin olacaq. Uşağın yatma vərdişi valideynlər üçün də "müqəddəs” iş olmalıdır. Hətta səyahətdə olduqda və ya uşaq nənəsigildə gecələdikdə belə, siz qaydalara ciddi əməl etməlisiniz. Düzdür, bu ənənə tam evdəki kimi olmayacaq, lakin bu, maksimum dərəcədə həmin vərdişə oxşamalıdır.

kovser
Category: Uşaq | Added by: Ənfal
Views: 4426 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]