Main » Files » Qadın » Tarixdə qadınlar |
«Yukabed» və «Kəlsəmə»
2012-11-13, 7:28 AM | |
Taleyin ən ağır imtahanları qarşısında səbr və dözüm göstərən qadınlardan biri də Musanın (ə) anası «Yukabed» və bacısı «Kəlsəmə» olub. Firon rejiminin cəlladları dünyaya gələn bütün oğlan uşaqlarının öldürülməsinə əmr vermişdilər. Kahinlərin dediklərinə görə, həmin ildə Fironun taxt-tacını yox edəcək bir oğlan uşağı doğulmalı idi. Onlar belə bir təhlükənin qarşısını, oğlan uşaqlarını öldürməklə almaq qərarına gəlirlər və hər yeri gizli məmurlar, mamaçalar vasitəsi ilə nəzarət altında saxlayırlar. Bu əmrin nəticəsində minlərlə günahsız körpə qətlə yetirilir. Hər bir evdən Bəni-İsrail analarının ah-nalələri eşidilirdi. İş o yerə çatır ki, qibtilərin rəisi (Fironun tərəfdarı) Fironun yanına gəlib, ondan bu əmr barədə fikrini dəyişməsini istəyir. Rəisin israrı nəticəsində, Firon bu amansız əmri, bir ildən bir həyata keçirmək qərarına gəlir. Musanın (ə) qardaşı Harun da həmin uşaqların öldürülmədiyi ildə dünyaya gəlir. Belə bir gərgin vaxtda Yukabed Musaya (ə) hamilə olur, ancaq Allahın iradəsi ilə onun hamiləliyi zahirdə bilinmir. Rəvayətə görə hətta Musanın (ə) anasının sorağına gəlmiş həkim, onu müayinə edəndə, onda hamiləliyin əsər-əlamətini belə görmür. Musa (ə) dünyaya gələrkən doğum zamanı Yukabedə köməyə gəlmiş mamaça qadın, Musanın (ə) alnındakı nuru gördükdə, qəlbində ona qarşı mərhəmət hissi oyanır və bu barədə heç kəsə bir söz söyləmir. Beləcə gələcək peyğəmbər Musa (ə) dünyaya göz açır. Qorxulu anlar hələ də davam edir və körpənin hər an ölümlə üzləşmək təhlükəsi artırdı. Ana isə övladını necə qurtarmaq, necə xilas etmək barədə fikirləşirdi. Ananın bu narahat dəqiqələrinə mərhəmətli Allah son qoyur «Musaya (ə) süd ver, ölüm təhlükəsini hiss etsən, onu dəryaya (Nil çayına) burax və narahat olma! Biz onu sənə qaytaracaq, peyğəmbərlərdən edəcəyik» – deyə buyurur. Bundan sonra ana dülgər Hizbilin yanına gedib ondan sandıq düzəltməsini xahiş edir. Hazır sandığı ana ehtiyatla evə aparıb, körpəsini sandığa qoyaraq, Nil çayının kənarına gəlir və sandığı suya buraxır. Bu zaman çay kənarında gəzintidə olan Firon və xanımı Asya suda üzən sandığı görürlər və Fironun əmri ilə sandığı sudan çıxarırlar. Asya sandığın qapağını açdıqda gözlərinə inanmır; orada gözəl, körpə bir uşaq yatırdı! Allah-Taala həmin andaca Asyanın qəlbini balaca Musanın məhəbbəti ilə doldurur. Bu uşaq Asyanın sevincinə, Fironun isə qəzəbinə səbəb olur: «Necə ola bilər ki, hər yer nəzarət altında olduğu halda bu uşaq diri qalıb?» – deyə bağırır. Asya ona yalvararaq deyir: «Bu uşağın yaşı bir yaşdan çoxdur. Sən bu ilki uşaqların öldürülməsinə əmr etmisən, qoy bu körpəyə toxunmasınlar, onu övladlığa götürək. Onu öldürmə, bizə xeyri dəyə bilər». Anası Musadan (ə) nigaran qaldığı üçün qızı Kəlsəməyə suda olan sandığın ardınca getməyi tapşırır. Bacısı çətinliklə də olsa Musanı (ə) izləyə bilir və onun Fironun evində olduğunu öyrənir. O, gizli şəkildə özünü oraya çatdırıb görür ki, qadınlar sarayda Musaya (ə) süd vermək üçün toplaşıblar, ancaq o heç kəsin südünü qəbul etmir. Musanın (ə) bacısı, fürsətdən istifadə edərək, onlara deyir: «Mən bu uşağa süd verəcək bir ananı sizə tanıtdıra bilərəm». Kəlsəmənin bu sözündən sonra uşağa süd vermək üçün ananı saraya gətirirlər. Musa (ə), anasının iyini hiss etdikdən sonra, onun südünü götürür və isti ana qucağında yuxuya gedir. Deyilənə görə, bu hadisədən şübhələnən Firon ananı hüzuruna çağırtdıraraq soruşub: «Bu uşaq nə üçün ancaq sənin südünü qəbul edir?» Ana cavabında deyir: «Çünki məndən yaxşı ətir qoxusu gəlir və südüm də dadlıdır. Mənim südümü hər bir uşaq bu səbəbdən götürür». Firon onun sözünə inanıb və bir daha bu mövzunu araşdırmayıb. | |
Views: 770 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |