Cümə günü, 2024-11-22, 1:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

Şuəybin qızları
2012-11-13, 7:31 AM
Şuəybin qızları
Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir.
Həzrət Musa (ə) Fironun qüdrətli vaxtında məzlumları onun və adamlarının zülmündən müdafiə edirdi. Ancaq bir gün zalımlardan birinin zülmünün qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. Həmin zülmkar aldığı zərbədən yerə yıxılıb öldü. Musa (ə) o cür cansıxıcı və qorxulu mühitdə canının təhlükədə olduğunu hiss etdi. Gizlin şəkildə Misirdən çıxdı və piyada Mədyənə tərəf yola düşdü. Musa (ə) Mədyənə yaxınlaşanda çobanların qoyunları sulamaq üçün bir quyunun yanına gətirdiklərini gördü. Onlar quyudan su çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə) iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının qarşısını aldığını müşahidə etdi. Çünki onlar öz iffətlərinin qorunmasına, qayda-qanuna və növbəyə riayət etmək istəyirdilər. Onlar Şueybin (ə) qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa (ə) o qızlara kömək etmək qərarına gəldi. Yaxınlaşıb dedi: "Öz qoyunlarınıza niyə su vermirsiniz?”
Onlar dedilər: "Kişilərin getməsini gözləyirik və sonra biz öz qoyunlarımıza su verəcəyik”.
Musa (ə) qabı onlardan aldı və var gücü ilə tək başına quyudan su çəkib onların qoyunlarına verdi. Sonra onlardan ayrılıb bir ağacın kölgəsi altında oturdu. Aclıq ona qalib gəldiyi üçün Musa Allahdan kömək istədi. Bu zaman Şueybin qızları atalarının yanına gedib əhvalatı ona danışdılar. Şueyb dedi: "Gedin o cavanı evimizə dəvət edin”.
Qızlardan biri özünü tələsik Musaya (ə) çatdıraraq atasının dəvətini ona bildirdi. Musa (ə) bu dəvəti qəbul etdi və yolda qıza dedi: "Sən mənim arxamca gəl. Harada yolumdan azsam, arxadan həmin istiqamətə daş atmaqla mənə yol göstər”.
(Musanın (ə) bu sözləri onun iffətinin qorunmasına xatir idi). Qız razı oldu. Musa evə çatanda, Şueyb onu yaxşı qarşıladı. O qız atasına dedi: "Bu cavan oğlanı özünə köməkçi götür. Ona görə ki, güclü, əmin (təmiz) və ədəbli bir oğlandır”.
Qız onun gücünü quyudan su çəkəndə, paklığını və təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. Hətta Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif etdi. Musa (ə) da bu təkliflə razılaşıb "Səfura”nın əri oldu. (Təfsirə məcməül bəyan, c.7, səh.248, ("Qəsəs" surəsi, 28-21)

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 776 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]