Main » Files » Qadın » Tarixdə qadınlar |
MƏTANƏTLİ NATİQ QADIN HÜRRƏ
2012-11-01, 8:48 AM | |
MƏTANƏTLİ NATİQ QADIN HÜRRƏ Tarixdə öz cinayətkarlığı ilə məşhur olan Həccac ibn Yusif Səqəfi Əbdül-Məlik (əməvilərin beşinci xəlifəsi) tərəfindən İraqın valisi təyin olunmuşdu. O, şiə məzhəbinin Kumeyl, Qənbər və Səid ibn Cubəyr kimi adlı-sanlı şəxsiyyətlərini öldürmüşdü. Həccacın şiələrə etdiyi bütün bu zülmlərin səbəbi Həzrət Əliyə (ə) olan düşmənçiliyi və kin-küdurəti idi. Bir gün şücaətli və qəhrəman qadınlardan olan Həlimə Sədiyyənin qızı, Həzrət Peyğəmbərin (s) süd bacısı, Həlimə Sədiyyə kimi tanınan və Həzrət Əlinin (ə) şücaətli tərəfdarlarından sayılan Hürrə adlı bir qadın təsadüfən Həccacın yanına gəldi. Həccacla Hürrə arasında aşağıda qeyd olunmuş maraqlı bir mübahisə baş verdi. Həccac dedi: "Sən Həlimə Sədiyyənin qızı Hürrəsən?” Hürrə dedi: "Bu, imansız bir adamın zirəkliyidir (aydındır ki, mən Hürrəyəm. Ancaq sənin kimi imansız bir adamın məni tanıması, sənin zirəkliyinə dəlildir)”. Həccac dedi: "Allah səni bura gətirərək mənim cəngimə salıb. Eşitmişəm ki, sən Əlini (ə) Əbu Bəkrdən, Ömərdən və Osmandan üstün bilirsən”. Hürrə dedi: "Sənə yalan demişlər (Mən Əlini (ə) onlarla müqayisə etməmişəm). Əksinə mən Əlini (ə) Adəm, Nuh, Lut, İbrahim, Musa, Davud, Süleyman və İsa (ə) kimi peyğəmbərlərdən üstün bilirəm”. Həccac dedi: "Vay olsun sənə! Sən Əlini (ə) səhabədən və həmçinin peyğəmbərlərdən və onların arasında "Ulul-əzm” olan peyğəmbərlərdən də üstün bilirsən? Əgər bu iddianı isbat edə bilməsən boynunu vuracam”. Hürrə dedi: "Əlini (ə) peyğəmbərlərdən üstün bilən təkcə mən deyiləm. Əksinə, Qurana əsasən Allah özü onu peyğəmbərlərdən üstün bilir. Quran Adəm (ə) barəsində buyurur: "Adəm Rəbbinin əmrindən çıxdı və Onun mükafatından məhrum oldu”.(Taha surəsi, ayə 121.) Ancaq Əlinin (ə) (həyat yoldaşının və övladlarının) barəsində buyurur: "Sizin zəhmətiniz (Allah yanında) məqbul və təqdirəlayiqdir”.(İnsan surəsi, ayə 22.) Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm, niyə Əlini (ə) Nuh (ə) və Lutdan (ə) üstün bilirsən?” Hürrə dedi: "Allah Əlini (ə) onlardan üstün bilir. Çünki Quranda buyurulur: Allah-təala kafirlərə Nuhun və Lutun övrətlərini misal çəkir. Onlar bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Lakin onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!”-deyildi”.(Təhrim surəsi, ayə 10.) Lakin Əlinin (ə) həyat yoldaşı Peyğəmbərin (s) qızı Fatimədir. Onun sevinci Allahın sevinci və onun qəzəbi Allahın qəzəbidir”. Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm niyə Əlini (ə) peyğəmbərlər atası Həzrət İbrahimdən (ə) üstün bilirsən?” Hürrə dedi: "Allah-təala Quranda buyurur ki, İbrahim (ə): "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”-dedikdə, Allah buyurdu: "Məgər iman gətirməyibsənmi?” İbrahim (ə) ərz etdi: "Bəli, inanıram, lakin istəyirəm ürəyim sakit (xatircəm) olsun”.(Bəqərə surəsi, ayə 260.) Ancaq mənim mövlam Əli (ə) (yəqinin ən uca bir dərəcəsində olduğu halda) buyurdu: "Əgər gözümün önündən pərdələr götürülsə, mənim yəqinim artmaz”.(Nəhcül-bəlağənin şərhi, 11-ci cild, səh.202.) Belə bir sözü heç kəs bundan əvvəl deməyib və bundan sonra da deməyəcəkdir”. Həccac dedi: "Afərin sənə ey Hürrə! Niyə Əlini (ə) Allahın kəlimi Musadan üstün bilirsən?” Hürrə dedi: "Allah Musa (ə) barəsində buyurur: "Musa (ə) Fironun adamlarından qorxan və hər bir hadisənin intizarında olan halda şəhərdən çıxdı”.(Qəsəs surəsi, ayə 21.) Ancaq Əli (ə) (Rəsulullahın (s) Məkkədən Mədinəyə hicrəti macərasında) Həzrət Peyğəmbərin (s) yatağında yatdı və heç kəsdən qorxmadı. Sonra Allah onun (şücaət və fədakarlığının) şəninə bu ayəni nazil etdi: "İnsanların bəzisi, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını (fədakarlıq edib) satar”.(Bəqərə surəsi, ayə 207.) Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm, nə üçün Əlini (ə) Davuddan (ə) üstün bilirsən?” Hürrə dedi: "Allah Davud (ə) barəsində buyurur: Ey Davud! Biz səni yer üzündə xəlifə (və öz nümayəndəmiz) etdik. Camaat arasında haqq və ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar”.(Sad surəsi, ayə 26.) Həccac dedi: "Davudun (ə) verdiyi hökm nə barədə idi?” Hürrə dedi: "Biri əkinçi, digəri isə heyvandarlıqla məşğul olan iki kişi barəsində idi. Heyvandarlıqla məşğul olan kişinin qoyunları əkinçinin əkin sahəsinə girib onun əkdiklərini korladılar. Bu iki nəfər öz mübahisələrini ayırd etmək üçün Davudun (ə) yanına gələrək şikayət etdilər. Davud (ə) buyurdu: Gərək heyvandarlıqla məşğul olan kişi öz qoyunlarını satıb onların pulunu əkinçiyə versin və əkinçi də öz əkin sahəsinin əvvəlki vəziyyətinə qayıtması və abadlaşması üçün bu pulları xərcləsin. Davudun (ə) oğlu Süleyman (ə) atasına dedi: Ay ata! Bəlkə qoyunların südü və yunu alınıb əkinçiyə verilsin (və bu qaydayla əkinçiyə dəymiş ziyan ödənilər). Allah Quranda buyurur: "Biz məsələnin hökmünü dərhal Süleymana anlatdıq”.(Ənbiya surəsi, ayə 79.) Ancaq bizim mövlamız Əmirəlmöminin Əli (ə) buyurur: Sizin aranızdan getməmişdən qabaq, hər nə sualınız olsa, məndən soruşun. O Həzrət (ə) Xeybər savaşındakı qələbə günündə Rəsulullahın (s) hüzuruna gəldi. Rəsulullah (s) orada olanlara buyurdu: Sizdən daha üstünü, daha elmlisi və sizin hamınızdan daha yaxşı hökm verən Əlidir”. Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm nə üçün Əli (ə) Süleymandan (ə) üstündür?” Hürrə dedi: "Allah Quranda Süleymanın (ə) dili ilə nəql edir ki, o dedi: Pərvərdigara! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona nail ola bilməsin”.(Sad surəsi, ayə 35.) Ancaq bizim mövlamız Əli (ə) dünya barəsində buyurur: Ey dünya, səni üç dəfə boşamışam! Mənim sənə ehtiyacım yoxdur. Həmin anda Allah bu ayəni nazil etdi: "Biz axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”(Qəsəs surəsi, ayə 83.) Həccəc dedi: "Afərin sənə ey Hürrə! Nə üçün Əlini (ə) İsadan (ə) üstün bilirsən?” Hürrə dedi: "Allah Quranda İsaya (ə) xitab edib buyurur: Xatırla ki, Allah o zaman (qiyamət günündə) İsa ibn Məryəmə buyuracaq: "Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!”-demişdin? İsa (ə) deyəcək: "Sən pak və münəzzəhsən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, Sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, bütün qeybləri bilən Sənsən! –Mən onlara yalnız mənə əmr etdiklərindən başqa bir söz deməmişdim”.(Maidə surəsi, ayə 116 və 117.) Beləliklə, İsaya (ə) pərəstiş edənlər barəsində hökm çıxarmaq və əzab vermək qiyamətə qədər təxirə düşdü. Ancaq "Nəsriyyə” firqəsi (ğulat dəstəsi) Əlini (ə) Allah biləndə, Əli (ə) onları öldürdü və onların əzabın qiyamət gününə saxlamadı”. Həccac dedi: "Afərin sənə ey Hürrə! Öz iddianı isbat etməyin öhdəsindən yaxşı gəldin. Əgər iddianı isbat edə bilməsəydin boynunu vuracaqdım”. Sonra Həccac Hürrəni azad edib yaxşıca mükafatla yola saldı.(Fəzail ibn Şazan, səh.122; Bihar, 46-cı cild, səh.134-dən 136-ya qədər.) | |
Views: 731 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |