Bazar günü, 2024-12-22, 2:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

İmranın qızı Həzrət Məryəm (ə)
2012-11-13, 7:30 AM
İmranın qızı Həzrət Məryəm (ə)


İmranın qızı Həzrət Məryəm (ə) da İslamdan qabaqkı dövrdə yaşamış nümunəvi qadınlardandır. Allah, Asya kimi, onu da Quranda möminlər üçün örnək olaraq xatırladaraq buyurur: «Məryəm ismətli və namuslu bir qız idi. Biz Cəbrayıl vasitəsi ilə ona üfürdük (o Həzrət İsaya (ə) hamilə oldu). O, tövhidi, Peyğəmbərləri, səmavi kitabları təsdiq etdi və Allah dərgahında daim ibadət və itaət edənlərdən oldu».

Həzrət Məryəmin (ə) anası «Hənnə» (Anna) sonsuz idi və digər qadınlar kimi o da övlad sahibi olmağı arzu edirdi. O və bacısı Əşiya Bəni-İsrailin adlı-sanlı qadınlarından idilər. Hənnə İmranın, bacısı isə Zəkəriyyanın həyat yoldaşıydı. Məryəmin anası sonsuz olduğu üçün çox narahat gəzər və həmişə buna çarə axtarardı. Nəhayət, böyük Allaha pənah aparıb Ondan övlad istəyir. Hənnə nəzir edir ki, əgər övladı olsa, o dövrdəki adət-ənənəyə uyğun olaraq, onu Beytul-Müqəddəsə xidmətçi versin. Bu nəzir, Hənnənin ixlasından xəbər verirdi, çünki o övladı təkcə özünün təskinliyi üçün yox, Allah ibadətgahının xidmətçisi və Ona sitayiş edən bir övlad olaraq istəyirdi. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul edir və Hənnə bir müddətdən sonra bir qız uşağını dünyaya gətirir. Adını Məryəm qoyurlar. Ana, öz nəzirinə vəfalı olaraq, Məryəmi Beytul-Müqəddəsin böyüyünün yanına aparıb, onu ibadətgaha xidmətçi kimi verir. Məryəmin anasının (ərini itirdiyinə görə) qəlbi təkcə qızıyla şad olduğundan, tez-tez Beytul-Müqəddəsə gedib qızından xəbər tutar və evə qayıdardı. Beytul-Müqəddəsin böyükləri içərisindən Məryəmi hamıdan çox xalasının əri, yəni Həzrət Zəkəriyya himayə edirdi. Digər tərəfdən, Məryəmin tərbiyəsi kimi məsuliyyətli bir işi də Allah-Taala Zəkəriyyaya tapşırmışdı. Zəkəriyya hər dəfə mehraba Məryəmin yanına daxil olanda, orada başqa mövsümlərə aid ruzi görürdü. Bir gün o Məryəmdən soruşdu: «Məryəm, bu ruzi haradandır?» «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir» – deyə Məryəm cavab verir.
Zəkəriyya başa düşür ki, Allah Məryəmə uca bir məqam bəxş edərək onu digər qadınlardan fərqləndirir.

Məryəm doqquz yaşından tutduğu oruc, qıldığı namaz – bir sözlə ibadəti ilə öz zəmanəsinin bütün dindarlarından öndəydi. O, çətin hadisələr qarşısında səbr və dözümü ilə məşhur idi. Məryəmin fədakarlığı, namusluluğu, təqvalılığı və iman nuru elə bir məqama yetişir ki, Allah-Taala onun möcüzəli şəkildə hamilə olmasına qərar verir. Belə ki, Həzrəti Cəbrayıl Məryəmin bədəninə üfürür və bir müddətdən sonra Həzrət İsa (ə) dünyaya gəlir. Onun Allah yanındakı bu yüksək məqamını dərk etməyi bacarmayanlar, bu hadisədən sonra xoşagəlməz sözlərlə Məryəmi incitməyə başlayırlar. İnsanlar ondan bu işi niyə gördüyünü soruşduqda, Allahın əmri ilə sükut orucu tutan Məryəm işarə ilə onlara bildirir ki, bu işin səbəbini beşikdəki uşaqdan soruşunlar.

Məryəm bir qız idi. İmanlı bir qız ki, öz himməti, isməti və çalışqanlığı nəticəsində belə bir böyük məqama yüksəlmişdi. Bundan daha mühüm olan isə onun tərbiyəsi altında Həzrət İsa (ə) kimi bir peyğəmbərin böyüyüb boya-başa çatması idi. Məryəm həmişə Allahla idi, Onun əmrinə təslim olardı. Həmçinin, Allah-Taala da onu Özünün sonsuz rəhməti sayəsində saxlayaraq adını tarixə həkk edir. Məryəmin adı Müqəddəs Kitabımızda 34 dəfə çəkilmişdir və Quran surələrinin biri onun şərəfinə adlandırılaraq ondan bəhs edir.

Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 808 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]