Cümə günü, 2024-03-29, 1:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

HƏZRƏT RƏSULULLAHIN (S) İLK HƏYAT YOLDAŞI XƏDİCƏ (Ə)
2012-11-01, 9:00 AM
HƏZRƏT RƏSULULLAHIN (S) İLK HƏYAT YOLDAŞI XƏDİCƏ (Ə)

Qüreyş tayfasından olan Xuvəylidin qızı Xədicə (ə) Məkkənin tanınmış və sərvətli qadınlarından idi. Çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona "Tahirə” (ismətli xanım) deyirdilər. O iki dəfə ailə həyatı qurmuş və ərlərinin hər ikisi dünyadan getmişdilər. Özünün və ərlərindən ona çatan var-dövləti ilə ticarətlə məşğul olardı. Onun ticarət işində hər qəbilədən bir neçə adam xidmət edərdi. O, bu yolla çoxlu sərvət toplamışdı. Xədicənin ticarət karvanları həmişə uzaq və yaxın şəhərlərə gedərdi. Xədicə (ə) əvvəllər xaçpərəst olduğu üçün məsihilərin kitablarından İslam Peyğəmbərinin (s) əhvalatını eşitmişdi. Eyni zamanda Məkkədə həzrət Məhəmmədin (s) əxlaqını və simasını görmüş, onunla ailə həyatı qurmağa meyilli idi. Peyğəmbər (s) də həmçinin buna razı idi. O əmisi Əbu Talibin vasitəsi ilə toya hazırlıq gördü. Xədicə qırx yaşında, o zaman iyirmi beş yaşı olan Peyğəmbərlə (s) ailə qurdu. O, Məhəmmədlə (s) mehriban və fədakarlıqla yaşadı və besətin doqquzuncu, ya onuncu ilində dünyasını dəyişdi.
Həzrət Xədicə (ə) Peyğəmbərlə (s) evlənəndə İslamın ilk çağları və düşmənlərin Peyğəmbərə (s) qarşı təhlükə yaratdığı dövrlər idi. O İslamı qəbul edən ilk qadın idi və bütün var-dövlətini Rəsulullahın (s) ixtiyarında qoydu. O Həzrət (s) bütün var-dövlətini İslamın inkişafı və yoxsul camaatın yolunda xərclədi. Həzrət Xədicə (ə) deyirdi: "Bizim var-dövlətimizdən təkcə iki dəri qalmışdı. Gündüzlər ona qoyunlar üçün ot yığar, gecələr isə yatanda üstümüzə örtərdik”.
Bu, onun var-dövləti ilə göstərdiyi fədakarlığı idi. Onun digər fədakarlığı isə canı ilə Peyğəmbəri (s) və onun ilahi məqsədlərini müdafiə etməsiydi. Bunun da Peyğəmbər (s) üçün çox böyük əhəmiyyəti var idi. O, Peyğəmbərin (s) qəmlərinə şərik, ona mehriban və nəvazişli olmuşdu. Xədicə (ə) behiştin ən yaxşı və tarixdəki dörd nümunəvi qadınlardan biridir. Xədicə iki aləmin xanımı Həzrət Fatiməni (ə) tərbiyə edib boya-başa çatdıran qadındır. Həzrət Əli (ə) "Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: "İslamın əvvəlindəki çətin anlarda, İslam dini Rəsulullahın (s), Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim”.[Nəhcül-bəlağə, 192-ci xütbə. ]
Bəli, Xədicə canı və malı ilə ən çətin şəraitdə İslama xidmət etmək üçün ayağa qalxdı və qəhrəmanlıqla İslamı müdafiə etdi. O, bu yolda ən ağır çətinliklərə dözdü. Bəzən çörək, su götürüb İmam Əli (ə) ilə birlikdə Peyğəmbəri (s) tapmaq üçün gedərdilər ki, əgər düşmən tərəfindən tutulub saxlanılmışdırsa, ya gizlədilmişdirsə, ona su və çörək versinlər. Xədicə "Şəbi Əbi Talib” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Bu çətinlik üç il çəkdi. O, dağ kimi dözümlü oldu və sonda canını bu yolda fəda etdi. Axır vaxtlarda az-az əziyyət çəkirdi. Şəbin mühasirəsindən çıxdıqdan bir il sonra (besətin doqquzuncu, ya onuncu ili) Peyğəmbərin (s) vəfalı sirdaşı Əbu Talibin vəfatından bir neçə gün keçməmişdi ki, dünyasını dəyişdi. Peyğəmbər (s) həmin ili "Hüzn və qəm-qüssə” ili adlandırdı. Çünki həmin ildə iki fədakar dostunu itirmişdi.[Əl-məcalisus-sunniyyə, 5-ci cild, səh.6. ] Peyğəmbər (s) Xədicənin ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmurdu. Həmişə onu xatırlayar və salam deyərdi. Həzrət (s) bir gün Aişənin deyinməsinin müqabilində buyurdu: "Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin, çox bərəkətli qadın idi. O mənim üçün altı övlad dünyaya gətirdi”.[Üsdul-ğabə, 8-ci cild, səh.438. Bu övladlar Qasim, Əbdullah, Rüqəyyə, Ümmü Gülsüm, Zeynəb və Fatimə Zəhradan (s) ibarətdirlər.]
Bu, iki dünyanın nümunəvi xanımı İslamın hədəf və məqsədlərini irəli aparmaqda qadınlara iffət, səbir və dözüm, fədakarlıq, çalışqanlıq, acı hadisələr qarşısında bütün varlığı ilə qəhrəmancasına müqavimətli olmaq dərsi verdi. O isbat etdi ki, qadın nəinki bütün çətinliklərə dözə bilər, hətta Allaha görə eşq və səxavətlə onları gözəl qarşılaya bilər.
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 808 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]