Bazar günü, 2024-12-22, 7:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd
2012-11-01, 8:45 AM

Həzrət Əlinin (ə) anası Fatimə bint Əsə


Fatimə bint Əsəd İmam Əlinin (ə) anası və Əbu Talibin (ə) həyat yoldaşı idi. O bir müddət Peyğəmbərə (s) himayədarlıq edərək Ona məhəbbət bəsləyən mehriban bir ana kimi olmuşdu. Fatimə İmam Əli (ə) ilə birlikdə Məkkədən Mədinəyə mühacirət etmişdi. Fatimənin şəninə yalnız bu söz bəs edər ki, o, Həzrət Əli (ə) kimi övladını Kəbə evində dünyaya gətirdi və Əmirəlmöminin Əlinin (ə) anası olmağın böyük iftixarına layiq olmuşdu. Allah Peyğəmbəri (s) hər zaman yorğun olanda günortadan qabaq Fatimə bint Əsədin evinə gedərək orada istirahət edərdi. O bacardığı qədər İslama xidmət etmək üçün çalışdı və Həzrət Əli (ə), Cəfər Təyyar kimi İslam ordusuna başçılıq etmiş övladlar yetişdirmişdi. Fatimə dünyadan gedəndə Peyğəmbər (s) ağlar gözlə onun cəsədinin yanına gəldi və dedi: "Allah onu bağışlasın. O, təkcə Əlinin (ə) deyil, mənim də anam idi”.
Sonra Peyğəmbər (s) öz köynəyini və əmmaməsini verdi ki, aparıb onun üçün kəfən düzəltsinlər. Namazda ona qırx təkbir dedi. Onu bş qəbrinə daxil olaraq orada uzandı. Həzrət Əliyə (ə), sonra isə Həsənə (ə) buyurdu: "Siz də qəbirə girib uzanın və qırağa çıxın”.
Daha sonra Fatimənin başı tərəfində durub ona təlqin dedi və haqqında dua etdi. Əmmar Rəsulullaha (s) ərz etdi: "Heç kim üçün Fatiməyə etdiyin kimi rəftar etməmisən”.
Həzrət (s) buyurdu: "O mənim belə rəftarıma layiq idi. O öz uşaqlarını yeməklə doyurmazdan qabaq məni doyurardı. Uşaqlarını paltarsız saxlayıb məni geyindirərdi. Öz övladlarından çox mənə xidmət edərdi”.
Əmmar soruşdu: "Niyə onun namazında qırx təkbir dediniz?”
Həzrət (s) buyurdu: "Fatimənin namazında qırx cərgə mələk iştirak edirdi. Hər bir cərgə üçün bir təkbir dedim. Öz köynəyimi və əmmaməmi ona kəfən etməyimin səbəbi bu idi ki, bir gün camaatın qiyamət günü lüt, paltarsız olması barəsində söhbət edirdim. Bu söhbəti eşidən Fatimə qiyamət günündə paltarsız və rüsvay olmaqdan nigaran oldu. Öz paltarımla onu kəfənlədim ki, qiyamət günündə paltarsız olmasın və kəfəni də çürüməsin. O qəbrdə soruşulacaq sualdan qorxduğu üçün onun qəbrində uzandım. Allah onun qəbrinə behiştdəki qapılardan birini açdı və onun qəbri behişt bağlarından birinə çevrildi”.(Məqatilut-talibin, səh.8; Bihar, 35-ci cild, səh.70.)
Beləliklə görürük ki, qadın elə bir ehtiram və şəxsiyyət həddinə yüksəlir ki, tanınmış böyük qəhrəmanlar yetişdirir, Kəbə evi onların doğum yeri olur, İslam Peyğəmbəri (s) isə onu öz anası bilir. Ey qadın! Sən özünü kiçik sanma. Sən böyük bir şəxsiyyətə maliksən. Özünə etimad etmək və güvənməklə Allah yolunda addımla ki, uca və yüksək məqamlara çatasan.
Fatimənin Faxtə (Ümmü Hani) adlı bir qızı var idi. Peyğəmbər (s) onun evindən meraca getdi. O, Məkkənin fəthində İslamı qəbul etdi. Lakin əri kafir qaldığı üçün ondan ayrıldı. Məkkənin fəthində Peyğəmbər (s) buyurdu: "Kafirlərdən hər kim Ümmü Haninin evinə getsə, amandadır”.(Səfinətul-bihar, 2-ci cild, səh.726.)
Bir gün Peyğəmbər (s) buyurdu: "İstəyirsinizmi sizə əmi və bibi cəhətindən ən yaxşı adamlardan xəbər verim?”
Orada olanlar dedilər: "Bəli”.
Peyğəmbər (s) buyurdu: "Onlar Həsən (ə) və Hüseyndir (ə). Əmiləri behiştdə qanadları ilə uçan Cəfər Təyyar və bibiləri də behişt əhli olan Ümmü Hanidir”.(Tənqihul-məqal, 3-cü cild, səh.74.)
Əhli-sünnənin tanınmış alimi İbn Əbil-Hədid yazır:
"Fatimə bint Əsəd İslam dini aşkar olmağa başlayanda müsəlman oldu(Yə`ni İslam dinində olmasını aşkar etdi. Hərçənd ki, İmam Əlinin (ə) anası Fatimə bint Əsəd bizim əqidəmizə görə heç vaxt müşrik olmamışdı.) və İslamı qəbul edən on üç nəfərdən biri idi. Peyğəmbər (s) ona çox ehtiram edirdi və onu ana çağırardı. O vəfat edən zaman öz vəsiyyətini Peyğəmbərə (s) etdi. Peyğəmbər (s) onun vəsiyyətini qəbul etdi. Cənazəsinə namaz qıldı, qəbrində uzandı və öz köynəyini ona kəfən etdi. Peyğəmbərdən (s) soruşdular: "Siz heç kim üçün belə etməmisiniz, Fatimə üçün etdiniz?”
Peyğəmbər (s) cavabında buyurdu: "Əbu Talibdən sonra heç kəs mənə Fatimə kimi yaxşılıq etmədi”.
Fatimə bint Əsəd Peyğəmbərə (s) beyət edən ilk qadın idi”.(Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh.14)
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 661 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]