Bazar günü, 2024-12-22, 2:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

Fironun həyat yoldaşı Asya
2012-11-13, 7:27 AM
Fironun həyat yoldaşı Asya


Ağır, acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbr edən qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asyadır. Allah-Taala bu qadını Qurani-Məciddə mömin şəxslər üçün örnək olaraq xatırlatmışdır. «Təhrim» surəsinin 11-ci ayəsində buyurulur: «Allah iman gətirənlər üçün Fironun arvadını nümunə çəkər: «Rəbbim! Öz yanında, cənnətdə mənim üçün bir ev düzəlt, Fironun əlindən, onun əzabından qurtar məni, zalımların əlindən al məni» – demişdi bu qadın»

Asya Fironun həyat yoldaşı olsa da, sarayda ləl-cəvahirat içində yaşasa da, heç vaxt bu zahiri bər-bəzəklərə aldanmamış, xəlvətdə Allaha və Musaya (ə) iman gətirmişdi. Asya Musanın (ə) beşiyini sudan çıxartdırıb, ona doğma anadan da yaxşı qayğı göstərmiş, heç vaxt ona bir zərər dəyməyə imkan verməmişdir. Rəvayətlərə əsasən bu möminə xanım o qədər dərin düşüncə və uzaqgörənliyə sahib idi ki, yaşadığı müddət ərzində zərrə qədər olsun belə, Allaha bəslədiyi imanı zəifləməmişdir. Həqiqi bir Allah «əsgəri» kimi bacardığı qədər Musaya (ə) kömək etmiş, Firona və onun əqidəsinə zərbə endirmişdir. Hizbilin həyat yoldaşı və uşaqlarının ürəkyandırıcı faciəsi baş verəndə Asya daha sükut edə bilməmiş və bütün cəsarəti ilə Fironun qarşısında durub qətiyyətlə etiraz etmişdir: «Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaqsan, nə vaxta qədər Allahın mömin bəndələrinə işgəncə verəcəksən?»
Firon: «Mənim allahlığıma səndəmi şəkk edirsən?» – təəccüblə soruşduqda Asya: «Mənim Sənin allahlığına etiqadım var idi ki, indi də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm andan onun peyğəmbərliyinə inanmışdım və buna görə də bacardığım qədər onu qoruyurdum» – deyə cavab vermişdi.

Asyanın verdiyi cavab Fironu çox narahat edir və o qəzəbindən qışqıraraq deyir: «Asya! Səni indiyə qədər heç kəsi öldürmədiyim kimi öldürəcəyəm».
Fironun əmri ilə Asyanı yerə uzadaraq əl-ayağını dörd mıxa bağlayıb sinəsi üstünə böyük bir daş parçası qoyurlar. Belə bir vəziyyətdə ikən Firon ona deyir: «Asya! Musanın Allahını çağır səni bu işgəncələrdən qurtarsın».

Musa (ə) Asyaya edilən zülmdən xəbərdar olduqda, Allahın dərgahında dua edərək buyurur: «Ya Rəbbim! Asyanın can verməsini asanlaşdır».

Quranın «Təhrim» surəsinin 11-ci ayəsinin buyurduğuna əsasən, Asya o işgəncəli vəziyyətdə ikən deyir: «Rəbbim! Mənim üçün Cənnətdə bir ev düzəlt. Məni Fironun əzabından, zalımların əlindən qurtar».

Bu zaman Allah-Taala Asyanın cənnətdəki məqamını ona göstərib, onun iradəsini gücləndirir. Özünü cənnət nemətləri arasında görən Asyanın göz yaşları sevinc yaşlarına çevrilir, onun dodaqlarına təbəssüm qonur. Firon gördüklərindən təəccüblənir: «Bu ki, dəli olub, belə bir vəziyyətdə o gülür?… yersiz özünü ölümə verir!» – deyir.

Asya onun sözünün cavabında deyir: «And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm».

Bu sözləri deyib qurtarar-qurtarmaz Asya canını tapşırır. Rəvayətlərə görə qızmar günəş altında Asyaya işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağını tutaraq ona kölgə salmışdılar. Beləcə o cənnətin xanımlarından biri olur. Bu mükafat – dözümlü, fədakar, dininin müdafiəçisi və Allah yolunun yolçusu olan – möminə xanımın mükafatıdır.
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 857 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]