Bazar günü, 2024-12-22, 8:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

ÇALIŞQAN QADIN UMEYS QIZI ƏSMA
2012-11-13, 8:02 AM
ÇALIŞQAN QADIN UMEYS QIZI ƏSMA
Əri şəhid olmuş, lakin acı hadisələr müqabilində səbir və fədakarlıq göstərmiş, həyatı bizim hamımız üçün ibrət dərsi olan qadınlardan biri də Umeys qızı Əsmadır.
Umeysin və həyat yoldaşının dörd qızı vardı. Onlardan biri (Əsma) Cəfər Təyyarın həyat yoldaşı, ikincisi (Səlma) Seyyidüş-Şühəda Həmzənin həyat yoldaşı, üçüncüsü (Lubabə-Ümmü Fəzl) Peyğəmbərin (s) əmisi Abbasın həyat yoldaşı və dördüncüsü (Məymunə) də Peyğəmbərin (s) həyat yoldaşı oldu. Peyğəmbər (s) Umeys və Hində dedi: "Siz yer üzünün ən yaxşı kürəkənlərinə sahibsiniz”.
Həmçinin buyurdu: "Allah behişt əhli olan bu dörd bacıya rəhmət etsin”.
Əsma İslamın əvvəlində çox ağır şəraitdə İslamı qəbul edərək əri Cəfərlə (Əlinin (ə) qardaşı) birlikdə Həbəşistana mühacirət etdi. O, vətəndən uzaqda əri ilə çiyin-çiyinə mühacirliyin on beş illik çətinliklərinə dözdü və hicrətin yeddinci ilində əri və mühacirlərlə birlikdə Mədinəyə gəldi. Hicrətin səkkizinci ilində əri, İslam ordusunun başçısı Cəfər Təyyar Mutə döyüşündə şəhid oldu. Əsmanın Cəfərdən Əbdullah, Ovn və Məhəmməd adlı üç övladı var idi. Əri cəbhəyə gedəndə uşaqları hələ balaca idi. O, əri olmayanda uşaqlara yaxşı baxardı. Cəfər şəhid olan günün səhəri, onun şəhidlik xəbəri Mədinəyə çatmamış, Əsma çox cəld və zirəkliklə qırx qoyun dərisini dabbağa qoydu (və onlardan döşənəcək hazırladı), çörək bişirmək üçün xəmir yoğurdu və uşaqlarını yuyundurdu. Cəfərin şəhid olmasının xəbəri Mədinəyə çatanda Rəsulullah (s) qəmgin halda Əsmanın evinə gəldi. Əlini Cəfərin uşaqlarının başına çəkib onlara nəvaziş göstərdi. Əsma vəziyyəti başa düşüb ərz etdi: "Məncə bu uşaqlar atasız qaldılar”.
Peyğəmbər (s) onun fərasətinə təəccüb etdi və buyurdu: "Ey Əsma! Bilmirsənmi Cəfər şəhid olub?”
Əsma ağladı. Peyğəmbər (s) ona buyurdu: "Ağlama, Allah mənə xəbər verdi ki, onun behiştdə parlayan iki qanadı vardır”.
Əsma dedi: "Onun fəzilətlərini heç vaxt unutmayacam”.
Burada Peyğəmbər (s) onun ağıl və mərifətinə təəccübləndi. Əsma Cəfərdən sonra Əbu Bəkrlə evləndi və ondan Məhəmməd adlı övladı dünyaya gəldi. Məhəmməd mənəviyyatın o qədər ali dərəcəsinə çatmışdı ki, Əli (ə) onun barəsində buyurur: "O mənim övladımdır”.
Məhəmməd həzrət Əlinin (ə) xilafəti dövründə Misirdə Müaviyənin cəlladları tərəfindən şəhid edildi.
Əsma Əbu Bəkrdən sonra Əli (ə) ilə ailə həyatı qurdu. Ondan Yəhya və Ovn adlı iki övladı oldu. Ehtimal olunur ki, Yəhya uşaq ikən vəfat edib. Ovn isə Kərbəlada İmam Hüseynin (ə) səhabələrindən biri kimi şəhid oldu.
Əsma həmişə Həzrət Zəhranın (ə) xidmətində olardı və onun evində kəniz olmağı ilə fəxr edərdi. O, həzrət Zəhranın (ə) yaxın sirdaşı idi. Əsmanın digər xüsusiyyətlərindən biri də rəvayət nəql etmək idi ki, rəvayətçilər ondan hədis nəql edərdilər və o bu cəhətdə etimadlı və etibarlı sayılırdı. O, Xədicənin (ə) vəsiyyətnaməsinə əsasən Fatimənin (ə) toyu gecəsi onun üçün analıq etdi. Bütün hadisələrdə gücü çatdığı qədər Əhli-beyt (ə) üçün möhkəm arxa oldu, onlara xüsusi bir məhəbbət bəsləyirdi. (Rəyahinuş-şəriət" C. 2, SƏH. 305-dən sonra, "Əyanuş-şiə" Təbəqate ibn Səd; Ricale Mamaqani, c.2, səh.69)

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]