Main » Files » Qadın » Tarixdə qadınlar |
CƏMİLƏ VƏ ONUN QƏHRƏMAN ƏRİ
2012-11-13, 8:00 AM | |
Əbu Amirin oğlu Hənzələnin toyu gecəsinin səhəri Ühüd döyüşü baş verdi. Onun Cəmilə ilə toy və qonaqlıq gecəsi idi. Hər iki tərəfin qohumları dəvət olunmuşdu. Digər tərəfdən də Peyğəmbər (s) döyüş üçün ümumi səfərbərlik elan etmişdi. Hənzələ iki yol ayrıcında qalmışdı ki, nə etsin? Əgər İslam döyüşçülərinə qoşulsa, iki tərəfin qohum-qəbiləsinə nə cavab verəcək? Əgər evlənməyə razılıq versə, Allahın və Peyğəmbərin (s) qəzəbinə düçar olacaq. Fikrinə çatan axırıncı çıxış yolu bu oldu ki, Rəsulullahın (s) hüzuruna gedib bir gecəlik möhlət alsın və sabahı günü özünü Həzrətə (s) çatdırsın. O, Peyğəmbərin (s) hüzuruna gedərək əhvalatı ona danışdı. Peyğəmbər (s) ona bir gecəlik icazə verdi. Yazırlar ki, Peyğəmbər (s) ona icazə verib-verməməkdə tərəddüd edirdi. Bu zaman bu ayə nazil oldu -"Həqiqi möminlər əgər bir işə xatir icazə istəsələr, onlara icazə ver. Allah bağışlayan və mehribandır”. Hər halda Hənzələ Peyğəmbərin (s) icazəsi ilə evə qayıtdı. O gecə qonaqlarla birlikdə oldu və toyunu keçirdi. Səhər tezdən cənabət qüslü verməmişdən qabaq döyüş paltarını geyib silahını götürdü və tələsik döyüş meydanına getmək məqsədi ilə evdən çıxdı. Cəmilə həmin gecə yuxuda gördü ki, səmanın qapıları açıldı, həyat yoldaşı Hənzələ səmaya tərəf göyə qalxdı və qapılar bağlandı. Yuxusunu belə yozdu ki, əri şəhid olacaq. Ayrılıq zamanı onun qabağını kəsib getməsinə mane olmaq əvəzinə xahiş etdi ki, bir az səbir etsin. Sonra qonşuların yanına gedib ənsardan dörd nəfəri çağırdı. Onlara dedi: "Şahid olun ki, həyat yoldaşım Hənzələ gecəni mənimlə birlikdə keçirmişdi”. O bunu ona görə etdi ki, bir neçə aydan sonra övlad sahibi olsa, daha heç kəs onun haqqında nalayiq söz deməsin. Hənzələ şahidlərin hüzurunda həyat yoldaşının sözünü təsdiq etdi və döyüş meydanına tələsdi. Müharibənin böhranlı vaxtında meydana çatdı. Hənzələ kafirlərin başçısı Əbu Süfyana zərbə endirmək istədi. Göz gəzdirərək onu meydanın ortasında gördü. Atını şiddətli tufan tək ona tərəf çaparaq qılıncı ilə Əbu Süfyana zərbə vurdu. Onun zərbəsi atın ayağını kəsdi. Əbu Süfyan yerə yıxılıb kömək üçün fəryad etdi. Sonra isə ayağa qalxıb qaçmağa başladı. Hənzələ onu təqib etdi. Bu arada kafirlərdən biri Hənzələni nizə ilə vurdu. Hənzələ onu öldürmək üçün geri qayıdanda davam gətirməyib Həmzə (ə) ilə Əmr ibn Cumuhun cəsədi arasında yerə yıxılıb şəhid oldu. Döyüşdən sonra Peyğəmbər (s) buyurdu: "Hənzələni səma ilə yerin arasında gördüm. Mələklər ona qızıldan olan qablarda behişt suyu ilə qusl verirdilər”. Buna əsasən də o "Qəsilul-məlaikə” (Mələklərin qüsl verdiyi) kimi tanındı. ("Bihar" c.20, səh.57, "Əsədül-Ğalibə" c.5, səh. 416) Bu əhvalatın üstündən aylar keçdi. Cəmilə ərinin yolunu davam etdirdi. Ərindən bir oğlan uşağı dünyaya gətirdi, uşağın adını Əbdullah qoydular. Cəmilə çalışdı ki, uşaq böyüyüb atası kimi şücaətli olsun. Bu uşaq da atasının yolunu davam etdirdi və ona oxşadı. İmam Hüseyn (ə) şəhid olandan sonra Yezid Hicaz və Mədinə camaatının qiyamını yatırmaq üçün qoşun göndərdi. Əbdullah kiçik bir dəstəylə əlinə bayraq götürdü və qəhrəmanlıqla Yezidin qoşununun qabağına çıxdı. O, camaatı döyüşə dəvət etdi. Anadan bir olan qardaşı Məhəmməd ibn Sabit və səkkiz oğlunun hamısını döyüş meydanına göndərdi və onlar ardıcıl şəkildə şəhid oldular. O özü də qaniçən düşmənə müqavimət göstərdikdən sonra qəhrəmancasına şəhid oldu. (Kamil ibn Əsir,c.3, səh.481) Bu, Cəmilənin şücaət və qəhrəmanlığı idi. O, belə bir övlad və nəvələr yetişdirib düşmənlə döyüşə göndərərək adını qəhrəman yetişdirmiş bir ana kimi tarixə yazdı. Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 826 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |