Cümə günü, 2024-11-22, 2:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Quranda qadınlar
2012-11-02, 4:37 PM
Quranda qadınlar
Fatimeyi-Zəhra (ə)
"Kövsər" surəsi

Həzrət Muhəmməd (s.ə.s) sadiq həyat yoldaşı Həzrət Xədicə ilə ailə qurduqdan sonra ondan 4 qız uşağı dünyaya gəlir. Cahil ərəblər arasında nəslin yalnız oğlan uşaqları ilə davam etməsinə dair mövcud olan yanlış təfəkkür tərzi onun bir çoxları tərəfindən qınanılmasına səbəb olur. Məkkə müşriklərinin böyüklərindən olan Asim ibn Vail öz düşmənçiliyini aşkar edərək Peyğəmbəri (s.ə.s) "əbtər" sonsuz adlandırır. Bunun ardınca Allah-Təala ona "Kövsər" surəsini nazil etməklə onun deyil, düşmənin sonsuz olacağını bildirir.

"(Ya peyğəmbər! Həqiqətən, Biz sənə "Kövsər" (Cənnətdəki irmağını və ya bol nemət) bəxş etdik! Ona görə Rəbbin üçün namaz qıl və qurban kəs! (Ya Peyğəmbər! Oğlun Qasiğ, yaxıd İbrahim vəfat etdiyi zaman sənə sonsuz, nəsli kəsilmiş deyən) sənin düşmənin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin Qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaq)".

Həzrət Fatimə (ə) besətdən (Həzrət Muhəmmədə (s.ə.s) peyğəmbərlik veriləndən) əvvəl, Cəmadüssani ayının 20-də dünyaya gəlir 9 yaşında İmam Əli ibn Əbi Talibə (ə) ərə gedir və ondan Həsən (ə), Hüseyn (ə), Zeynəb (ə) və Ümmi Gülsüm adlı övladları dünyaya gəlir. 18 yaşında isə xəstəlikdən dünyasını dəyişir.

Hind (Əbu Süfyanın həyat yoldaşı)
"Mümtəhinə" surəsi, ayə 12.
"(Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasında olanı ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqları onlara istinad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə, Allah Bağışlayandır, Rəhmlidir)".

Peyğəmbər (s.ə.s) Hüdeybiyyədə və daha sonra Məkkədə kişilərlə birlikdə iman gətirmiş qadınlarla da beyət edir (əhd-peyman bağlayır). Peyğəmbərlə (s.ə.s) Hüdeybiyyədə beyət edən qadınlardan biri də Hind olur. İman gətirməzdən atasını və qardaşını qətlə yetirən Həzrət Həmzə (ə) ilə düşmənçilik etmiş və onun qətlə yetirilməsi üçün muzdlu şəxs tutmuşdur. Son dövrlərdə isə zahirdə olsa da, iman gətirir.

Sara - İbrahim peyğəmbərin həyat yoldaşı
"Zariyat" surəsi, ayə 29 və 30; "Hud" surəsinin 69,71,72 və 73-cü ayələri.
Bu ayələrdə 100 yaşlı Həzrət İbrahimdən (ə) və 90 yaşlı Saradan İshaq peyğəmbərin (ə) dünyaya gələcəyi barədə söhbət açılır.
"(Zövcəsi (Sara) çığır-bağır salıb (təəccüblə əlini) üzünə çırparaq dedi: "Mən qoca, qısır bir yarıyam! (mənim necə uşağım ola bilər?!)"

Səba elinin padşahı (Bilqeys)
"Nəml" surəsi, 23,24,25,26,27 və 40-a qədər ayələr.
"(Mən onlara (Səba elinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı var)".

Qeyd olunan ayələrdə Səba elinə hakim olan qadından söhbət açılır. Onun ixtiyarında geniş ərazilər və saysız-hesabsız mülklər var idi. Dünya malı onu özünə məftun edir və Şeytanın hiyləsinə uyaraq günəşə pərəstiş etməyə başlayır. Xəbər Süleyman peyğəmbərə (ə) çatır və onu təkallahlılığa dəvət edir. Qadın Süleyman peyğəmbərin (ə) möcüzələrini gördükdən sonra ona iman gətirir.

Misir əzizinin həyat yoldaşı Züleyxa
"(Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxarmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" - dedi…).
"Yusif" surəsi, ayə 21, 24, 25, 29, 30, 31, 32, 33, 34, 51.
Qeyd olunan ayələrdə Züleyxanın Yusif peyğəmbərə (ə) qarşı işlətdiyi hiylədən, hiylənin boşa çıxmasından, Misir qadınları üçün hazırladığı ziyafətdən və nəhayət, hiyləsinin özünə qayıtdığından söhbət açılır.

Musa peyğəmbərin (ə) ana və bacısı. Və Fironun həyat yoldaşı Asiya
"(Biz Musanın anasına: "Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərindən biri edəcəyik", - deyə təlqin etdik)"
("Qəsəs" surəsi, ayə 7, 8, 9, 10,13). Musa peyğəmbərin (ə) anası Allahın izni ilə onu beşikdə olarkən Nil çayına atır, bacısı isə onun ardınca gedir. Musa (ə) çaydan çıxarıldıqdan sonra ona dayə axtarsalar da, bir nəticə vermir. Nəhayət, bacısının təşəbbüsü ilə anası Musaya (ə) dayə təyin olunur. Beləcə Musa (ə) anasının dəyəliyi ilə Asiyanın himayəsində böyüyüb boya-başa çatır.

Sara və Safura, Şueyb peyğəmbərin (ə) qızları, Musa peyğəmbərin (ə) həyat yoldaşları
(O iki qızın) biri dedi: "Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı Adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır"

("Qəsəs" surəsinin 22, 23, 24, 25, 26 və 27-ci ayələri). Musa peyğəmbər (ə) Fironun təqibindən qaçıb səhraya üz tutduqdan sonra Mədinəyə gəlir. Burada Şueyb peyğəmbərin (ə) qoyun otaran qızları ilə rastlaşır. Qızlar tanış olmaq üçün onu atalarının yanına aparırlar. Musa (ə) Şueyb peyğəmbərin (ə) xoşuna gəldiyi üçün 8 il çobanlıq edəcəyi müqabilində qızlarından birini ona ərə verir.

Zəkəriyya peyğəmbərin (ə) həyat yoldaşı
"Əndiya" surəsi, ayə 90
(Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik….)

Yaşlı qadın Allahın istək və iradəsi ilə hamilə olur və Yəhya adlı uşaq dünyaya gətirir. Qeyd olunan ayələrdə qadının üç xüsusiyyətinə işarə olunur: a) xeyirxah işlər görməkdə tələsmək; b) günahdan qorxmaq; c) Allahın qarşısında xüşu halında (son dərəcə təvazökar) olması.

Hannə - İmranın həyat yoldaşı, Həzrət Məryəmin anası
(Ya Rəsulum! İmranın zövcəsinin (Hannənin): "Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidən, bilənsən, dediyini xatırla!")
("Ali-İmran" surəsi, 35-ci ayəsi). İmran İsrail övladlarının hörmətli şəxsiyyətlərindən biri olmuşdur. Günlərin biri yuxuda Allahın izni ilə ölüləri dirildən və ağır xəstələrə şəfa verən övladının dünyaya gələcəyini görür. Hannə uşağın oğlan olacağını güman edir. Bu məqsədlə onu Beytülmüqəddəsə xidmətçi edəcəyini nəzir edir. Körpə dünyaya gəlməzdən əvvəl İmran dünyasını dəyişir. Uşağı Məryəmin xalasının əri öz himayəsinə götürür.

Həzrət Məryəm (ə)
(Ya Rəsulum! Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət bir yerə çəkilmişdi)
("Ənbiya" surəsi, ayə 91, "Ali-İmran" surəsi, 36, 37, 42, 43, 44 və 47-ci ayəyə qədər; «Məryəm» surəsi, ayə 16, 26, 32, 33, 34 və "Muminun" surəsi, ayə 50)

Qeyd olunan ayələrdə Həzrət Məryəmin dünyaya gəlişindən, Allaha ixlasla ibadət etməsindən, onun müqəddəs məkandan uzaqlaşmasın deyə heç vaxt aybaşı olmamasından, mələyin ona İsa məsih adlı övladının dünyaya gələcəyini xəbər verməsindən, hamiləlik dövrü başa çatdıqda Beytülmüqəddəsin şərq tərəfinə getməsindən, Allah tərəfindən ona ilham verilməsindən, uşağın möcüzəvi şəkildə dünyaya gəlişindən və Allahın izni ilə beşikdə ikən camaatla danışa bilməsindən söhbət açılır.

Ümmi Cəmil
"Məsəd" surəsi, ayə 3-4.
Əbu Ləhəbin həyat yoldaşı və Əbu Süfyanın bacısı
(Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin! Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya yetmiş arşın zəncir olacaqdır) )
Ümmi Cəmil pisniyyətli qadın olduğundan Quran ayələrində lənətlənmişdir. Həyat yoldaşının adı Əbdüluzza (Uzza bütünün köləsi), ləqəbi isə Əbu Ləhəb olmuşdur. Ümmi Cəmilə, həmçinin Həmmələtul-hətəb ləqəbi də verilmişdir. Buna aid bir neçə səbəb göstərilmişdir: qucağında odun daşıması, Peyğəmbərin (s.ə.s) yoluna tökmək üçün səhradan kürəyində tikan gətirməsi, son dərəcə xəsis olması. Rəvayətə əsasən, Ümmi Cəmilin bahalı boyunbağısı olmuş və onu satıb pulunu Peyğəmbərlə (s.ə.s) düşmənçiliyə sərf edəcəyinə and içmişdir. Elə bu səbəbdən də «Məsəd» surəsində Qiyamət günündə onun boğazına xurma lifindən hazırlanmış kəndir asılacağından xəbər verilir.

Aişə bint Əbu Bəkr və Zeynəb bint Cəhş. Peyğəmbərin (s.ə.s) həyat yoldaşları
"Təhrim" surəsi, ayə1-5.
(Bir zaman Peyğəmbər zövcələrindən birinə sirr verdi. O da bunu (onun digər zövcəsinə) xəbər verdikdə və Allah da bunu (Peyğəmbərinə) aşkar etdikdə O bunun bir qismini (sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. (Peyğəmbər) bunu ona bildirdikdə (zövcəsi) dedi: "Bunu sənə kim xəbər verdi?". O, belə cavab verdi: "Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan (Allah xəbər Verdi!)"
Hər iki qadın bir-birinə qarşı son dərəcə həsəd aparmışdır. Allah-Təala əməlisaleh qadınlar üçün bu xüsusiyyətləri qeyd edir: İslam, iman, sağlam əqidə və mənəviyyat, təvazökarlıq, həyat yoldaşına itaət, tövbə, Allahın əmrlərinə itaət.
Peyğəmbər (s.ə.s) hicrətin üçüncü və ya dördüncü ilində Aişə ilə ailə qurur. Peyğəmbər (s.ə.s) dünyasını dəyişdiyi zaman onun 18 yaşı var idi..
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 844 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]