Cümə günü, 2024-03-29, 4:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

QURAN NƏZƏRİNDƏ XANIMLARIN İCTİMAİ XÜSUSİYYƏTLƏRİ
2012-10-31, 11:00 AM
QURAN NƏZƏRİNDƏ XANIMLARIN İCTİMAİ XÜSUSİYYƏTLƏRİ
(İslami saytlara istinadən)


Qadın mövzusu və qadına aid olan məsələlər qədim zamanlardan bəri dünyanın böyük dinlərinin və fəlsəfi məktəblərinin əsas mövzusu olmuşdur. Renessans dövrünün əvvəllərində Qərb və Avropada texnologiyanın inkişaf və tərəqqi etməsi ictimai münasibətlərə ciddi təsir qoyur. Bu gün qadın mövzusu bütün ictimai və insani məsələlərin başında durur. Xüsusilə də inkişaf etmiş ölkələrdə. İslam kamil məktəb olduğu üçün başqa məktəblərdən daha çox bu məsələyə xüsusi əhəmiyyət verir. Belə ki, Qurani-Kərimin bir neçə böyük surəsi qadınların adı ilə adlandırılmışdır. Yüzə yaxın ayədə isə qadınların ictimai, siyasi, iqtisadi, mədəni və ailə məsələləri tədqiq edilmişdir. Quranın bu mövzuda tədqiq etdiyi məsələlərdən biri də nümunəvi qadının necə olması mövzusudur.

Quranda qadınların təxminən qırxa yaxın xüsusiyyətləri verilmişdir. Bu xüsusiyyətləri üç dəstəyə bölmək olar: ictimai, ailə və fərdi dəstələrə.

Qadınların ictimai məsələləri:

1. Ağıl və şəriətə əsasən yaşamaq

İnsanların cəm və fərdi rəftarları müəyyən əsaslar üzərində möhkəmlənibdir. Əslində bu əsaslar rəftarlara təsir edir və onlara yol göstərirlər. Bu əsasların bir neçə növü vardır: 1. Əcdadlarını və ya milli böyüklərini təqlid etmək; 2. İnsanların əksəriyyətinin ardınca getmək; 3. Ölkə və ya dünya siyasətinə tabe olmaq; 4. Nəfsani həvəs və xahişlərin ardınca getmək; 5. Ağıl və bilik; 6. Din və şəriət.

Qurani-Kərim sağlam və layiqli həyatı şəriətdə görür. Bütün qadınlara tövsiyə edir ki, bu mənbəyi seçsinlər. Çünki, onun vasitəsilə Allaha yaxınlaşmaq və insanlara yaxşılıq etmək olar. Qurani-Məcid müsəlman qadınlardan istəyir ki, öz həyatlarını dini və əqli meyarlarla inşa etsinlər. Məsələn, ərləri həyatdan gedən qadınlara bu cür buyurur: "Və sizdən ölmüşlərin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər; hərgah öz iddələrini başa çatdırsalar, daha onların öz barələrində elədikləri (şəriətə müvafiq) yaxşı işlərdə heç bir günah yoxdur. Allah gördüyünüz işlərdən xəbərdardır”. ("Bəqərə”, 234).

Bu ayədə Allah qadınların ictimai və fərdi rəftar və həyatının düzgün metodologiyasını aydın bəyan etmişdir. Ona görə də vəhy aləminə nəzər salanda görürük ki, nümunəvi qadın cəmiyyətin əksər insanlarının rəftarlarına tabe olmamalıdır. Nə əcdadlarını təqlid etməlidir, nə də meylllərinin və nəfsi istəklərinin əsiri olmalıdır. Eyni zamanda, dünyanın siyasət və ya mədəniyyətinin də ardınca getməməlidir. Müsəlman qadın ancaq İslami və Qurani təlimlərə və sağlam ağlına inanmalı və tabe olmalıdır. Başqalarının ona dedikləri içərisindən ancaq şəriətə və ağlına uyğun olanlara əməl etməlidir. Şəriətin göstərişlərinə təkcə rəftarda deyil, eyni zamanda danışıqda da riayət olunmalıdır. Sübhan Allah bu həqiqəti belə bəyan edir: "Əgər Allahdan qorxursunuzsa, qəlbində xəstəlik olan kimsə tamahsılanmasın deyə, yumşaq danışmayın, bəlkə həmişə düzgün danışın!” ("Əhzab”, 32).

Bu ayədə Allah qadınlara tövsiyə edir ki, danışan zaman nümunəvi qadın kimi danışsınlar, din və ağıla uyğun danışsınlar.

2. Əmr-be-məruf və nəhy-əz-munkər

Nümunəvi qadının ictimai və fərdi rəftarları ağıl və din əsasında olduğu kimi o, səy etməlidir ki, cəmiyyətin başqa üzvləri də bu yolun davamçısı olsunlar. Başqa sözlə desək, Quranda nümunəvi qadın o insandır ki, başqa insanların əyriliklərinə dözməməlidirlər. Pisliklərlə mübarizə etməyə qalxmalıdırlar. Dinin, yaxşılıqların və sünnətlərin aradan getməsinə qarşı məsuliyyət hiss etməlidirlər. Quran bu həqiqəti bu cür bəyan edər: "Mömin kişilər və mömin qadınlar bir-birilərinə dostdurlar. Onlar yaxşılığa əmr edir, pis işlərdən çəkindirirlər; namaz qılırlar, zəkat verirlər; Allaha və onun Peyğəmbərinə itaət edirlər”. ("Tövbə”, 71).

Nümunəvi qadın məsuliyyətli və fəal insandır. Ayıq insan cəmiyyətin siyasi, iqtisadi və mədəni işlərinə nəzarət edər. Bu nəzarət ictimai məsələlərə agahlıq tələb edər. Bu bilik olmadan nəzarət etmək də mümkün deyildir. Ancaq qeyri-mömin və cahil mühitdə böyüyən qadınlar çirkinliklərə bulaşarlar. "Münafiq kişilər və münafiq qadınlar hamısı birdirlər. Onlar pis işlərə əmr edib yaxşı işlərdən çəkindirərlər, əllərini (xəsislikdən) qısırlar. Allahı unutdular və Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərin özləridirlər”. ("Tövbə”, 67).

3. İmam və haqq rəhbərinin ardınca getmək

Beyətin mənası - ona itaət etmək və ona boyun əymək deməkdir. Demək olar ki, beyət: həyatın hər bir sahəsində rəhbərə itaət etməyə hazır olduğunu elan etmək deməkdir. Quran ayəsindən belə nəticəyə gəlmək olar ki, beyət ancaq mömin kişilərə aid deyildir. O cümlədən, mömin qadınların da vəzifəsi beyət etməkdir. Belə ki, ayədə deyilir: "Ya Peyğəmbər! Mömin qadınlar, Allaha heç bir şey şərik qoşmamaq, oğurluq və zina (pis iş) etməmək, övladlarını öldürməmək, əlləri ilə ayaqları arasında bir yalan düzəldib gətirməmək (özgədən olan uşağı yalandan ərlərinə isnad etməmək) və yaxşı bir işdə sənə qarşı çıxmamaq xüsusunda sənə beyət etmək üçün sənin yanına gəldikləri zaman, onların beyətini qəbul et və onlar üçün Allahdan məğfirət tələb et! Şübhəsiz ki, Allah çox bağışlayan(dır və) mehribandır”. ("Mumtəhinə”, 12).

4. Allah yolunda vətəni tərk edib, hicrət etmək

Dini əqidə və hədəflərini qorumaq üçün hicrət etmək, düşməni incidən və məktəbin inkişaf etməsinə səbəb olan yollardandır. Mühüm bir məsuliyyətdir ki, Quran Allaha imanı cihaddan üstün hesab edir. "İman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər – onlar Allahın rəhmətinə bel bağlamışlar. Allah bağışlayan və mehribandır”. ("Bəqərə”, 218).

5. Bir-birinə yardım etmək

İctimai rabitələr və İslam ümmətinin üzvləri arasındakı bağlılığın necəliyi o mövzulardandır ki, Qurani-Kərim ona xüsusi diqqət göstərir. Həqiqi mömin kişi və qadınlar bir-birinə yardım etməlidirlər. Bu haqda "Tövbə” surəsinin 71-ci ayəsində buyurulmuşdur: "Mömin kişilər və qadınlar bir-biri ilə dostdurlar”. Belə ki, Əllamə Təbrisinin fikrinə görə, bu ayə ona işarə edir ki, İslamın əvvəllərində qadınlar müharibə meydanında iştirak edir, cəbhə arxasında yaralılara yardım edir, onları müalicə edir, onlara silah və ərzaq gətirirdilər. O yerə qədər ki, onların bəziləri müharibədə şəhid olurdular. Ayədə bu qadınlar nəzərdə tutulmuşdular.

6. Azadlıq və ədalət tələbi

Nümunəvi qadınların başqa xüsusiyyətlərindən biri də azadlıq və ədalət tələbidir. Quran Fironun həyat yoldaşının iman və şücaətindən bəhs etmişdir. Onu dünya qadınlarına nümunə kimi göstərmişdir. Belə ki, buyurur: "İman gətirənlərə isə Allah, Fironun arvadını misal çəkdi. O zaman ki, o dedi: "Pərvərdigara! Mənim üçün öz yanında cənnətdə bir ev tik! Məni firondan və onun əməlindən xilas et və məni zülmkar qövmün əlindən qurtar!” ("Təhrim”, 11).

Beləliklə, bu ayədən göründüyü kimi vəhyin söylədiyi nümunə qadın o qadındır ki, inqilabçı olmalıdır, zülmlə mübarizə aparmalı və fəsada bürünmüş cəmiyyətdən bizar olmalıdır.

7. Zəkat vermək

"Zəkat vermək, yoxsullara maliyyə dəstəyi göstərmək, cəmiyyətin ehtiyaclarını təmin etməkdə mömin qadınlar mömin kişilərlə çiyin-çiyinədirlər”. ("Tövbə”, 71).

8. Sədəqə

Nümunəvi qadın yoxsullara qarşı laqeyd olmamalıdır. Zəkat və xums verməklə, malın bir hissəsini yoxsullara verməklə kasıblara yardım edərlər. Allah buyurur: "Şübhəsiz ki, sədəqə verən kişilərə və sədəqə verən qadınlara və Allaha gözəl borc verənlərə (verdiklərinin əvəzi) qat-qat artırılacaqdır. Və həm də onlar üçün dəyərli əcr vardır”. ("Hədid”, 18).

Allah bu ayədə sədəqəni gözəl borc kimi bəyan etmişdir. Beləliklə, belə nəticəyə gəlmək olar ki, insanın malı nəinki əlindən getmir, hətta onun bir neçə bərabəri ona əta edilir.

9. Fədakarlıq

Fədakarlıq və başqalarını özündən üstün hesab etmək - nümunəvi qadınların başqa bir xüsusiyyətlərindəndir. Bu xüsusiyyət insanlığın ən üstün dəyərlərindən sayılır. Sübhan Allah nümunəvi qadınları fədakar adlandırmışdır. Onlar başqalarının rahatlığını özününkündən üstün hesab edirlər. Belə ki, buyurur: "Həm də mühacirlər gəlməzdən əvvəl (Mədinədə) yurd salmış möminlər onların yanlarına köçənləri dost tutarlar, onlara verilənə görə ürəklərində həsəd duymazlar, özləri möhtac olsalar belə, onları özlərindən üstün tutarlar”. ("Həşr”, 9).

Təfsirçilər bu ayənin təfsiri zamanı bildirmişdilər: "Bir nəfər İslam Peyğəmbərinə (s) deyir: "Acam”. Peyğəmbər (s) göstəriş verir ki, evindən onun üçün yemək gətirsinlər. Ancaq evində yemək olmur. Həzrət buyurur: "Kim bu insanı bu gecə qonaq edər?”. Ənsarlardan bir nəfər onu qonaq edir və evinə aparır. Onun da uşaqları üçün əldə etdiyi bir qədər yeməkdən başqa yeməyi olmur. Onu da qonaq üçün gətirir. O zaman çırağı söndürür və özünü məşğul kimi göstərir. Qonaq o yeməyi yeyir və doyur. Ancaq o kişi və arvadı səhərə qədər ac qalırlar. Allah Peyğəmbərinin (s) xidmətinə gələndə, Həzrət onlara nəzər salır və gülümsəyir. Bu zaman Quranın bu ayəsini tilavət edir və onları tərifləyir”.

Nəticədə görürük ki, nümunəvi qadın ac qalır ki, başqalarının qarnı doysun. Evsiz qalırlar ki, başqaları bayırda qalmasınlar. Zərbə alırlar ki, bu zərbə məzluma dəyməsin.

Gəlin biz də Quranın buyurduğu bu xüsusiyyətlərə yiyələnərək, nümunəvi qadın olmağa çalışaq. İnşaallah!

Hazırladı: Məşhədi Xanım,

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından ictifadə zamanı "Deyerler" AIN-ə istinad (deyerler.org) zəruridir
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 933 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]