Main » Files » Qadın » İslamda qadınlar |
Qadınların şahidliyi
2012-10-27, 6:21 AM | |
Qadınların hüququ barəsində olan bəhs, əsrlər boyu ideoloji məktəblərin və elmi məclislərin mübahisə mövzusu olmuşdur. Bu məsələdə müxtəlif nəzərlər olsa da, iki dəstə qadına (hər hansı bir hüquqa malik olma baxımından) daha çox zülm etmişdir. Birinci dəstə, qadının hər hansı bir hüquqa malik olmasını öz mənafelərinə zidd bilib, qadın cinsini alçaq və dəyərsiz bir varlıq hesab etmişlər. İkinci dəstə isə bu təfrit qarşısında, qadının hüququnu müdafiə edərək, istər-istəməz ifrata varmış, məntiqsiz və aldadıcı şüarlarla, vəziyyəti daha çox şişirtmişlər. İfratçıların hücumuna məruz qalan İslam hökmlərindən biri də, bəzi mübahisəli məsələlərdə qadınların şahidlik etmə məsələsidir ki, ona cavab verəcəyik. Şübhənin izahı Qadınların mübahisəli məsələlərdə sahidlik etməsi, məlumatsız və ya qərəzli şəxslərin etirazına məruz qalmış məsələlərdən biridir. Bu məsələdə ifrata varanlardan biri, Fransada söylədiyi çıxışı zamanı, bunu belə bəyan edib: «İran İslam Respublikasının cinayət məcəlləsində bəzən qadın hesaba alınmır. Belə ki, cəza, yalnız kişinin şahidliyi ilə tətbiq edilir. İİR-nın cinayət məcəlləsinin 74-cü maddəsinə əsasən, zinada istər şallaq, istərsə də daş-qalaq həddi 4 adil kişi, yaxud 3 adil kişi və 2 adilə qadının şahidliyi ilə icra olunur və belə bir yerdə yalnız qadınların şahidliyi ilə cəza verilmir. Cinayət məcəlləsinin 76-cı maddəsinə əsasən, qadınların təklikdə, ya bir adil kişi ilə birgə olan şahidliyi zinanı sübut etmir və bu cür şahidlik zamanı 80 şallaqdan ibarət cəza həddi tətbiq olunur». Həmin şübhələrə iki cəhətdən cavab veriləcək: 1. Qadınların şahidliyi nə vaxt qəbul edilmir. a) İcmada: Fəqihlərin ittifaq etdiyi bir sıra cərimələr «həqqun-nas»a (yəni insanların haqqına) aid olmayan (zinadan başqa) cərimələrdir. Hədlərin icrasında Müqəddəs şəriət 2 şeyə əsaslanır: hədd tələsik və az dəlillərlə icra olunmasın. Qadınların şahidliyinin qəbul olunmaması da, bu məqsədə çatmağın (yəni, müttəhimlərə cəza təyin və tətbiq olunarkən çətinliyə düşməmənin) yollarından biridir. b) İxtilaflı mövzularda: Bəzi məsələlərdə – qadınların şahidliyinin qəbul edilib-edilməməsində – fəqihlər arasında ixtilaf var. Məsələn, fəqihlərin vəkalət, nəsəb (yəni, qohumluğun sübutu), ayı görməyin sübutu və təlaq mövzusundakı məşhur nəzəri ixtilaflıdır. Fəqihlərin ixtilaf etdiyi məsələlərdən biri də, qisasdır. Qisas məsələsindəki ixtilafların səbəbi isə rəvayətlərdəki müxtəliflikdir. Bəzi rəvayətlərdə gəlmişdir ki, qadınların şahidliyi qanla bağlı cinayətlərdə qəbul olunmur. Amma bir sıra fəqihlər qisasda qadınların şahidliyini mötəbər sayır. Rəvayətlərdəki ixtilafa görə, fəqihlərin müxtəlif fikirlər yürütdüyü məsələlərdən biri də nikahla bağlıdır ki, bir çox fəqihlər nikahda qadınların şahidliyinin qəbul olunmasına fətva vermişlər. 2. Bəzi hallarda qadınların şahidliyi kişilərin şahidliyi ilə birgə qəbul olunur. a) Zina. Məşhur fəqihlər, zinanın sübutu üçün qadınların müstəqil şəkildə şəhadətini kifayət bilmir. Belə ki, daş-qalaq cəzası iki qadın və üç kişinin şahidliyi ilə tətbiq olunur, şallaq cəzası isə yalnız iki kişi və dörd qadının şahidliyi ilə təyin edilir. Bu nəzəriyyənin tərəfdarlarından Şeyx Tusi, ibn İdris, ibn Həmzə, Əllamə Hilli, Sahibi Cəvahir, Həzrət imam Xomeyni (r.a)-nın adını çəkmək olar. Buna görə də, İslam cinayət məcəlləsinin tənqidə məruz qalmış 74-cü maddəsi məşhur fəqihlərin fətvası ilə və İslam cinayət məcəlləsinin 76-cı maddəsi isə fəqihlərin məşhur nəzəri ilə uyğundur. Şəriət, bu hökm ilə fərdlərin zinada heysiyyatını qorumaq istəmişdir. b) Mal ilə əlaqədar məsələlərdə şahidlik. Mal ilə, ya məqsədin mal olduğu məsələlərlə bağlı olan yerlərdə, yalnız qadınların şahidlik etməsi kifayət deyil. Bəziləri malın sübutunda «bir kişinin şahidliyi və iddiaçının andı» kimi bir sıra məhdudiyyətləri qoysalar da, bu məsələdə həmçinin, iki qadın və bir kişinin şahidliyində də tərəddüd etməmiş və onu qəbul etmişlər. Çünki 2 qadın və 1 kişi şahidə – «şəriətin bəyyinəsi – aşkar höccəti» deyilir. Bu hökmü bir sıra rəvayətlərdən əlavə, həmçinin Qurani-Kərimin ayələrinə istinadən də tapmaq olar. Bəzi təfsirçilər «nə üçün 2 qadın şahidə ehtiyac var?» sualına cavab olaraq, bu ayəyə istinad edirlər: أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأخْرَى Yəni: «...Əgər o iki qadından biri...unutsa, digəri onu xatırlatsın» («Bəqərə» surəsi, ayə 282). «Xatırlatsın» kəlməsi əksər təfsirçilərin nəzərinə görə «unutmağ»ın müqabilində gəlmişdir. Mərhum Molla Möhsün Feyz Kaşani bu ayə haqda belə deyir: «Mübarək ayədəki həmin ifadə, şahidlik zamanı qadınların sayının çox olmasında səbəbin unutqanlıq olduğunu bəyan edir». Mərhum Feyzin bu məsələdə istinad etdiyi rəvayətlər «Vəsailuş-şiə»də də gəlmişdir. Mərhum Təbərsi adı çəkilmiş ayəni təhlil edərkən belə deyir: «Çünki qadınlar kişilərdən daha çox unutqandır. Əlbəttə, mümkündür həmin səbəb bu hökmün hikmətlərindən biri olsun, nəinki bütün səbəbi». Qadınların psixoloji cəhətdən hafizəsi Psixoloqların fikrincə, qadınların şahidlik edərkən unutqanlığa düçar olması qəbul ediləsi məsələdir. Çünki psixoloji cəhətdən yaddaş zəifliyinin fərdin həyəcan və duyğuları (hissləri) ilə birbaşa əlaqəsi var. Belə ki, ruhi həyəcan və hisslərinin təsiri altına düşən şəxs, yaddaşında saxladığı hadisələri dəqiq nəql edə bilmir. Psixoloqlardan biri bu barədə belə deyib: Zehnimizdə güclü həyəcan, ya ikrah hissi yaradan hər hansı bir şey, ya mövzu, xüsusilə diqqətimizin pozulmasına səbəb olur. Başqa bir psixoloq isə bu barədə belə deyib: Bəzən hər hansı bir məsələni xatırlamaqda çətinlik çəkməyimiz yaşanan həyəcanla bağlı deyilmi? Bu barədə çox araşdırmalar aparılıb. Bu təhqiqatın nəticələri göstərir ki, həyəcan, hər hansı bir məsələni xatırlamaqda, ən azı dörd cəhətdən təsir qoya bilər. Bəzən isə mənfi emosiyalar (həyəcanlar) xatırlamağa mane olur. Psixoloqlar yaddaş zəifliyi və ruhi həyəcanlar arasındakı əlaqəni araşdırmaq üçün bir dəstə tələbə üzərində sınaq aparıblar. Belə ki, onları mənasız hecaları yadda saxlamağa vadar etdikdən sonra tələbələrin əyləşdiyi otaqda dəhşətli bir vəziyyət yaradıblar – tavandan bir taxta düşüb, onun səsi eşidilib və işıqlar sönüb. Daha sonra tələbələri yenidən imtahan ediblər (öyrəndikləri sözlərdən nə qədərinin yadlarında qaldığını yoxlayıblar). Məlum olub ki, tələbələr, şiddətli həyəcan nəticəsində, öyrəndiklərinin çox hissəsini unudublar. Bəzi psixoloqlar isə təsdiqləyiblər ki, «Məhkəmə iclaslarında iştirak edən şahidlər, öz yaddaşlarına çox az hallarda şübhə edirlər (Bu çox əhəmiyyətli bir məsələdir!) Şahidlər unutqanlıqlarını qəbul ediləsi bir hadisə uydurmaqla əvəz etməyə meyl edirlər. Ümumiyyətlə, unutqanlıq həmişə fikri narahatlıqla birgədir». Bəzi psixoloqların fikrincə isə unutqanlığın səbəblərindən biri «xəcalət, həya və iffət»dir. Onlar öz iddialarını qüvvətləndirmək üçün bir qızın başına gələn hadisəni nəql edirlər: Məsihiyyətin əsasları (ideologiyası) mövzusunda keçirilən bir bəhs toplantısında (diskusiyada), həmin qız Həzrət Məsihin həyatı haqda bir roman oxuduğunu söyləmişdi. Lakin nə qədər çalışsa da, kitabın adını yadına sala bilməmişdi. Digər iştirakçılar da, bu kitabı oxuduqlarına baxmayaraq, adını unutmuşdular. Həmin qız kitabın adını xatırladıqdan sonra demişdir: «Unutmağımın səbəbi, o kitabın adının almanca çox çirkin (ədəbsiz) səslənməsi və onun adını deməyə xəcalət çəkməyim idi». Orada olan cavan oğlanlar da, qızdan utandıqları üçün unutqanlığa düçar olmuşdular. Unutqanlığın deyilmiş iki səbəbinin (yəni hadisələrin yaratdığı «hiss və duyğuların təsiri» və «xəcalət və həya» hissi) hər ikisinə kişilərdən daha çox qadınlarda rast gəlinir. Bu inkar edilməz bir həqiqətdir ki, qəlb nazikliyi, həssaslıq və duyğulu olmaq qadınlara əta olunmuş İlahi nemətlərdən biridir. Həmin güclü duyğu, nəvaziş və qayğı hissidir ki, qadınların ailə məsələlərində və bir çox tarixi hadisələrdə müsbət rol oynamasına səbəb olmuşdur. Əlbəttə, məntiqi dəlil olmadan, qadınların həssaslığının tədbirliliklərindən çox olması bəhanəsilə onları hüquqlarından məhrum etmək olmaz. Onu da qeyd edək ki, unutqanlığın özü də öz növbəsində İlahi nemətlərindən biridir. Bəzi psixoloqların nəzərinə görə qadınlar unutqanlığa düçar olmasaydılar, hamiləliklə bağlı narahatlıqları yaddan çıxarmaz və nəticədə bəşərin nəsli kəsilərdi. Fəqihlərin baxımında, şahidlik zamanı hafizə o qədər əhəmiyyətlidir ki, hətta kişi şahidin hafizəsi zəifdirsə və səhvə yol verirsə, şahidliyi qəbul olunmaz. Seyid Hüseyn Haşiminin «Qadınların şahidliyi» adlı məqaləsindən istifadə olunmuşdur. | |
Views: 858 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |