Bazar günü, 2024-12-22, 1:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadınlar haqqında tarixi məlumatlar
2012-11-02, 5:18 PM
Qadınlar haqqında tarixi məlumatlar

Gənc nəslin dini çatışma-mazlıqları və əxlaqi pozğun-luqlarının kökünü onların əqidə və düşüncə tərzlərində axtarmaq lazımdır. Bu nəslin dini düşüncə səviyyəsinə lazımınca diqqət verilmədiyindən qeyd olunan məsələ son dərəcə vacib və ehtiyac duyulan məsələlər sırasındadır.Bu gənc nəslə düzgün yol göstərilməsində yaranan problemlərin əksəriyyəti cavanların məntiq və təbii tələbatlarını anlamamaqdan, həmçinin onlarla qarşılaşan şəxslərin öz elmi və əxlaqi çatışmamazlıqlarından irəli gəlir. Həqiqət budur ki, bu gənc nəsil ilk baxışda nəzərə gələnlərin əksinə heç də inadkar deyil, əksinə olaraq dini həqiqətləri qavrayıb anlamaq üçün daha artıq hazırlığa malikdirlər. Aydındır ki, cavan nəslə dini və etiqadi baxımından kifayət qədər yol göstərilmədiyi zaman bu təbliğatlar öz mənfi təsirini buraxacaqdır. Şübhə yoxdur ki, gənc qızların çılpaqlıq və açıq-saçıqlıq məsələsi indiki zamanda mənəvi xəstəliyə çevrilmşidir. Gec-tez bu hadisə ümumdünya səviyyəsində böyük bir problem kimi qəbul ediləcəkdir.


Çılpaqlıq və açıq-saçıqlıq dedikdə qadın yad kişilər qarşısında öz bədən üzvlərinin örtməsi və eyni zamanda örpəkli olması İslamın mühüm və zəruri məsələlərindən biridir necə ki, tarixdə qeyd olunur İslamdan qabaq bəzi millətlər arasında örpəyin mövcud olmasını heç kəs inkar etmir. Buna misal çəkmək olar qədim İran, Yəhudi xalqı və çox güman ki, Hindistanda da hicab mövcud olmuşdur. Onlarda mövcud olan hicab qanunu İslam qanunlarından daha sərt və şiddətli olmuşdur. Lakin İslamdan öncə Ərəbistanda olan cahiliyyət dövrünə gəldikdə isə onlar arasında hicab olmamış və bu qanun İslam dini vasitəsi ilə meydana gəlmişdir. Bu haqda məşhur tarixçi alim Vill Dorant «Tarixi təməddun » (Sivilizasiyalar tarixi) kitabının 12-ci cildinin 30-cu səhifəsində (farsca tərcüməsində) yəhudi qövmü və «Təlmud qanunu» barəsində belə yazır:

«Əgər hər hansı bir yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başına bir şey örtmədən camaatın arasına getsəydi, ictimai yerlərdə yun əyirsəydi, kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi, onda o qadını mehriyyə vermədən boşayardılar.» Göründüyü kimi, yəhudilər arasında mövcud olan hicab qanunu İslami örtükdən daha şiddətli və sərt idi. «Tarixi təməddun» kitabının 1-ci cildinin 552-ci səhifəsində qədim iranlılar haqqında deyilir: « Zərdüştlər arasında qadınların böyük hörməti və yüksək məqamı var idi. Onlar tam azad şəraitdə və üzü açıq halda camaat arasında get-gəl edirdilər...» Sonra belə yazır:

«Daryuşdan sonra qadının məqamı,xüsusilə varlılar arasında nisbətən tənəzzülə uğradı. Kasıb qadınlar iş görmək üçün ictimai yerlərdə get-gəl etməyə məcbur olduğundan ,öz azadlıqlarını qoruyub saxlamışdılar, lakin başqa qadınlara gəldikdə isə,onların heyz (aybaşı) dövrlərində evdə oturmaları vacib idi. Bu vacib hökm tədricən onların bütün ictimai həyatını əhatə etdi. Cəmiyyətin yüksək təbəqələrinə mənsub olan qadınların məxsus kəcavə və örtülü arabalardan başqa bir şeylə evdən çıxmağa cürəti yox idi. Onlara heç vaxt icazə verilmirdi ki, aşkar surətdə kişilərlə qaynayıb- qarışsınlar. Ərli qadınların heç bir kişini, hətta ata və qardaşını belə görməyə ixtiyarı yox idi. Qədim İranın daş kitabələrində həkk olunmuş şəkillərdə bir nəfər də olsun üzü açıq qadın görünmür və onların adı çəkilmirdi...»

Göründüyü kimi qədim İranda çox şiddətli və sərt hicab hökmləri hakim olub. Hətta ərli qadınların ata və qardaşları da ona naməhrəm hesab olunurmuş. Vill Dorantın əqidəsinə görə qədim Zərdüşt dini adət-ənənələrinə uyğun olaraq heyzli qadınlar ( bu barədə mövcud olan qayda –qanunlara əsasən) müəyyən bir otaqda həbs edilir, bu müdət ərzində hamı ondan uzaq gəzir və onunla ünsiyyətdə olmaqdan çəkinirdilər. Məhz bu adət qədim İranda hicabın yaranmasının əsas səbəbi olmuşdur. Yəhudilərin arasında da heyz (aybaşı) olan qadınarın barəsində belə kəskin qanunlar icra olunurdu.

Görəsən onun dediyi «bu işin özü də müsəlmanlar arasında hicabın əsas səbəbi hesab olunur» sözlərindən hədəf nədir? Məqsəd , hicabın müsəlmanlar arasında yaranmasını heyzli qadınlar haqqında icra olunan sərt qanunlarla əlaqələndirmək olmuşdurmu?! Təbii ki, belə qayda-qanun İslamda mövcud olmamış və hal hazırda da yoxdur. İslam dinində heyzli qadın üçün yalnız oruc və namaz kimi bəzi vacibi ibadətlərdə güzəştə gedilir. Həmçinin belə qadınlarla bu müddət ərzində cinsi yaxınlıq etmək caiz deyildir. Amma digər işlərdə insanlarla adi ünsiyyətinə heç bir məhdudiyyət qoyulmur və onları evin bir küncündə oturmağa məcbur edən heç bir qayda- qanun yoxdur . Əksinə İslam dinində hicab heç də qadının evə həbs edilməsi və cəmiyyətdən təcrid olunması anlamına gəlmir.

Və ya qadınları cəmiyyətin ictimai həyatında iştirak etmə haqlarından məhrum etmir. Hicab İslam dünya görüşündə o anlama gəlir ki, qadın kişilərin yanında saçlarını və bədənini örtməlidir ki, lazımsız baxışları cəlb etməsin. Bir şeyi nəzərdən qaçırmamalıyıq ki, yəhudilərin iki müqəddəs kitabları olan Tövrat və Təlmudda Allahın qəzəbinə düçar olmamaq üçün qadınların riayət etməli olduqları qaydalar sadalanır. Ərəb yazarı Abdur – Rəsul Əl-Qafar hicab haqqında ”Müasir qadın ” kitabında belə yazır : ” Tövratda (Əhdi- Ətiqdə) hicab haqqında çoxlu hökmlər var. İsa Peyğəmbər də hicab haqqında danışır. Tövrat və İncildə qadınların o dövrdə hicaba riayət etməli olduqlarını göstərən çoxlu ayələr mövcuddur . Onlar evin qadına aid olan yarısında, qalın pərdənin arxasında otururdular ki, onlara təsadüfən yad nəzər sataşmasın. ”

Xristian dini həmçinin yəhudi şəriətinin qadınların hicabı ilə bağlı hökmlərini qüvvədə saxlayırdı. London universitetinin professoru Doktor Hakim İlahi” Qadın və xristianlıqda vicdan azadlığı ” kitabında hicab haqqında danışan iki Yepiskop sitat gətirir: : «Qadın evdən kənarda olduqda tam qapanmalıdır. Belə ki, yalnız onu örtən paltar onu yad baxışlardan qoruya bilər. Qadın başqalarına öz üzünü göstərməməlidir Tanrı mömin xristian qadınlara başqalarının yanında bəzənməyi məqbul saymır. O gərək öz gözəlliyini gizləsin. Çünki, onu görənlər üçün təhlükəlidir».

Braun Şnayder"Müxtəlif tayfaların geyimləri” kitabında xristian qadınların şəkillərini verir. Onlar hamısı uzun paltar geyinmiş və duvaq örtmüşlər. Xristianların müqəddəs kitablarında örpəyin vacibliyinə açıq göstərişlərin olması və onlara yad adamların yanında, xüsusilə kilsədə susmaq əmrinin verilməsi ona dəlalət edir ki, onlar hicaba riayət etməlidirlər. Bu səbəbdən, xristianlar və avropalılar arasında o dövrdə hicaba riayət olunması çox geniş yayılmışdı və bu 13-cü əsrə qədər davam etmişdir. O tarixdən etibarən isə tədricən öz əhəmiyyətini itirməyə başlamışdır.Ümumiyyətlə,qəbul etməliyik ki, İslamdan öncə dünyanın müxtəlif yerlərində hicab və örpək mövcud olmuş və heç də onu ilkin olaraq İslam dini ixtira etməmişdir. Qeyd etmək lazımdır ki, əgər bütün dünyəvi dinləri dərindən öyrənsək, məlum olacaq ki, qadının örtük geyinməsi onların hər birində mütləqdir. İudaizm və Xristianlıqda buna xüsusi əhəmiyyət verilir. Tarixçilər bildirirlər ki, yəhudilərdə nəinki, təkcə ənənəvi hicaba riayət olunurdu, hətta çox vaxt iş o yerə qədər gəlib çıxırdı ki, bədənin hər yeri qapanırdı. Lakin sonuncu və ən kamil ilahi din geyimi Allahın neməti olaraq görür. Bu müqəddəs din hicabla bağlı tarix boyu müşahidə edilən ifratçılığın qarşısını almaq üçün konkret hökmlərlə hicabın sərhəddini məhdudlaşdırmış və onu düzgün, möhtədil kişi və qadın təbiətinə daha uyğun şəkildə müəyyənləşdirmişdir.


Minarə Nəbiyeva

iman.ge
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1551 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]