Main » Files » Qadın » İslamda qadınlar |
QADININ ÜRFANİ ŞƏXSİYYƏTİ
2012-11-02, 5:15 PM | |
Quranda qadın haqqında çox söz deyilmişdir. O cümlədən: qadın - İlahi camalın təcəssümüdür. Yaradılış - Allahın təcəllisidir. Hər bir varlıq isə Onun və Onun adının təcəssümüdür. Xilqət - Xaliqin müxtəlif xəlq olmuşların simasındakı təcəllisindən ibarətdir. Allah Təala bu haqda buyurmuşdur: "Rəbbi dağa təcəlli edəndə onu darmadağın etdi və Musanın ürəyi keçib bayıldı”. ("Əraf”, 143). Bəzən Haqqın təcəllisi ölümə səbəb olur. Bəzən də həyat bəxş edir. Allah buyurur: "Sizə həyat verən və öldürən də Odur”. ("Möminun”, 80). Bəzən ağlamağa , bəzən də gülməyə səbəb olar. Quranda deyilir: "Güldürən və ağladan həqiqətən, Odur”. ("Nəcm”, 43). Hər bir şey Haqqın vücudunun təsəllisi, nişanəsidir. Belə ki, Allah buyurar: "Şərq də, qərb də Allahındır. Hər hansı tərəfə üz tutsanız, (əslində) Allaha tərəf üz tutmuşsunuz”. ("Bəqərə”, 115). Allahın bütün gözəl adları - yeganə Haqqın nişanəsi və ayətləridir. Hər bir sifətləri isə bütün kamalları əhatə edir. Haqqın camal və cəlalının müxtəlif təcəssümləri vardır. Baxmayaraq ki, Haqqın cəlal sifətləri camal sifətlərində gizlənmişdir, İlahi camal isə Onun cəlalında pərdələnmişdir. Ancaq maddi aləmdə bütün bu sifətlər özünü az biruzə vermişdir. Belə ki, camal və cəlal sifətlərin vəhdəti heç hiss edilmir. Kamil insan isə cəlal və camal sifətlərinə malik olmalıdır. Quranın nəzərində yaradılış camal və gözəlliklə yoğrulmuşdur. Allah buyurur: "O, bir kəsdir ki, yaratdığı hər şeyi gözəl yaratmışdır”. ("Səcdə” 7). Allah hər bir şeyi gözəl və cəmil xəlq etmişdir. Varlıq aləminin hər birində heç bir eyb tapmaq mümkün deyildir. Ancaq nisbi qiymətləndirmə zamanı bəzilərini gözəlliyin təcəssümü adlandırmışdır. Allah buyurur: "Biz (yerə ən) yaxın göyü ulduzlarla bəzədik”. ("Saffat”, 6). "Və onları (axşamçağı) otarmaqdan qaytaranda (səhərçağı) otarmağa aparanda, sizin üçün bir gözəllik vardır”. (Nəhl”, 6). Necə ki, qadınların cəlalı camallarında gizlənmişdir, kişilərin camalları da cəlallarında təcəlli etmişdir. Qadının rolu ailə üzvləri arasındakı rabitəni və yaxınlığı təmin etməkdir. Sevgi və məhəbbət kimi amillərin yardımı ilə mehriban və sakit bir ailə təşkil edilir. Məhyəddin ibni Ərəbi qadınların sevimli olmaqlarının sirrini belə izah edir: "Allahın Müqəddəs zatı ondan üstündür ki, simvol və ya təcəlli yolu ilə müşahidə olunsun. O simvolda ki, İlahi adlar və sifətlər daha çox olarsa, Allahı daha çox təcəssüm etdirər. Qadın Allahın təcəssümləri arasında kişilərdən daha kamilidir. Çünki kişilər ancaq qəbul edib, paylamaq simvolunu daşıyırlar. Qadınlar İlahi ayətləri qəbul edib, paylamağın simvolu olmaqla yanaşı, həm də təsir etmək gücünə də malikdirlər. O cümlədən, kişilərə təsir etmə qabiliyyətinə malikdirlər. Bu təsiretmə İlahi fəaliyyətin gözə görünməsidir. Bu cəhətdən qadınlar kişilərdən daha kamildirlər. Əgər kişi Allahı öz simvolunda müşahidə etmək istəsə, onun bu müşahidəsi kamil olmaz. Ancaq əgər Allahı qadının təcəssümündə müşahidə etmək istəsə, onun bu müşahidəsi kamil olar. Qadının dərəcəsi barədə Peyğəmbəri-Əkrəmdən (s) nəql edilən məşhur hədisdə buyurulur: "Sizin dünyanızdan qadın və xoş ətir mənim üçün sevimli qərar verilmişdir və gözümün nuru namazdadır”. Əlbəttə burada adı çəkilən məhəbbət - primitiv şəhvət deyil, İlahi məhəbbətdir. İlahi camal qadının camalında büllurlaşmışdır. Həm də o qadın ki, aləmlər onunla iftixar edirlər. Çünki günəş kimi İslam qaranlığına nur saçmışdır. O, insanlıq nümunəsidir. Allahın bu dünyada olan ən ali fəzilətlərə və dəyərlərə malik canişinidir. Bu, o qadındır ki, tarix möcüzələrində mövcuddur. Həzrət Fatiməyi-Zəhra (s.ə) mələkut aləminin qadınlarından olaraq, bütün qadınların həqiqətini özündə daşıyır və insan cildində olan bir mələk idi. Bütün peyğəmbərlərin xüsusiyyətləri onda cəm olmuşdur: mənəviyyat, mələk sifətləri, İlahi cilvələr. Bu, elə bir qadındır ki, hər bir əqidəyə malik insan onun haqqında xoş söz demiş və onun tərifə layiq olduğunu etiraf etmişdilər. O Həzrət (s) elə bir qadındır ki, kiçik evində elə bir şəxsiyyətlər tərbiyə etmişdir ki, nurları yerdən göyə qədər, mələk aləminin birindən o birisinə qədər işıq saçmışdır. Allah buyurur: "Və Onun (qüdrət) nişanələrindən (biri də) ünsüyyət qatmağınız üçün sizə zövcələr yaratmasıdır. Onlarla sizin aranızda dostluq (məhəbbət) və mərhəmət yaratdı”. ("Rum”, 21). Qadın ailəyə rahatlıq və sakitlik gətirir. Evlilik ilə bir yerdə ailə bağları çoxalır və insanlar arasında qohumluq əlaqələri yaranır ki, bu da ailəyə psixoloji sakitlik bəxş edir. Allah dərgahında kişi ilə qadın bərabər olsalar da, ancaq qadın iki xüsusiyyəti ilə tanınmışdır. Birincisi odur ki, insanlıq qadının vasitəsilə inkişaf edir və çoxalır. İkincisi odur ki, qadın lətif və həssas bir varlıqdır. Bu məsələlərin qadın və kişinin vəzifələrinə təsiri çoxdur. Qadının vəzifəsi ona görə mühümdür ki, o, analıq rolunu öhdəsinə götürərək, övlad tərbiyə edir. Ona görə də rəhmət və məhəbbət təcəssümüdür. Belə ki, rəhmətlik İmam buyurmuşdur: "Anaların bir çox hüquqlarını saymaqla qurtarmaq olmur və onların haqlarını ödəmək olmur. Ananın övladına sərf etdiyi bir gecə atanın illərlə ömründən daha dəyərlidir. Ananın nurani baxışındakı rəhmət və məhəbbətin təcəssümü, Aləmlərin Rəbbinin rəhmət və məhəbbətinin qığılcımıdır. Allah Təala ananın qəlbini və canını öz Rübubi rəhmət nuru ilə yoğurmuşdur. Onu heç kim vəsf edə bilməz. Ananın övladını rəhmində gəzdirməsindən, süd verib, böyütməsinə qədər çəkdiyi əziyyətlərə atalar bir gecə də dözə bilməzlər. Ona görə də hədislərimizdə deyilir ki, "Behişt anaların ayağı altındadır”. Bu o deməkdir ki, ey övladlar, cənnət və behişti anaların ayağı altında axtarın. Onların hörmətini Allah hörmətinə yaxın saxlayın. Allahın razılığını ananın razılığında axtarın”. Eşq bir aynaya bənzəyər ki, hər kəs özünü orada görə bilər. Yəni, hər kəs hər bir batin və təfəkkür ilə ondan xüsusi nəticə çıxarar. Ariflər deyirlər: "Varlıq aləminin xəmiri məhəbbətlə yoğrulmuşdur. Dünya məhəbbətlə xəlq edilmişdir. Tanınmış bir hədisdə deyilir: "Mən gizli xəzinə idim, istədim ki, tanınam, ona görə xəlqi yaratdım ki, tanınam”. Xilqət əslində məhəbbətlə başlayar. Ona görə də məxluq Xaliqə çatmaq istəyəndə gərək həmin yolu başa vursun. Məhəbbətin yeri və məkanı qəlbdir. Məhəbbəti qəlb büruzə verər. Qəlbin hidayət zamanı təsiri əvəzsizdir. Qəlb - Allahın yeridir. "O qəlb ki, səni həyəcanlandırmır, qəlb deyildir”. Allah Təala rəhmətini rəssam kimi qadın varlığında gizlətmişdir. Belə ki, buyurur: "Anaların bətnində istədiyi kimi sizə surət verən Odur”. ("Ali-İmran”, 6). Allah Təala, insan övladlarının xilqətini ana bətnində qərar vermişdir. Rəhim və rəhman sifətlərini qadın təbiətinə qoymuşdur. Ondan dünyaya gələn övladlar onun ətəyində tərbiyə alar. Məhəbbət və sevgi ilə böyüyərlər. Çox təəsüf ki, bəzi qadınlarımız bu nemətin qədrini bilmir. Hazırladı: Məşhədi Xanım, deyerler.org | |
Views: 889 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |