Main » Files » Qadın » İslamda qadınlar |
Qadının kişidən yaranması
2012-10-26, 5:40 PM | |
Qadının kişidən yaranmasına dair müxtəlif hədislər mövcuddur. O hədislərin məzmunu qadının kişinin qabırğalarının birindən yarandığını bildirir. Həmin hədislərin bəzisini qeyd edirik: Tavus Yəmani imam Baqirdən (ə) soruşdu: «Həvvanı niyə «Həvva» adlandırıblar?» Buyurdu: «Çünki qabırğadan, yəni Adəmdən yaranıb». (Məclisi, c.11, səh.100) İmam Sadiq (ə) buyurub: «Allah Adəmi yatırdıb, onun əyri qabırğasından Həvvanı yaratdı. Adəm oyandıqda Həvvanı öz yatağında gördü». (Məclisi, c.15, səh.33) Bəzi təfsirçilər bu növ hədislərin təsdiqlənməsində bəzi ayələrə söykənirlər. Onlardan birinə işarə edirik: يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً «Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!...» («Nisa» surəsi, ayə 1) Bu mübarək ayədə olan «خَلَقَ مِنْهَا زَوْجَهَا» «ondan da zövcəsini yaradan» ifadəsi zahirdə qadının kişidən yarandığına dəlalət edir ki, bu Tövrat və bəzi hədislərdə deyilən sözlərdən qaynaqlanır. Belə ki, nəql olunan hədislər sənəd baxımından zəif hesab olunurlar. Deyilən hədislər tam şəkildə Tövratda deyilən məzmunlarla müvafiq olduğundan yəhudilər tərəfdən saxtalaşdırılmış hədislərdir. Həmçinin, mövcud olan başqa hədislər bu növ hədislərin məzmunu ilə toqquşaraq onları inkar edir. Onlardan birini nümunə olaraq qeyd edirik: Əbu Məqdam deyir: «İmam Baqirdən (ə) soruşdum: «Allah Həvvanı nədən yaratdı?» Buyurdu: «Başqaları nə deyir?» Dedim: «Allah onu Adəmin qabırğalarının birindən yaradıb». İmam (ə) buyurdu: «Yalan deyirlər. Məgər Allah onu başqa bir şeydən yaratmaqda acizdirmi?» Dedim: «Canım sənə qurban olsun. Bəs, onu nədən yaratdı?» Buyurdu: «Atam öz atasından mənə belə xəbər verdi. Peyğəmbər (s) buyurub: «Allah bir miqdar torpaq götürüb onu qarışdırdı və ondan Adəmi xəlq etdi. Sonra isə qalan torpaqdan Həvvanı yaratdı». (Səduq, «Mən la yəhzəruhul-fəqih», c.3, səh.379 və Təbatəbai, «Əl-mizan», c.4) Həmçinin, bu məzmunda yəni, Allahın Həvvanı Adəmin artıq qalan gilindən yaratdığına dair çoxlu sayda hədislər vardır (Məclisi, c.11, səh.115, c.9, səh.299) və bu növ hədislər əvvəldə söylənilən hədislərlə toqquşaraq açıq şəkildə onları inkar edir və belə bir işin Allahın qüdrət və məqamı ilə zidd olduğunu bildirir. Həqiqətdə bu hədislər əvvəldə söylənilən hədislərin saxta olmasını aşkar edir. Nəticə olaraq bildirməliyik ki, ikinci növdən olan hədislər birinci növ hədislərdən üstündür. Təfsir alimlərinin çoxu ayədə qeyd olunan «مِنْ» (min) kəlməsinin «iştiqaqiyyə» deyil, «nəşviyyə» olduğunu söyləyirlər. Yəni, Allah Adəmin zövcəsini onun cinsindən yaratdı, bədəninin əzasından yox. Əllamə Təbatəbai yuxarıda qeyd olunan ayə haqqında belə demişdir: «Məqsəd budur ki, kişinin zövcəsi də onun özü kimi həmin növdəndir. Buna əsasən, ayədə qeyd olunan «مِنْ» (min) kəlməsi «nəşviyyə»dir. Bu ayə açıq-aşkar Quranın digər ayələri ilə («Rum» surəsi, ayə 21, «Nəhl» surəsi, ayə 72, «Şura» surəsi, ayə 11) uyğun gəlir. Yəni, «Sizin özünüzdən sizin üçün zövcələr yaratdı, qərar verdi». Bütün deyilənləri nəzərə alaraq, Quranın bu ayələrinin ikinci növ hədislərlə uyğun gəldiyini demək olar | |
Views: 908 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |